Qanunla müəyyən edilmiş vergi və digər dövlət ödənişlərini vaxtında və tam həcmdə ödəmək hər bir vətəndaşın Konstitusiya ilə təsbit edilmiş borcudur.
Hüquqşünas Şəhriyar Həbilov mövzunu şərh edərkən bildirib ki, hər bir vətəndaş dövlət büdcəsinin vergilər əsasında formalaşdığını və başda hərbi büdcə olmaqla bir sıra sosial layihələrin icrasına yönəldiyini nəzərə alaraq sanksiyadan qorunmaq üçün deyil, sosial məsuliyyət baxımından vergilərin ödənilməsində maraqlı olmalıdır.
Mülki Prosessual Məcəllənin 355-7.1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Bu Məcəllənin 355-7.4-cü maddəsində isə göstərilib ki, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
Qanunvericiliyə əsaslanaraq müəyyən edilmiş müddətdə vergi öhdəliyi vergi ödəyicisi tərəfindən yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün vergi orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Müvafiq hüququn məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır.
Qeyd edək ki, fiziki və ya hüquqi şəxsin icra orqanının rəhbəri məhkəmə iclasına gəlmədikdə də (üzrlü əsas olmadan) işə onun iştirakı olmadan baxıla və qətnamə qəbul edilə bilər.
Qətnamənin dərhal icraya yönəldilməsi isə şəxsin qətnamə qəbul edilən gündən ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması ilə nəticələnir.
Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov
Bax:
İçkili olmağın fəsadları (müxtəlif sahələr üzrə)
Ödəmə mənbəyində verginin tutulması
Əvvəlki illərin məzuniyyəti üçün Sosial Sığorta haqqı necə hesablanır?
Əməkhaqqı anlayışı ilə bağlı sual doğuran məqamlar
Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?
Qeyri-rezidentə göstərilən marketinq xidmətləri əlavə dəyər vergisinə 0 (sıfır) faizlə cəlb edilməlidir?
İcarə müqaviləsi notarial qaydada təsdiqlənməsə obyekt kodu almaq mümkündür?