Vergi ödəyicisi və bank hesabı

posted in: bank, Vergi, Xəbər | 0
birbank biznes

bank hesabıSahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün tələb olunan mğhğm şərtlərdən biri də bank hesablarının açılmasıdır. Bank hesabı hər bir şəxsin hesabına daxil olan pul vəsaiti ilə ölkənin bank qanunvericiliyində nəzərdə tutulan istənilən ölkədaxili, ölkəxarici və nağdsız köçürmə əməliyyatlarını asanlıqla yerinə yetirə bilməsi üçün bir növ vasitəçidir. Vergi ödəyicisi üçün vergi orqanında qeydiyyata alınaraq VÖEN-nin açılması zəruri olduğu kimi bank hesabının olması da olduqca əhəmiyyətlidir.

Bank hesablarının açılması, aparılması və bağlanması «Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları»na əsasən aparılır. Bank hesabının açılması üçün vətəndaş VÖEN və şəxsiyyət vəsiqəsi ilə banka müraciət etməlidir. Hesab açmaq üçün heç bir ödəniş tələb edilmir.

Yeri gəlmişkən, qanunvericilikdə edilmiş dəyişikliklər nəticəsində bank hesabları ilə əlaqədar münasibətləri tənzimləmək səlahiyyəti Mərkəzi Bankdan Maliyyə Bazarlarına Nəzarət Palatasına verilmişdir.

Bank hesabını fiziki şəxslər şəxsi məqsədlər üçün, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər və hüquqi şəxslər sahibkarlıq fəaliyyəti və digər məqsədlər üçün açırlar.

Məqsədlərinə görə bank hesabları aşağıdakılardan ibarətdir:

· Cari hesablar

· Cari subhesablar

· Valyuta hesabı

Həmçinin bax: Mənzil kirayəsi üzrə vergidən yayınanları hansı maliyyə sanksiyası gözləyir?

Cari hesablar

Cari hesab hüquqi şəxslərin, onların filial, nümayəndəlik və digər ayrıca bölmələrinin, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır. Bank hesabının açılması üçün hüquqi şəxs (müəssisə) aşağıdakı sənədləri banka təqdim etməlidir:

· hesablaşma hesabının açılması üçün ərizə;

· hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;

· hüquqi şəxsin dövlət qeydiyyatına alınması barədə sənədin notarial qaydada təsdiqlənmiş surəti;

· hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surəti;

· vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;

· imza və möhür nümunələri vərəqəsi.

Bank hesabının açılması üçün fərdi sahibkar aşağıdakı sənədləri banka təqdim etməlidir:

· hesablaşma hesabının açılması üçün ərizə;

· fərdi sahibkarın şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatların hesabın açılmasına dair ərizədə və imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);

· vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;

· imza və möhür nümunələri vərəqəsi.

Banka təqdim edilmiş sənədlər bankın əməkdaşları və hüquqşünasları tərəfindən yoxlanıldıqdan sonra hesabın açılması üçün qərar qəbul edilir. Əgər sənədlərdə heç bir uyğunsuzluq yoxdursa, müəssisəyə imzalanmış bank hesabı müqaviləsi təqdim edilir.

Həmçinin bax: Ümidsiz borcları necə xərcə silməli?

Cari subhesablar

Cari subhesablar hüquqi şəxslərə, onların regional fəaliyyətləri ilə əlaqədar filial və nümayəndəlik statusu daşımayan yerli qurumlara açıla bilər. Bu hesablara daxil olan vəsaitlər yerli qurumların işçilərinin əməkhaqları, habelə bu qurumların fəaliyyətini təmin edən zəruri kommunal xərclərin ödənilməsi üzrə ödənişləri istisna olmaqla, baş təşkilatla bağlanmış bank hesabı müqaviləsində müəyyən olunmuş müddətlərdə, baş təşkilatın cari hesabına köçürülməlidir.

Cari subhesabın açılması üçün ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:

· hüquqi şəxsin dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surəti;

· vergi orqanı tərəfindən hüquqi şəxsə verilmiş şəhadətnamə-dublikatın əsli (yerli qurum vergi ödəyicisi olduqda özünün şəhadətnamə-dublikatının əsli);

· imza və möhür nümunələri vərəqəsi.

Valyuta hesabı

Bu, xarici valyutalarda hesablaşmaların həyata keçirilməsi üçün istifadə olunan hesabdır. Onun vasitəsilə xarici ölkələrlə biznes və digər fəaliyyətlə bağlı pul hesablaşmaları aparılır, digər köçürmələr edilir. Vətəndaş həmin valyuta hesabının açılması üçün banka ərizə və hesablaşma hesabının açılması barədə sənədlər təqdim edir. Xarici valyutada bank hesabının açılması üçün hesabın açılmasına dair ərizə, habelə vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli təqdim olunur.

Hesabın dondurulması

Əksər vergi ödəyiciləri sahibkarlıq fəaliyyətini dayandırdıqda VÖEN-nin ləğv edilməsi barədə vergi orqanına müraciət etməklə işi bitmiş hesab edirlər. Yaddan çıxarmaq olmaz ki, bank hesabı bağlanmadan fəaliyyətini dayandırdıqda VÖEN-nin ləğv edilməsi mümkün deyil. Ona görə də vergi ödəyicisi vergi orqanına müraciət etməklə yanaşı, banka ərizə ilə müraciət etməlidir. Bankda onun hesab müqaviləsi ləğv edildikdən sonra (bank hesabı müqaviləsinin ləğv edilməsi, hesabın bağlanmasının hüquqi əsasını təşkil edir) vergi orqanına müvafiq məlumatlar onlayn rejimdə təqdim edilir və bundan sonra VÖEN ləğv edilir.

Sahibkarlıq fəaliyyəti ilə bağlı son zamanlar meydana çıxan problemlərdən biri dövlət müəssisəsi kimi qeydiyyatdan keçən vergi ödəyicisinin (hüquqi şəxslərin) özəl biznes subyekti kimi fəaliyyət göstərməsidir. Bu, bir sıra məsələlərdə hüquqi və maliyyə problemləri yaradır. Hazırda Vergilər Nazirliyi ilə Azərbaycan Banklar Assosiasiyasının birgə razılığına əsasən, yeni qaydalar hazırlanıb. Banklar müəssisələrin dövlətə məxsus olub-olmadığını müəyyən edən müvafiq sistem təminatı ilə təmin olunub.

Həmçinin bax: Təsisçi ilə borc müqaviləsinin notariusda təsdiqinin zəruriliyi

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email