Vergidən azadolmalar araşdırılacaq

posted in: Vergi, Xəbər | 0
birbank biznes
vergidən azadolma

“Azərbaycanda vergidən azadolmaların araşdırılmasına ehtiyac var. Azadolmaların iqtisadi artıma təsiri qiymətləndirilməlidir”.

Bu barədə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

“Düşünürük ki, bunun nəticəsində vergi yığımı bazası genişlənə bilər. Hazırda bəzi sahələr var ki, bugünki mərhələdə azadolmaya ehtiyac yoxdur. Vergidən azadolmalar araşdırılmalıdır. Azadolmaların obyektiv qiymələndirilməsi aparıldıqdan sonra hökumət qarşısında müəyyən məsələ qaldırıla bilər. Azadolmalar nəticəsində hansı məbləğin itirilməsi müəyyənləşə bilər. Bizdə yeni iqtisadiyyat qurulur. Sənayeləşməni uğurla aparırıq. Bunun üçün də azadolma olmalıdır. Lakin burada əsas məsələ əhalinin sosial rifahı və yeni avdanlıqlar olmalıdır”, – deyə o, qeyd edib.

Xatırladaq ki, Milli Məclisin bu günki plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunur.

2017-ci il dövlət büdcəsinin mədaxili 16,517 mlrd. manat və yaxud 98,5% icra olunub. Dövlət büdcəsinin transfert nəzərə alınmadan gəlirləri 10,417 mlrd. təşkil edib. Bu da 2016-ci illə müqayisədə 526 mln. manat və yaxud 5,3% çoxdur. Büdcə daxilolmalarının 8,633 mlrd. manatı qeyri-neft sektorunun hesabına təmin olunub. Bu da 2016-cı ilə nisbətən 352 mln. manat və yaxud 4,3% çoxdur.

2017-ci ildə qeyri-neft sektorundan büdcə daxilolmalarının xüsusi çəkisi 2016-cı illə müqayisədə 5% bəndi artaraq 52,3% təşkil edib.

Azərbaycan Dövlət Neft Fondundan 6,1 mlrd. manat vəsait tranfert olunub ki, bu da illik müqayisədə 19,9% azdır. Azərbaycan Mərkəzi Bankının mənfəətindən büdcəyə 250 mln. manat ödənilib.

2017-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,1% və yaxud 17,595 mlrd. manat səviyyəsində icra olunub. Xərclərin 62%-ni cari xərclər təşkil edib.

2017-ci ildə icmal büdcənin gəlirləri 24 mlrd. manat və yaxud 104,8%, xərcləri isə 25 mlrd. manat və yaxud 82,4% səviyyəsində icra olunub. İcmal büdcənin kəsiri 1,1 mlrd. manat təşkil edib ki, bu da ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 1,6%-i deməkdir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email