Vergitutma formaları Vergi Məcəlləsində

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycanda vergitutmanın formaları hansılardır?

İstənilən ölkənin, cümlədən Azərbaycanın dövlət hakimiyyəti mövcud olduğu tarix boyu cəmiyyət qarşısında öz funksiyalarını yerinə yetirmək üçün daima ucuz vəsaitə ehtiyac duymuş, ehtiyac duyur, ehtiyacı duyacaqdır. Vergilər belə ucuz vasitələrdən biridir. Müxtəlif ölkələrdə vergitutma formaları mövcud sistemə görə fəqrlənir.

İqtisadi kateqoriya olan vergilər, həm də qədim tarixi xarakter malikdir. Dövlət inkişaf etdikcə vergi sistemi, dəyişir, inkişaf edir. O, dövlətin fəaliyyəti ilə qırılmaz formada bağlıdır, çünki onun xərclərinin maliyyələşmə mənbəyidir.

Vergilər vasitəsilə dövlət istehsal etdiyi milli gəlirin bir hissəsini özünə götürür, mənimsəyir. Buna görə də tətbiq edilən vergi sistemi birbaşa dövlət mexanizmlərinin inkişaf səviyyəsindən asılıdır.

Vergi nəzarəti məqsədi ilə hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının  Vergi Məcəlləsində nəzərdə tutulmuş əsaslarla uçota alınmalıdır. Bu zaman onlara vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verir. Hər bir ödəyici öz eyniləşdirmə nömrəsini vergi orqanına təqdim etdiyi bəyannamədə, hesabatda, ərizədə və ya digər sənəddə, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda qeyd etməlidir.

AR Vergi Məcəlləsidə vergitutma formaları üç növə ayrılır (maddə 5):

  • bilavasitə mənbədən;
  • bəyannamə üzrə;
  • bildiriş üzrə.

Bilavasitə mənbədən vergi tutulması zamanı ödəyici ödənişi həyata keçirən tərəfindən hesablanmış və tutulan vergi çıxıldıqdan sonra gəlirin qalan hissəsini alır. Belə tutulma vergi ödəyicisi üçün gəlir əldə etməzdən əvvəl avtomatik tutulma kimi görünür. Məcəllənin 5.0.1. maddəsi bu formanı “verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması” kimi xarakterizə edir.

Bəyannaməyə uyğun vergitutma forması tətbiq edilən vergi ödəyici müəyyən edilmiş müddətdə öz öhdəlikləri haqqında hesabatı vergi orqanına təqdim etməyə borcludur. AR VM-də bu (maddə 5.0.2.) “verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması” kimi xarakterizə edilir.

Bildiriş üzrə vergitutma forması Məcəllənin 5.0.3 maddəsinə görə “vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi”-dir.

vergi.az saytı iqtisadçı ekspert Anar Bayramova əsaslanaraq vergitutma formaları, onların tətbiqini nümunələr əsasında şərh edib. Aşağıda həmin nümunələri nəzərinizə çatdırırıq.

Vergitutma mənbəyinin vergilərin tutması formasına təsiri

A. Bayramova görə “vergitutma mənbəyinin vergilərin hesablanması və alınması qaydaları üçün çox əhəmiyyəti böyükdür.

Bilavasitə mənbədən vergitutma formasına misal olaraq, ödəmə mənbəyində tutulan vergiləri göstərmək olar. Məsələn, işçilərin əmək haqqından tutulan gəlir vergisi. İşçi əmək haqqı gəlirini əldə edənə qədər vergilərin hesablanması və tutulması həyata keçirilir. Burada əməkhaqqını ödəyən şəxs vergi agenti rolunda çıxış edir. Eyni hal dividend və ya icarə haqqı gəlirləri əldə edən bəzi şəxslərə də aiddir ki, vergi ödəyən şəxs tərəfindən ödəmə mənbəyində verginin tutulması həyata keçirilir.

Vergitutmanın bəyannamə formasında, vergi təqdim edilən bəyannamə üzrə hesablanır və ödənir.

Misal 1: Hüquqi şəxsin 2019-cu ilin yekunlarına aid təqdim etdiyi mənfəət vergisi bəyannaməsinə əsasən, mənfəəti 40.000 manat təşkil edib. Həmin bəyannamə göstəricisinə əsasən, vergi ödəyicisinin ödəməli olduğu mənfəət vergisi 8.000 manat (40.000 manat x 20 faiz) təşkil edəcək.

Misal 2: Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxsin 2020-ci ilin 3-cü rübü üzrə təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsinin göstəricilərinə əsasən, təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə onun əldə edilmiş ümumi hasilatı 4.000 manat təşkil edib. Vergi bəyannaməsinə əsasən, vergi ödəyicisi 40 manat (4000 manat x 1 faiz) vergi ödəməlidir.

Bildiriş üzrə vergitutma forması zamanı, verginin hesablanmasını bələdiyyə yaxud vergi orqanı tərəfindən həyata keçirilir.

Misal 3: Misal 1: Beyləqan rayonunun Milabad qəsəbəsində yaşayan fiziki şəxsin mülkiyyətində I keyfiyyət qrupuna aid olan 4 hektar əkin sahəsi var. “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları”na əsasən Mil-Qarabağ kadastr qiymət rayonunun I keyfiyyət qrupu üzrə 1 ha düzən torpaqları üçün şərti balı 127 müəyyən edilmişdir. Bu zaman bələdiyyənin hesabladığı torpaq vergisinin məbləği 30,48 manat (4,0 (torpağın sahəsi) x 127 (şərti bal) x 0,06 manat) təşkil edəcək.

 

Bələdiyyə öncədən vətəndaşa tədiyyə bildirişi göndərməlidir ki, torpaq sahəsinə görə illik 30,48 manat vergi ödəməlisən. Göründüyü kimi, verginin hesablanması fiziki şəxs yox, bələdiyyə tərəfindən həyata keçirilir.

 

Misal 4: Vergi orqanı vergi nəzarəti tədbirləri (kameral və ya səyyar vergi yoxlaması) apararkən müəyyən edir ki, vergi ödəyicisi vergitutma obyektini müəyyən edərkən yanlışlığa yol verib. Bu zaman vergi ödəyicisinə borc bildirişi göndərilir ki, vergi ödəyicisi əlavə vergi ödənişini həyata keçirsin.

 

Misal 5: Vergi ödəyicisinin hesabat dövrü üçün müəyyən edilən müddətdə bəyannamə təqdim etməməsi səbəbindən, vergi orqanı analoji məlumatlar əsasında verginin hesablanmasını həyata keçirərək, vergi ödəyicisinə borc bildirişi göndərib. Vergi orqanı tərəfindən verginin bu cür hesablanması bildiriş üzrə vergitutma formasına aiddir.

Azərbaycanda vergilər necə ödənilir?

Vergi ödənişi nağd və ya nağdsız formada həyata keçirilir. Vergilər nağd şəkildə:

  • bank filialları, o cümlədən onlara məxsus ödəniş terminalları;
  • “ExpressPay” ödəniş terminalı;
  • Yerli poçt şöbələri vasitəsilə ödənilir.

Nağdsiz ödənişlər banklar, habelə onlayn ödəniş vasitələri ilə ödənilə bilər. Vergi növləri üzrə vergitutma formaları, onların ödənilməsinin xüsusi qaydası (bir dəfəyə yaxud hissələrlə, hansı müddət ərzində) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilir.


Print Friendly, PDF & Email