Vergilərin mahiyyəti və onun inkişaf tarixi

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

Benjamin Franklinə aid olduğu iddia edilən belə deyim var: “Həyatda iki şey qaçılmazdır – ölüm və vergilər”.

Vergilər dövlət büdcəsinin əsas gəlir mənbəyidir. Dövlət müasir bazar münasibətlərində iqtisadi proseslərə təsirin səmərəli yolu kimi vergilərdən istifadə edir.  Bu zaman o, eyni zamanda, bir sıra iqtisadi və sosial məqsədlər güdülür, məsələn:

  • avtomobillərə idxal rüsumun artımı, bir qayda olaraq, yerli istehsalçıya dəstək məqsədilə tətbiq edilir;
  • bank depozitləri üzrə vergidən azadolmalar vətəndaşların pul vəsaitlərinin banklara cəlb edilməsin stimullaşdırır;
  • bir sıra ərzaq məhsullarının vergidən azad edilməsi, vergi güzəştləri əhalinin sosial problemlərinə dəstək üçündür.

Dövlətin büdcə gəlirlərinin səfərbər etmək üçün vergilərdən fərqli üsulu çox azdır. Əlbəttə, xərclərini bağlamaq üçün dövlət, dövriyyəyə  istiqrazlar buraxa bilər, amma onları da geri,  həm də faizlə, ödəməlidir. Bu da öz növbəsində büdcəyə əlavə daxilolmalar tələb edir. Xüsusi şəraitdə hökumət pul emissiyasına da əl ata bilər, lakin bu, ölkə üçün ağır iqtisadi nəticələrə – inflyasiyaya səbəb olur. Odur ki, vergilər dövlətin əsas gəliri sayılır, bazar şərtləri çərçivəsində ondan savayı daha məqbul mənbələr icad edilməyib. Amma, onu da qeyd edək ki, tarixdə vergilərə dövlətin gəlirləri kimi baxılmayan və istifadə edilməyən hallar da olmuşdur.

Dövlətin vergi yığımlarına  ehtiyacı, onun siyasi, iqtisadi, sosial funksiya və vəzifələrinin həyata keçirilməsi zərurətindən yaranır: onların icrası üçün maliyyə mənbələri lazımdır.

Cəmiyyətdə əmtəə-pul münasibətləri inkişaf etdikcə dövlət mülkiyyəti tədricən azalır, məsələn:

  • satılır;
  • özəlləşdirilir;
  • ola bilsin ki, bağışlanır.

Bu da dövlətin mülkiyyətdən əldə etdiyi gəlirləri azaldır. Eyni zamanda, dövlətin əvvəlki funksiyaları genişlənir, yeniləri meydana çıxır, bu da yeni xərclər deməkdir. Dövlətin öz gəlirlərinin azalması vergiləri  dövlət gəlirinin əsas formasına çevirir.

Onu da qeyd edək ki, “vergi” anlayışına yanaşma həmişə birmənalı olmayıb, cəmiyyətin müxtəlif inkişaf mərhələsində onun mahiyyətinə münasibət fərqli olub. Amma, istənilən halda, vergi münasibətləri, insan cəmiyyətinin inkişaf tarixinin müxtəlif mərhələsində mövcud olub, tarix boyunca inkişaf edib, yenilənib, müasir vergi sisteminı çevrilib.

Vergi tarixi

Vergilərin tarixi qədimdir, natural yığımlar formasında onların mövcudluğunun izlərinə e.ə. V əsrə aid sənədlərdə rast gəlmək olar. Bəşəriyyət vergilərin mahiyyətinin müasir anlamına dərhal gəlməyib. Əvvəlcə hədiyyələr ideyası üstünlük təşkil edirdi, vətəndaş hökmdarına öz minnətdarlığını hədiyyələrlə bildirirdilər. Bunu sonradan millətin ümumi vəzifələrinin həllinə dəstək haqqında hökumətin xalqa xahişi ideyası əvəz etdi. Həmin ideya tədricən inkişaf edərək, vətəndaşların hökumətə pulla köməyinin vacibliyi fikrini formalaşdırdı.

Qədim Misir

Hakimiyyətin güclü bir bürokratiyanın əlində olduğu Qədim Misirdə dövlət aparatının saxlanması üçün pula böyük ehtiyac müxtəlif vergilərin yaranmasına səbəb oldu.

Misir fironlarının hakimiyyəti dövründə vergi yığanlar daha çox mirzələr kimi tanınırdı. Müəyyən dövrdə onlar bitki yağlarına vergi tətbiq etmişdi. Vətəndaşların bitki yağı vergisini ödəməkdən yayınmaların qarşısını almaq üçün onlar ev təsərrüfatlarında bitki yağını istehlakına nəzarət edir, vətəndaşların müxtəlif yemək qalaqlarını vergi tutulan yağın əvəzedicisi kimi istifadəsini yoxlayırdı.

Yunanıstan

Müharibə dövründə afinalılar “eisphora” adlanan vergini tətbiq edirdilər. Hərbi dövrün xüsusi xərclərini ödəmək üçün istifadə olunan vergidən heç kim azad edilmirdi. Yunanlar fövqəladə vəziyyət başa çatdıqdan sonra vergini ləğv edən bir neçə cəmiyyətdən biridir. Hərbi əməliyyatlar nəticəsində əldə edilən qənimət vergi ödənişləri üçün istifadə olunurdu.

Afinalılar əcnəbilər, habelə atası yaxud anası Afinadan olmayan adamlardan aylıq yastıq vergisi (“metoykion “) tətbiq etmişdilər. Bu kişilər üçün bir draxma, qadınlar üçün isə yarım draxma idi. edirdi.

Roma imperiyası

Romada ən erkən vergilər “portoria” adlanan idxal və ixraca tətbiq edilən gömrük rüsumları idi. Roma imperiyasında vergi sistemi Sezar Avqust  dövründə daha da inkişaf etdirildi. Hərbçilərin pensiya fondunu təmin etmək üçün mirasa görə vergini də o tətbiq etmişdi. Vergi uşaqlara və həyat yoldaşına verilən hədiyyələr çıxılmaqla, bütün mirasın beşdə bir hissəsini təşkil edirdi. İngilislər və hollandlar, miras vergilərini inkişaf etdirərkən bu təcrübədən yararlandılar.

E.ə. 43-cü ildə Roma İmperatorluğu Böyük Britaniyanı işğal etdikdən sonra, burada öz vergi qaydalarını tətbiq etdilər. Eramızın 60-cı ilində Şərqi İngiltərə kraliçası Boadiseya Britaniya adalarında korrupsiyalaşmış vergi yığanlara qarşı başlanan üsyana rəhbərlik etmişdi. Kraliça 230 min nəfərlik ordu toplaya bilmişdi. Deyilənlərə görə, onun rəhbərlik etdiyi üsyanda 100 mil ətrafında olan bütün Roma əsgərləri məhv edilmişdi. O, Londonu ələ keçirtdi, mənbələrə görə üsyan zamanı 80 min nəfər öldürüldü. Üsyan imperator Neron tərəfindən yatırıldı,  Britaniya adalarına yeni canişinlər təyin edildi.

Roma imperiyası dağıldıqdan sonra Saksoniya krallığında torpaq və mülkiyyətə “danegeld” adlanan vergi,  əlavə gömrük rüsumlarını tətbiq edilib.

Bizans imperiyası

Bizans İmperiyasında birbaşa verginin  21 növü vardı, habelə bir çox dolayı və fövqəladə vergilər mövcud idi. Bəzi vergilər isə lap qəribə idi, məsələn, “hava vergisi”. Yaşayış evinin, binaların daxili həcmi nə qədər idisə, verginin miqdarı da bir o qədər çox idi. Vergilərin çoxluğu, sonda vergi yükünün artmasına, vergitutma bazasının azalmasına və dövlətin zəifləməsinə səbəb oldu.

Avropada vergilərin tarixi

Vergilər Qərbi Avropada orta əsrlərdə geniş tətbiq edilmirdi. Müasir Avropa dövləti əsasən XVI-XVII əsrlərdə formalaşmışdı. Həmin dövrlərdə vergi sistemi mükəmməl deyildi. Qeyd etdiyimiz kimi

İngiltərədə ilk vergi Roma işğalı zamanı tətbiq olunmuşdu.

İngiltərə vergi tarixində Ledi Godiva haqqında əfsanə mövcuddur. Əfsanəyə görə 11-ci əsrdə İngiltərədə yaşayan anqlo-sakson mənşəli bu qadın qraf Leofrikin gözəl arvadı idi. Qrafin təbəələri hədsiz vergilərdən əziyyət çəkirdi və Qodiva ərinə vergi yükünü azaltmaq üçün yalvarırdı. Bir gün növbəti ziyafətdə çox sərxoş olan Leofrik, arvadı şəhərin küçələrində atla çılpaq keçərsə, vergiləri azaldacağını vəd etdi. Qraf bu şərtin onun üçün tamamilə qəbuledilməz olacağına əmin idi. Lakin Qodiva xalqını öz  qürurundan üstün tutaraq bu addımı atdı. Onu  sevən və hörmət edən şəhər sakinləri təyin olunmuş gündə evlərinin pəncərə və qapılarını bağladılar, heç kim küçəyə çıxmadı. Nəticədə, heç kimə görünmədən, bütün şəhəri çılpaq gəzdi. Qadının fədakarlığına heyran qalan qraf vergiləri aşağı salmaqla sözünün üstündə durdu.

İngiltərə və Fransa arasında baş verən münaqişə nəticəsində başlanan yüzillik müharibə adını almış müharibə 1337-ci ildə başlanmışdır. 1369-cu ildə döyüşlərin yenidən qızışması Qara Şahzadə adlanan Eduardın yüksək vergilər tətbiqi ilə əlaqələndirilir.

Vergi növlərinin şaxələnməsi

14-cü əsr boyu vergilər mütərəqqi xarakter daşıyırdı; belə ki, 1377-ci ildə “yastıq vergisi” adlandırılan vergiyə görə Lankaster hersoqu sadə kəndliyə nisbətdə 520 dəfə çox ödəyirdi.

Erkən vergi sxemlərinə uyğun olaraq gəlir vergisini yalnız varlılar, məmurlar və ruhanilər ödəyirdi. Tacirlərə isə daşınar əmlaka görə vergi tətbiq olunmuşdu. Kasıblar çox az ödəyirdi, çox vaxt isə ümumiyyətlə vergi ödəmirdilər.

Həmin dövrdə tətbiq edilən digər iri vergilər torpaq vergiləri və müxtəlif aksizlər idi. Oliver Kromvelin komandanlığı altında orduya ödənişlər üçün parlament 1643-cü ildə ilk zərurət mallarına (taxıl, ət və s.) aksiz tətbiq edib.

Aksiz vergisi çox reqressiv idi, 1647-ci ildə baş verən Smitfeld iğtişaşları yoxsullar üçün vergilərin artırılması səbəbindən baş vermişdi. İğtişaşlar ona görə baş verdi ki, yeni vergilər kənd fəhlələrinin buğda almaq qabiliyyətini aşağı salmışdı, məsələn, dörd nəfərdən ibarət ailələr ac qalırdı. Aksiz vergisinə əlavə olaraq, kəndlinin ov üçün istifadə edilən ümumi torpaqlardan istifadəsinə qadağa qoyulmuşdu.

Bu gün bildiyimiz müasir gəlir vergisinin sələfi, Napoleon ilə müharibəni  maliyyələşdirmək üçün 1800-cü ildə ingilislər tərəfindən tətbiq edilib. O, 1816-cı ildə ləğv edildi.  Vergi əleyhdarları ondan yalnız müharibəni maliyyələşdirmək üçün istifadə edilməli olduğunu bildirərək, vergi qeydləri ilə birgə məhv edilməsin istəyirdilər. Hesabatlar xəzinədarlıq kansleri tərəfindən açıq şəkildə yandırıldı, lakin nüsxələr vergi məhkəməsinin zirzəmisində saxlanıldı.

Vergilərin tarixə nəzər salsaq onların bir sıra anlayışlıların inkişafına təkan verdiyini, habelə qəribə vergi növlərinin tətbiqini də görə bilərik.

Vergi tarixinin sonrakı mərhələləri, vergi sisteminin formalaşması və inkişafı haqqında “Vergi sistemi tarixinin mərhələləri” məqaləmizdən oxuya bilərsiniz.


Print Friendly, PDF & Email