Müasir biznes alıcılarla münasibətlərdə müxtəlif növ güzəştlərin tətbiqini zəruri edir. Satışların stimullaşdırılmasına xidmət edən ticarət endirimi, həcmə görə bonuslar, erkən ödəniş güzəştləri kimi tədbirlərin mühasibat uçotunda düzgün əks etdirilməsi həm gəlirin düzgün tanınması, həm də maliyyə hesabatlarının şəffaflığı baxımından əhəmiyyətlidir. Bu məqələdə 603 saylı “Verilmiş güzəştlər” hesabında belə tədbirlərin uçotunun əsas prinsipləri şərh olunub.
Satış zamanı alıcıya verilən güzəştlər
Məhsulların satışında alıcılara tətbiq edilən güzəşt siyasəti müştəriləri cəlb etmək üçün istifadə edilən marketinq gedişidir. Mühasibatlıqda satış zamanı alıcılara verilmiş güzəştlərin uçotunu tənzimləmək üçün beynəlxalq satnadartlara (məsələn, “Müştərilərlə müqavilələr üzrə gəlirlər” adlı 15 saylı MHBS (IFRS15), habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu və Maliyyə Nazirliyinin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-a istinad olunur.
IFRS15-in 47–72-ci bəndlərinə əsasən, müştəriyə verilən hər bir güzəşt müqavilə qiymətinin dəyişkən elementidir və müəssisə yalnız “əldə ediləcək ehtimalı yüksək olan” məbləği gəlir kimi tanıya bilər. Standartın müxtəlif bəndlərində verilmiş güzəştlrin aşağıdakı tipləri üzrə uçotun aparılması şərh olunub:
- ticarət endirimi (trade discount);
- həcm endirimləri və ya sonradan qaytarılan bonuslar;
- nağd endirimlər (cash discounts);
- loyallıq proqramları və kuponlar;
- qiymət güzəştləri (price concessions) və sair.
Verilmiş güzəştlərin mühasibat uçotu “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəssisələr üçün müəyyən edilmiş hesablar planının 603 saylı “Verilmiş güzəştlər” hesabında aparılır.
Hesablar planının “Gəlirlər” bölməsi
603 saylı hesab hesablar planınının 6-cı “Gəlirlər” bölməsinə aiddir: Bu bölmədə aşağıda qeyd edilən istiqamətlərdən daxil olan gəlirlər haqqında ümumiləşdirilmiş məlumatları əks etdirilir:
- əsas əməliyyat gəlirləri;
- sair əməliyyat gəlirləri;
- fəaliyyətin dayandırılmasından yaranan gəlirlər;
- maliyyə gəlirləri;
- fövqəladə gəlirlər.
Satış zamanı alıcılara verilən güzəştlərin “Gəlirlər” bölməsində 603 saylı “Verilmiş güzəştlər” hesabında uçota alınmasının səbəbi onların iqtisadi mahiyyətinin xərc deyil, gəlirin azalması olmasıdır. Bu, həm IFRS15, həm də Azərbaycan qanunvericiliyinə tam uyğundur və maliyyə hesabatlarında gəlirin şəffaf təqdim olunmasını təmin edir.
603 saylı hesab bölmənin 60-cı “Əsas əməliyat gəlirləri” maddəsinə aid olan hesablardan biridir.
Əsas əməliyat gəlirləri
“Gəlirlər” bölməsinə aid olan 60 saylı “Əsas əməliyat gəlirləri” maddəsi adi əməliyyat fəaliyyəti zamanı satışın, satılmış malların qaytarılması və ucuzlaşdırılması, habelə verilmiş güzəştlərin hərəkəti üzrə ümumiləşdirilmiş məlumatların uçotu üçün istifadə edilir. Belə məlumatların uçotu aşağıdakı hesablar vasitəsi ilə həyata keçirilir:
- malların satışı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə gəlir, tikinti müqavilələri üzrə gəlir, royalti gəliri, əməliyyat icarəsi üzrə gəlir və digər əməliyyat gəlirləri – 601 saylı “Satış” hesabı;
- satılmış malların qaytarılması və ucuzlaşdırılması barədə ümumiləşdirilmiş məlumatlar – 602 saylı hesab;
- satılmış mallar, görülmüş işlər və göstərilmiş xidmətlər üzrə verilmiş güzəştlər barədə ümumiləşdirilmiş məlumatlar – 603 saylı
Başqa sözlə desək bu hesablar müəssisənin müəssisənin fəaliyyət məqsədini təşkil edən işlərin nəticəsində yaranan gəlirlərin uçotunu aparmaq üçün istifadə olunur.
603 saylı “Verilmiş güzəştlər” hesabında uçotun tənzimlənməsi
Hesabın təyinatı “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın 46.19-cu bəndində müəyyən edilib: “603 saylı “Verilmiş güzəştlər” hesabında mühasibat uçotu subyekti tərəfindən satılmış mallar, görülmüş işlər və göstərilmiş xidmətlər üzrə verilmiş güzəştlər barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”
Hesab üzrə tənzimləmələr həmin qaydaların 46.19 və 46.20 bəndləri əsasında aparılır. Bu zaman mühasibat yazılışları aşağıdakı qaydada verilir:
- verilmiş güzəştlər (46.19 -cı bənd) – Db 603/Kr 171 (yaxud 172, 173, 175, 177, 211, 212, 213, 215,217);
- verilmiş güzəştlərlə bağlı əlavə dəyər vergisi (bənd 46.19-cı bənd) – Db (521 yaxud 545) / Kr171 (yaxud 172, 173, 175, 177, 211, 212, 213, 215, 217);
- qaydaların 46.20 -cı bəndi verilmiş güzəştlər üzrə yaranmış məbləğlərin tənzimlənməsi zamanı istifadə olunur – Db 801/Kr 603.
Hər hansı səbəbdən satışdan sonra mallara güzəşt tətbiq edildikdə alıcıya tıqdim edilən maliyyə və vergi sənədlərində dəyişiklik edilir və həmin ay üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilir.
603 saylı hesab üzrə müxabirləşmə nümunəsi
Nümunə: “ABC” müəssisəsi anbarında ayın əvvəlinə olan 100000 manatlıq malı 150000 manata satıb. Sonradan yaranmış maliyyə çətinliyini həlli məqsədi ilə təcili pul vəsaitləri əldə etmək üçün alıcıya 5 faizlik güzət tətbiq edir. Mümkün müxabirləşmələr aşağlda verilib.
| Əməliyyatın məzmunu | Debit | Kredit | Məbləğ (manat) |
| Ayın əvvəlinə anbarda olan mallar | 205: “Mallar” | — | 100000 |
| Satılmış malların maya dəyəri üzrə xərc | 701: “Satışın maya dəyəri” | 205: “Mallar” | 100000 |
| Malların satışı uçota alınır | 211: “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” | 601: “Satış” | 150000 |
| Satılmış mallara hesablanmış ƏDV | 211: “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” | 545: ”Digər qısamüddətli öhdəliklər” | 27000 |
| Alıcının borcundan verilmiş güzəştlər (5%) çıxılır | 603: “Verilmiş güzıştlr” | 211: “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” | 7500 |
| ƏDV borcu verilmiş güəştə üzrə azaldılır | 545: ”Digər qısamüddətli öhdəliklər” | 211: “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” | 1350 |
| Alıcı qalan borcunu ödəyir | 223: ”Bank hesablaşma hesabı” | 211: “Alıcıların və sifarişçilərin q/m debitor borcları” | 142500
|
| Alıcı vergi borcunu ödəyir | 226: “ƏDV depozit hesabı” | 211: “Alıcıların və sifarişçilərin q/m debitor borcları” | 25650 |
| ƏDV ödəliyi yaranır | 545: ”Digər qısamüddətli öhdəliklər” | 521: “Vergi öhdəlikləri” | 25650 |
| Satış gəlirləri verimiş güzəşt qədər azaldılır | 601: “Satış” | 603: “Verilmiş güzıştlr” | 7500 |
| Satış gəliri mənfəətlə bağlanır | 601: “Satış” | 801: “Ümumi mənfəət (zərər)” | 142500 |
