Əslində, ölkənin dövlət borclarının artması sayəsində belə bir addımın atılacağı gözlənilən idi. 2019-cu ilin oktyabr ayından satışdan verginin dərəcəsinin 8 faizdən 10 faizə qədər artırılmasında əsas məqsəd bu problemin aradan qaldırılmasıdır.
Belə bir addımın atılması 2015-ci ilə nəzərdə tutulmuşdu, lakin hakim dairələr bunun ölkənin həssas iqtisadi həyatında böyük əks-səda yaradacağından ehtiyatlanaraq həmin planı iki dəfə təxirə salmışdılar. Hakimiyyəti ehtiyatlanmağa vadar edən başlıca səbəb isə 2014-cü ildə ölkə iqtisadiyyatında qeydə alınan resessiya olmuşdu.
Bax: Xəzinədarın əmək funksiyası nədir və nələri bilməlidir?
Baş nazir Sindzo Abe belə hesab edir ki, zərbəni yüngülləşdirmək üçün qabaqlayıcı tədbirlər görməklə istehlakçı xərclərinin kəskin şəkildə aşağı düşməsinin qarşısını almaq mümkündür.
«Hökumət bütün mümkün tədbirləri görməklə iqtisadiyyata mənfi təsirlərin qarşısını almaq üçün möcud imkanlar çərçivəsində hər şeyi edəcək», – Nazirlər Kabinetinin baş katibi Yoşixid Suqa jurnalistlərə açıqlama verərkən bildirmişdir. Bununla belə, o, əlavə etmişdir ki, əgər iqtisadiyyatda qlobal səviyyədə, məsələn, 2008-ci ildə olduğu kimi, azalma baş verərsə, planlaşdırılan addımın təxirə salınması da istisna edilmir.
Onun sözlərinə görə, nəzərdə tutulan vergi artımının ərzaq mallarına tətbiq edilən satışdan vergiyə aidiyyəti olmayacaq. Bundan əlavə, ev və ekoloji baxımdan təmiz avtomobillər kimi bir sıra uzunmüddətli istifadə olunan mallar üçün satışdan verginin təsirini kompensasiya etmək məqsədilə subsidiyaların verilməsi planlaşdırılır.
Bax: Bu ölkədə əcnəbilərdən əlavə vergi tutulacaq
Vergilərin artırılmasından əldə olunan gəlirlərin bir qismi isə pulsuz uşaq bağçalarının inkişaf etdirilməsinə yönəldiləcək ki, bununla da ailələrin maliyyə yükünün yüngülləşdirilməsi, eləcə də əhalinin sayı sürətlə azaldığına görə ailələrin daha çox uşaq dünyaya gətirib böyütməyə həvəsləndirilməsi nəzərdə tutulur.
Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard isə xəbərdarlıq etmişdir ki, ölkənin üz-üzə gəldiyi problemlər Yaponiya əhalisinin yaşlanması davam etdikcə artacaq. O bildirmişdir ki, bu gedişlə qarşıdakı 40 il ərzində ölkənin həm iqtisadiyatının miqyasının, həm də əhalisinin sayının 25 faiz azalacağı gözlənilir.
Bundan əlavə, Yaponiyanın borclardan qurtarmaq imkanında olmasına inamın itirilməsi faiz dərəcələrinin artmasına və müflisləşmə riskinin yüksəlməsinə gətirib çıxara bilər. Bundan əvvəl isə reytinq agentlikləri Yaponiyanın borclanma səviyyəsinə uyğun olaraq kredit qabiliyyətini aşağı salmışdılar.
Mənbə: vergiler.az