441 saylı “Uzunmüddətli pensiya öhdəlikləri” hesabda uçotun əsas prinsipləri

posted in: Xəbər | 0

Müəllif: Cəmil Əsədov / accounting.az saytının redaktoru

Uzunmüddətli pensiya öhdəlikləri şirkətlərin maliyyə idarəçiliyi və sosial məsuliyyətinin mühüm aspektidir. Onların diqqətlə hesablanması, uçotu və idarə edilməsi şirkətin maliyyə sabitliyini və nüfuzunu təmin etmək üçün lazımdır. Sizə təqdim edilən məqalə belə öhdəliklərin 441 saylı “Uzunmüddətli pensiya öhdəlikləri” hesabında mühasibat uçotu haqqındadır.

Müəssisənin pensiya öhdəlikləri nədir?

Pensiya öhdəlikləri gələcəkdə, əmək fəaliyyəti başa çatdıqdan sonra, pensiyaların ödənilməsi ilə əlaqədar şirkət və ya təşkilatların işçilərinə münasibətdə yaranan maliyyə öhdəlikləridir. Bu öhdəliklər gələcək pensiya ödənişlərini nəzərə alan hesablamalar əsasında formalaşır.

İşçilərin əmək fəaliyyəti başa çatdıqdan sonra müəssisənin onlara təyin etdiyi pensiya və digər mükafatladırma proqramlarının tətbiqi mexanizmi “İşçilərin mükafatlandırılması” adlı 19 saylı MUBS (IAS19) ilə müəyyən olunur. Bu standarta görə əmək fəaliyyəti bitdikdən sonra işçilərə verilən mükafatlara aşağıdakılar aiddir:

Mühasibat xidmətləri
  • pensiyalar;
  • əmək fəaliyyətinin bitməsi ilə bağlı digər ödəmələr (məsələn, şirkətin keçmiş işçiləri üçün həyat sığortası və ya sağlamlıq sığortası).

“Pensiya təminatı planları üzrə mühasibat uçotu və hesabatlılığı” adlı 26 saylı digər beynəlxalq standart (IAS 26) şirkətlərdə pensiya təminatı planları üzrə hesabatlara tətbiq edilir və 19 saylı MUBS-u tamamlayır.

Pensiya öhdəlikləri maliyyə hesabatlarında cari (qısamüddətli) və uzunmüddətli öhdəliklər kimi əks etdirilir.

  • qısamüddətli pensiya öhdəlikləri – öhdəliklərin növbəti il ərzində ödənilməli olan hissəsidir;
  • uzunmüddətli pensiya öhdəliklər- öhdəliklərin daha uzaq gələcəkdə ödənilməli olan qalan hissəsidir.

Müəssisələrdə bu öhdəliklərin mühasibat uçotu 441 saylı “Uzunmüddətli pensiya öhdəlikləri” və 541 saylı “Qısamüddətli pensiya öhdəlikləri” hesablarında  aparılır.

Uzunmüddətli pensiya öhdəlikləri

Uzunmüddətli pensiya öhdəlikləri şirkətin gələcək pensiyaçılara əmək müqavilələri və pensiya planları əsasında təqaüd ödənişləri üzrə öhdəlikləridir.

Bu öhdəliklər:

  • müəyyən (sabit məbləğ), yaxud;
  • qeyri-müəyyən (iş stajından, əmək haqqı və digər amillərdən asılı olaraq) ola bilər.

Uzunmüddətli pensiya öhdəlikləri şirkətlərin malik olduğu müxtəlif pensiya təminatı proqramlarından (yaxud pensiya planları, adətən, işçinin iş stajına və əmək haqqına əsaslanaraq müəyyən edilir) yaranır. Bu planlara əsasən, işəgötürən işçilərə təqaüdə çıxdıqdan sonra müəyyən bir müddət üçün müəyyən edilmiş məbləğləri ödəməyi öhdəsinə götürür.

Pensiya planları bir anlayış kimi 26 saylı MUBS-un 8-ci bəndində belə müəyyən olunub:

“Pensiya təminatı planları – xidmətlərin sonunda və ya xidmətlər göstərildikdən sonra, əsasında müəssisənin işçilərinə pensiya ödənişlərini həyata keçirdiyi sazişlərdir (ya illik gəlir, ya da birdəfəlik ödəmə şəklində). Bu zaman bu cür pensiyalar, o cümlədən bu məqsədlər üçün işəgötürən tərəfindən avanslar istər təqdim olunmuş sənədlər, istərsə də müəssisə tərəfindən qəbul olunan təcrübə əsasında təqaüdə çıxmadan əvvəl müəyyən oluna və ya hesablana bilər.”

Uzunmüddətli pensiya planları sosial təminat forması kimi, yüksək ixtisaslı peşəkar kadrların müəssisədən axının qarşısını almağa xidmət edir. Belə proqramlar  yüksək ixtisaslı işçilərlə müəssisə arasında bağlanmış sazişə əsasən işçi təqaüdə çıxarsa müəssisə ona əlavə pensiya və sosial ödənişləri etməyə öz öhdəliyinə götürür.

441 saylı “Uzunmüddətli pensiya öhdəlikləri” hesabı

Bu hesab AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə mühasibat uçotu subyektləri üçün müəyyən edilmiş hesablar planının 4-cü “Uzunmüddətli öhdəliklər” bölməsinə aid olan hesablardan biridir. Bu bölmə aşağıdakı maddələrdən ibarətdir:

  • 40 – “Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”;
  • 41 – “Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”;
  • 42 – “Təxirə salınmış vergi öhdəlikləri”;
  • 43 – “Uzunmüddətli kreditor borcları”;
  • 44 – “Sair uzunmüddətli öhdəliklər”.

441 saylı “Uzunmüddətli pensiya öhdəlikləri” hesabı aşağıdakı hesablarla birgə bölmənin 44 saylı “Sair uzunmüddətli öhdəliklər” maddəsinin tərkibinə daxildir:

Hesabın təyinatı “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın 38.2 bəndində müəyyən olunub: “441 saylı “Uzunmüddətli pensiya öhdəlikləri” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməsi tələb olunmayan pensiya təminatı planına (xidmətlərin sonunda və ya xidmətlər göstərildikdən sonra, əsasında mühasibat uçotu subyektinin işçilərinə pensiya ödənişlərini həyata keçirdiyi sazişə) uyğun və ya hər hansı digər şəkildə keçmiş işçilər üçün, onlar təqaüdə çıxdıqdan sonra onlara görə qəbul etdiyi pensiya öhdəliyi üzrə yaranan kreditor borcları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”

Hesab üzrə uçotun tənzimlənməsi

Uzunmüddətli pensiya öhdəliklərinin formalaşması 441 saylı hesabın krediti, ödənilməsi isə debeti üzrə əks olunur. Hesab üzrə tənzimləmələr zamanı Maliyyə Nazirliyinin yuxarıda qeyd edilən qaydalarının 38.2-38.9-cu bəndlərinin tələbləri nəzərə alınmalıdır.

Qaydaların 38.3 bəndinə görə işəgötürənin uzunmüddətli pensiya öhdəlikləri:

  • işəgötürənin özü, yaxud;
  • digər mühasibat uçotu subyekti tərəfindən icra oluna bilər.

Pensiya ödənişləri işəgötürən özü həyata keçirildikdə nəzərdə tutulan pensiya ödənişlərinin – işçilərin xidmət müddətindən asılı olaraq mövcud və keçmiş işçilərə pensiya təminatı planı üzrə verilməsi gözlənilən pensiya öhdəliklərinin diskontlaşdırılmış dəyəri hesablanılır (bənd 38.4).

Müxabirləşmələrə tələblər aşağıdakı cədvəldə verilib:

Əməliyyatın məzmunu Debit Kredit
Uzunmüddətli pensiya öhdəlikləri yarandıqda (38.2) 202, 203, 711, 721, 731 saylı hesablar 441 saylı hesab
İşçilərə ödəniləcək pensiya öhdəliklərinin diskontlaşdırılmış dəyəri müəyyən edilərkən gələcəkdə gözlənilən öhdəlik məbləği ilə onun diskontlaşdırılmış dəyəri arasındakı fərqə (38.4.1) 441 saylı hesab 631-1 saylı hesab
İşçilərə pensiya öhdəliklərinin məbləği müəyyən edilərkən bu pensiya öhdəliklərinin diskontlaşdırılmış dəyəri ilə ödəniləcək pensiya öhdəliklərinin arasındakı fərqə (38.4.2) 751-1 saylı hesab 441 saylı hesab
Uzunmüddətli pensiya öhdəlikləri qısamüddətli kimi təsnifləşdirildikdə (38.4.3) 441 saylı hesab 541 saylı hesab
Pensiya ödənişlərinin digər mühasibat uçotu subyekti tərəfindən həyata keçirilməsi nəzərdə tutulduqda (38.5) 441 saylı / 541 saylı hesablar 541 saylı / 221, 223 – 225 saylı hesablar
Hesab üzrə müsbət məzənnə fərqi yarandıqda (38.6) 441 saylı hesab 611-8 saylı hesab
Hesab üzrə mənfi məzənnə fərqi yarandıqda (38.6) 751-4 saylı hesab 441 saylı hesab
Qısamüddətli kimi təsnifləşdirilmədən birbaşa olaraq ödənildikdə (38.7) 441 saylı hesab 221, 223-225-ci hesablar
Uzunmüddətli pensiya öhdəliklərinin üçüncü şəxs tərəfindən ödənilməsi (38.8) 441 saylı hesab 171- 177, 211, 212 – 217, 243, 244, 538, 545-ci hesablar
Uzunmüddətli pensiya öhdəliklərinin bağışlanılması və ya qanunvericiliyə uyğun silinməsi 541 saylı hesab 631-5 saylı hesab

Mühasibat yazılışlarına praktik nümunə

Müəssisə pensiya təminat planına uyğun olaraq, illik ödəniləcək məbləğ 4000 manat olmaqla 20000 manat məbləğində öhdəlik formalaşdırıb. Razılaşmaya əsasən ödənişlər rüblük icra olunur. Dördüncü rübün dekabr ayının əvvəlində keçmiş işçi müəssisəyə müraciət edərək cari ödənişlərə əlavə olaraq, pensiya öhdəliyinin növbəti ili üçün nəzərdə tutulmuş məbləğindən 2000 manat ödənməsini xahiş edib. Müəssisə razılaşıb.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manat)
Pensiya təminat planına uyğun hesablanmış öhdəlik uçota alınır 721: “İnzibati xərclər” 441: “Uzunmüddətli pensiya öhdəlikləri” 20000
Növbəti il üçün pensiya öhdəliyi qısamüddətli kimi təsnif edilir 441: “Uzunmüddətli pensiya öhdəlikləri” 541“Qısamüddətli pensiya öhdəlikləri” 4000
Razılaşmaya uyğun olaraq növbəti ildə rüblük pensiya öhdəliyi keçmiş işçiyə ödənilir 541: “Qısamüddətli pensiya öhdəlikləri” 223: “Bank hesablaşma hesabları” 1000
Sonuncu müxabirləşmə hər rüb təkrar olunur
Keçmiş işçinin müraciəti nəzərə alınaraq növbəti il üçün ödəliyin bir hissəsi ödənilir 441: “Uzunmüddətli pensiya öhdəlikləri” 223 “Bank hesablaşma hesabları” 2000
İlin sonunda növbəti il üçün öhdəlik qısa müddətli kimi təsnif  edilir 441: “Uzunmüddətli pensiya öhdəlikləri” 541“Qısamüddətli pensiya öhdəlikləri” 2000

Bu nümunə 441-ci “Uzunmüddətli pensiya öhdəlikləri” hesabı üzrə debet və kredit hərəkətini, habelə öhdəliyin qısamüddətli kimi təsnif edilməsin və ödənişi mərhələlərini özündə əks etdirir.