541 saylı “Qısamüddətli pensiya öhdəlikləri” hesabda uçotun əsas aspektləri

posted in: Xəbər | 0

Pensiya öhdəlikləri müəssisələrin sosial məsuliyyət və maliyyə sabitliyi ilə bağlı vacib öhdəliklərindən biridir. İşçilərə əmək fəaliyyəti başa çatdıqdan sonra ödənilməli olan uzunmüddətli pensiya öhdəliklərinin 12 ay ərzində ödəniləcək hissəsi 541 “Qısamüddətli pensiya öhdəlikləri” saylı hesabda uçota alınır. accounting.az saytının redaktoru Cəmil Əsədov tərəfindən təqdim olunan bu məqalədə 541 saylı hesabda uçotun əsas prinsipləri şərh olunur.

Pensiya öhdəliklərinin mahiyyəti

Pensiya öhdəlikləri gələcəkdə, əmək fəaliyyəti bitdikdən sonra, müəssisənin işçilərinə pensiya ödənilməsi ilə bağlı yaranan maliyyə öhdəlikləridir. Pensiya öhdəlikləri işçilərin gələcək sosial təminatının mühüm komponentidir. Onlar iki yerə bölünür:

  • uzunmüddətli pensiya öhdəlikləri – 12 aydan sonrakı ödənişləri əhatə edir (441 saylı hesabda uçota alınır).
  • qısamüddətli pensiya öhdəlikləri – hesabat tarixindən sonrakı 12 ay ərzində ödənilməsi tələb olunan hissədir (541 saylı hesabda uçota alınır).

Beləliklə, 541 saylı “Qısamüddətli pensiya öhdəlikləri” hesabı müəssisənin yaxın dövr üçün pensiya təminatı üzrə vəzifələrini əks etdirir.

Uzunmüddətli pensiya öhdəlikləri, habelə pensiya öhdəliklərinin uçotu zamanı istifadə olunan bəzi anlayışlarının izahı  441 saylı hesabda mühasibat uçotu haqqında məqalədə şərh olunub.

Mühasibat xidmətləri

Normativ baza və beynəlxalq standartlarla əlaqə

Bu hesab üzrə uçot AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın  tələbləri nəzərə alınmaqla aparılır. 541 saylı hesab mühasibat uçotu subyektləri üçün bu qaydalara əsasən müəyyən edilmiş hesablar planının “Qısamüddətli öhdəliklər” adlı 5-ci bölməsinə aiddir.

İşçilərə pensiya və digər mükafat ödənişləri mexanizmi “İşçilərin mükafatlandırılması” adlı 19 saylı MUBS (IAS19) ilə müəyyən olunur. Bu standartı tamamlayan Bundan başqa, “Pensiya təminatı planları üzrə mühasibat uçotu və hesabatlılığı” adlı 26 saylı digər beynəlxalq standart (IAS 26) müəssisələrin pensiya planları üzrə öhdəliklərinin uçotunda edilir.

Qeyd edilən normativ aktlara görə uzunmüddətli pensiya öhdəliklərinin bir hissəsi növbəti il ərzində ödəniləcəksə, həmin məbləğ 441 saylı hesabdan 541 saylı hesaba keçirilməklə qısamüddətli kimi təsnif edilir.

541 saylı “Qısamüddətli pensiya öhdəlikləri” hesabının təyinatı

541 saylı “Qısamüddətli pensiya öhdəlikləri” hesabı aşağıdakı hesablarla birgə 5-ci bölmənin 54 saylı “Sair qısamüddətli öhdəliklər” maddəsinin tərkibinə daxildir:

Hesabın təyinatı “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın 44.2-ci bəndində belə şərh olunub:

“541 saylı “Qısamüddətli pensiya öhdəlikləri” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan pensiya təminatı planına uyğun və ya hər hansı digər şəkildə keçmiş işçilər üçün, onlar təqaüdə çıxdıqdan sonra onlara görə qəbul etdiyi pensiya öhdəliyi üzrə yaranan kreditor borcları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir”

Qısaca desək, bu hesabda müəssisənin cari dövrdə (12 ay ərzində) işçilərə ödəniləcək pensiya təminatı planları üzrə öhdəlikləri ümumiləşdirilir.

Uzunmüddətli pensiya öhdəliklərinin formalaşması 541 saylı hesabın krediti, ödənilməsi isə debeti üzrə əks olunur.

Hesab üzrə uçotun tənzimlənməsi

Hesab üzrə tənzimləmə Maliyyə Nazirliyinin yuxarıda qeyd edilən qaydalarının 44.2-44.8-ci bəndləri əsasında aparılır.

Qaydaların 44.3 bəndinə görə qısamüddətli pensiya öhdəliklərinin icrası:

  • işəgötürənin özü, yaxud;
  • digər mühasibat uçotu subyekti tərəfindən həyata keçirilə bilər.

İşəgötürən mühasibat uçotu subyektinin özü tərəfindən pensiya ödənişləri həyata keçirildikdə nəzərdə tutulan pensiya ödənişlərinin – işçilərin xidmət müddətindən asılı olaraq mövcud və keçmiş işçilərə pensiya təminatı planı üzrə verilməsi gözlənilən pensiya öhdəliklərinin diskontlaşdırılmış dəyəri hesablanılır (bənd 44.4).

Öhdəliklərin mühasibat uçotu zamanı müxabirləşmələri aşağıdakı qaydalar nəzərə almaqla verilir:

Əməliyyatın məzmunu Debit Kredit
Qısamüddətli pensiya öhdəlikləri yarandıqda (44.2) 202, 203, 711, 721, 731 saylı hesablar 541 saylı hesab
İşçilərə ödəniləcək pensiya öhdəliklərinin diskontlaşdırılmış dəyəri müəyyən edilərkən gələcəkdə gözlənilən öhdəlik məbləği ilə onun diskontlaşdırılmış dəyəri arasındakı fərqə (44.4.1) 541 saylı hesab 631-1 saylı hesab
İşçilərə pensiya öhdəliklərinin məbləği müəyyən edilərkən bu pensiya öhdəliklərinin diskontlaşdırılmış dəyəri ilə ödəniləcək pensiya öhdəliklərinin arasındakı fərqə (44.4.2.) 751-1 saylı hesab 541 saylı hesab
Qısamüddətli pensiya öhdəlikləri uzunmüddətli kimi təsnifləşdirildikdə (44.4.3) 541 saylı hesab 441 saylı hesab
Pensiya ödənişlərinin digər mühasibat uçotu subyekti tərəfindən həyata keçirilməsi nəzərdə tutulduqda (44.5) 441-ci hesab

541-ci hesab

541-ci hesab

221, 223 – 225 saylı hesablar

Hesab üzrə müsbət məzənnə fərqi yarandıqda (44.6) 541 saylı hesab 611-8 saylı hesab
Hesab üzrə mənfi məzənnə fərqi yarandıqda (44.6) 751-4 saylı hesab 541 saylı hesab
Qısamüddətli pensiya öhdəliklərinin üçüncü şəxs tərəfindən ödənilməsi (44.7) 541 saylı hesab 171- 177, 211- 217, 243, 244, 538, 545-ci hesablar
Qısamüddətli pensiya öhdəliklərinin bağışlanılması və ya qanunvericiliyə uyğun silinməsi 541 saylı hesab 631-5 saylı hesab

Mühasibat yazılışlarına praktik nümunə

Müəssisə işçisinə pensiya təminatı planı üzrə illik 4000 manat öhdəlik tanıyıb. Bu öhdəlik 441 saylı hesabda uçota alınıb. Hesabat ilinin sonunda növbəti ildə ödənilməli olan məbləğ 541 saylı hesabda əks etdirilir.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manat)
Pensiya təminat planına uyğun hesablanmış öhdəlik tanınır 721: “İnzibati xərclər” 441: “Uzunmüddətli pensiya öhdəlikləri” 20000
Hesabat ilinin sonunda növbəti il üçün pensiya öhdəliyi qısamüddətli kimi təsnif edilir 441: “Uzunmüddətli pensiya öhdəlikləri” 541“Qısamüddətli pensiya öhdəlikləri” 4000
İşçiyə pensiya ödənişi bank vasitəsilə icra olunur (rüblük ödənişlər) 541: “Qısamüddətli pensiya öhdəlikləri” 223: “Bank hesablaşma hesabları” 1000
Sonuncu iki əməliyyatlar ilin sonuna qədər bütün ödənişlər bitənədək təkrar olunur.

541 saylı hesabda “Qısamüddətli pensiya öhdəlikləri” üzrə uçotun düzgün aparılması və öhdəliklərin vaxtında ödənilməsi müəssisənin həm maliyyə sabitliyi, həm də sosial reputasiyası üçün mühümdür. Əks halda maliyyə riskləri (öhdəliklərin vaxtında yerinə yetirilməməsi cərimələrə səbəb ola bilər) və reputasiya riskləri (işçilərə qarşı öhdəliklərin pozulması şirkətin ictimai imicinə mənfi təsir göstərir) ilə qarşılaşmaq ehtimalı yüksəkdir.