Vergitutma obyekti
![]()
Vergitutma obyekti verginin müəyyən edilmiş hesab edilməsi üçün zəruri olan elementlərdəndir və mövcudluğunun hüquqi zəruriliyi Vergi Məcəlləsinin 12-ci maddəsində özünü tapır.
Hər hansı malın (işin, xidmətin) dəyəri, əşya və ya digər predmet o zaman vergitutma obyekti sayılır ki, aşağıdakı iki şərtə cavab versin:
- dəyər, kəmiyyət, fiziki əlamətlərdən birinə və ya hamısına malik olmalıdır;
- Bu hal Vergi Məcəlləsində aydın qeyd edilmiş olmalıdır.
Dəyər xarakteristikası o deməkdir ki, bu obyekt pulla qiymətləndirilə bilər. Məsələn malın (işin, xidmətin) dəyəri, barter əməliyyatı və s.
Kəmiyyət xarakteristikası obyektin mövcudluğunu ifadə edən xüsusiyyətlər kimi başa düşülə bilər: ölçü, say, həcm, obyektin ölçülə bilmək xüsusiyyəti. Məsələn, binanın sahəsi, idxal edilən almazın karatı, minik avtomobilinin mühərrikinin həcmi və s.
Fiziki xüsusiyyətlərə onun xassələri (fiziki kəmiyyətlərə misal olaraq sıxlıq, özlülük, sındırma əmsalı və s.), eləcə də texniki xarakteristikalar (məsələn, avtomobil mühərrikinin gücü) aid edilə bilər.
Hər hansı bir obyektin vergitutma obyekti hesab edilməsi üçün vergi qanunvericiliyində vergi ödəyicisində həmin obyekt olduqda onun öhdəliyinin yaranması qeyd edilməlidir.
Aksiz vergisi ödəyicilərinin vergitutma obyektləri
Vergi bazasını, ödənilməli olan aksiz vergisi məbləğini müəyyən etmək üçün vergitutma obyektini ayrıca təsvir etmək lazımdır. Aksiz vergisinin obyekti Azərbaycan Respublikasının Vergi Məcəlləsində əks olunan aksizli mallarla əməliyyatların məcmusudur.
AR Vergi Məcəlləsinin 84-cü maddəsinə görə aşağıdakılar aksiz vergisinin vergitutma obyektlərinə aiddir:
- Ölkə ərazisində istehsal edildikdən sonra aksizli mal istehsal olunduğu binadan kənara çıxarılanda;
İstehsal binaları deyiləndə istehsalın reallaşdığı sahədə yerləşən anbarları, köməkçi anbar sahələrini, eləcə də digər oxşar binaları nəzərdə tuturlar.
Nümunə 1: Firma istehsalın olduğu anbarda olan 4000 ədəd 1 litrlik şərabı və 8000 ədəd 2 litrlik arağı anbardan çıxarmışdır. Bu, aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması sayılır.
Nümunə 2: Alkoqollu içkiləri istehsal edən şirkət hesabat dövrü ərzində 5000 litr çaxır, 8000 litr araq istehsal etmiş və 2000 litr çaxır, 3500 litr arağı istehsal binasının hüdudlarından kənara çıxarmışdır.
İstehsal binasının hüdudlarından kənara buraxılmış 2000 litr çaxır və 3500 litr araq aksiz vergisinə cəlb olunacaq.
- Malların İdxal zamanı – Respublika Gömrük Məcəlləsinə əsasən aksizli malların gömrük xidmətinin nəzarətindən çıxdıqda
Nümunə 3: Vergi Ödəyicisi Azərbaycan Respublikasına nazik siqaretlər və elektron siqaretlər üçün maye idxal etmişdir. Həmin mallar gömrük xidmətinin nəzarətindən çıxarkən gömrük orqanları tərəfindən aksiz vergisi tutulmalıdır.
Aksizli əməliyyatların əksəriyyətinin fərqli xüsusiyyəti onların Azərbaycan Respublikası ərazisində həyata keçirilməsidir.