İşçilərin attestasiya vərəqəsi forması

posted in: Xəbər | 0

Attestasiya nədir?

İşçilərin attestasiyası işəgötürənə kadrların peşə səriştələrini təhlil etməyə, vaxtında təlimlərə cəlb etməyə, onların vəzifə (peşə) uyğunluğunu, peşəkarlıq səviyyəsini müəyyən etməyə imkan verir. Onun  nəticələri hər bir işçi üçün tərtib edilən attestasiya vərəqəsində öz əksini tapır. Attestasiyanın keçirilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsi ilə tənzimlənir. Məcəllənin 66-cı maddəsi attestasiya olunmayan işçilərin tərkibini müəyyən edir.

Müəyyən peşələrdə çalışan işçilərin attestasiyası keçirilmir, onlar sertifikasiyaya cəlb olunurlar. Mahiyyətcə bu anlayışlar demək olar ki, eynidir, onların hər ikisi işçilərin peşə yararlılığının yoxlanmasına yönəlib. Sertifikasiya tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə (ƏM, maddə 67-1), habelə dövlət  məktəbəqədər və ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərə (ƏM, maddə 67-2) tətbiq olunur. Bu zaman aşağıdakı qanunvericilik aktlarının tələbləri nəzərə alınır:

İşçilərin attestasiyası yaxud sertifikasiyası ilə yanaşı biz “qiymətləndirmə” anlayışı ilə də rastlaşırıq. Qiymətləndirilmə daha geniş anlayışdır, attestasiyadan (sertifikasiyadan) daha tez-tez və müxtəlif hallarda həyata keçirilə bilər. Məsələn, qiymətləndirmə işə götürülərkən, təlimin nəticələrinə, sınaq müddətinin keçməsinə, habelə illik fəaliyyətin aparılması və sair bu kimi hallarda  aparıla bilər. Buna görə də qiymətləndirmənin nəticələrini əks etdirən vərəq attestasiya vərəqəsindən daha geniş, daha əhatəlidir. Attestasiyadan fərqli olaraq qiymətləndirmə zamanı işçinin peşəkarlıq səviyyəsi ilə yanaşı həm də digər meyarlar da nəzərə alına bilər (məsələn, intizamlılıq, ünsiyyət bacarığı və sair). Həmçinin attestasiyanın nəticələrinə görə işçinin işdən azad olunması haqqında tövsiyə edilə bilər, qiymətləndirmə zamanı işçinin vəzifə dəyişikliyinə baxıla bilər.

İşçilərin attestasiyası necə keçirilir?

Əmək Məcəlləsinə görə, müəyyən istisnalar olmaqla, işçilərin attestasiyası müəssisələr üçün məcburi deyil. Məcburi attestasiya olunacaq işçilərin əhatəsi Azərbaycan Respublikasının uyğun qanunvericilik aktları ilə tənzimlənir.

Mühasibat xidmətləri

İşçinin attestasiyası üçün o, mütləq uyğun iş yerində azı bir il çalışmalıdır. İşəgötürən işçini üç ildə bir dəfədən, elmi işçilər  isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirə bilər. Bunun üçün işəgötürənin əmri ilə ən azı beş nəfərdən ibarət (istənilən halda say təkrəqəmli olmalıdır) attestasiya komissiyası yaradılır. Komissiyaya təcrübəli, peşəkar şəxslər, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsi daxil edilir. İşəgötürən və işçinin müvafiq iş yeri üzrə birbaşa rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

Attestasiyada iştirak etmiş hər bir işçi üçün attestasiya vərəqəsi tərtib edilir.

 Attestasiya vərəqəsi formasını yüklə

Komissiyada qərarlar səs çoxluğu ilə qəbil edilir. Səsvermə açıq yaxud gizli formada keçirilə bilər. Komissiya aşağıdakı iki qərardan birini qəbul edir:

  • işçi vəzifəyə (peşəyə) uyğundur;
  • işçi tutduğu vəzifəyə uyğun deyil.

İşçilərin attestasiyası keçirilməsi zamanı Əmək Məcəlləsi ilə yanaşı AR NK-nın “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” da tətbiq edilir.

Attestasiya vərəqəsi

İşçilərin attestasiyasının keçirilməsi qaydaları haqqında AR Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarına əlavədə attestasiya vәrәqәsinin forması verilib. Vərəqədə qeyd edilən məlumatları şərti olaraq üç qrupa bölmək olar:

  • işçi haqqında məlumat (soyadı, adı və atasınımn adı, təvəllüdü, təhsili, vəzifəsi, stajı və sair);
  • attestasiya haqqında məlumat (əvvəlki attestasiyanın məlumatları, attestasiya sualları, rəy və təkliflər);
  • işçinin fəaliyyətinə verilən qiymət, müəssisə rəhbərinin qərarı.

Formanı yükləyin (əgər hələ də yükləməmişsinizsə), görəcəksiniz ki, onu doldurmaq elə də çətin deyil. İşçilərin attestasiya vərəqəsini düzgün tərtib etmək önəmlidir. Bu mümkün fərdi əmək mübahisələri zamanı, işəgötürənə problemlərdən qaçmağa  kömək edər.

501 saylı “Qısamüddətli bank kreditləri” hesabı üzrə uçot