Müəssisənin iqtisadi fəaliyyəti ilə bağlı cəlb etdiyi kreditlərin uçotu 401 saylı “Uzunmüddətli bank kreditləri” və 501 saylı “Qısamüddətli bank kreditləri” adlı hesablarda aparılır. Əvvəlki məqalələrimizin birində bunlardan birincisi ilə tanış olmuşuq. İndi növbə digərinindir.
Faiz xərcləri yaradan öhdəliklər
Öhdəliklər iqtisadi əməkdaşlığın iştirakçıları olan hüquqi yaxud fiziki şəxslərin birinin digərinə mal, pul və xidmət şəklində olan borclarıdır. Faiz xərci yaradan öhdəliklər, məsələn bank kreditləri, öhdəliklərin xüsusi növüdür. Onları uzunmüddətli və qısamüddətli kimi iki qrupa bölmək olar. Hesablar Planının üzrə açılmış hesablar uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər, 50-cı maddəsi isə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər üzrə uçot üçün nəzərdə tutulub.
Öhdəlik (passiv) hesabı olan 501 saylı “Qısamüddətli bank kreditləri” hesabı 50-ci maddə üzrə açılan hesablardan biridir. Bu maddə üzrə hesabların açılması AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Bu maddə üzrə açılan hesabların tərkibi aşağıda verilib (Qaydaların 40.1-ci maddəsi):
501 saylı “Qısamüddətli bank kreditləri” hesabı
Qeyd etdiyimiz kimi, bank kreditləri faiz xərcləri yaradan öhdəliklərin bir növüdür. Kreditlər biznesin inkişafı üçün kənardan cəlb edilmiş vasitələrdən biridir, o, satışları, gəlirləri artırmağa yaxud yeni istiqamətlərdə fəaliyyətə başlamağa kömək edə bilər. Bir öhdəlik kimi onları:
- uzunmüddətli bank kreditləri və;
- qısa müddətli bank kreditləri kimi fərqləndirə bilərik.
Azərbaycanda Respublikasında bankların təşkili, daxili idarəetmə, fəaliyyətinin tənzimlənməsi, ləğv edilməsi prinsipləri, qaydaları, normaları “Banklar haqqında” AR qanunu ilə tənzimlənir.
501 №-li “Qısamüddətli bank kreditləri” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra on iki ay ərzində ödənilməli olan bank kreditləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
Qaydaların 40.3 maddəsinə görə bu hesab üzrə müəssisələr 501-1 saylı “Bank overdraftı” subhesabı aça bilər.
Mühasibat uçotu subyektlərində qısamüddətli bank kreditləri üzrə borc yarandıqda, həmçinin onlar uzunmüddətli kimi təsnifləşdirildikdə həmin qaydaların 40.4.-cü bəndi tətbiq edilir.
Belə kreditlər üzrə müsbət məzənnə fərqi yarandıqda mühasibat yazılışları həmin qaydaların 40.5.-ci bəndilə nizamlanır.
Qısamüddətli bank kreditləri ödənildikdə müxabirləşmələr qaydaların 40.6.-cı, üçüncü şəxs tərəfindən ödənildikdə həmin qaydaların 40.7.-ci bəndi əsasında tənzimlənir.
Bankdan qısamüddətli kredit alınması və qaytarılması: müxabirləşmə nümunələri
“A” MMC istehsal prosesini fasiləsizliyin təmin etmək üçün pul vəsaitlərinin yetərsiz olduğu qənaətinə gəlir. May ayında bankdan 20000 manatlıq kredit götürməklə pul problemi həll edir. Bankla müəssisə arasında bağlanan müqavilənin şərtlərinə əsasən kreditin müddəti 1 il, illik faiz dərəcəsi 17% -dir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Bankdan qısamüddətli kredit götürüldükdə | 223 – Bank hesablaşma hesabları | 501 – Qısamüddətli bank kreditləri | 20000.00 |
2 | İllik faiz borcları qeydə alındıqda | 242 – Gələcək hesabat dövrünün xərcləri | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 3400.00 |
3 | Bank krediti üzrə əsas məbləğ ödənildikdə | 501 – Qısamüddətli bank kreditləri | 223 – Bank hesablaşma hesabları | 20000.00 |
4 | Bank krediti üzrə faiz məbləği ödənildikdə | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 223 – Bank hesablaşma hesabları | 3400.00 |
5 | Bank krediti üzrə illik faiz xərcə aid edildikdə | 751 – Maliyyə xərcləri | 242 – Gələcək hesabat dövrünün xərcləri | 3400.00 |
Qısamüddətli bank kreditlərinin uzunmüddətli kimi təsnifləşdirilməsi: müxabirləşmə nümunələri
“A” MMC istehsal prosesini fasiləsiz davam etdirmək üçün pul vəsaitlərinin yetərsiz olduğu qənaətinə gəlir. Fevral ayında bankdan 80000 manatlıq kredit götürməklə pul problemi həll edir. Bankla müəssisə arasında bağlanan müqavilənin şərtlərinə əsasən kreditin müddəti 1 il, illik faiz dərəcəsi 15%-dir.
Lakin müəssisənin ödəmə qabiliyyəti nəzərə alınaraq kreditin müddəti uzadılaraq 2 il təyin müəyyən edilmişdir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Bankdan qısamüddətli kredit götürüldükdə | 223 – Bank hesablaşma hesabları | 501 – Qısamüddətli bank kreditləri | 80000.00 |
2 | İllik faiz borcları qeydə alındıqda | 242 – Gələcək hesabat dövrünün xərcləri | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 12000.00 |
May ayında müqavilədə edilən dəyişikliyə əsasən bank krediti ik il ərzində ödənilə bilər.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Bank krediti üzrə əsas məbləğ ödənildikdə | 501 – Qısamüddətli bank kreditləri | 223 – Bank hesablaşma hesabları | 35000.00 |
2 | Bank krediti üzrə faiz məbləği ödənildikdə | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 223 – Bank hesablaşma hesabları | 5250.00 |
3 | Qısaüddətli bank krediti uzunmüddətli bank krediti kimi təsnifləşdirildikdə | 501 – Qısamüddətli bank kreditləri | 401 – Uzunmüddətli bank kreditləri | 45000.00 |
4 | Faiz xərclərində düzəliş edildikdə | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları | 6750.00 |
5 | Faiz xərclərində düzəliş edildikdə | 191 – Gələcək hesabat dövrlərinin xərcləri | 242 – Gələcək hesabat dövrünün xərcləri | 6750.00 |
6 | Bank krediti üzrə ilk ilin faizi xərcə aid edildikdə | 751 – Maliyyə xərcləri | 242 – Gələcək hesabat dövrünün xərcləri | 5250.00 |