223 saylı “Bank hesablaşma hesabları” hesabına daxilolmalar

posted in: Xəbər | 0

Bank hesablaşma hesabları üzrə uçotun əsasları

Bank əməliyyatları müasir dövrdə təşkilatlar üçün gündəlik fəaliyyətin ayrılmaz bir parçası olmuşdur. Peşəmizlə bağlı tez-tez bank hesablaşma hesabına mədaxil, bank hesablaşma hesabından məxaric, müxtəlif yerli və xarici ödənişləri, eləcə də bunlarla əlaqədar olan konvertasiya (nağdsız valyuta mübadiləsi), məzənnə fərqi əməliyyatları, əməkhaqqı köçürmələri və s. həyata keçirməli oluruq. Müəssisəyə məxsus pulların, qiymətli kağızların, digər bu kimi sənədlərin saxlanması üçün bank hesabları böyük əhəmiyyət kəsb edir. Texnologiyanın inkişafı, nəzarət prosesinin təkmilləşdirilməsi nəticəsində vergi ödəyiciləri özlərinə məxsus pul vəsaitlərini kassada deyil, bank hesabında saxlamağa üstünlük verirlər.

Bank hesabları üzrə əməliyyatların (mədaxil yaxud məxaric) uçotu üçün 223 saylı “Bank hesablaşma hesabları” adlı aktiv hesabdan istifadə edilir. Bu hesab mühasibat uçotunun hesablar planının 22 saylı “Pul vəsaitləri və onların ekvivalentləri” maddəsi üzrə açılan hesabdan biridir. Mühasibat uçotu subyektlərində hesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  əsasında  tənzimlənir. 22-ci maddə üzrə aşağıdakı hesablar açıla bilər (Qaydalar/ 24.1).

Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” görə nağdsız ödənişlər üçün 223 saylı “Bank hesablaşma hesabları” adlı hesab açılır.

223 saylı “Bank hesablaşma hesabları” üzrə uçotun tənzimlənməsi

Bu hesabda mühasibat uçotu subyektinin bank hesablaşma hesablarında milli, xarici valyutada olan pul vəsaitlərinin mövcudluğu, hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Mühasibat xidmətləri

Bank hesablaşma hesablarına pul vəsaitlərinin daxilolması Qaydaların 24.13-cü, məxarici 24.14.-cü bəndi əsasında tənzimlənir.

Mühasibat uçotu subyektinin tələblərə əsasən açılan digər bank hesablaşma hesablarına pul vəsaitləri daxil olduqda həmin qaydaların 24.15.-ci, məxaric edildikdə həmin qaydaların 24.16.-cı bəndi tətbiq edilir.

Mühasibat uçotu subyektinin malik olduğu pul vəsaitləri, onların ekvivalentləri üzrə müsbət yaxud mənfi məzənnə fərqinin 223 №-li “Bank hesablaşma hesabları” üzrə tənzimlənməsi həmin qaydaların 24.19-cu bəndinə uyğun həyata keçirilir.

Bank hesabına daxilolma ilə bağlı nümunələr  

Nümunə 1: Kassadan bank hesablaşma hesabına mədaxil edildikdə

“A” MMC bank hesablaşma hesabının möhkəmləndirilməsi məqsədilə kassadan 70000 manatlıq vəsaiti müəssisənin bank hesablaşma hesabına köçürmüşdür.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Kassadan bank hesablaşma hesabına pul mədaxil olunduqda 223 – Bank hesablaşma hesabları 221 – Kassa 70000.00

Nümunə 2:  Nizamnamə kapitalı ödənildikdə

Hüquqi şəxsi təsis etmək qərarına gələn Əliyev Aydın lazımi qurumlara müraciət edərək “A” MMC-nin dövlət qeydiyyatına alınması prosesini tamamlamışdır. 45000 manat təyin olunmuş nizamnamə kapitalı qısa müddətdən sonra ödənilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Nizamnamə kapitalının məbləği təyin olunduqda 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 301 – Nizamnamə (nominal) kapitalı 45000.00
2 Nizamnamə kapitalı bank hesablaşma hesabına ödənildikdə 223 – Bank hesablaşma hesabları 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 45000.00

Nümunə 3:  Bank hesablaşma hesabına debitor borcun daxil olması

“A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini həyata keçirir. ƏDV ödəyicisi olan cəmiyyət anbarındakı 6500 manatlıq malları 8400 manata satmışdır. Malların ödənişi qəbul edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 6500.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 8400.00
3 ƏDV hesablandıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 1512.00
4 Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 8400.00
5 Satılmış malların ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 1512.00
6 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 1512.00

Nümunə 4: Bankdan götürülmüş kreditin bank hesabına daxil edilməsi

“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pulunun yetərsiz olduğu qənaətinə gəlmişdir. Bankdan 80000 manatlıq kredit götürməklə pulla bağlı problem həll olunmuşdur. İllik faiz dərəcəsi 17%.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Bankdan kredit götürüldükdə 223 – Bank hesablaşma hesabları 501 – Qısamüddətli bank kreditləri 80000.00

Nümunə 5:  Avans məbləğin bank hesablaşma hesabına daxilolması

“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pulunun yetərsiz olduğu qənaətinə gəlmişdir. Məsələni həll etmək üçün daimi müştərisi olan “B” MMC-dən malları təqdim edənədək həmin malların ödənişinin bir qismini avans formasında almışdır. Avans məbləği 20000 manatdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Alınmış avans məbləği bank hesablaşma hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 543 – Alınmış qısamüddətli avanslar 20000.00

Nümunə 6: Müsbət məzənnə fərqinin bank hesabında uçota alınması    

“A” MMC 25 may tarixində 2500 dollar alaraq bankdakı hesablaşma hesabına mədaxil etmişdir. Mədaxil olunan pul bankdakı dollar hesabında saxlanılır. 14 iyun tarixində dolların 900 manatlıq hissəsi satılır.

Alış tarixinə 1 $ = 1.70 ₼

Satış tarixinə 1 $ = 1.73 ₼

Alış tarixinə 2500 dolları manatla ifadə edərək uçota almaq lazımdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Alış tarixində dollar manatla uçota alındıqda 223-2 – Bank hesablaşma hesabları 223-1 – Bank hesablaşma hesabları 4250.00

Görürük ki, dolların məzənnəsi qalxıb. Bu o deməkdir ki, alış tarixinə olan məbləğlə satış tarixinə olan məbləğ arasındakı fərq qədər gəlir əldə edib.

1 $ = 1.70 ₼  →  900 × 1.70 = 1530

1 $ = 1.73 ₼  →  900 × 1.73 = 1557

Müsbət məzənnə fərqi  →  1557 – 1530 = 27

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Dollar satış tarixinə olan məzənnə ilə uçota alındıqda 223-1 – Bank hesablaşma hesabları 223-2 – Bank hesablaşma hesabları 1530.00
2 Satış tarixinə məzənnə fərqindən gəlir nəzərə alındıqda 223-1 – Bank hesablaşma hesabları 611 – Sair əməliyyat gəlirləri 27.00

Bank hesablaşma hesabı ilə bağlı daha ətraflı məlumat almaq üçün buraya keçid ala bilərsiniz.

141 saylı “Təbii sərvətlərin (ehtiyatların) dəyəri” hesabı üzrə uçot