Bayram günlərində işləyən işçilərin əməkhaqları necə hesablanır?

posted in: Xəbər | 0

Bəzi hallarda növbəli iş remində və ya ümumi halda bayram günlərində işləyən işçilər gündəlik müəyyənləşdirilmiş 8 saatdan çox işləyirlər. Bu zaman əməkhaqqının ödənilməsi ilə bağlı bəzi suallar ortaya çıxır. Mövzunu sərbəst auditor Altay Cəfərov misal vasitəsilə şərh edir.

Misal: Növbəli iş rejmində fəaliyyət göstərməyən “AA” MMC-nin bir işçisi 1 və 2 yanvar tarixlərində işləmişdir. Beşgünlük iş rejimində çalışan bu işçinin aylıq əməkhaqqısı 858 manatdır. İşçi 1 yanvar tarixində 6 saat, 2 yanvar tarixində isə 10 saat işləmişdir. Burada iki sual meydana çıxır:

– işçiyə günəvəzi veriləcəkdirsə, onun aylıq əməkhaqqısı nə qədər olacaqdır?

– işçiyə günəvəzi verilməyəcəkdirsə, onun aylıq əməkhaqqısı nə qədər olacaqdır?

Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, bayram günlərində işləmiş işçiyə gündəlik əməkhaqqının ən azı iki misli məbləğində ödəniş olmalıdır. Amma işçi işlədiyi bayram günlərinin əvəzinə istirahət günü kimi istifadə etmək istəyirsə, bu zaman ona ikiqat əməkhaqqı ödənilmir və o, normal aylıq əməkhaqqı alır.

Misaldan aydın olur ki, yanvarın 1-də işçi 6 saat işləmişdir ki, bu da normal gündəlik 8 saat iş vaxtından azdır. Yanvarın 2-də isə o, normal iş vaxtından çox – 10 saat işləmişdir. İlk baxışda belə görünə bilər ki, yanvarın 2-də işlənmiş əlavə 2 saat, iş vaxtından artıq işləməkdir (overtaymdır). Buradan da belə çıxır ki, işçiyə bayram günündə işlədiyinə görə əməkhaqqının 2 misli, eləcə də overtaym işlədiyinə görə əlavə olaraq daha 2 misli (nəticə olaraq 4 misli) məbləğində əməkhaqqı ödənilməlidir.

Lakin Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən, işçinin iş vaxtından artıq işləməsi üçün müəyyən olunmuş iş günləri olmalıdır. Bundan əlavə, müəyyən olunmuş iş günlərində də iş vaxtları müəyyənləşdirilməlidir. Həmin iş saatlarından sonra işçi işləyərsə, artıq bu, overtaym sayılır.

İşəgötürən və işçi arasında münasibətlər əmək müqaviləsi ilə tənzimlənir və əmək müqaviləsində işçinin iş günləri və iş saatları müəyyənləşdirilir. Belə olan halda işçi ancaq iş günlərində müəyyənləşdirilmiş iş saatlarından artıq işlədikdə bu, overtaym kimi qəbul olunur.

Bizim misalımızda normal həftəlik iş günləri 1-ci gündən 5-ci günə kimi, gündəlik iş saatları isə 8 saat müəyyənləşdirilmişdir. İstirahət və bayram günləri iş günləri sayılmadığından həmin günlərdə 8 saatdan çox işləyən işçinin işlədiyi saatlar overtaym sayılmır.

Beləliklə, işçinin yanvar ayı üçün əməkhaqqı aşağıdakı kimi olacaqdır:

Nəzərə alaq ki, yanvar ayında 143 saat iş norması vardır, onda bir saatlıq əməkhaqqı 858/143 saat = 6 manatdır. Yanvarın 1-də və 2-də işlənilmiş (6 saat+10 saat) = 16 saatın əməkhaqqısı 16×6 manatx2 misli = 192 manat olacaqdır.

Deməli, həmin işçinin yanvar ayı üçün əməkhaqqısı (852 + 192) = 1044 manat olacaqdır.

Mənbə: vergiler.az


Bax:


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *