Beynəlxalq mühasibat uçotu standartı nədir?
Beynəlxalq mühasibat uçotu standartı – müəssisələrin hazırladığı maliyyə hesabatlarının məlumat istifadəçiləri üçün şəffaf, qarşılıqlı başa düşülən və müqayisə edilə bilən olmasını təmin edən prinsiplər və qaydalar toplusudur. Bu qaydaların hazırlanması və tənzimlənməsi Beynəlxalq Uçot Standartları üzrə Komitə (sonradan Beynəlxalq Maliyyə Hesabatları Standartları Şurası (IASB)) tərəfindən həyata keçirilir.
Hesabatların beynəxalq standartlara uyğun hazırlanması, xüsusilə xarici məlumat istifadəçiləri üçün mühüm əhəmiyyət daşıyır. Xarici məlumat istifadəçiləri dedikdə maraqlı tərəflər, məsələn, investorlar və kreditorlar başa düşülür.
Beynəlxalq standartların əsas sənədlər
Mühasibat uçotunun əsas standartları bir sıra sənədləri əhatə edir ki, onları aşağıdakı kimi sistemləşdirmək olar:
- Maliyyə Hesabatları üzrə Konseptual Çərçivə – standart olmayan bu əsas sənəd ümumi təyinatlı maliyyə hesabatlarının təqdim edilməsinin məqsədini və prinsiplərini təsvir edir.
- IFRS (International Financial Reporting Standards)– maliyyə hesabatlarının hazırlanması qaydalarını tənzimləyən sənədlər (standartlar və şərhlər) toplusudur. Beynəlxalq Maliyyə Hesabatları Standartlarının qısaldılmış forması BMHS kimi səslənir, amma bu anlayış bütün sənədlər toplusuna aiddir.
- IAS (International Accounting Standards)– IASB-ın IFRS ilə əvəz etməyi planlaşdırdığı sənədlər (standartlar və şərhlər) toplusudur. Respublikamızda bu standartlar BMUS – Beynəlxalq Mühasibat Uçotu Standartları kimi tanınır.
- IFRIC (International Financial Reporting Interpretations Committee) – Beynəlxalq Maliyyə Hesabatlarının Şərhləri üzrə Komitənin sənədləri, IFRS sistemində yaranan qeyri-müəyyənliklərə aydınlıq gətirən, standartların düzgün tətbiq olunmasına dair rəsmi izahatlardır. Eyni adlı komitə tərəfindən hazırlanır.
- SIC (Standing Interpretations Committee) – Daimi Təfsirlər Komitəsi (DTK) tərəfindən əvvəllər hazırlanmış beynəlxalq standartların izahları.
2011-ci ildən başlayaraq standartlar IFRS abreviaturası ilə təqdim edilir. Buna kimi standartlar IAS adı altında buraxılırdı. IFRS və IAS standartları Maliyyə Hesabatları üzrə Konseptual Çərçivəyə nisbətən bərabər səlahiyyətə malikdir. Hər bir standart müəyyən bir mövzunu və ya əməliyyat növünü əhatə edir.
Beynəlxalq mühasibat uçotu standartlarının əsas anlayışları
Aşağıda maliyyə vəziyyətinin qiymətləndirilməsi ilə birbaşa əlaqəli olan əsas anlayışlar verilib:
- Aktivlər – şirkət tərəfindən idarə olunan, keçmişdə həyata keçirilən hərəkətlər nəticəsində yaradılan və gələcəkdə şirkətin iqtisadi fayda əldə etməyi gözlədiyi resurslardır.
- Öhdəliklər– şirkətin keçmiş hərəkətlərindən irəli gələn cari öhdəliyidir. Güman edilir ki, borcun ödənilməsi iqtisadi faydaları özündə cəmləşdirən resursların şirkətdən kənara axınına səbəb olacaq.
- Kapital – öhdəliklər çıxıldıqdan sonra qalan aktivlərdir (səhmdarın kapitalı kimi tanınır).
Maliyyə hesabatlarının tətbiqində istifadə edilən gəlir və xərclər maliyyə fəaliyyətinin qiymətləndirilməsi ilə birbaşa əlaqəli olan anlayışlardır.
Əslində Beynəlxalq Maliyyə Hesabatları Standartlarının tətbiqi zamanı nəzər almaq lazımdır ki, istifadə olunan əsas anlayışlar və prinsiplərin əhatəsi genişdir. Buradan həmin anlayış və prinsiplərlə daha geniş tanış olmaq olar.
IFRS/IAS-la bağlı suallara sertifikasiya imtahanlarında da rast gəlinir. Bu sahədə səriştənizi Azərbaycan Mühasiblər Məktəbinin uyğun kurslarında da artıra bilərsiniz.
