Read More9
Read More9

123 saylı “İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması” hesabı üzrə uçot

posted in: Xəbər | 0

İnvestisiya mülkiyyəti üzrə uçot

İnvestisiya mülkiyyəti mühasibat uçotunun hesablar planının 12-ci maddəsi üzrə uçota alınır. Uçotun əsas məqsədi uzunmüddətli aktivlər qrupuna aid olan investisiya mülkiyyətinin dəyərinin, yığılmış amortizasiya və qiymətdəndüşmə zərərlərinin, habelə məsrəflərin kapitallaşdırılması üzrə uçotun aparılmasıdır.

İnvestisiya mülkiyyəti anlayışı 40 saylı Mühasibat Uçotunun Beynəlxalq Standartı əsasında tənzimlənir. Bu standartın məqsədi maliyyə hesabatlarının istifadəçilərinin müəssisənin investisiya mülkiyyəti və bu aktivlərdə dəyişikliklər haqqında məlumat əldə edə bilməsi üçün uçot qaydalarını müəyyən etməkdir.

İnvestisiya mülkiyyəti üzrə məlumatların uçotu üzrə mühasibat hesablarının açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir. Bu qaydalara əsasən qeyd edilən aktivlərin dəyərinin uçotu, yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri, habelə məsrəflərin kapitallaşdırılması Hesablar Planının uyğun olaraq 121, 122 və 123 saylı hesablarda uçota alınır. Aşağıdakı məqalələrdə 121 və 122 saylı hesablar üzrə müxabirləşmələrlə aşağıdakı keçidlərdə tanış olmaq olar:

121 – “İnvestisiya mülkiyyətinin dəyəri”; 

122 – “İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri”  

İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılmasının uçotu

Hesablar planının 123 saylı “İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması” adlı hesabı aktiv hesabdır, bu aktivlər üzrə məsrəflərin kapitallaşdırılması üçün nəzərdə tutulub. Hesab üzrə aşağıdakı subhesablar açmaq olar (yuxarıda qeyd edilən Qaydaların 13.9. bəndi):“İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması" adlı hesab üzrə torpaqla və binalarla bağlı iki subhesab açılır

İnvestisiya mülkiyyəti alış nəticəsində və ya podrat üsulu ilə əldə edildikdə həmin qaydaların 13.11-ci bəndilə nizamlanır.

İnvestisiya mülkiyyəti təsərrüfat üsulu ilə yaradıldıqda həmin qaydaların 13.17-ci bəndilə nizamlanır.

Mübadilə nəticəsində əldə edilmiş investisiya mülkiyyəti üzrə dolayı məsrəflər həmin qaydaların 13.15-ci bəndilə nizamlanır.

İnvestisiya mülkiyyəti ilə bağlı kapitallaşdırılmış məsrəflər investisiya mülkiyyəti kimi tanındıqda həmin qaydaların 13.21-ci bəndilə nizamlanır.

İnvestisiya mülkiyyətinin kapitallaşdırılması ilə bağlı müxabirləşmə nümunələri

İnvestisiya mülkiyyəti haqqı ödənilməklə digər müəssisədən əldə edilə bilər, habelə əvəzsiz alına bilər. Müxabirləşmə zamanı ƏDV-nin əvəzləşdirilməsi hüququnun yaranıb, yaranmamasına diqqət etmək lazımdır.

İnvestisiya mülkiyyəti haqqı ödənilməklə digər müəssisələrdən əldə edildikdə

Nümunə 1:  “A” MMC digər “F” MMC-dən dəyəri 900000 manat olan investisiya mülkiyyəti kimi istifadə etmək məqsədilə bina əldə etmişdir. Tərəflərdən hər ikisi Əlavə Dəyər Vergisi ödəyicisidir. Buna görə də “A” MMC ƏDV-ni əvəzləşdirmə hüququna malikdir. Həmin il binaya 63000 manat amortizasiya hesablanmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Digər müəssisədən əldə edildikdə 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 900000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 162000.00
3 Kapitallaşdırılmış investisiya mülkiyyəti istismara verildikdə 121 – İnvestisiya mülkiyyətinin dəyəri 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 900000.00
4 Amortizasiya hesablandıqda 731 – Sair əməliyyat xərcləri 122 İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 63000.00

ƏDV-nin əvəzləşdirilməsi hüququ yaranmırsa, həmin ƏDV məbləği investisiya mülkiyyətinin ilkin dəyərinin üzərinə əlavə edilir.

Nümunə 2: “A” MMC digər “F” MMC-dən dəyəri 140000 manat olan binanı investisiya mülkiyyəti kimi istifadə etmək məqsədilə əldə etmişdir. “A” MMC ƏDV ödəyicisi olmadığı üçün hesablanan 162000 manat ƏDV məbləğini əvəzləşdirmək hüququ yoxdur.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Digər müəssisədən əldə edildikdə 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 900000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 162000.00
3 ƏDV-ni əvəzləşdirmək hüququ olmadıqda 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 241 – Əvəzləşdirilən ƏDV 162000.00
4 Kapitallaşdırılmış investisiya mülkiyyəti istismara verildikdə 121 – İnvestisiya mülkiyyətinin dəyəri 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 1 062000.00

İnvestisiya mülkiyyəti əvəzsiz alındıqda

Nümunə 3:  “A” MMC “B” MMC-dən əvəzsiz olaraq, yəni hər hansı ödəniş etmədən bina əldə etmişdir. Bu binanı investisiya mülkiyyəti kimi istifadə etmək qərarına gəlmişdir. Həmin binaya bazar qiyməti tətbiq edilmiş və 46000 manat olaraq dəyərləndirilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əvəzsiz əldə edilən investisiya mülkiyyəti gəlir kimi tanındıqda 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 611 – Sair əməliyyat gəlirləri 46000.00
2 Kapitallaşdırılmış investisiya mülkiyyəti istismara verildikdə 121 – İnvestisiya mülkiyyətinin dəyəri 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 46000.00
3 Gəlir kimi tanınan investisiya mülkiyyəti Ümumi mənfəətə bağlandıqda 611 – Sair əməliyyat gəlirləri 801 – Ümumi mənfəət (zərər) 46000.00

 

121 saylı “İnvestisiya mülkiyyətinin dəyəri” hesabı üzrə mühasibat müxabirləşmələrlə buradan tanış olmaq olar.

Hesablar Planının “Uzunmüddətli aktivlər” bölməsinə aid olan ayrı-ayrı hesablar üzrə uçot və müxabirləşmə nümunələri burada verilib.

Əmək müqavilələri

Jurnalistlər nə qədər vergi ödəməlidirlər?

posted in: Xəbər | 0

Jurnalistlər öz fəaliyyətlərini həm fərdi sahibkar qismində, yəni VÖEN-lə, həm də hüquqi şəxs kimi həyata keçirə bilərlər. Hər iki halda onların vergi və sosial öhdəlikləri qanunvericilik normalarına uyğun tənzimlənir. Vergi Məcəlləsinin tələblərinə əsasən, müstəqil jurnalistlərin fəaliyyəti həm sadələşdirilmiş vergi, həm də gəlir (mənfəət) vergisi öhdəliyində ola bilər. Bu fəaliyyət sahəsi üçün nəzarət-kassa aparatı, obyekt kodu, POS-terminal, lisenziya tələb edilmir. Bəs bütün hallarda fərdi sahibkar kimi fəaliyyət göstərən jurnalist nə qədər vergi ödəməlidir?

Suala “Business Service Centre” şirkətinin mikro və kiçik sahibkarlıq subyektləri üzrə xidmət şöbəsinin rəhbəri Nahid İbrahim aydınlıq gətirir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.30-1.8-ci maddəsinə əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar (fiziki şəxslər) təqvim ili ərzində əldə etdikləri gəlirin (xərclər nəzərə alınmadan) 45.000 manata qədər olan hissəsi üzrə 75% məbləğində gəlir vergisindən azadolma hüququna malikdirlər. Bu azadolma yalnız jurnalist fəaliyyətindən əldə edilən gəlirlərə şamil olunur. Əgər həmin fəaliyyət üzrə illik gəlir 45.000 manatdan artıq olarsa, gəlirə vergi güzəşt tətbiq edilmir. Bu halda artıq gəlirdən çıxılan xərclər nəzərə alınmaqla 20% dərəcəsi ilə gəlir vergisi hesablanır.

Qeyd edək ki, əgər jurnalist fəaliyyəti nəticəsində əldə olunan illik dövriyyə 200.000 manatı keçərsə, fiziki şəxs əlavə dəyər vergisi (ƏDV) qeydiyyatına düşməli və müvafiq ƏDV öhdəliklərini yerinə yetirməlidir.

Misal 1

Gəlir vergisi mükəlləfiyyətində olarsa (güzəştli):

Tutaq ki, fərdi sahibkar olan jurnalistin illik gəliri 36.000 manatdır. Bu məbləğin 75%-i vergidən azaddır:

36.000 × 75% = 27.000 manat.

Bu zaman vergiyə cəlb olunan məbləğ 9.000 manat təşkil edəcək:

36.000 – 27.000 = 9.000 manat;

9.000 × 20% = 1.800 manat (gəlir vergisi).

Misal 2

Gəlir vergisi mükəlləfiyyətində olarsa:
Fərz edək ki, fərdi sahibkar olan jurnalistin illik gəliri 65.000 manat, xərcləri isə 35.500 manatdır. Bu halda vergiyə cəlb olunan məbləğ 29.500 manat təşkil edəcək və 20% dərəcə ilə vergiyə cəlb ediləcək:

29.500 × 20% = 5.900 manat.

Misal 3

Sadələşmiş vergi öhdəliyində olarsa:
Fərz edək ki, fərdi sahibkar olan jurnalistin illik gəliri 36.000 manatdır. Sadələşdirilmiş vergi rejimində olduğu üçün ona güzəşt tətbiq edilmir. Bu halda o, illik gəlirinin 2%-ni hesablayıb ödəməlidir:

36.000 × 2% = 720 manat.

Jurnalist fəaliyyəti ilə məşğul olmaq istəyən fərdi sahibkar fəaliyyətə başlamazdan əvvəl fəaliyyət forması, iqtisadi fəaliyyət kodu və vergi rejimini düzgün müəyyənləşdirməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vergi güzəştlərindən maksimum yararlanmaq və əlavə fiskal risklərdən yayınmaq üçün vacibdir.

Mənbə: vergiler.az

Yükdaşıma fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların ödədikləri MDSS və İTS haqqının hesablanması

441 saylı “Uzunmüddətli pensiya öhdəlikləri” hesabda uçotun əsas prinsipləri

posted in: Xəbər | 0

Müəllif: Cəmil Əsədov / accounting.az saytının redaktoru

Uzunmüddətli pensiya öhdəlikləri şirkətlərin maliyyə idarəçiliyi və sosial məsuliyyətinin mühüm aspektidir. Onların diqqətlə hesablanması, uçotu və idarə edilməsi şirkətin maliyyə sabitliyini və nüfuzunu təmin etmək üçün lazımdır. Sizə təqdim edilən məqalə belə öhdəliklərin 441 saylı “Uzunmüddətli pensiya öhdəlikləri” hesabında mühasibat uçotu haqqındadır.

Müəssisənin pensiya öhdəlikləri nədir?

Pensiya öhdəlikləri gələcəkdə, əmək fəaliyyəti başa çatdıqdan sonra, pensiyaların ödənilməsi ilə əlaqədar şirkət və ya təşkilatların işçilərinə münasibətdə yaranan maliyyə öhdəlikləridir. Bu öhdəliklər gələcək pensiya ödənişlərini nəzərə alan hesablamalar əsasında formalaşır.

İşçilərin əmək fəaliyyəti başa çatdıqdan sonra müəssisənin onlara təyin etdiyi pensiya və digər mükafatladırma proqramlarının tətbiqi mexanizmi “İşçilərin mükafatlandırılması” adlı 19 saylı MUBS (IAS19) ilə müəyyən olunur. Bu standarta görə əmək fəaliyyəti bitdikdən sonra işçilərə verilən mükafatlara aşağıdakılar aiddir:

  • pensiyalar;
  • əmək fəaliyyətinin bitməsi ilə bağlı digər ödəmələr (məsələn, şirkətin keçmiş işçiləri üçün həyat sığortası və ya sağlamlıq sığortası).

“Pensiya təminatı planları üzrə mühasibat uçotu və hesabatlılığı” adlı 26 saylı digər beynəlxalq standart (IAS 26) şirkətlərdə pensiya təminatı planları üzrə hesabatlara tətbiq edilir və 19 saylı MUBS-u tamamlayır.

Pensiya öhdəlikləri maliyyə hesabatlarında cari (qısamüddətli) və uzunmüddətli öhdəliklər kimi əks etdirilir.

  • qısamüddətli pensiya öhdəlikləri – öhdəliklərin növbəti il ərzində ödənilməli olan hissəsidir;
  • uzunmüddətli pensiya öhdəliklər- öhdəliklərin daha uzaq gələcəkdə ödənilməli olan qalan hissəsidir.

Müəssisələrdə bu öhdəliklərin mühasibat uçotu 441 saylı “Uzunmüddətli pensiya öhdəlikləri” və 541 saylı “Qısamüddətli pensiya öhdəlikləri” hesablarında  aparılır.

Uzunmüddətli pensiya öhdəlikləri

Uzunmüddətli pensiya öhdəlikləri şirkətin gələcək pensiyaçılara əmək müqavilələri və pensiya planları əsasında təqaüd ödənişləri üzrə öhdəlikləridir.

Bu öhdəliklər:

  • müəyyən (sabit məbləğ), yaxud;
  • qeyri-müəyyən (iş stajından, əmək haqqı və digər amillərdən asılı olaraq) ola bilər.

Uzunmüddətli pensiya öhdəlikləri şirkətlərin malik olduğu müxtəlif pensiya təminatı proqramlarından (yaxud pensiya planları, adətən, işçinin iş stajına və əmək haqqına əsaslanaraq müəyyən edilir) yaranır. Bu planlara əsasən, işəgötürən işçilərə təqaüdə çıxdıqdan sonra müəyyən bir müddət üçün müəyyən edilmiş məbləğləri ödəməyi öhdəsinə götürür.

Pensiya planları bir anlayış kimi 26 saylı MUBS-un 8-ci bəndində belə müəyyən olunub:

“Pensiya təminatı planları – xidmətlərin sonunda və ya xidmətlər göstərildikdən sonra, əsasında müəssisənin işçilərinə pensiya ödənişlərini həyata keçirdiyi sazişlərdir (ya illik gəlir, ya da birdəfəlik ödəmə şəklində). Bu zaman bu cür pensiyalar, o cümlədən bu məqsədlər üçün işəgötürən tərəfindən avanslar istər təqdim olunmuş sənədlər, istərsə də müəssisə tərəfindən qəbul olunan təcrübə əsasında təqaüdə çıxmadan əvvəl müəyyən oluna və ya hesablana bilər.”

Uzunmüddətli pensiya planları sosial təminat forması kimi, yüksək ixtisaslı peşəkar kadrların müəssisədən axının qarşısını almağa xidmət edir. Belə proqramlar  yüksək ixtisaslı işçilərlə müəssisə arasında bağlanmış sazişə əsasən işçi təqaüdə çıxarsa müəssisə ona əlavə pensiya və sosial ödənişləri etməyə öz öhdəliyinə götürür.

441 saylı “Uzunmüddətli pensiya öhdəlikləri” hesabı

Bu hesab AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə mühasibat uçotu subyektləri üçün müəyyən edilmiş hesablar planının 4-cü “Uzunmüddətli öhdəliklər” bölməsinə aid olan hesablardan biridir. Bu bölmə aşağıdakı maddələrdən ibarətdir:

  • 40 – “Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”;
  • 41 – “Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”;
  • 42 – “Təxirə salınmış vergi öhdəlikləri”;
  • 43 – “Uzunmüddətli kreditor borcları”;
  • 44 – “Sair uzunmüddətli öhdəliklər”.

441 saylı “Uzunmüddətli pensiya öhdəlikləri” hesabı aşağıdakı hesablarla birgə bölmənin 44 saylı “Sair uzunmüddətli öhdəliklər” maddəsinin tərkibinə daxildir:

Hesabın təyinatı “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın 38.2 bəndində müəyyən olunub: “441 saylı “Uzunmüddətli pensiya öhdəlikləri” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməsi tələb olunmayan pensiya təminatı planına (xidmətlərin sonunda və ya xidmətlər göstərildikdən sonra, əsasında mühasibat uçotu subyektinin işçilərinə pensiya ödənişlərini həyata keçirdiyi sazişə) uyğun və ya hər hansı digər şəkildə keçmiş işçilər üçün, onlar təqaüdə çıxdıqdan sonra onlara görə qəbul etdiyi pensiya öhdəliyi üzrə yaranan kreditor borcları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”

Hesab üzrə uçotun tənzimlənməsi

Uzunmüddətli pensiya öhdəliklərinin formalaşması 441 saylı hesabın krediti, ödənilməsi isə debeti üzrə əks olunur. Hesab üzrə tənzimləmələr zamanı Maliyyə Nazirliyinin yuxarıda qeyd edilən qaydalarının 38.2-38.9-cu bəndlərinin tələbləri nəzərə alınmalıdır.

Qaydaların 38.3 bəndinə görə işəgötürənin uzunmüddətli pensiya öhdəlikləri:

  • işəgötürənin özü, yaxud;
  • digər mühasibat uçotu subyekti tərəfindən icra oluna bilər.

Pensiya ödənişləri işəgötürən özü həyata keçirildikdə nəzərdə tutulan pensiya ödənişlərinin – işçilərin xidmət müddətindən asılı olaraq mövcud və keçmiş işçilərə pensiya təminatı planı üzrə verilməsi gözlənilən pensiya öhdəliklərinin diskontlaşdırılmış dəyəri hesablanılır (bənd 38.4).

Müxabirləşmələrə tələblər aşağıdakı cədvəldə verilib:

Əməliyyatın məzmunu Debit Kredit
Uzunmüddətli pensiya öhdəlikləri yarandıqda (38.2) 202, 203, 711, 721, 731 saylı hesablar 441 saylı hesab
İşçilərə ödəniləcək pensiya öhdəliklərinin diskontlaşdırılmış dəyəri müəyyən edilərkən gələcəkdə gözlənilən öhdəlik məbləği ilə onun diskontlaşdırılmış dəyəri arasındakı fərqə (38.4.1) 441 saylı hesab 631-1 saylı hesab
İşçilərə pensiya öhdəliklərinin məbləği müəyyən edilərkən bu pensiya öhdəliklərinin diskontlaşdırılmış dəyəri ilə ödəniləcək pensiya öhdəliklərinin arasındakı fərqə (38.4.2) 751-1 saylı hesab 441 saylı hesab
Uzunmüddətli pensiya öhdəlikləri qısamüddətli kimi təsnifləşdirildikdə (38.4.3) 441 saylı hesab 541 saylı hesab
Pensiya ödənişlərinin digər mühasibat uçotu subyekti tərəfindən həyata keçirilməsi nəzərdə tutulduqda (38.5) 441 saylı / 541 saylı hesablar 541 saylı / 221, 223 – 225 saylı hesablar
Hesab üzrə müsbət məzənnə fərqi yarandıqda (38.6) 441 saylı hesab 611-8 saylı hesab
Hesab üzrə mənfi məzənnə fərqi yarandıqda (38.6) 751-4 saylı hesab 441 saylı hesab
Qısamüddətli kimi təsnifləşdirilmədən birbaşa olaraq ödənildikdə (38.7) 441 saylı hesab 221, 223-225-ci hesablar
Uzunmüddətli pensiya öhdəliklərinin üçüncü şəxs tərəfindən ödənilməsi (38.8) 441 saylı hesab 171- 177, 211, 212 – 217, 243, 244, 538, 545-ci hesablar
Uzunmüddətli pensiya öhdəliklərinin bağışlanılması və ya qanunvericiliyə uyğun silinməsi 541 saylı hesab 631-5 saylı hesab

Mühasibat yazılışlarına praktik nümunə

Müəssisə pensiya təminat planına uyğun olaraq, illik ödəniləcək məbləğ 4000 manat olmaqla 20000 manat məbləğində öhdəlik formalaşdırıb. Razılaşmaya əsasən ödənişlər rüblük icra olunur. Dördüncü rübün dekabr ayının əvvəlində keçmiş işçi müəssisəyə müraciət edərək cari ödənişlərə əlavə olaraq, pensiya öhdəliyinin növbəti ili üçün nəzərdə tutulmuş məbləğindən 2000 manat ödənməsini xahiş edib. Müəssisə razılaşıb.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manat)
Pensiya təminat planına uyğun hesablanmış öhdəlik uçota alınır 721: “İnzibati xərclər” 441: “Uzunmüddətli pensiya öhdəlikləri” 20000
Növbəti il üçün pensiya öhdəliyi qısamüddətli kimi təsnif edilir 441: “Uzunmüddətli pensiya öhdəlikləri” 541“Qısamüddətli pensiya öhdəlikləri” 4000
Razılaşmaya uyğun olaraq növbəti ildə rüblük pensiya öhdəliyi keçmiş işçiyə ödənilir 541: “Qısamüddətli pensiya öhdəlikləri” 223: “Bank hesablaşma hesabları” 1000
Sonuncu müxabirləşmə hər rüb təkrar olunur
Keçmiş işçinin müraciəti nəzərə alınaraq növbəti il üçün ödəliyin bir hissəsi ödənilir 441: “Uzunmüddətli pensiya öhdəlikləri” 223 “Bank hesablaşma hesabları” 2000
İlin sonunda növbəti il üçün öhdəlik qısa müddətli kimi təsnif  edilir 441: “Uzunmüddətli pensiya öhdəlikləri” 541“Qısamüddətli pensiya öhdəlikləri” 2000

Bu nümunə 441-ci “Uzunmüddətli pensiya öhdəlikləri” hesabı üzrə debet və kredit hərəkətini, habelə öhdəliyin qısamüddətli kimi təsnif edilməsin və ödənişi mərhələlərini özündə əks etdirir.

541 saylı “Qısamüddətli pensiya öhdəlikləri” hesabda uçotun əsas aspektləri

posted in: Xəbər | 0

Pensiya öhdəlikləri müəssisələrin sosial məsuliyyət və maliyyə sabitliyi ilə bağlı vacib öhdəliklərindən biridir. İşçilərə əmək fəaliyyəti başa çatdıqdan sonra ödənilməli olan uzunmüddətli pensiya öhdəliklərinin 12 ay ərzində ödəniləcək hissəsi 541 “Qısamüddətli pensiya öhdəlikləri” saylı hesabda uçota alınır. accounting.az saytının redaktoru Cəmil Əsədov tərəfindən təqdim olunan bu məqalədə 541 saylı hesabda uçotun əsas prinsipləri şərh olunur.

Pensiya öhdəliklərinin mahiyyəti

Pensiya öhdəlikləri gələcəkdə, əmək fəaliyyəti bitdikdən sonra, müəssisənin işçilərinə pensiya ödənilməsi ilə bağlı yaranan maliyyə öhdəlikləridir. Pensiya öhdəlikləri işçilərin gələcək sosial təminatının mühüm komponentidir. Onlar iki yerə bölünür:

  • uzunmüddətli pensiya öhdəlikləri – 12 aydan sonrakı ödənişləri əhatə edir (441 saylı hesabda uçota alınır).
  • qısamüddətli pensiya öhdəlikləri – hesabat tarixindən sonrakı 12 ay ərzində ödənilməsi tələb olunan hissədir (541 saylı hesabda uçota alınır).

Beləliklə, 541 saylı “Qısamüddətli pensiya öhdəlikləri” hesabı müəssisənin yaxın dövr üçün pensiya təminatı üzrə vəzifələrini əks etdirir.

Uzunmüddətli pensiya öhdəlikləri, habelə pensiya öhdəliklərinin uçotu zamanı istifadə olunan bəzi anlayışlarının izahı  441 saylı hesabda mühasibat uçotu haqqında məqalədə şərh olunub.

Normativ baza və beynəlxalq standartlarla əlaqə

Bu hesab üzrə uçot AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın  tələbləri nəzərə alınmaqla aparılır. 541 saylı hesab mühasibat uçotu subyektləri üçün bu qaydalara əsasən müəyyən edilmiş hesablar planının “Qısamüddətli öhdəliklər” adlı 5-ci bölməsinə aiddir.

İşçilərə pensiya və digər mükafat ödənişləri mexanizmi “İşçilərin mükafatlandırılması” adlı 19 saylı MUBS (IAS19) ilə müəyyən olunur. Bu standartı tamamlayan Bundan başqa, “Pensiya təminatı planları üzrə mühasibat uçotu və hesabatlılığı” adlı 26 saylı digər beynəlxalq standart (IAS 26) müəssisələrin pensiya planları üzrə öhdəliklərinin uçotunda edilir.

Qeyd edilən normativ aktlara görə uzunmüddətli pensiya öhdəliklərinin bir hissəsi növbəti il ərzində ödəniləcəksə, həmin məbləğ 441 saylı hesabdan 541 saylı hesaba keçirilməklə qısamüddətli kimi təsnif edilir.

541 saylı “Qısamüddətli pensiya öhdəlikləri” hesabının təyinatı

541 saylı “Qısamüddətli pensiya öhdəlikləri” hesabı aşağıdakı hesablarla birgə 5-ci bölmənin 54 saylı “Sair qısamüddətli öhdəliklər” maddəsinin tərkibinə daxildir:

Hesabın təyinatı “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın 44.2-ci bəndində belə şərh olunub:

“541 saylı “Qısamüddətli pensiya öhdəlikləri” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan pensiya təminatı planına uyğun və ya hər hansı digər şəkildə keçmiş işçilər üçün, onlar təqaüdə çıxdıqdan sonra onlara görə qəbul etdiyi pensiya öhdəliyi üzrə yaranan kreditor borcları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir”

Qısaca desək, bu hesabda müəssisənin cari dövrdə (12 ay ərzində) işçilərə ödəniləcək pensiya təminatı planları üzrə öhdəlikləri ümumiləşdirilir.

Uzunmüddətli pensiya öhdəliklərinin formalaşması 541 saylı hesabın krediti, ödənilməsi isə debeti üzrə əks olunur.

Hesab üzrə uçotun tənzimlənməsi

Hesab üzrə tənzimləmə Maliyyə Nazirliyinin yuxarıda qeyd edilən qaydalarının 44.2-44.8-ci bəndləri əsasında aparılır.

Qaydaların 44.3 bəndinə görə qısamüddətli pensiya öhdəliklərinin icrası:

  • işəgötürənin özü, yaxud;
  • digər mühasibat uçotu subyekti tərəfindən həyata keçirilə bilər.

İşəgötürən mühasibat uçotu subyektinin özü tərəfindən pensiya ödənişləri həyata keçirildikdə nəzərdə tutulan pensiya ödənişlərinin – işçilərin xidmət müddətindən asılı olaraq mövcud və keçmiş işçilərə pensiya təminatı planı üzrə verilməsi gözlənilən pensiya öhdəliklərinin diskontlaşdırılmış dəyəri hesablanılır (bənd 44.4).

Öhdəliklərin mühasibat uçotu zamanı müxabirləşmələri aşağıdakı qaydalar nəzərə almaqla verilir:

Əməliyyatın məzmunu Debit Kredit
Qısamüddətli pensiya öhdəlikləri yarandıqda (44.2) 202, 203, 711, 721, 731 saylı hesablar 541 saylı hesab
İşçilərə ödəniləcək pensiya öhdəliklərinin diskontlaşdırılmış dəyəri müəyyən edilərkən gələcəkdə gözlənilən öhdəlik məbləği ilə onun diskontlaşdırılmış dəyəri arasındakı fərqə (44.4.1) 541 saylı hesab 631-1 saylı hesab
İşçilərə pensiya öhdəliklərinin məbləği müəyyən edilərkən bu pensiya öhdəliklərinin diskontlaşdırılmış dəyəri ilə ödəniləcək pensiya öhdəliklərinin arasındakı fərqə (44.4.2.) 751-1 saylı hesab 541 saylı hesab
Qısamüddətli pensiya öhdəlikləri uzunmüddətli kimi təsnifləşdirildikdə (44.4.3) 541 saylı hesab 441 saylı hesab
Pensiya ödənişlərinin digər mühasibat uçotu subyekti tərəfindən həyata keçirilməsi nəzərdə tutulduqda (44.5) 441-ci hesab

541-ci hesab

541-ci hesab

221, 223 – 225 saylı hesablar

Hesab üzrə müsbət məzənnə fərqi yarandıqda (44.6) 541 saylı hesab 611-8 saylı hesab
Hesab üzrə mənfi məzənnə fərqi yarandıqda (44.6) 751-4 saylı hesab 541 saylı hesab
Qısamüddətli pensiya öhdəliklərinin üçüncü şəxs tərəfindən ödənilməsi (44.7) 541 saylı hesab 171- 177, 211- 217, 243, 244, 538, 545-ci hesablar
Qısamüddətli pensiya öhdəliklərinin bağışlanılması və ya qanunvericiliyə uyğun silinməsi 541 saylı hesab 631-5 saylı hesab

Mühasibat yazılışlarına praktik nümunə

Müəssisə işçisinə pensiya təminatı planı üzrə illik 4000 manat öhdəlik tanıyıb. Bu öhdəlik 441 saylı hesabda uçota alınıb. Hesabat ilinin sonunda növbəti ildə ödənilməli olan məbləğ 541 saylı hesabda əks etdirilir.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manat)
Pensiya təminat planına uyğun hesablanmış öhdəlik tanınır 721: “İnzibati xərclər” 441: “Uzunmüddətli pensiya öhdəlikləri” 20000
Hesabat ilinin sonunda növbəti il üçün pensiya öhdəliyi qısamüddətli kimi təsnif edilir 441: “Uzunmüddətli pensiya öhdəlikləri” 541“Qısamüddətli pensiya öhdəlikləri” 4000
İşçiyə pensiya ödənişi bank vasitəsilə icra olunur (rüblük ödənişlər) 541: “Qısamüddətli pensiya öhdəlikləri” 223: “Bank hesablaşma hesabları” 1000
Sonuncu iki əməliyyatlar ilin sonuna qədər bütün ödənişlər bitənədək təkrar olunur.

541 saylı hesabda “Qısamüddətli pensiya öhdəlikləri” üzrə uçotun düzgün aparılması və öhdəliklərin vaxtında ödənilməsi müəssisənin həm maliyyə sabitliyi, həm də sosial reputasiyası üçün mühümdür. Əks halda maliyyə riskləri (öhdəliklərin vaxtında yerinə yetirilməməsi cərimələrə səbəb ola bilər) və reputasiya riskləri (işçilərə qarşı öhdəliklərin pozulması şirkətin ictimai imicinə mənfi təsir göstərir) ilə qarşılaşmaq ehtimalı yüksəkdir.

1 149 150 151 152 153 154 155 2. 680
error: Content is protected !!