Bu ilin I rübündə fəaliyyətini dayandıran sahibkara vergi güzəşti veriləcəkmi?

posted in: Xəbər | 0

2025-ci ilin yanvar ayında sahibkar fəaliyyətim olub və işçilərimə əməkhaqqı hesablamışam. Fevral ayında fəaliyyətim olmadığı üçün işçilərimə əməkhaqqı hesablamamışam və onların hər birinin əmək müqaviləsinə xitam vermişəm. Sahibkar kimi isə fəaliyyətimi mart ayında dayandırmışam. Bilmək istəyirəm ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə sahibkarlıq fəaliyyətindən əldə etdiyim gəlirimin 75 faizini gəlir vergisi bəyannaməsində güzəşt kimi göstərə bilərəmmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Prezidentinin fərmanına əsasən, bu dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.

Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

Sorğuya cavab olaraq bildirilir ki, vergi ödəyicisi fəaliyyətini dayandırdığı halda, Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20 -ci maddələrinin tədbiqi baxımından orta aylıq muzdlu işçi sayı faktiki fəaliyyət göstərilən dövrə uyğun müəyyən edilir. Mart ayında işçiniz olmadığı üçün orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olacaq və sizin güzəştdən istifadə etmək hüququnuz olmayacaq.

Mənbə: vergiler.az

Müəssisələrin satış zamanı verdiyi güzətlərin 603 saylı “Verilmiş güzəştlər” hesabında uçotu

Asılı və birgə müəssisələrə investisiyaların dəyərinin azalmasına görə düzəlişlər – 153-cü hesab üzrə uçot

posted in: Xəbər | 0

Müəllif: Cəmil Əsədov / accounting.az  saytının redaktoru

Mühasibat uçotu subyektləri üçün Hesablar Planının “Uzunmüddətli aktivlər” bölməsinin 15-ci maddəsi iştirak payı metodu ilə uçota alınmış investisiyaların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatların uçotu üçün nəzərdə tutulub. Bu maddə özündə üç uçot hesabını birləşdirir. Bunlardan ikisi haqqında aşağıdakı məqalələrdə məlumat verilib:

İndi isə növbə 153 saylı “Asılı və birgə müəssisələrə investisiyaların dəyərinin azalmasına görə düzəlişlər” hesabınındır.

Hesabın təyinatı

153 saylı hesab mühasibat uçotu subyekti tərəfindən asılı və birgə müəssisələrə investisiyaların dəyərinin azalmasına görə düzəlişlərin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirmək üçün istifadə olunur. Bu düzəlişlər iştirak payı metodu əsasında hesablanır və 151 və 152 saylı hesablarda aparılan ilkin qeydlərə düzəliş etmək məqsədi daşıyır.

Hesab üzrə əməliyyatların tərkibi, müxabirləşmələrin verilməsi, uyğun subhesabların açılması AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Qaydaların 16.4. bəndinə görə hesab üzrə iki subhesab açılır:

  • 153-1 №li “Asılı müəssisələrə investisiyaların dəyərinin azalmasına görə düzəlişlər”;
  • 153-2 №li “Birgə müəssisələrə investisiyaların dəyərinin azalmasına görə düzəlişlər”.

Belə düzəlişlərə zərurət aşağıdakı hallarda yaran bilər:

  • investorun asılı yaxud birgə müəssisədəki payı üzrə zərər yaranırsa;
  • investisiya obyektinin kapitalında baş vermiş dəyişiklik (məsələn, balans dəyəri azalır) olarsa.

Belə hallar yarandıqda 153 saylı hesab vasitəsilə 151 yaxud 152 saylı hesablarda düzəlişi aparılır.

153 saylı hesabda uçotun MUBS-a uyğun əsaslandırılması

Hesab üzrə uçotun tənzimlənməsi zamanı 28 №-li “Asılı müəssisələrə və birgə müəssisələrə investisiya qoyuluşları” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartının (IAS 28) tələbləri nəzərə alınmalıdır. Bu standart birgə (yaxud asılı) müəssisələrə investisiyaların iştirak payı metodu ilə uçotunu tələb edir. Bu metoda görə:

  • investor müəssisə investisiya etdiyi müəssisənin mənfəət və ya zərərində pay sahibidir;
  • investisiya dəyəri ilk tanınma dəyərindən başlayaraq investorun payına düşən mənfəət və zərərlərlə düzəliş olunur.

Düzəlişləri zəruri edən səbəblər:

  • iştirak payı üsulunda investor öz maliyyə hesabatlarında asılı yaxud birgə müəssisənin nəticələrini əks etdirməlidir.
  • əgər asılı yaxud birgə müəssisə zərər edibsə və bu zərər investorun payına düşürsə, bu zaman investisiyanın balans dəyəri azalır.

Azalmanın qeydiyyatı MUBS28-in (IAS 28) 38-39-cu bəndlərinə şərh olunur. Həmin bəndlərə görə, investorun asılı və ya birgə müəssisədəki investisiyasının dəyəri sıfıra düşdükdən sonra, əlavə zərərlər yalnız o halda tanınır ki, investor həmin müəssisəyə hüquqi və ya faktiki öhdəlik daşıyır və ya bu öhdəliyi öz üzərinə götürüb.

Beləliklə, IAS 28 görə, investor müəssisə:

  • əldə etdiyi mənfəəti investisiyanın dəyərinə əlavə edir;
  • payına düşən zərəri isə çıxır;
  • əgər zərərlər investisiyanın balans dəyərindən artıq olarsa, zərərlərin tanınması dayandırılır (əgər əlavə öhdəlik yoxdursa);
  • kapital dəyişikliyində 151 və ya 152 saylı hesabla birgə 153 hesab istifadə olunur.

Asılı və birgə müəssisələrə investisiyaların dəyərinin azalmasına görə düzəlişlərin tənzimlənməsi

153-ci hesab üzrə mühasibat yazılışları, subhesablar üzrə, həmin qaydaların 16-cı bölməsinin aşağıdakı bəndləri nəzərə alınmaqla tənzimlənir:

  • investisiya obyektlərindən zərər əldə edildikdə – bənd 16.6.2;
  • dəyişikliklər kapitalda azalma ilə nəticələndikdə – bənd 16.7.2;
  • əvvəlki kapital azalma düzəlişi – bənd 16.19.3.
Əməliyyat Debit Kredit Qeyd
Birgə müəssisənin zərərində pay tanınır 811 153 IAS 28, bənd 38
Kapital azaldıqda 731-2 153 Zərər tanınır
Əvvəlki zərərin kompensasiyası 153 611-2 Gəlirin bərpası

Əvvəlki zərərin kompensasiyasını (bənd 6.19.3) nümunədə izah edək.

Qaydaların 16.19.3-cü bəndin məzmununun izahı

Həmin bəndə görə: “Mühasibat uçotu subyektinin investisiya qoyuluşu üzrə dəyişikliklər əvvəllər kapitalda azalma ilə nəticələnmişdirsə, həmin dəyişikliklərə uyğun azalma məbləğinə 153-1 №li subhesabın debeti və 611-2 №li subhesabın krediti üzrə” müxabirləşmə verilir.

Bu o deməkdir ki, əgər investor (məsələn, “A” MMC) asılı və ya birgə müəssisəyə (məsələn, “B” MMC) qoyduğu investisiyanın kapitalda azalma ilə nəticələndiyi halda bunu əvvəllər kapital ehtiyatlarının azalması şəklində tanıyıbsa, sonradan bu kapital azalmalarının azaldığı və ya silindiyi halda, bu düzəliş 153-1 və 611-2 hesablar arasında müxabirləşmə ilə əks olunur. Bunu nümunə ilə izah edək.

Situasiya:

“B” MMC, “A” MMC-yə münasibətdə asılı  müəssisədir. 2023-cü ildə “B” MMC-nin məzənnə fərqindən kapitalı azalmış və bu azalmadan “A” MMC-ni payına düşən 8000 manat kapital azalması kimi uçota alınmışdır:

Əməliyyat Debit Kredit Məbləğ Qeyd
İnvestisiya dəyərinin azalması 731-2: Yenidən qiymətləndirilmədən xərclər 153-1: Asılı müəssisələrə investisiyaların dəyərinin azalmasına görə düzəlişlər 8,000 manat Kapitalda azalmaya düzəliş

 2024-cü ildə “B” MMC-nin maliyyə göstəricilərində kapital bərpası baş verib. Bu halda, əvvəlki azalma silinir, yəni düzəliş edilir:

Əməliyyat Debit Kredit Məbləğ Qeyd
Əvvəlki kapital azalma düzəlişi 153-1: Asılı müəssisələrə investisiyaların dəyərinin azalmasına görə düzəlişlər 611-2: Yenidən qiymətləndirmədən gəlirlər 8,000 manat Əvvəlki azalma ehtiyatının bərpası

Beləliklə:

  • 153-1 – əvvəlki zərərin qeydiyyatını özündə saxlayır (kontra-aktiv hesab)
  • 611-2 – bu düzəliş mənfəətə yönələn əməliyyat gəliri kimi tanınır
  • bu yanaşma IAS 28 və MUBS-a uyğundur: əvvəlki tanınmış zərərin tənzimlənməsi gəlir kimi tanınır.

Əsas müxabirləşmə nümunələri

Əməliyyatın məzmunu Debit hesab Kredit hesab Məbləğ (AZN) Qeyd
1 Zərər payı tanınır 811 153-1 / 153-2 10,000 İnvestorun zərərdəki payı
2 Əvvəlki zərərə görə tanınmamış mənəfət bərpa olunur 153-1 / 153-2 811 8,000 Qismən dəyər bərpası
3 Kapital azalma (məs: məzənnə fərqi) 731-2 153-1 / 153-2 6,000 Qiymətdən düşmə
4 Kapital artımı (yenidən qiymətləndirmə) 153-1 / 153-2 611-2 5,000 Bərpa olunmuş kapital
5 İnvestisiya tamamilə itirilir 153 151 / 152 20,000 Balansdan silinir
6 Dəyər dəyişikliyi (azalma) 731-2 153 3,500 Dəyər dəyişimi

v

Müəssisələrin satış zamanı verdiyi güzətlərin 603 saylı “Verilmiş güzəştlər” hesabında uçotu

posted in: Xəbər | 0

Müasir biznes alıcılarla münasibətlərdə müxtəlif növ güzəştlərin tətbiqini zəruri edir. Satışların stimullaşdırılmasına xidmət edən ticarət endirimi, həcmə görə bonuslar, erkən ödəniş güzəştləri kimi tədbirlərin mühasibat uçotunda düzgün əks etdirilməsi həm gəlirin düzgün tanınması, həm də maliyyə hesabatlarının şəffaflığı baxımından əhəmiyyətlidir. Bu məqələdə 603 saylı “Verilmiş güzəştlər” hesabında belə tədbirlərin uçotunun əsas prinsipləri şərh olunub.

Satış zamanı alıcıya verilən güzəştlər

Məhsulların satışında alıcılara tətbiq edilən güzəşt siyasəti müştəriləri cəlb etmək üçün istifadə edilən marketinq gedişidir. Mühasibatlıqda satış zamanı alıcılara verilmiş güzəştlərin uçotunu tənzimləmək üçün beynəlxalq satnadartlara (məsələn, “Müştərilərlə müqavilələr üzrə gəlirlər” adlı 15 saylı MHBS (IFRS15), habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu və  Maliyyə Nazirliyinin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-a  istinad olunur.

IFRS15-in 47–72-ci bəndlərinə əsasən, müştəriyə verilən hər bir güzəşt müqavilə qiymətinin dəyişkən elementidir  və müəssisə yalnız “əldə ediləcək ehtimalı yüksək olan” məbləği gəlir kimi tanıya bilər. Standartın müxtəlif bəndlərində verilmiş güzəştlrin aşağıdakı tipləri üzrə uçotun aparılması şərh olunub:

  • ticarət endirimi (trade discount);
  • həcm endirimləri və ya sonradan qaytarılan bonuslar;
  • nağd endirimlər (cash discounts);
  • loyallıq proqramları və kuponlar;
  • qiymət güzəştləri (price concessions) və sair.

Verilmiş güzəştlərin mühasibat uçotu “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəssisələr üçün müəyyən edilmiş hesablar planının 603 saylı “Verilmiş güzəştlər” hesabında aparılır.

Hesablar planının “Gəlirlər” bölməsi

603 saylı hesab hesablar planınının 6-cı “Gəlirlər” bölməsinə aiddir: Bu bölmədə aşağıda qeyd edilən istiqamətlərdən daxil olan gəlirlər haqqında ümumiləşdirilmiş məlumatları əks etdirilir:

  • əsas əməliyyat gəlirləri;
  • sair əməliyyat gəlirləri;
  • fəaliyyətin dayandırılmasından yaranan gəlirlər;
  • maliyyə gəlirləri;
  • fövqəladə gəlirlər.

Satış zamanı alıcılara verilən güzəştlərin “Gəlirlər” bölməsində 603 saylı “Verilmiş güzəştlər” hesabında uçota alınmasının səbəbi onların iqtisadi mahiyyətinin xərc deyil, gəlirin azalması olmasıdır. Bu, həm IFRS15, həm də Azərbaycan qanunvericiliyinə tam uyğundur və maliyyə hesabatlarında gəlirin şəffaf təqdim olunmasını təmin edir.

603 saylı hesab bölmənin 60-cı “Əsas əməliyat gəlirləri” maddəsinə aid olan hesablardan biridir.

Əsas əməliyat gəlirləri

“Gəlirlər” bölməsinə aid olan 60 saylı “Əsas əməliyat gəlirləri” maddəsi adi əməliyyat fəaliyyəti zamanı satışın, satılmış malların qaytarılması və ucuzlaşdırılması, habelə verilmiş güzəştlərin hərəkəti üzrə ümumiləşdirilmiş məlumatların uçotu üçün istifadə edilir. Belə məlumatların uçotu aşağıdakı hesablar vasitəsi ilə həyata keçirilir:

  • malların satışı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə gəlir, tikinti müqavilələri üzrə gəlir, royalti gəliri, əməliyyat icarəsi üzrə gəlir və digər əməliyyat gəlirləri – 601 saylı “Satış” hesabı;
  • satılmış malların qaytarılması və ucuzlaşdırılması barədə ümumiləşdirilmiş məlumatlar – 602 saylı hesab;
  • satılmış mallar, görülmüş işlər və göstərilmiş xidmətlər üzrə verilmiş güzəştlər barədə ümumiləşdirilmiş məlumatlar – 603 saylı

Başqa sözlə desək bu hesablar müəssisənin müəssisənin fəaliyyət məqsədini təşkil edən işlərin nəticəsində yaranan gəlirlərin uçotunu aparmaq üçün istifadə olunur.

603 saylı “Verilmiş güzəştlər” hesabında uçotun tənzimlənməsi

Hesabın təyinatı “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın 46.19-cu bəndində müəyyən edilib: “603 saylı “Verilmiş güzəştlər” hesabında mühasibat uçotu subyekti tərəfindən satılmış mallar, görülmüş işlər və göstərilmiş xidmətlər üzrə verilmiş güzəştlər barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”

Hesab üzrə tənzimləmələr həmin qaydaların 46.19 və 46.20 bəndləri əsasında aparılır. Bu zaman mühasibat yazılışları aşağıdakı qaydada verilir:

  • verilmiş güzəştlər (46.19 -cı bənd) – Db 603/Kr 171 (yaxud 172, 173, 175, 177, 211, 212, 213, 215,217);
  • verilmiş güzəştlərlə bağlı əlavə dəyər vergisi (bənd 46.19-cı bənd) – Db (521 yaxud 545) / Kr171 (yaxud  172, 173, 175, 177, 211, 212, 213, 215, 217);
  • qaydaların 46.20 -cı bəndi verilmiş güzəştlər üzrə yaranmış məbləğlərin tənzimlənməsi zamanı istifadə olunur – Db 801/Kr 603.

Hər hansı səbəbdən satışdan sonra mallara güzəşt tətbiq edildikdə alıcıya tıqdim edilən maliyyə və vergi sənədlərində dəyişiklik edilir və həmin ay üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilir.

603 saylı hesab üzrə müxabirləşmə nümunəsi

Nümunə: “ABC” müəssisəsi anbarında ayın əvvəlinə olan 100000 manatlıq malı 150000 manata satıb. Sonradan yaranmış maliyyə çətinliyini həlli məqsədi ilə təcili pul vəsaitləri əldə etmək üçün alıcıya 5 faizlik güzət tətbiq edir. Mümkün müxabirləşmələr aşağlda verilib.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manat)
Ayın əvvəlinə anbarda olan mallar 205: “Mallar” 100000
Satılmış malların maya dəyəri üzrə xərc 701: “Satışın maya dəyəri” 205: “Mallar” 100000
Malların satışı uçota alınır 211: “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” 601: “Satış” 150000
Satılmış mallara hesablanmış ƏDV 211: “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” 545: ”Digər qısamüddətli öhdəliklər” 27000
Alıcının borcundan verilmiş güzəştlər (5%) çıxılır 603: “Verilmiş güzıştlr” 211: “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” 7500
ƏDV borcu verilmiş güəştə üzrə azaldılır 545: ”Digər qısamüddətli öhdəliklər” 211: “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” 1350
Alıcı qalan borcunu ödəyir 223: ”Bank hesablaşma hesabı” 211: “Alıcıların və sifarişçilərin q/m debitor borcları” 142500

 

Alıcı vergi borcunu ödəyir 226: “ƏDV depozit hesabı” 211: “Alıcıların və sifarişçilərin q/m debitor borcları” 25650
ƏDV ödəliyi yaranır 545: ”Digər qısamüddətli öhdəliklər” 521: “Vergi öhdəlikləri” 25650
Satış gəlirləri verimiş güzəşt qədər azaldılır 601: “Satış” 603: “Verilmiş güzıştlr” 7500
Satış gəliri mənfəətlə bağlanır 601: “Satış” 801: “Ümumi mənfəət (zərər)” 142500

Hansı halda işçinin məlumatlarının digər şəxslərə ötürülməsi qadağandır?

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Son dəyişiklik nəticəsində Əmək Məcəlləsinin 48-ci maddəsinə yeni – 7-ci hissə əlavə edilib. Əlavədə qeyd olunur ki, əmək müqaviləsi bağlanıldıqdan sonra işçilərlə bağlı elektron informasiya sistemində mövcud olan əmək fəaliyyətinə dair ümumi məlumatların, o cümlədən həmin və ya digər işəgötürənlə əvvəllər onlarla bağlanılmış əmək müqavilələrinin, onlarda dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı məlumatların işəgötürənə ötürülməsi istisna olmaqla, şəxsin əmək fəaliyyəti barədə məlumatların digər şəxslǝrǝ ötürülməsi “Fərdi məlumatlar haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlar ilə tənzimlənir.

Əlavədən göründüyü kimi, ƏMAS altsistemi vasitəsilə işçi ilə bağlı aşağıdakı məlumatların işəgötürənə ötürülməsinə icazə verilir:

  • Cari və öncəki işəgötürənlərlə bağlanmış əmək müqavilələri haqqında;
  • Cari və öncəki işəgötürənlərlə bağlanmış əmək müqavilələrinə dəyişikliklərin edilməsi barədə;
  • Öncəki işəgötürənlərlə bağlanmış əmək müqavilələrinə xitam verilməsi barǝdə;
  • İşçinin əmək fəaliyyəti ilə bağlı yuxarıda qeyd edilən digər məlumatların ötürülməsi “Fərdi məlumatlar haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlar ilə tənzimlənir.

Öncə qeyd edək ki, fərdi məlumatlar şəxsi və ailə həyatına dair məlumatların məcmusudur. “Fərdi məlumatlar haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı (o cümlədən Elektron Hökumət İnformasiya Sistemi üzərindən) razılığı ilə yol verilir.

Qeyd edək ki, fərdi məlumatların subyekti dedikdə barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxs başa düşülür. Qanuna əsasən, fərdi məlumatların verilməsinə yalnız aşağıdakı hallarda yol verilir:

Açıq kateqoriyalı fərdi məlumatlar verildikdə

“Fərdi məlumatlar haqqında” Qanunun 5.3-cü maddəsinə əsasən, açıq fərdi məlumatlar kateqoriyasına müəyyən olunmuş qaydada adsızlaşdırılmış, subyekt tərəfindən açıq elan olunmuş və ya ümumi istifadə üçün yaradılmış informasiya sisteminə subyektin razılığı ilə onun barəsində daxil edilmiş məlumatlar aiddir.

Misal: Şəxsin adı, soyadı və atasının adı daimi açıq fərdi məlumatdır. Açıq kateqoriyalı fərdi məlumatların konfidensiallığının təmin edilməsi tələb olunmur.

Konfidensial fərdi məlumatlar dövlət orqanları (qurumları) və ya yerli özünüidarə orqanları tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrası ilə bağlı verildikdə və bu zaman fərdi məlumatların informasiya sistemləri üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edildikdə

“Fərdi məlumatlar haqqında” Qanunun 5.2-ci maddəsinə əsasən, konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Konfidensial fərdi məlumatlar qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər.

Fərdi məlumatların verilməsi subyektin həyat və sağlamlığının qorunması məqsədləri üçün lazım olduqda və onun razılığını təxirə salınmadan almaq mümkün olmadıqda

İşçinin həyat və sağlamlığı ilə bağlı ciddi təhlükə yaranması mümkündür. Bu zaman işçinin razılığı olmadan fərdi məlumatların üçüncü şəxsə ötürülməsinə qanunvericilik icazə verir. “İnformasiya əldə etmək haqqında” Qanunun 38.2-ci maddəsinə əsasən, əldə olunmasına məhdudiyyətlər qoyulan şəxsi həyata dair məlumatlar aşağıdakılardır:

  • qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınan özəl hüquqi şəxslərdə, üzvlüyə dair məlumatlar istisna olmaqla, siyasi baxışları, dini etiqadları, əqidələri və dünya görüşlərini əks etdirən məlumatlar;
  • etnik mənşə və ya irqi mənsubiyyət haqqında məlumatlar;
  • cinayət işləri və ya digər hüquq pozuntularına dair işlər üzrə icraatın gedişində toplanmış informasiyalar açıq məhkəmə iclasınadək və ya hüquq pozuntusuna dair məhkəmə qərarı çıxarılanadək, yaxud insanların mənəviyyatı, şəxsi və ailə həyatının müdafiəsi, yetkinlik yaşına çatmayanın, zərərçəkənin və ya şahidin mənafeyi, yaxud ədalət mühakiməsinin həyata keçirilməsi üçün tələb edilən hallarda;
  • şəxsin məhkumluğu barədə məlumatlar;
  • sağlamlıq vəziyyəti haqqında məlumatlar;
  • şəxsin özəl xüsusiyyətləri, qabiliyyəti və xarakterinin digər cizgiləri haqqında məlumatlar;
  • sosial yardım və sosial xidmətlər göstərilməsinə dair vəsatətlər barədə məlumatlar;
  • ruhi və fiziki əzablara dair məlumatlar;
  • şəxsə qarşı məişət zorakılığının törədilməsinə dair məlumatlar;
  • vergi ödənişləri üzrə borclar istisna olmaqla, vergitutma ilə əlaqədar məlumatlar;
  • maliyyə əməliyyatları barədə məlumatlar.

Qanunun 38.3-cü maddəsinə əsasən, əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair məlumatlar aşağıdakılardır:

  • cinsi həyat haqqında məlumatlar;
  • vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar;
  • ailə həyatının ayrı-ayrı məqamları haqqında məlumatlar;
  • övladlığa götürmə ilə bağlı məlumatlar.

Mənbə: vergiler.az

İstənilən bankdan əməkhaqqı almaq: işçi və işəgötürənləri nə gözləyir?

1 169 170 171 172 173 174 175 2. 700