Read More9
Read More9

Kartdan karta köçürmə: gəlir, yoxsa ciddi maliyyə riskləri?

posted in: Xəbər | 0

Ölkəmizdə nağdsız əməliyyatların həcmi sürətlə artır. Xüsusilə rəqəmsal ödəniş imkanlarının genişlənməsi bu prosesə təkan verir. Mərkəzi Bankın hesabatına əsasən, əhalinin istifadə etdiyi bank kartlarının ümumi sayı 20,6 milyonu keçib. Buna müvafiq olaraq, 2025-ci ilin aprel ayında kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə artaraq 9 milyard 301 milyon manata çatıb. May ayından etibarən turizm mövsümünün canlandığını nəzərə alsaq, həmin göstəricilərin artacağını proqnozlaşdırmaq olar. POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlər həm yerli, həm də əcnəbi turistlər üçün tanış və rahat bir ödəniş üsuludur. Bu sistemin mövcudluğu ölkədə maliyyə şəffaflığını artırmaqla yanaşı, turistlərə, eləcə də əcnəbi iş adamlarına etibarlı və şəffaf maliyyə əməliyyatları həyata keçirmək imkanı yaradır.

Buna baxmayaraq, bəzi biznes subyektlərində, xüsusilə ticarət obyektlərində ödənişləri rəsmi qaydada deyil, kartdan karta köçürmə yolu ilə qəbul etməyə üstünlük verirlər. Bu da həm sahibkarları əlavə risklərə atır, həm də alıcıların hüquqlarının pozulması ilə nəticələnir. Xüsusilə turizm mövsümünün canlanmasını və Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin miqyasını nəzərə alsaq, kartdan karta köçürmələrin mənfi təsirlərini təsəvvür etmək çətin deyil. Bu kimi sosial məsuliyyətləri, eyni zamanda maliyyə intizamını, təbii ki, gözardı etmək mümkün deyil. Digər tərəfdən, ödənişlərin POS-terminal vasitəsilə deyil, kartdan karta köçürmə ilə həyata keçirilməsi həmin subyektlərin biznes mühitində mənfi reputasiya əldə etməsi və müştəri itirməsi ilə nəticələnə bilər. Bütün bu risklərdən qorunmağın yeganə yolu işini qanunvericiliyin tələbləri çərçivəsində qurmaq və davam etdirməkdir.

Çek verməsən, cərimə ödəyəcəksən

Mal, iş və xidmətlərin təqdim edilməsi müqabilində alınan ödənişlərin kartdan karta köçürülməsi ciddi hüquqi məsuliyyət yaradır, çünki bu cür köçürmələrdə vətəndaşlara kassa çeki və ya qəbz təqdim edilmir. Vergi qanunvericiliyinə əsasən, yoxlamalar zamanı belə hallar aşkarlandıqda həmin sahibkarlıq subyektlərinə müvafiq cərimələr tətbiq olunur.

Vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev bildirib ki, kartdan karta köçürmələrin aşkarlandığı obyektlərə Vergi Məcəlləsinin 2 maddəsi ilə maliyyə sanksiyaları tətbiq oluna bilər: “Ticarət və xidmət müəssisələrində bir çox hallarda vətəndaşlardan tələb olunan kartdan karta köçürmə əməliyyatlarının yekununda satıcı həmin məbləği kassaya mədaxil etmir. Ona görə də istehlakçılara kassa çeki və ya mədaxil qəbzi vermirlər. Belə olan halda, həmin vergi ödəyicisi bu gəliri faktiki olaraq vergidən yayındırmış olur”.

Vergi Məcəlləsinin 58.1-ci maddəsində göstərilib ki, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. X.Feyzullayevin sözlərinə görə, qanunvericiliyin bu tələbi səyyar vergi yoxlaması zamanı belə hallar aşkar edildikdə tətbiq olunur. Bu zaman həm həmin vergi məbləği yenidən hesablanıb alınır, həm də sahibkarlıq subyekti qanun pozuntusuna görə maliyyə sanksiyası ilə üzləşir: “Kameral vergi yoxlamasi zamanı isə, sadəcə, büdcəyə ödənilməli vergi məbləği bərpa olunur. Eyni zamanda, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, operativ vergi nəzarəti zamanı bu hal 1-ci dəfə aşkar edilərsə 1.000 manat, 2-ci dəfə 3.000 manat, 3-cü dəfə 6.000 manat həcmində maliyyə sanksiyası tətbiq oluna bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin tələbinə əsasən, istehlakçıların hüquqlarının pozulması tələbinə istehlakçı tərəfindən qəbz, mal və ya kassa çeki təqdim olunduqda baxılır. Kartdan karta köçürmələr zamanı müştərilərə kassa çeki təqdim edilmədiyinə görə, onlar bu hüquqlarından məhrum olurlar”.

Yeri gəlmişkən, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, “…bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq edilmiş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:

  • təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat;
  • təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat;
  • təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1.200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”.

Kartdan karta köçürmə ilə cinayətə ortaqlıq…

Hələ bu da son deyil. Kartdan karta köçürmə ilə razılaşan alıcılar da bilərəkdən və ya bilməyərəkdən öz vacib hüquqlarından məhrum olurlar. Bu barədə vətəndaşlara məlumat verən hüquqşünas Şəhriyar Həbilov kartdan karta pul köçürməsinin istehlakçı hüquqlarının pozulmasına yol açan hallarını sadalayıb: “Birincisi, bu cür ödənişlər istehlakçıların məhsul alışı zamanı ödəniş qəbzi ilə təsdiqlənməyən əməliyyat qismində çıxış etdiyindən, satıcı ilə bağlı meydana çıxa biləcək istənilən mübahisə halında məhsulun qaytarılması, dəyişdirilməsi və ya əvəzlənməsi kimi imkanlar istisna edilir. Bu, həmin məhsulun hər hansı alışını təsdiqləyən sənəddən məhrum olmaq üçün əsasdır. İkincisi, kartdan karta əməliyyatları zamanı istehlakçılar təşviqedici alət qismində çıxış edən “ƏDV geri al” layihəsi çərçivəsində onlara qaytarılan ƏDV məbləğini almaqdan məhrum olurlar”.

Hüquqşünas bu tip əməliyyatların kibertəhlükəsizlik qaydalarının pozulmasına və vətəndaşların bilmədən hər hansı cinayət əməllərində iştirakına yol aça biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bilmədiyimiz QR kod vasitəsilə edilən ödənişlər son nəticədə şəxsi kart məlumatlarının ələ keçirilməsinə və şəxsi vəsaitlərin dələduzlar tərəfindən mənimsənilməsinə yol aça bilər: “Kartdan karta köçürmələr zamanı daha bir nüansı da nəzərə almaq lazımdır. Aparılan ödənişin kimin və ya hansı kart hesabına ödənildiyini bilmədiyiniz səbəbindən, qeyri-ixtiyari olaraq, qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirməkdə və ya terrorçuluğun maliyyələşdirilməsi əməlində iştirakçı ola bilərsiniz. Nəticədə həmin əməliyyata görə əlavə sanksiyalarla bağlı çətinliklər yaşaya bilərsiniz. Bir sözlə, kartdan karta edilən ödəniş əməliyyatları asan görünsə də, əslində, bu halın istehlakçı hüquqlarının pozuntusuna və şəxsin əlavə maliyyə yükünə məruz qalmasına imkan verəcək ciddi mənfi tərəfləri mövcuddur”.

Xatırladaq ki, qeyd olunan məqamlar “İstehlakçı hüquqlarının qorunması haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 1-ci maddəsində göstərilib ki, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:

  • lazımi keyfiyyətli mala dəyişdirməyi;
  • satış qiymətini uyğun məbləğdə azaltmağı;
  • malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;
  • malın həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;
  • müqavilənin ləğv olunmasını və çəkdiyi zərərin ödənilməsini.

Maliyyə sanksiyaları və inzibati cəzalardan yan keçmək üçün nə etməli…

Mövzu ilə bağlı münasibətini bildirən iqtisadçı Pərviz Heydərov vurğulayıb ki, kartdan karta köçürmə əməliyyatı hər iki tərəf üçün ciddi risklər daşıyır: “Əksər dünya ölkələrində olduğu kimi, Azərbaycanda da nağdsız ödənişlərin dəstəklənməsi, nağd əməliyyatların getdikcə elektronlaşması son nəticədə istehlakçıların çevik mülki münasibətlərə inteqrasiya olunmasına şərait yaradıb. Buna baxmayaraq, bəzən nağd əməliyyatların həyata keçirilə bilməməsi halında nağdsız əməliyyat qismində kartdan karta pul köçürmələrinin də şahidi olmaq mümkündür. Dövlət Vergi Xidməti tərəfindən vergi qanunvericiliyinin pozuntusu qismində təqib olunan bu məsələnin, əslində, istehlakçı hüquqlarının pozuntusuna imkan verən digər aspektləri də mövcuddur. POS-terminal quraşdırılması tələb edilən ictimai iaşə, ticarət və digər obyektlərdə kartdan karta ödənişlərin alternativ kimi təklif edilməsi və icrası vergidən yayınmaq, müştəri sayını gizlətmək və mövcud dövriyyəni qapalı saxlamaq məqsədi daşıyır”.

Bundan çıxış yoluna gəlincə, P.Heydərov hesab edir ki, inzibati qaydada müvafiq metodların tətbiq olunması ilə sahibkarların kartdan karta köçürmələrdən imtina etmələrinə nail olmaq mümkündür. Bununla yanaşı, vətəndaşların hüquqi, iqtisadi bilik səviyyələrinin yüksəldilməsinə də ehtiyac duyulur. “Problemin qarşısının alınması üçün müvafiq qayda və hüquqi normaların tətbiq edilməsi vacibdir. POS-terminal quraşdırılması tələb olanan sahibkarlıq subyektlərində kartdan karta ödəniş təklifinin irəli sürülməsi nəticəsində qanunun pozulması hallarının qeydə alınması və bu barədə müştərilərin müvafiq vəsatət qaldırması təmin oluna bilər. Bunun üçün müvafiq mexanizmin tətbiq edilməsi ilə yaranmış vəziyyətdən çıxış yolu əldə edilməlidir. Bundan başqa, alış-veriş zamanı kartdan karta köçürmələr tətbiq edilən obyektlərə iri məbləğlərdə cərimələr tətbiq edilməlidir”.

Bütün sadalanan maliyyə sanksiyaları və yeni inzibati cəzalardan yan keçmək üçün ekspertlər sahibkarlara vətəndaşlar, eləcə də ölkəmizə gələn turistlərə ödəniş xidmətlərini qanun çərçivəsində qurmağı tövsiyə edirlər. Sahibkarlıq subyektlərinin sayının sürətlə artdığı bir şəraitdə təklif olunan ödəniş üsulları ölkəmizin iqtisadi mövqeyinə də əhəmiyyətli təsir göstərir. Ödənişlərin qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi təkcə iqtisadi baxımdan faydalı deyil, həm də Azərbaycanın turizm sahəsindəki mövqeyinin möhkəmlənməsinə xidmət edir. Əlavə maliyyə itkilərinə məruz qalmamaq üçün həmin vəsaitlərin qanunvericiliyin tələblərinə uyğun formada əldə edilməsi daha sərfəlidir. Bütün bunlar həm də istehlakçı hüquqlarının qorunmasına xidmət etmiş olar.

Mənbə: vergiler.az

Birgə müəssisələrə investisiyalar – 152-ci hesab üzrə uçot

Yeni işə qəbul olunan işçi ödənişsiz məzuniyyətdən istifadə edə bilərmi?

posted in: Xəbər | 0

İşçilərə müxtəlif səbəblərə görə ödənişsiz məzuniyyətlərin verilməsi qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bununla bağlı qanunvericiliyin tələblərini insan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova şərh edir. 

Əmək Məcəlləsinin 128, 129 və 130-cu maddələrinin tələblərinə görə, işçilər yeni işə qəbul olunsa belə, ödənişsiz məzuniyyətdən istifadə edə bilərlər.

Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti yarandıqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

Əmək Məcəlləsinin 129-cu maddəsində isə göstərilib ki, ödənişsiz məzuniyyət işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri Əmək Məcəlləsinin 130-cu maddəsi ilə tənzimlənir. Həmin müddətlər aşağıdakı kimidir:

  • həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə uşaq 4 yaşına çatanadək;
  • arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə – 14 təqvim gününədək;
  • 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara – 14 təqvim gününədək;
  • orqanizmin funksiyalarının pozulması faizindən və səbəbindən asılı olmayaraq, əlilliyi olan işçilərə – 1 təqvim ayınadək;
  • müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə – 14 təqvim gününədək;
  • Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə – 14 təqvim gününədək;
  • immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin əlilliyi olan uşağın valideynlərə – 14 təqvim gününədək;
  • doktoranturada (adyunkturada) təhsil alan işçilərə – 1 təqvim ayınadək;
  • ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə – 14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə – 7 təqvim günü;
  • ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə – 14 təqvim gününədək;
  • ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə (tibb müəssisəsinin rəyi ilə) – 14 təqvim gününədək;
  • əlilliyi olan uşaqları olan işçilərə – 14 təqvim gününədək;
  • ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə – 7 təqvim gününədək.

Bundan əlavə, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir.

Mənbə: vergiler.az

Banklar hansı hallarda offşor ərazidə yerləşən şirkətdən alınan mal və xidmətlərə görə vergi tutmur?

Karqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib?

posted in: Xəbər | 0

Fərdi sahibkar malların sifariş əsasında ölkəyə gətirilməsi üzrə karqo fəaliyyətini həyata keçirir və vergi orqanında uçotda olan iki obyekti var. Ötən il yalnız bir obyekti olan şəxslərdən vergi orqanına məlumat formasını vermək tələb olunmurdu. Həmin tələblərə bu ildən hər hansı dəyişiklik edilibmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsində edilmiş dəyişikliklərə əsasən, idxal ediləcək mallar barədə müvafiq məlumat forması yalnız mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi və mallar sifariş əsasında gətirildiyi halda vergi orqanına təqdim olunur.

Eyni zamanda, vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir və ya bir neçə təsərrüfat subyekti (obyekti) olduğu halda, bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu zaman idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) və ya təsərrüfat subyektlərinə (obyektlərinə) boşaldılmış hesab olunur. Qeyd edilən maddənin tələbləri qeyri-sahibkarlıq və şəxsi istifadə üçün idxal olunan mallara münasibətdə şamil edilmir.

Sözügedən maddənin sonunda göstərilən vergi orqanında uçota alınmış bir və ya bir neçə təsərrüfat subyekti (obyekti) olan vergi ödəyiciləri tərəfindən məlumat formasının vergi orqanına təqdim olunmaması barədə müddəalar öz fəaliyyəti üzrə malları idxal edən və vergi orqanında uçota alınmış təsərrüfat subyektində (obyektində) və ya təsərrüfat subyektlərində (obyektlərində) mallarını saxlayan (boşaldan) vergi ödəyicilərinə aiddir.

Buna əsasən, malların digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi və malların sifariş əsasında gətirildiyi hallar üzrə belə vergi ödəyicilərinin vergi orqanında uçota alınmış təsərrüfat subyektinin (obyektinin) olmasından asılı olmayaraq, müvafiq məlumat forması vergi orqanına təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsi

Mənbə: vergiler.az

Əmək müqaviləsinin imzalanması tarixləri fərqli olduqda sənədin hüquqi qüvvəyə minməsi necə tənzimlənir?

Banklar hansı hallarda offşor ərazidə yerləşən şirkətdən alınan mal və xidmətlərə görə vergi tutmur?

posted in: Xəbər | 0

Güzəştli vergi tutulan ərazilərə və ölkələrə ödəniş edilən zaman həmin vəsait Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunur. Lakin qanunvericiliyin tələbinə görə, bəzi hallarda banklar bu vergini tutmamalıdır. Həmin halları və əsasları iqtisadçı ekspert Anar Bayramov açıqlayır. 

Vergi Məcəlləsinin 13.2.16.14-2-ci maddəsinin 5-ci bəndinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşınar və ya daşınmaz əmlakın alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlər edildikdə həmin məbləğ Vergi Məcəlləsinin 125-1-ci maddəsinə uyğun olaraq, ödəmə mənbəyində vergiyə cəlb edilmir.

Misal 1

Tutaq ki, vətəndaş güzəştli vergi tutulan ərazi hesab edilən ölkə olan Monakoya səfər edir. Səfər zamanı Monakodan öz şəxsi istifadəsi üçün kompüter avadanlığı alır və ödənişi bank kartı vasitəsilə həyata keçirir. Belə olan halda, ödənişin güzəştli vergi tutulan ərazidə yerləşən şirkətə köçürülməsinə baxmayaraq, Vergi Məcəlləsinin 13.2.16.14-2-ci maddəsinin 5-ci bəndinə əsasən, bank agent olaraq həmin köçürmədən ödəmə mənbəyində vergini tutmur və büdcəyə ödəmir.

Burada diqqət edilməli məqam və bir-birinə oxşayan, lakin çox mühüm fərq ondan ibarətdir ki, Məcəllənin 13.2.16.14-2-ci maddəsinin 5-ci bəndində “güzəştli vergi tutulan ölkələrdən və ya ərazilərdən” deyil, “güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə” şəxsi istehlak məqsədilə malların alışı, habelə “güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə” deyil, “güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə” ödənişlər edildikdə qeyd edilib. Yəni, əgər şəxsi məqsədlər üçün malı, xidməti alan vətəndaş həmin malı, xidməti fiziki olaraq offşor ərazidə olarkən alarsa və ödənişi də kart vasitəsilə həmin ərazidə nağdsız qaydada həyata keçirərsə, o zaman Vergi Məcəlləsinin tələbinə əsasən, bank agent kimi ödəmə mənbəyində vergi tuta bilməz.

Əgər vətəndaş öz şəxsi istehlakı üçün güzəştli vergi tutulan ölkəyə getmədən həmin ölkədə yerləşən şirkətdən sifariş edərək mal alsa belə və həmin malın ödənişini bankdan köçürdüyü zaman bank tərəfindən Vergi Məcəlləsinin 125-1 maddəsinə əsasən, ödəmə mənbəyində vergi tutulmalıdır.

Misal 2

Tutaq ki, vətəndaş öz şəxsi istehlakı üçün güzəştli vergi tutulan ərazi hesab edilən Honkonqdan 20.000 ABŞ dolları dəyərində avtomobil sifariş edir və təchizatçı şirkət həmin avtomobili Azərbaycandakı müştərisi olan vətəndaşa göndərir. Vətəndaş təchizatçı şirkətin təqdim etdiyi sənədlər əsasında bank vasitəsilə ödəniş etmək istəyir. Belə olan halda, bank mütləq Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən 10% dərəcəsi ilə 2.000 dollar məbləğində ödəmə mənbəyində vergini tutub büdcəyə köçürməlidir.

Amma audit yoxlamaları zamanı tez-tez rastlaşırıq ki, banklar tərəfindən bu kimi ödənişlər zamanı vətəndaşın güzəştli vergi tutulan ərazilərə və ya ölkələrə edilən ödənişlərindən Vergi Məcəlləsinin 13.2.16.14-2-ci maddəsinin 5-ci bəndi əsas gətirilərək, həmin maddəyə istinad olunmaqla ödəmə mənbəyində vergi tutulmur. Bu da səyyar vergi yoxlamaları zamanı banklar üçün ciddi maliyyə sanksiyaları riski yaradır.

Mənbə: vergiler.az

Əmək müqaviləsinin imzalanması tarixləri fərqli olduqda sənədin hüquqi qüvvəyə minməsi necə tənzimlənir?

1 173 174 175 176 177 178 179 2. 681
error: Content is protected !!