Videoqraf və fotoqraflar üçün vergi və sosial öhdəliklər

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə və ya azaldılmasına şərait yaradıldığına görə işəgötürənlərə, eləcə də sifarişçilərə maliyyə saknsiyaları nəzərdə tutulub. Bəs bu cərimələrdən yan keçmək üçün nə etmək lazımdır? Fotoqraf, videoqraf, çalğıçılıq və digər oxşar fəaliyyətlə məşğul olan şəxsləri hansı formada işə cəlb etmək mümkündür?

“Business Service Center” MMC şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə aparıcı mütəxəssisi Jalə Abbasova suallarına aydınlıq gətirir. 

Vergi Məcəlləsinin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək müvafiq icra hakimiyyəti orqanından könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır. Bu sənəd vergi ödəyicisi yazılı müraciət etdikdə 2 iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada vergi orqanı ilə vergi ödəyicisi arasında razılaşma müqaviləsi bağlanıldıqda bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər hesablanmış vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqlarını tam məbləğdə ödədikdən sonra “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi orqanına müraciət etmədən 1 iş günündən gec olmayaraq elektron qaydada verilir.

Vergi Məcəlləsinin 220.10 maddəsinə əsasən, fərdi foto, audio-video xidmətləri sahəsində fəaliyyətlə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir. Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada muzdlu işçi cəlb etmədən, – fotostudiyalar istisna olmaqla, – məşğul olan bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər üçün sadələşdirilmiş vergi aylıq sabit məbləğlə müəyyən edilir.

Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyətlə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi aylıq sabit 15 manat həcmində hesablanır.

Vergi Məcəlləsinin 220.11-ci maddəsinə əsasən, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

– Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;

– Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;

– Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində – 1,0;

– digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5;

Misal 1

Bakı şəhərində fərdi qaydada fotoqraf fəaliyyəti ilə məşğul olan hər hansı şəxs üçün aylıq hesablanan və ödənilməli sadələşdirilmiş vergi 30 manat təşkil edir:

15 x 2 = 30 manat.

Lənkəranda bu məbləğ 15 manat, Gəncədə isə 22.50 manat olaraq hesablanır:

15 x 1 =15 manat;
15 x 1.5 = 22.50 manat.

Onu da qeyd edək ki, sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür.

İndi isə fotoqraf və videoqraf olaraq fərdi sahibkar kimi fəaliyyət göstərən şəxslər üçün nəzərdə tutulan məcburi dövlət sosial sığorta məbləğinin hesablanmasına baxaq.

“Sosial sığorta haqqında” Qanunun 14.5.1-1.2 maddəsinə əsasən, fotoqraf, videoqraf fəaliyyəti ilə məşğul olan fiziki şəxslər minimum aylıq əməkhaqqının 5 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.

Qanunun 14.5.1-2 maddəsinə əsasən, aylıq sosial sığorta haqqının məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunur:

– Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;

– Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;

– Digər şəhər və rayonlarda – 1,0.

2026-cı ildə minimum aylıq əməkhaqqı məbləğinin 400 manat olduğunu nəzərə alsaq, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” təqdim edərək Bakı şəhərində fəaliyyət göstərən fotoqraf üçün məcburi dövlət sosial sığorta və icbari sosial sığorta məbləğini hesablayaq:

(400 x 5%) x 2 = 40 manat;

Gəncədə işləyən videoqraf və ya fotoqraf üçün bu məbləğ 30 manat, Lənkəranda isə 20 manat təşkil edir:

(400 x 5%) x 1,5 = 30 manat (Gəncədə);
(400 x 5%) x 1 = 20 manat (Lənkəran).

“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” təqdim edərək Bakı şəhərində fəaliyyət göstərən fotoqraf və videoqraflar icbari tibbi sığorta məbləği isə minimum əməkhaqqının 4%-i məbləğində hesablanır:

400 x 4% = 16 manat.

Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Mənbə: vergiler.az

Dövlət qurumlarına müraciətlərlə bağlı yeni qaydalar gəlir

Malların gömrük dəyəri ilə bağlı yenilik

posted in: Xəbər | 0

Azərbaycanda malların gömrük dəyərinin milli valyuta (manat) ilə bəyan edilməsi nəzərdə tutulur.

Bu, “Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin mayın 1-də keçiriləcək növbəti plenar iclasının gündəliyinə daxil edilib.

Bundan başqa, qanun layihəsinə əsasən, gömrük borcunun bir qisminin ödənildiyi hallarda təminatın mütənasib olaraq azadılması imkanının təmin edilməsi planlaşdırılır.

Mənbə: report.az

Dövlət qurumlarına müraciətlərlə bağlı yeni qaydalar gəlir

Dövlət qurumlarına müraciətlərlə bağlı yeni qaydalar gəlir

posted in: Xəbər | 0

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə dair tələblərə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən əməliyyatların aparılması üçün yeni normalar əlavə edilir.

Bu barədə “Vətəndaşların müraciətləri haqqında” qanuna dəyişikliklərlər təklif edilir.

Bununla bağlı sənəd layihəsi parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, dəyişikliyə əsasən, müraciət edən şəxsin müraciətin cavablandırılması üsuluna dair seçimləri sırasına elektron və ya poçt ünvanı, yaxud EHİS vasitəsilə cavablandırma əlavə edilir.

Həmçinin, müraciətin (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) EHİS üzərindən cavablandırılmasını istənildiyi halda müraciət edən şəxsin fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) tələb ediləcək. Müraciətin elektron ünvan vasitəsilə cavablandırılması istənildiyi halda cavabın göndəriləcəyi elektron ünvan istəniləcək.

Sənədə əsasən, vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədlə müraciət etmək və ya müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatında, yaxud EHİS üzərindən elektron imza vasitəsilə qeydiyyatdan keçmək yolu ilə qəbula yazılırlar. Hər üç qaydada qəbula yazılmış vətəndaş qəbul günü şəxsiyyət vəsiqəsini, müraciət edən vətəndaşın adından qəbula onun nümayəndəsi gəldikdə isə onun səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidir.

Dəyişikliyə görə, elektron müraciət həmin müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatına daxil edilir, həmin subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir, yaxud EHİS üzərindən təqdim olunur.

Ümumilikdə, “Elektron hökumət” sahələrində fəaliyyətin daha səmərəli təşkili, dövlət idarəetməsinin optimallaşdırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də müvafiq sahələr üzrə təhlil aparılması, proqnoz və hesabatlar hazırlanması və onlar əsasında dövlət tənzimləməsini həyata keçirmək üçün zaman-zaman müvafiq normativ hüquqi aktlarda dəyişikliklər edilir.

Qanun layihəsində nəzərdə tutulan dəyişikliklər də bu məqsədə xidmət edir.

Mənbə: banker.az

Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi

Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi

posted in: Xəbər | 0

Əmək müqaviləsi nədir?

Əmək müqaviləsi əmək münasibətlərinin  rəsmiləşdirilməsinə əsas verən yeganə sənəddir. İşçi və işəgötürən müqavilənin tərəfləri hesab olunur. Tərəflər arasında əmək münasibətləri, işə qəbul, əmək müqaviləsinin xitamı, əmək münasibətlərinin ləğvi zamanı istifadə olunmamış məzuniyyət üçün kompensasiya  Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən müəyyən olunur. İşəgötürən əmək müqaviləsinin şərtləri üzrə  işçini əmək haqqı ödənilməklə müvafiq işlə təmin edir. Bunun əvəzində işçidən:

  • öz vəzifə və öhdəliklərini düzgün qaydada yerinə yetirmək;
  • iş vaxtı qaydalarına əməl etmək;
  • əməyin təhlükəsizliyi qaydalarına əməl etmək tələb edilir.

Əmək müqaviləsi elektron formaada bağlanılır, hər iki tərəfdən gücləndirilmiş elektron imza ilə imzalandığı gündən qüvvəyə minmiş hesab olunur. (AR ƏM, maddə 49).

Əmək müqaviləsinə xitam verilməsi

Əmək müqaviləsinə xitam verilərkən  sənədləşmə işləri, istifadə olunmamış məzuniyyət üçün kompensasiya qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır. Düzgün aparılmayan rəsmiləşdirmə fərdi mübahisələrin yaranmasına səbəb ola bilər. Məcəllənin 68-ci maddəsinə görə əmək müqaviləsinə xitam verilməsi aşağıdakı hallarda mümkündr:

  • tərəflərdən hər hansı birinin  istəyinə görə;
  • müqavilə müddətinin başa çatması;
  • iş şəraiti şərtlərində edilən dəyişikliklər;
  • müəssisə mülkiyyətçisinin dəyişməsi səbəbilə;
  • tərəflərdən asılı olmayan vəziyyət yarandıqda;
  • müqavilədə tərəflərin müəyyən etdiyi hallarda.

İşçinin istəyi ilə əmək müqaviləsinin xitamı zamanı işəgötürən 1 ay qabaqcadan yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar edilməlidir. İşçi aşağıdakı hallarda  müqaviləyə xitam verilməsi üçün müraciət edə bilər:

  • yaş və əlillik səbəbilə təqaüdə çıxıldıqda;
  • təhsilin davam etdirilməsi səbəbindən;
  • yaşadığı yer dəyişdirildikdə;
  • digər işəgötürənlə əmək münasibətlərinə başlandıqda;
  • seksual qısnama halları olduqda;
  • hər hansı bir səbəb bildirməyərək işdən çıxmaq istədikdə.

Burada qeyd olunan hallarda işəgötürənə təqdim edilən ərizədə göstərilən tarixdə müqavilə ləğv edilməlidir (ƏM maddə 69). Bu zaman heç bir xəbərdarlıq müddəti müəyyən edilə bilməz.

Əmək müqaviləsinin xitamı zamanı işçilərə ödənişlər

İşdən azad olunan işçiyə müəyyən ödənişlər ödənilməlidir. Həmin ödənişlərə aşağıdakılar daxildır:

  • işçinin son  ayda işlədiyi günlərə uyğun hesablanan əmək haqqı;
  • müavinət, mükafat, digər ödəmələr;
  • istifadə olunmamış məzuniyyət üçün kompensasiya.

Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququ

İşəgötürənlə əmək münasibətlərində olan işçilər AR ƏM-də nəzərdə tutulmuş məzuniyyətlərdən istifadə hüququna malikdirlər. Əmək müqaviləsinin ləğvi zamanı məzuniyyətlərdən istifadə hüququ işçilərin arzusu iə realizə edilməlidir. Müqavilləsi ləğv olunan işçiyə iş ili ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə onun istəyi ilə məzuniyyətin verilməsi təmin edilir (ƏM 70-ci maddənin a və ç bəndlərinə əsasən müqavilənin ləğvi istisna olmaqla). Məzuniyyətin başa çatdığı gün əmək müqaviləsinin xitamı, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin bitdiyi gün sayılır (ƏM-nin 143.1-ci maddəsi). Bu qayda əsas iş yerindən başqa əvəzçiliklə işləyən işçilərə də məzuniyyət hüququnun təmini məqsədilə şamil edilir.

Onu da qeyd etmək lazımdır ki, işəgötürənin məzuniyyətdə olan işçinin əmək müqaviləsini ləğv etməsi yolverilməzdir (ƏM 111-ci maddə).

Nümunə 1: İşçi 5 noyabr2021-ci il tarixdə müvafiq ərizə ilə 5 dekabr 2021-ci tarixindəişdən azad olunması üçün işəgötürənə müraciət edir. O, ərizədə istifadə olunmayan 1 aylıq məzuniyyət hüququndan istifadə etmək istədiyini qeyd edir. İşəgötürən işçinin məzuniyyətə göndərilməsilə bağlı əmr verir və sənəddə qeyd olunur ki, işçi məzuniyyətdən geri qayıdana kimi onun əmək müqaviləsinin ləğvi ilə bağlı əməliyyatlar həyata keçirilsin

Əmək müqaviləsi ləğv edilən işçi əvvəllki illərdə istifadə olunmayan məzuniyyətlərdən  faktiki olaraq istifadə etmək istəməyə bilər. Bu halda işçiyə qanunvericiliyə uyğun olaraq həmin istifadə olunmamış məzuniyyət üçün kompensasiya ödənilməlidir. Kompensasiya ödənişi qaydaları ilə buradan tanış olmaq olar.

Lakin nəzərə almaq lazımdır ki, əmək müqaviləsinin xitamı zamanı əlavə məzuniyyətlərə, təhsil, yaradıcılıq, həmçinin, sosial məzuniyyətlərə görə kompensasiyalar ödənilmir.

601-ci “Satış” hesabı üzrə uçot

1 21 22 23 24 25 26 27 2. 700