Qadınların əmək hüququ və onun təmin edilməsi
Əmək hüququ əməyin təşkili və istifadəsi prosesində inkişaf edən ictimai münasibətləri tənzimləyən hüquq normalar məcmusudur. Hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan etibarən əmək hüquq münasibətlərinə daxil olmuş sayılır. Əmək münasibətləri iştirakçılarının hüquq və vəzifələri dövlət hakimiyyət orqanı tərəfindən qəbul edilmiş normativ aktlar və tərəflərin razılığı ilə müəyyən olunur.
Qadınların əmək hüququ
Qadınların əmək hüquqları Əmək Məcəlləsinə uyğun tənzimlənir. Qadın hüquqları vətəndaşlığından, yaşından, irqindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq hər bir qadına xas olan və ayrılmaz hesab edilən hüquqlardır. Qanunvericiliyə əsasən əmək münasibətlərində qadınlara bir çox güzəşt və təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.
Qadın əməyinin məhdudlaşdırılması
Müəyyən hallarda tətbiq edilən məhdudlaşdırmalar heç də, qadınların əmək hüququnun pozulmasına yönəlməyib. Əsas məqsəd müəyyən hallarda qadınların özlərinin və uşaqlarının sağlamlığının qorunmasıdır. Belə hallar aşağıdakılardır:
- hamilə, 14 yaşına çatmamış və yaxud 18 yaşınadək sağlamlıq imkanları məhdud uşağı olan qadınlar gecə vaxtı görülən işlərə yalnız onların razılığı ilə cəlb edilə bilərlər (ƏM maddə 98);
- hamilə və 3 yaşdan kiçik uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət və bayram günlərində işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi onların, eləcə də uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda mümkündür.(ƏM maddə 242);
- hamilə qadınlar üçün tibbi rəyə əsasən xidmət norması azaldılmalı və ya onlar daha yüngül işə keçirilməlidir; yaş yarımına çatmamış uşağı olan qadınlar əmək funksiyasını yerinə yetirməklə yanaşı uşağı yedizdirməkdə müəyyən çətinliklərlə rastlaşa bilərlər. Bu zaman qadınların əmək hüququnu təmin etmək məqsədi ilə işəgötürən onları uşaq yaş yarıma çatanadək əməkhaqqı saxlanmaq şərtilə daha yüngül işlə təmin etməli və uşağı yedizdirmək üçün zəruri şərait yaratmalıdır (ƏM maddə 243).
Əmək müqaviləsi ilə bağlı güzəşt və imtiyazlar
Hamilə və 3 yaşı tamam olmayan qadınlarla:
- əmək müqaviləsi bağlanarkən sınaq müddəti təyin edilmir (ƏM maddə 52);
- əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilməz (ƏM maddə 79);
- əmək müqaviləsi bağlanmasına bu səbəblərdən imtina edə bilməz.
Sonuncu tələb işəgötürənin müvafiq işi olmadığı, həmçinin qadın əməyindən istifadənin qadağan edildiyi iş yerlərinə işə götürməkdən imtina olunduğu hallarda tətbiq olunmur. Müqavilənin bağlanmasından imtina edildiyi halı işçi qadınların əmək hüququnun pozulması hesab edərsə, işəgötürəndən imtinanın səbəbini yazılı şəkildə tələb edə bilər (ƏM maddə 240).
İşçilərin qiymətləndirilməsi zamanı qadın hüquqları
İşçilərin fəaliyyətinin qiymətləndirilməsi iş yerlərinin attestasiyası, əməkdaşların sertifikasiyası formasında həyata keçirilə bilər. Hamilə qadınlar, uşağı 3 yaşı tamam olanadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət müddətindən sonra 1 ildən az müddətdə çalışan qadınlar:
- attestasiya olunmaqdan azaddır (ƏM maddə 66);
- sertifikasiyadan keçirilmir (tibb, əczaçılıq sahəsində və məktəbəqədər, ümumi təhsil müəssisələrində çalışan qadınlara şamil edilir) (ƏM maddə 67.1-67.2).
Hamilə qadınların məzuniyyət hüququ
Məzuniyyətlərin düzgün verilməsi qadınların əmək hüququnun təmin edilməsinin bir hissəsidir.
- hamiləlik müddətində və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində təyin edilir (ƏM maddə 125);
- qadınlar müqavilənin bağlandığı vaxt nəzərə alınmadan hamiləlik və doğuşa görə sosial məzuniyyətdən əvvəl və yaxud sonra birinci iş ili üçün əmək məzuniyyətindən istifadə hüququna malikdir (ƏM maddə 131).
Qısaldılmış iş vaxtı
- hamilə, yaş yarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün qısaldılmış iş vaxtının müddəti 36 saatdan artıq olmamalıdır (ƏM maddə 91);
- bir yaş yarımdan kiçik uşağı olan işləyən qadınlara istirahət və yemək üçün fasilələrə əlavə olaraq, uşağı qidalandırmaq üçün hər 3 saatdan bir ən azı 30 dəqiqə davam edən əlavə fasilələr verilir. Bu işləyən qadınların əmək hüququnun təmin edilmsində mühüm şərtdir. Əgər işləyən qadının bir yaş yarımdan kiçik 2 və daha çox uşağı varsa, qidalanma fasiləsinin müddəti ən azı 1 saat müəyyən edilir. Həmin fasilələr iş vaxtına daxil edilir və orta əməkhaqqı saxlanılır (ƏM maddə 244);
- ola bilər ki, işçinin fizioloji vəziyyəti (hamiləlik) əmək funksiyasını normal iş vaxtı müddətində yerinə yetirməyə imkan verməsin. Bu halda müvafiq tibbi rəyə əsasən işəgötürən həmin işçiyə natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməyə borcludur. Bu qayda həmçinin, 14 yaşına çatmamış və yaxud 18 yaşınadək sağlamlıq imkanları məhdud uşağı olan qadınların əmək hüququnun qorunması məqsədi ilə də tətbiq edilir. Bu halda qadının gündəlik və ya həfləlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən olunur ( ƏM maddə 94).
Yuxarıda qeyd edilənlərə əlavə olaraq qeyd edə ki, hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əməkhaqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən qadınların əmək hüququ qorumaq məqsədi ilə hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır (ƏM maddə 245).
Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına mikro sahibkarlara bizneslərini genişləndirmək və inkişaf etdirmək üçün güzəştli kredit fürsəti təqdim edilir. Birbank Biznes vasitəsilə 20-70 yaş aralığında olan mikro sahibkarlar 60 ayadək, illik 5% olmaqla 100 000 AZN-dək güzəştli kredit imkanından faydalana bilərlər. Qeyd edək ki, güzəşt müddəti kredit müddətinin yarısınadək olan tarixləri əhatə edir.