Mühasibat uçotunun tarixi: təşəkkül və inkişaf

posted in: muhasibat, Xəbər | 0

Mühasibat nə vaxt yaranıb?

“Mühasibat uçotu” və “hesabatlılıq” anlayışlarının yaranma tarixinə müasir elmin cavabı birmənalı deyil. Mühasibat uçotunun tarixi inkişaf mərhələlərinə yanaşma fərqlidir. Uçotun təşəkkül və inkişafına belə yanaşmalardan biri professor Y.V.Sokolova məxsusdur. Onun fikrincə “Mühasibat nə vaxt yaranıb?” sualına 3 fərqli cavab vermək olar:

  • 6 min il öncə, insanın təsərrüfat fəaliyyəti faktlarının məqsədyönlü şəkildə qeydə alınmağa başladığı tarixdən;
  • 500 il əvvəl Luka Paçolinin kitabının çapı uçotun dərk olunmasına təkan verdikdən sonra;
  • 100 il əvvəl, mühasibat sahəsində ilk nəzəri konstruksiyalar ortaya çıxdıqda.

Amma ibtidai cəmiyyətdə primitiv də olsa (cızıqlar formasında) “anbar uçotunun” aparıldığını qəbul etsək, həmin dövrü uçotun təşəkkül dövrünün başlanğıcı kimi qəbul etmək olar.

Mühasibat uçotunun tarixi inkişafına nəzər salsaq, onun eramızdan əvvəl VI minilliyə aid ibtidai cəmiyyətdə bir şəxs tərəfindən aparılan primitiv şifahi uçotundan özünün müasir formasına qədər xeyli məsafə qət etdiyini görərik (qədim Çin dövründən bizə gələn qeydlər mühasibat uçotunun 8 min illik mövcudluğuna dəlalət edir).

Tarixi sənədlərə görə daha təkmil mühasibat uçotu sistemi Çində eramızın 7-ci əsrində artıq mövcud idi. Maraqlıdır, görəsən onda kimsə bir gün onlayn mühasibin təsərrüfat subyektlərinə mühasibat uçotunun aparılması üzrə xidmətlər göstərə biləcəyini düşünə bilərdimi?

Qədim Dünyada uçot sistemi

Mühasibat uçotunun tarixi hələ yazı və hesabın kifayət qədər inkişaf etmədiyi qəbilə icmasından başlayır. Uçot insanın əsas ehtiyaclarını ödəyən maddi sərvətlərin kifayət qədər olmasının nəticəsi kimi, bir qayda olaraq ağsaqqal və ya icma rəhbəri tərəfindən aparılırdı.

Şifahi uçotun yetərliliyi təkcə yazının olmaması ilə bağlı deyildi, həm də qida, əşya və digər maddi sərvətlərin saxlanması üçün şəraitsizliklə də müəyyən edilirdi. Çox vaxt uçota alınacaq heç bir şey də yox idi.

Qədim Misir və Babildə ilk yazılı qeydlərin meydana çıxması

Qəbilələr arasında iqtisadi əlaqələrin meydana çıxması, həmçinin yazı və hesabın yaranması mühasibat uçotunun tarixi inkişafına öz töhfəsini verdi. Rüsumlar (vergilər) formasında münasibətlər sisteminin formalaşması da öz təsirini göstərirdi. Mühasibat uçotunun ilk üsulları inventarlaşdırma və xərclərin uçotu idi, əlamətləri Qədim Babil və Qədim Misir kimi dövlətlərdə müəyyən edilmişdi.

İnventar cədvəllərinə 2 il fasilələrlə tarix qoyulurdu, yəni inventarlaşdırma 2 ildə bir dəfə aparılırdı. Qədim Misirdə hesab qeydləri uzunluğu 4-5 metrə çatan papiruslarda saxlanılırdı. Belə bir “rulonda” qeydlər qara və qırmızı mürəkkəblə edilirdi, daha maraqlı tarixlər (gün və ay, yekun məbləğ) qırmızı rənglə vurğulanırdı.

Qədim Babildə qeydlər üçün gil təbəqəsi ilə örtülmüş nazik lövhələrdən istifadə olunurdu. Məlumatları qeyd etmək üçün gil su ilə isladılır, qeydlər aparılır, sonra qurudulur və odda bişirilirdi. Ticarət əməliyyatının qeydində tarix, göndərən və alan, qiymətlilərin adı və onların miqdarı barədə məlumatlar var idi. Çox vaxt bu cür “kartlar” möhürdə göstərilən məzmunu olan qablarda möhürlənərək saxlanılırdı.

Pul köçürərkən qəbz tələb olunurdu, onsuz əməliyyat etibarsız sayılırdı. Maddi sərvətlərin uçotu zadəganların saraylarında və şəxsi təsərrüfatlarında, habelə tacirlər tərəfindən aparılırdı. Dövlət qeydləri adətən məbədlərdə həyata keçirilirdi.

Mühasibat uçotunun tarixi: metodologiyanın təkamülü

Müasir mühasibat alimləri uçotun inkişafının 6 mərhələsini fərqləndirirlər:

  1. Natural uçot dövrü:  Qədim Dünyanın uçot sistemləri məhz bu mərhələyə aiddir. Bu dövr eramızdan əvvəl 4000-ci illərdən b.e.ə. 500-cü ilə qədər davam edib. Uçotun əsasını əmlakın mövcudluğu və təsərrüfat əməliyyatlarının başa satması faktlarının ifadəsi təşkil edirdi.
  2. Uçotun dəyər dövrü (e.ə. V əsr – eramızın XIII əsri): Bu dövr qiymətlilərin uçotunun natural və pul uçotuna bölünməsi mərhələsidir. Pulun meydana gəlməsi hər bir əşyanın və ya xidmətin dəyərinin müəyyən edilməsinə səbəb oldu, bu da miras (əmlakın uçotu, patrimonial uçot) və kameral (pul vəsaitlərinin hərəkətinin uçotu) uçot bölgüsünə səbəb oldu.
  1. Diqrafik (1300-dən 1850-yə qədər) mərhələ: Təsərrüfat fəaliyyətinin maliyyə nəticəsinin müəyyən edilməsi zərurəti patrimonial uçotda uniqrafik və diqrafik qeydlərin yaranmasına səbəb oldu. Hesablar planında kapital, mənfəət və zərər hesabları meydana çıxdı. Mühasibat uçotunun tarixi inkişafının bu mərhələsində diqrafik (ikili) uçot inkişaf etdi, lakin kiçik müəssisələrin sadələşdirilmiş vergi sisteminə keçidi uniqrafik uçotun populyarlaşmasına səbəb olurdu.

Yuxarıda qeyd edilən üç mərhələ haqqında daha ətraflı oxumaq üçün buraya keçid edə bilərsiniz.

  1. Nəzəri-praktiki mərhələ (1850-ci ildən 1900-cü ilə qədər): Hesablar sisteminin, onların təsnifatının inkişafı ilə xarakterizə olunur. Bu mərhələdə müasir dövrümüzdə də istifadə olunan maya dəyəri, balans, istehsal xərcləri, mənfəət kimi şərti kateqoriyalar sistemi yaranır.
  2. Elmi mərhələ (XX əsrin ilk 50 ili) – bu mərhələdə:
  • uçot sahə prinsipinə uyğun olaraq yenidən istiqamətləndirilir, milli uçot və hesabat sistemi vahid standartlara keçirilir, müəssisənin əmlak-hüquqi vəziyyətinin qiymətləndirilməsi prinsipləri sistemi hazırlanır;
  • mühasibat uçotunun tarixində ilk dəfə məsrəflərin uçotu sistemi yaranır;
  • təkcə birbaşa deyil, həm də dolayı məsrəfləri nəzərə almaqla məsrəflərin hesablanması anlayışı meydana çıxır;
  • mühasibat uçotu ideyasını kökündən dəyişdirən qarşıdan gələn xərclərin normalaşdırılması sistemi yaranır.

Həmçinin balans hesabatının dinamik və statik şərhi auditin yaranmasına səbəb oldu. Bir sıra Avropa ölkələrində vergi qanunvericiliyi inkişaf etməyə başlayır ki, bu da mühasibat hüququ sahəsində qanunvericilik normalarının yaranması üçün ilkin şərait yaratdı.

​6. Mühasibat uçotunun tarixində 1950-ci ildən başlayan müasir dövr bu günə qədər davam edir. Bu mərhələ mühasibat balansının dinamik şərhinin inkişafı idarəetmə uçotunun yaranmasına, statik şərh isə beynəlxalq maliyyə hesabatı standartlarının və milli uçot sisteminin yaradılması üçün əsas oldu. Vergi uçotu sistemi formalaşdırıldı.

Mühasibat uçotu sisteminin inkişafı onun müxtəlif qrupların maraqlarına uyğun şərh edilməsinə səbəb oldu:

  • vergi uçotu dövlətin maraqları naminə formalaşır;
  • maliyyə uçotu sahiblər, investorlar və kreditorlar üçün əhəmiyyətli olan məlumatları əks etdirir;
  • idarəetmə uçotu şirkət rəhbərliyinin tələblərinə uyğun aparılır.

Bütün bunlar mühasibat uçotunun tarixi inkişafında yeni səhifələr, yeni istiqamətlər idi. Həmçinin, digər məsələlərlə yanaşı, mühasibat uçotu öz inkişafında elə səviyyəyə çatdı ki, o, təkcə iqtisadi kateqoriya deyil, həm də tələb edilən xidmətə çevrilirdi. Yaşadığımız məkanın aid olduğu SSRİ-nin dağılması (ötən əsrin 90-cı illəri), bir mütəxəssisin bir neçə şirkətin uçot işlərinin aparılması imkanının yaranması mühasibat xidmətlərinin yüksək qiymətləndirilməsinə səbəb oldu.

Bu gün mühasibat uçotu üzrə ixtisaslaşmış əksər konsaltinq şirkətləri ixtisaslı və təcrübəli mütəxəssisləri ilə müxtəlif sənaye sahələrində mühasibat xidmətləri göstərirlər. Bu, mühasibat uçotunun iqtisadi fəaliyyətin ayrıca sahəsi kimi inkişafında yeni mərhələdir.

NKA çeki təqdim edilmədikdə hansı maliyyə sanksiyaları nəzərdə tutulur?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna edilməklə, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq edilmiş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:

  •  təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat;
  •  təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat;
  •  təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Maddə üzrə maliyyə sanksiyalarının tətbiqi sahəsi geniş olduğundan misallarla izah etməyə çalışacağıq.

Misal 1

Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarını pozaraq qarşı tərəfə nəzarət-kassa aparatının çekini təqdim etməyib. Bu halda, vergi orqanının vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, təqvim ili ərzində neçənci dəfə baş verməsinə uyğun olaraq 1.000 manat, 3.000 manat və ya 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Qeyd edək ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsində təqvim ili dedikdə, 1 yanvar – 31 dekabr tarixləri nəzərdə tutulur.

Misal 2

İctimai iaşə sahəsində fəaliyyət göstərən vergi ödəyicisi əhaliyə təqdim etdiyi xidmətə görə 78 manat ödəniş qəbul etdiyi halda, nəzarət-kassa aparatına 38 manat daxil edib. Bu zaman vergi ödəyicisinə vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarını pozmasına görə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə müvafiq olaraq maliyyə sanksiyası tətbiq edilir.

Misal 3

Vergi orqanının nəzarət tədbirləri zamanı müəyyən edilib ki, vergi ödəyicisində obyektiv səbəblərdən (internet və ya elektrik kəsilməsi və s.) nəzarət-kassa aparatından istifadə dayandırılıb. Vergi orqanı vergi ödəyicisinin nəzarət-kassa aparatından istifadə edilmədiyi dövrdə nağd pul əməliyyatlarını “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”na qeyd etmədiyini aşkara çıxarıb. Bu halda, vergi orqanının vəzifəli şəxsləri tərəfindən Vergi Məcəlləsinin 58.7-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 4

Vergi ödəyicisi 2022-ci ilin noyabr ayında əhali ilə nağd hesablaşma qaydalarını pozduğuna görə təqvim ili ərzində belə hala birinci dəfə yol verdiyi üçün vergi orqanının vəzifəli şəxsləri tərəfindən ona 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Vergi ödəyicisi 2023-cü ilin fevral ayında yenidən əhali ilə nağd hesablaşma qaydalarını pozub. Bu zaman vergi orqanı tərəfindən 3.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməyəcək. Çünki vergi ödəyicisi üçün təqvim ili 31 dekabr 2022-ci ildə başa çatdığından, bu, bir təqvim ilində eyni halın ikinci dəfə təkrarlanması hesab olunmur. Yeni təqvim ilində ilk dəfə olduğu üçün vergi ödəyicisinə yenə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

1 yanvar 2022-ci ildən etibarən Vergi Məcəlləsinin 58.7-ci maddəsinə nəzarət-kassa aparatı ilə bağlı “o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən” sözləri əlavə edilib. Maddədən göründüyü kimi, qeyd olunan tarixədək maliyyə sanksiyaları nəzarət-kassa aparatı qəbzinin verilməməsi və ya nəzarət-kassa aparatının tələblərə uyğun olmaması ilə bağlı idi. Nəzarət-kassa aparatının qəbzindəki məlumatların düzgün olmaması ilə bağlı hər hansı maliyyə sanksiyası nəzərdə tutulmurdu. Vergi Məcəlləsinə əlavə edilən dəyişiklikdən sonra nağd hesablaşmalar zamanı Vergi Məcəlləsinin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.

Mənbə: vergiler.az

Mühasibatın tarixi: o nəyə lazımdır?

“Maestro” tarifi biznes sahiblərinə 65%-dək endirim imkanı yaradır

posted in: Xəbər | 0

kapital bank, maestro tarifi, biznes sahiblərinə endirim, birbank biznesXəbər verdiyimiz kimi Birbank Biznes  biznes sahibləri  üçün əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən, tamamilə yeni və daha qənaətcil məhsul təqdim edib.

Ölkənin bank sektorunda ilk olan bu məhsul vasitəsilə müştərilər biznes ehtiyaclarına  uyğun əməliyyatları və xidmətləri istənilən həcmdə və sayda seçərək, tarif paketlərini özləri yarada bilərlər.

Biznes sahiblərinin səmərəli fəaliyyəti üçün düşünülən bu məhsul vasitəsilə onlar ehtiyaclarına uyğun tarifi müəyyən etmək rahatlığı qazanacaq. Dekabr ayının 31-nə kimi Maestro tarifinə qoşulan hər bir sahibkar ölkədaxili və ölkəxarici köçürmələr, əməkhaqqı kartlarına mədaxil və nağdlaşdırma kimi bank xərclərinə orta hesabla 65%-dək endirim almaq imkanından yararlanacaqlar.

Qeyd edək ki, müştərilər aşağıda qeyd olunan əməliyyat və xidmətlər vasitəsilə bizneslərinə uyğun tarif paketlərini formalaşdıra biləcəklər:

  •        Ölkədaxili milli valyutada köçürmələr
  •        Ölkəxarici köçürmələr
  •        Əməkhaqqı kartlarına mədaxil
  •        Valyuta mübadiləsi
  •        Biznes və Sahibkar kartları vasitəsilə ATM-dən məxaric
  •        Əməkhaqqı , Biznes və Sahibkar kartlarının sifarişi və ünvana çatdırılması

“Maestro” tarifinin digər bir unikallığı da ondan ibarətdir ki, biznes sahibləri məhsulu banka gəlmədən, xidmətlər üzrə illik ödənişi Birbank Biznes vasitəsilə etməklə əldə edəcəklər. Bununla da müştərilər il ərzində müvafiq əməliyyatları ödənişsiz şəkildə həyata keçirə və digər güzəştlərdən yararlana bilərlər.

Bundan əlavə, “Maestro” tarifi biznes sahiblərinə seçdikləri bank xidmətlərindən asılı olaraq Biznes, Sahibkar və Əməkhaqqı kartlarını və bu kartların çatdırılması xidmətini, həmçinin müəyyən sayda valyuta mübadilələrini ödənişsiz əldə etmək imkanı verəcək.

Sahibkarlara vaxta və xərclərə qənaət etmək imkanı verən “Maestro” tarifi haqqında ətraflı məlumat və sifariş üçün https://kbl.az/bbprmkd saytında hesabınıza daxil olmağınız və “Tariflər” bölməsində “Maestro” tarifi bölməsinə keçid etməyiniz və ya 896 məlumat mərkəzinə zəng etməyiniz kifayətdir.

Sığorta ödənişləri gəlirdən çıxılan xərclərə aid edilirmi?

Mühasibatın tarixi: o nəyə lazımdır?

posted in: Xəbər | 0

Hər bir insan üçün tarixi bilmək vacibdir: ölkəsinin, ailəsinin və nəhayət peşəsinin tarixini. “Keçmişini bilməyən, gələcəyini də bilməyəcək” – orta əsrlər filosofu təxminən belə deyirdi. Mühasibatın tarixi haqqında bilik və anlayışlar müasir mühasiblər üçün niyə faydalıdır? Bu sualın cavabı müxtəlif ola  bilər. Tarixi şərait elə gətirib ki, Azərbaycanda uçot Rusiya mühasibat məktəbinin təsiri altında inkişaf edib. Məhz bunu nəzərə alaraq sizə iqtisad elmləri doktoru, professor Y.V.Sokolovun uçotun tarixinin faydası haqqında fikirlərini Accounting.Az saytının redaktoru Cəmil Əsədovun tərcüməsində çatdırırıq.

Tarixi niyə öyrənirik? Bu sualın çoxlu cavabları var. Müdrik insan Q. Ford (1863–1947) deyirdi ki, yunanlar tarixi bilmədikləri üçün böyük xalqdırlar. O, səhv edirdi. Tarixi elə yunanlar düşünüb tapıb. Amma bizim üçün qədim, məhv olmuş xalqlar yox, canlı entuziastlar, öz işinin coşqun pərəstişkarı olan insanlar – mühasiblər maraqlıdır.

Mühasiblər nə deyəcək və bizim cavabımız nə olacaq?

Demək olmaz ki, mühasibatın tarixi bir çox həmkarlarımız üçün maraqlı olub. Birlikdə işləmək imkanı nəsibim olan görkəmli alimin – E.K.Gildenin (1904–1983) bir qeydini xatırlayıram. O deyirdi: “Olan oldu, cəhənnəmə ki!”.

Bu Ukrayna mühasibat uçotunun klassiki Mikola Timofeeviç Beluxa (1923-2015) tərəfindən təkrarlanırdı: “Ölüləri diriltməyə ehtiyac yoxdur”.

E.K.Gildenin, M.T.Beluxanın fikirlərinə görə mühasibatın tarixini öyrənmək əhəmiyyətli deyil. Əsas bu gün olan praktikadır

Bizim ən yaxşı mühasiblərimiz belə deyirdi. Onlar, həqiqətən də, mühasibat uçotu elminin əksər nəzəriyyəçilərinin, praktiklərinin fikrini  bildirirdilər və bildirirlər.

Amma onlara inananlar yanılırlar. Məsələ ondadır ki, dünya dirilərdən və ölülərdən ibarətdir və ikincilər birincilərdən qat-qat çoxdur. Bizim etdiyimiz hər şey – mühasibat uçotunun bütün metodologiyası, iqtisadi fəaliyyətin bütün alətləri və fəlsəfəsi – onlardan qalıb.

Deməli, biz dirilərin həyatı ölülər tərəfindən idarə olunur. Üstəlik, tez-tez əsrdən-əsrə mühasiblər malları yerləşdirmək və onları satmaq, hesabları qəbul etmək və ödəmək, əməkhaqqı hesablamaq və ödəmək kimi eyni problemləri həll edirlər.

Eyni zamanda, qazanc əldə etmək istəyən sahibkarlıq subyektləri ilə, qazanmadan, sadəcə xərcləyib yeyənlər arasındakı fərq dərhal gözə çarpır.

Lap əvvəldən necə olub?

Elə əvvəldən belə olub: bəziləri pul qazanırdı, daha doğrusu, aktivlərini artırdı, bəziləri hər şeyi birincilərdən alır, istehlak edirdi. Əslində, bu normaldır. Ən azından ona görə ki, uşaqlar, qocalar özlərini yedirtmək iqtidarında deyillər.

Üstəlik, məlumdur ki, alimlər, müəllimlər, həkimlər, ordu və bir çox başqa peşələrin nümayəndələri də özlərini doydura bilmirlər. Onlara nə verilirsə, onunla yaşayırlar.

Aydındır ki, birinci qrupun, yaradıcıların mühasibat uçotu xərclərin, gəlirlərin və mənfəətin hesablanmasına tabedir. İkinci qrupun isə yalnız xərcləri var. Buradan aydındır ki, uçotun tarixi kommersiya və kameral (büdcə) uçotuna bölünür.

Beləliklə,  kommersiya uçotunun nümayəndələri maliyyə nəticəsini əməliyyatların köməyi ilə hesablamaq istəyirlər, kameral uçotun tərəfdarları isə smetanın icrasına nəzarət etməklə məşğuldurlar. Mühasibatın tarixi inkişafında bu iki istiqamət – uçot və nəzarət sivilizasiyanın mühüm amilləridir.

Amma, bunu da qeyd etmək lazımdır ki, onları birləşdirmək məqsədi ilə 17-ci əsrdən bəri edilən bütün cəhdlər uğursuzluğa düçar oldu. Bunu bilmək üçün isə mühasibat uçotunun tarixini bilmək lazımdır.

Tarix bizi öyrədəcəkmi? Axı tarixi öyrənməkdə məqsəd özünün deyil, başqalarının səhvlərindən öyrənməkdir. Eyni çaya iki dəfə girməmək üçün.

Uçotun tarixini necə yazmalı?

Tarixi yazarkən biz, ənənəvi olaraq hər şeyi inkişaf edən xətt üzrə qurmağı sevirik. Belə yanaşmanın əsas çatışmazlığı odur ki, ideyaların öyrənilməsini əvvəlcədən müəyyən edilmiş sxemə tabe etdiririk, daha doğrusu, sadəcə ona uyğunlaşdırırıq.

Məncə daha düzgün yanaşma belə olmalıdır:

Olanlara bu günün baxış bucağından nəzər salaraq keçmişdən nəyi götürməyi unutduğumuzu, atalarımızdan, babalarımızdan, ulu babalarımızdan, babalarımızın babalarından – müəllimlərimizin müəllimlərindən – nəyi öyrənə biləciyimizi daha asan başa düşə bilərik.

Yadda saxlamaq lazımdır: keçmiş yoxdur. O, bizdədir. O, bizimlədir. Onda qeyri-adi dərəcədə çox zir-zibil var, amma əhəmiyyətli, lazımlı, işimizə yarayanlar daha çoxdur. Yaxşı bir anbar müdiri kimi biz, sakit, əsəbləşmədən səmti müəyyən etməyi bacarmalıyıq.

Elm və tarix

Müasir mühasibat uçotunun doğulduğu böyük İntibah dövründə, müdriklər alimləri “arılara” və “hörümçəklərə” kimi bölürdülər.

Bizim işimizdə əksər elmlər doktorları və namizədlər “arılardır”: onlar təcrübədə nə edildiyini müşahidə edir, alınmış təəssüratlarını ümumiləşdirirlər. Sonra onlar kitabxanaya gedir (bu gün isə daha çox İnternetə baş vurur), təəssüratları cilalayır, özgəsinin fikirlərini ümumiləşdirirlər: X-ı İvanov dedi, Y-i Petrov fikirləşdi. Daha sonra isə elmi yenilik gəlir: Y X-dan düzdür. Yekunda isə müdafiə və təqaüdə qədər zirvələr…

“Hörümçəklər” belə işləmir. Onlar işlək fikirləri, fərziyyələri, müəyyən nəzəri mülahizələri ortaya qoyur, onları müdafiə etmək istəyirlər. Bəzən buna nail də olurlar.

Sözsüz, bir qayda olaraq təklif olunmuş fikri həyatı faktlarla və özündən əvvəlkilərin elmi işlərindən seçilmiş mətnlərlə də müqayisə etmək lazımdır.

Amma “arılar” da, “hörümçəklər” də anlamalıdırlar ki, elmin və öyrənilən problemin durumu haqqında biliklərə malik olmadan alim kimi tanına bilməzlər.

Lakin onlar da, bunlar da tənbəllik edir. Ən yaxşı halda son on ilin ədəbiyyatına baxırlar, ciddi bir şey olmadığına inanırlar. Amma yüz, hətta üç yüz il əvvəlin ədəbiyyatına baxsaydılar, təəssürat başqa cür olardı: indiki fil milçəyə, müasir milçək isə köhnə dünyada filə çevrilərdi.

Gələcəyi keçmiş vasitəsilə öyrənin

Yunan fəlsəfəsi bizə iki fikir qoyub getdi. Biri Heraklidə (təq. B.e.ə. 535 – 470) aiddir. O öyrədirdi ki, “hər şey axır, hər şey dəyişir. Eyni çaya iki dəfə girə bilməzsən.”

Onun tələbəsi Kratil (b.e.ə., 5-ci əsrin ikinci yarısı – eramızdan əvvəl IV əsrin əvvəlləri) dəqiqləşdirirdi ki, eyni çaya hətta bir dəfə də olsa girmək olmaz.

Bunu biz mühasiblər daha yaxşı bilirik: insanlar dərslik yazır, bu dərslik bütün yenilikləri özündə əks etdirir və xalqa lazımdır. Sabah mağazalara çatdırılacaq, amma bu gün yeni normativ sənədlər qəbul edilib və təsdiq edilib, dərslik hələ kitab rəflərinə qoyulmayıb, amma artıq köhnəlib.

Necə işləmək olar? Bəzi qaydaları yenicə mənimsəmisən, tətbiq etmək istəyirsən, lakin onlar artıq ləğv edilib. Təsadüfi deyil ki, ağıllı insanlar deyirlər: “Heç nə tarix qədər tez dəyişmir”.

Digər fikir Parmenidə (b.e.ə., VI əsrin ikinci yarısı – 5-ci əsrin ortaları) aiddir. O deyirdi: “Bütün dəyişikliklər xəyalidir.” Əslində heç nə axmır və heç nə dəyişmir. Əsrdən əsrə bütün insanlar eyni çayda çimirlər.

Bu xüsusilə mühasibat uçotunda nəzərə çarpır. Bunu hesablar planı və müxabirləşmələr aydın təsvir edir.

Atalarımız az qiymətli və tez köhnələn əşyalar kateqoriyasını düşünüb tapdılar. Bütün mühasibat icması sevinirdi: tərəqqi, hər şey axır. Bu yaxınlarda bizə xəbər verdilər: “Az qiymətli və tez köhnələn əşyalar kateqoriyası ləğv olundu”. Yenə də tərəqi. İndi hər şey Qərbdəki kimidir. Onlarda yoxdur, indi də bizdə yoxdur: tərəqqi, hər şey axır.

Bəs əslində necə idi? Sadəcə hər şeyi 12-ci hesabdan 10-cu hesaba köçürdülər, yeni limit qoydular və amortizasiya hesablamamaq qərarına gəldilər. Sabah hər şey dəyişə bilər.

Ancaq bunlar illüziyalardır. Mühasibat uçotu sistemi vahiddir və mühasibatın dili olan müxabirləşmələr qərar qəbul edənlərdən asılıdır.

Tarixi bilirsinizsə, heç nə sizi təəccübləndirə bilməz: “Yolda olan mallar”, “Malların alınması” kimi hesablar var idi – indi onlar yoxdur, amma sabah onlar təqdim edilə bilər. Əvvəlcə “Əsas vəsaitlərin köhnəlməsi” hesabı mövcud idi, sonra “Amortizasiya” və “Köhnəlmə” adlı iki hesabı tətbiq edildi. Və hamı xoşbəxt idi. Əvvəllər düzgün deyildi, amma indi düzdür: tərəqqi, hər şey axır. Sonra “Köhnəlmə” hesabını ləğv etdilər. Və yenə dedilər: “Əla! Tərəqqi!”.

Bu məqalənin müəllifinin yaşı yetmişdən çoxdur və o, öz həyatında qeyri-adi sayda oxşar nümunələr görüb. Tarixi sevərək o, heç nəyə təəccüblənmədi, çünki bütün yeni “nailiyyətlər” artıq baş verənlərin təkrarıdır və ya nə vaxtsa məlum idi, “ bu, sadəcə, unudulmuş bir köhnədir”.

“Bax, bu yenidir’ deyilən bir şey varmı? Bu, bizdən əvvəlki əsrlərdə də olmuşdu.  – Müqəddəs Kitabda belə deyilir.

 Beləliklə:

Həm mühasibatın tarixini, həm də nəzəriyyəni öyrənməlisiniz. Bu, problemi görmək və onun həmişə N yolla həll oluna biləcəyini başa düşmək deməkdir. Amma nəzərə almaq lazımdı ki, adətən bəziləri üçün faydalı olan bir üsul, digərləri üçün faydalı olmaya bilər.

Tarix artıq baş verənlər, bizə qədər olanlardı. Biz nəyisə dəyişmək üçün keçmişə qayıda bilmərik. Bu o deməkdir ki, biz keçmişi olduğu kimi qəbul etməliyik və mövcudluğumuz üçün minnətdar olmalıyıq. Axı dünya TARİXİNİ yaradan çoxlu sayda böyük insanlar var idi. Böyük adlar – Napoleon, İsgəndər, Sezar, Da Vinçi və əlbəttə ki, Paçoli. Baş verən hər bir hadisənin yaxud ixtiranın bir-birinə sıx qarışması gələcəkdə əks olunur … keçmişin sayəsində.

1 467 468 469 470 471 472 473 2. 700