Əmlak vergisi üzrə kameral vergi məktubları barədə tövsiyələr

posted in: Xəbər | 0

Kameral vergi yoxlaması

Əmlak vergisi üzrə kameral vergi yoxlaması haqqında danışarkən, ilk növbədə bu verginin tutulma formasına nəzər salmaq vacibdir. Əmlak vergisi üzrə vergitutmanın aşağıdakı formaları tətbiq edilir.

  • tədiyyə bildirişi əsasında;
  • bəyannamələrə uyğun.

Binaların xüsusi mülkiyyətçiləri olan fiziki şəxslər, habelə su və hava nəqliyyat vasitələrinin rezident fiziki sahibləri həmin əmlaklara görə vergini bildiriş əsasında ödəyir. Vergi orqanı yaxud bələdiyyə tərəfindən aparılmış hesablamalar əsasında vergi ödəyicisinə tədiyyə bildirişi təqdim edilir və ödəniş bu bildirişə əsasən icra olunur. Bu halda əmlak vergisi üzrə kameral yoxlamadan danışmaq mənasızdır.

Kameral vergi yoxlaması, vergi ödəyicisinin təqdim etdiyi vergi hesabatları, habelə artıq mövcud olan digər məlumatlar əsasında yerlərə getmədən vergi orqanı tərəfindən aparılır. Əmlak vergisi bəyannaməsi müəssisənin və fərdi sahibkarın balansında olan əsas vəsaitlərə görə təqdim edilir. Emlak vergisi üzrə kameral vergi yoxlaması bu bəyannamənin məlumatları əsasında aparılır.

Əmlak vergisi üzrə kameral yoxlamanın məqsədi

Kameral vergi yoxlamasının məqsədi aşağıdakılardır:

  • vergi pozuntularının aşkar edilməsi və onların qarşısının alınması;
  • vergi və digər dövlət yığımları üzrə normativ hüquqi aktların icrasına nəzarət;
  • ödənilməmiş və ya tam ödənilməmiş vergi və cərimələrin bərpası;
  • maliyyə sanksiyaları üçün əsas olduqda, onların tətbiqi.

Kameral yoxlama proseduru vergi müfəttişlərinin təşkilata birbaşa getməsini nəzərdə tutmur, Dövlət Vergi Xidmətinin uyğun qurumlarında aparılır. Tənzimləyici orqanların səlahiyyətləri belə yoxlamada məhduddur, şirkətin kameral yoxlama prosesində fəal iştirakı tələb olunmur. Ümumiyyətlə, vergi yoxlaması qanun pozuntuları aşkarlanana qədər sakit, səs-küysüz keçir. Qanun  pozuntuları aşkarlandıqda vergi orqanı vergilərin bərpasından tutmuş cinayət məsuliyyətinə qədər müxtəlif tədbirlər görə bilər.

Əmlak vergisi üzrə risk meyarları

Emlak vergisi üzrə kameral vergi yoxlaması aşağıdakı risk meyarları nəzərə alınmaqla aparılır:

  • yoxlanılan  və əvvəlki dövrlərin vergi bəyannamələrinin məlumatlarının müqayisəsi;
  • əmlak vergisi üzrə azadolmaların düzgün tətbiqinin araşdırılması;
  • mənfəət vergisi bəyannaməsinin 233.2 sətri ilə əmlak vergisi bəyannaməsinin göstəricilərinin müqayisə edilməsi;
  • dəqiqləşdirilmiş emlak vergisi beyannamesinde azalma halları varsa, onların səbəblərinin müəyyənləşdirilməsi.

Bunlardan başqa, əmlak vergisi üzrə kameral yoxlama zamanı hesabat dövründə vergitutma bazasına təsir edən və vergi ödəyicisinin fəaliyyəti ilə bağlı vergi orqanında olan aşağıdakı məlumatlar da araşdırıla bilır:

  • Dövlət Gömrük Komitəsindən idxal-ixrac barədə alınan məlumatlar;
  • notariat əməliyyatları barədə məlumatlar (daşınmaz əmlakın alqı-satqısı zamanı);
  • dövlət satınalma müqavilələri üzrə məlumatlar;
  • nəqliyyat vasitələrinin qeydiyyatını aparan qurumların məlumatları;
  • mənbəyi məlum digər məlumatlar.

Əmlak vergisi üzrə kameral məktub

Əgər kameral yoxlama zamanı təqdim edilmiş vergi bəyannaməsində uyğunsuzluq aşkar edilərsə vergi ödəyicisinə  tam adı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” olan kameral məktub göndərilir. Məktubda vergi orqanı kameral vergi yoxalmasının aparılmasının mümkün olmaması və bunun səbəbləri göstərilir. Həmçinin yoxlamanın tamamlanması üçün zəruri sənəd və məlumatların təqdim edilməsi (məsələn, dəqiqləşdərilmiş əmlak vergisi bəyannaməsi) tələb olunur.

Kameral məktuba cavabı necə yazmalı?

Ola bilər ki, dəqiqləşdirilmiş vergi bəyannaməsindən başqa izahat məktubu da yazmaq lazım gəlsin. Vergi orqanının uyğunsuzluq haqqında məktubuna cavab sərbəst formada hazırlanır. Əslində bu, həm də vergi orqanına təqdim olunan sənədlərə müşayiət məktubudur. Məktubun mətnində o, vergi orqanlarının tələbini yerinə yetirdiyini və tələb olunan sənədləri onlara göndərdiyini göstərir.

Məktubda kameral yoxlamanın tamamlanması üçün göndərilən sənədlərin siyahısı göstərilməlidir. Əgər uyğunsuzluq məktubunda əlavə suallar nəzərdə tutulubsa, vergi ödəyicisi onların hər biri üçün izahat verir.

Tələb olunan sənədlər çatışmır – vergi ödəyicisini nə gözləyir?

Vergi orqanlarına istənilən halda cavab vermək lazımdır. Bəs əmlak vergisi üzrə tələb olunan sənədlər yodursa? Çox güman ki, vergi əməkdaşları müəssisədə səyyar vergi yoxlaması keçiriləcək.

Sənədlərin itirilməsi, məhv edilməsi və ya ümumiyyətlə verilməməsi şirkət üçün ciddi problem yarada, maliyyə sanksiyalarına, inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər. Vergi işçilərinə bütün lazımi sənədlərin vaxtında təqdim edilməsi bu riskləri aradan qaldırır.

Kameral vergi yoxlaması haqqında daha çox məlumat almaq istəyirsiniz? Peşəkarların konsultasiya xidmətindən istifadə edin!


Vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı necə rəsmiləşdirilməlidir?

posted in: Xəbər | 0

malların alışı, vergi cinayətləri ilə mübarizə, Əmlak vergisi hesablanması, bəyannamələrin tərtib olunması, vergi orqanı müraciət, vöen bağlanması,Bizim MMC abadlıq işləri ilə məşğul olur. Azərbaycanın müxtəlif bölgələrindəki kəndlərdən vergi ödəyicisi olmayan şəxslərdən həyətyanı sahələrində becərdikləri ağac və gül kolları alırıq. Bu zaman alınmış məhsulların qeydiyyatı hansı formada aparılmalıdır? 

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.

Eyni zamanda, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Əsas: Vergi Məcəlləsinin 71-2-ci maddəsi.

Mənbə: vergiler.az


Əmək müqaviləsi nədir?

posted in: Xəbər | 2

Kadrlar uçotunun mahiyyəti 

İşçilərin işə qəbulu zamanı istifadə edilən əmək müqaviləsi kadr uçotu məqsədləri üçün əsas sənəddir. Kadr uçotunun aparılması hər bir müəssisə, təşkilat üçün mütləqdir. Bu uçot Azərbaycan Respublikası qanunvericiliyinə uyğun tənzimlənir. Gəlin ilk öncə onun nə olduğuna nəzər yetirək:

Kadr uçotu – işçilərin işə qəbulu, yerdəyişməsi və ya işdən azad olunması, işçi və işəgötürən arasında əmək münasibətlərinin sənədləşdirilməsi ilə bağlı olan tədbirlərdir. Beləliklə, kadr uçotu ilkin kadr sənədləri və əmək münasibətləri haqqında daxili qaydalar əsasında həyata keçirilir.

Kadr uçotunun düzgün şəkildə yerinə yetirilməsi əmək mübahisələrində problemlərin rahatlıqla həll olunmasına gətirib çıxarır. Əmək müqavilələri sayəsində həm işəgötürən, həm də işçi üçün gələcəkdə yarana biləcək problemlərin qarşısı alınır.

Kadr işlərinin düzgün təşkilinin müxtəlif yolları var:

  • kadrlar xidməti yaratmaq və bu sahə üzrə mütəxəssis tutmaq;
  • bu işi sənədlərlə yaxşı işləməyi bacaran mühasib və ya katibənin öhdəsinə qoymaq;
  • bu funksiya üzrə ixtisaslaşmış autsorsinq şirkətinə müraciət etmək.

Qeyd olunan üsulların hər birinin müsbət cəhətləri olmaqla yanaşı, yaratdığı çətinliklər də mövcuddur. Müəssisəyə uyğun seçim etmək lazımdır.

Mühasibatlıqda kadrlar üzrə sənədlərin tərkibi

Kadr uçotunun qurulması prosesi aşağıdakılardan ibarətdir:

  1. əmrlərin tərtib olunması;
  2. işçilərin şəxsi işlərinin yaradılması;
  3. müqavilələrin tərtib olunması;
  4. məzuniyyət, ştat cədvəllərinin tərtib olunması;
  5. təftiş predmeti üzrə kadr kargüzarlığının yoxlanması;
  6. prosedurun tələb olunan kadrlar prosesinə uyğun şəkildə yazılması və s.

Kadr işləri üzrə məsul şəxsin əsas vəzifələri arasında ilkin sənədlərin qəbulu, nəzarəti, işlənməsindən ibarət işlər də mövcuddur. Kadr uçotuna dair sənədləri tərtib edərkən şəxsin birbaşa fərdi məlumatları toplanır, işlənir. Bəs fərqli mərhələlərdə bu tənzimləmələr üçün hansı sənədlər mövcuddur?

Kadr uçotunda ən çox istifadə olunan əmək müqavilələridir. Bundan əlavə əmək kitabçaları, əmrlər və s. mövcuddur. Bu məqalədə biz əmək müqaviləsinin nə olduğuna dair məlumatları bölüşəcəyik.

Əmək müqaviləsi nədir?

Əmək müqaviləsi işçi ilə işəgötürən arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edir və aşağıdakı şəxslər arasında bağlanır:

  • işçi (iş yerində çalışan fiziki şəxs);
  • işəgötürən (müdiriyyət, müəssisənin rəhbəri).

Əmək müqaviləsi müəssisə, yaxud təşkilatlarda əmək  münasibətlərinin rəsmiləşdirilməsinə əsas verən yeganə sənəddir. İşəgötürənlə işçi arasında əmək münasibətləri AR Əmək Məcəlləsi ilə tənzimlənir.

Bəzi hallarda işəgötürənlər tərəfindən işçilərlə əmək müqaviləsi əvəzinə xidmət müqaviləsi bağlanılır. Lakin xidmət müqaviləsi hər hansı xidmətin göstərilməsi məqsədi ilə sifarişçi və icraçı arasında bağlanılan mülki-hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənir. Məsələn, tapşırıq müqaviləsi, podrat müqaviləsi və s.

Əmək müqaviləsinə əsasən işəgötürən işçini işlə təmin edir, ona görə əmək haqqı ödəyir. Bunun müqabilində işçi:

  • səmərəli işləməyi,
  • iş qrafiki qaydalarına əməl etməyi,
  • əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirməyi öhdəsinə götürür.

AR Əmək Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş bəzi hallar istisna olmaqla, əmək müqaviləsi tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış hesab olunur və hüquqi qüvvəyə minir. Əmək müqaviləsi aşağıdakı tələbləri özündə əks etdirir:

Əmək müqaviləsi aşağıdakı tələbləri özündə əks etdirir:

  • İki tərəfin də hüquq və vəzifələrini;
  • Əmək şəraitinin şərtlərini;
  • İşçinin əmək funksiyasını;
  • Tərəflərin öhdəliklərini.

Əmək müqaviləsi Əmək Məcəlləsinə əlavə nümunəvi formaya uyğun tərtib edilir. tərəflərin razılığı iləsərbəst bağlanır, yəni bunun üçün heç bir məcburiyyət olabilməz.

Əmək müqaviləsi bağlayanda bir sıra üstünlüklər əldə edirsiz:

Əmək müqaviləsi bağlamaqla 8 saatlıq iş hüququ, əmək pensiyasının alınması, əmək məzuniyyəti kimi hüquq əldə edə bilərsiz

Əmək müqaviləsi haqqında biliklər yalnız kadr uçotu işçiləri üçün deyil, müəssisə rəhbərləri və işçilər üçün də vacibdir.


İstehsal və xidmət sahələrində sistemli idarəetmə niyə vacibdir?

posted in: Xəbər | 0

iso 9001, idarəetmə ,Vüsal Mahmudov: “Heç bir müəssisədə, istər özəl olsun, istər dövlət  izlənilmə, ölçülmə və daima təkmilləşdirmə aparılmadan inkişafdan söhbət gedə bilməz”

İnkişaf edən cəmiyyətlərdə görülən işlərə qiymət, fəaliyyətin situmllaşdırılması, eləcə də keyfiyyətə nəzarət sistemi olduqca vacibdir. Təsadüfi deyil ki, bu gün dünyada keyfiyyətin ölçülməsi və qiymətləndirilməsi işini həyata keçirən sertifikatlar mövcuddur.

Onların arasında ISO 9001, 14001, 45001 idaretmə sistemləri xüsusi yer tutur. Məhz bu sistem məhsul dizaynından istehsal işinə qədər bütün istehsal mərhələlərini əhatə edən bir keyfiyyət təminatı standartıdır. Dünyanın əksər ölkələrində qəbul edilən və planetin yönünü verən bu idarəetmə sistemləri üzrə mütəxəssis Vüsal Mahmudov qonağımızdır.

Vüsal bəy, Azərbaycanda ISO 9001, 14001, 45001 idarəetmə sistemləri üzrə praktik təlim keçən, məsləhət xidməti verən azsaylı mütəxəssislərdənsiniz. Nədən bu sahələri bu qədər dərindən öyrənmək qərarına gəldiniz?

– İlk öncə qeyd edim ki, bu beynəlxalq standartları inkişaf etmiş ölkələr uzun illərdir uğurla tətbiq edir. Həmin ölkələrdə ümumi inkişaf dinamikasına bu standartların, xüsusilə də ISO 9001:2015 keyfiyyət idarəetmə sisteminin olduqca ciddi təsiri var. Belə ki, sistemli yanaşma, risk əsaslı düşünmə, proseslərin daim izlənməsi, ölçülməsi biznes proseslərinin düzgün idarə olunması baxımından müstəsna əhəmiyyətə malikdir.

Heç bir özəl və ya dövlət sektorunda, biznes və layihədə izlənilmə və ölçülmə aparmadan heç bir inkişafdan söhbət gedə bilməz. Bu sistemlərin faydaları ilə yaxından tanış olduqda nə qədər faydalı olduğunu görürsən. Anlayanda ki, dünya artıq müasir dövrə daxil olur, qərara gəldim ki, mən də bu sahədə özümü sınayım. Bakalavr və magistr təhsilim menecmentlə bağlı olduğu üçün açığı bu sahə bir o qədər də çətin gəlmədi. O səbəbdən ki, müəyyən təsəvvürlərim artıq formalaşmışdı. Eyni zamanda Cənab Pezident İlham Əliyevin dəfələrlə öz çıxışlarında yenilikçi çağırışlar etməsi məni ruhlandırırdı. Dövlət başçısı çıxışları zamanı müasir biliklərə yiyələnən mencerlərə xüsusi ehtiyac olduğunu bildirirdi.

İdarəetmə standartlarının sayının çox olduğu bir dövrdə onları öyrənmək asan deyil. Maraqlıdır bu standartları necə və hansı yollarla peşəkar səviyyədə əzx edə bildiniz?

– Açığını desəm, tələbəlik illərimdə Azərbaycanda bu praktik biliklərə yiyələnmək üçün yetərli bir kurs tapa bilmədim. O səbəbdən bu sahəni daha dərindən öyrənmək üçün Türk Standartları İnstitutundan və  TÜV Avstriya beynəlxalq sertifikatlaşdırma qurumundan ayrı-ayrılıqda ISO 9001, 14001, 45001 standartları üzrə baş auditorluq təlimləri aldım. Daha sonra Türkiyədə İMES sənayə şəhərində robot istehsalında, qəlib istehsalında təcrübə keçərək biliklərimi daha da möhkəmləndirdim. Azərbaycanda 10 illik iş təcrübəm zamanı plastik qapı-pəncərə, boya, sabun, plastik və dəmir qab, polimer, alkid, keramika və PVA yapışdırıcıları, elektronika istehsalı, tədris və loqistika xidməti və s. sahələrdə ISO 9001,14001,45001 standartlarının uğurlu tətbiqini həyata keçirmişəm. Heç şübhəsiz bütün bunlar mənim üçün böyük təcrübə oldu.

Bu sahə ölkəmiz üçün yenidir. Sizcə, bu sahədə peşəkar kadrların yetişməsi üçün hansı addımlar atılmalıdır? 

– Avropanın və inkişaf etmiş dövlətlərin təcrübəsinə istinad etsək görərik ki, bu sahənin inkişaf yolu kifayət qədər sürətli olub. Bu mənada çox da uzaq olmayan gələcəkdə Azərbaycanda da bu sahə ciddi inkişaf mərhələsinə qədəm qoyacaq. Sahənin incəliklərindən və inkişaf perspektivlərindən xəbərdar olan biri kimi deyə bilərəm ki, bu beynəlxalq standartlar gələcək inkişafımızın zəmanəti olacaq. Bu mənada gələcəkdə kadr problemi yaşamamaq üçün gənc mütəxəssislərin yetişdirilməsi işinə xüsusi diqqət ayrılmalıdır. Mən öz miqyasımda ISO 9001 standartı üzrə ümumilikdə 6600-dən artıq gəncə praktik ödənişsiz təlimlər keçmişəm. Qeyd edim ki, bu təlimlər böyük marağa səbəb olub. Onların arasında hazırda bu sahədə fəaliyyət göstərən peşəkar kadrlarımız var. Təbii ki, bu sahənin Azərbaycanda inkişaf etməsini, təşəkkül tapmasını istəyən və buna çalışan biri kimi, bu məni ruhlandırır.

Keyfiyyət göstəriciləri nədir? Bir peşəkar kimi fikirlərinizi eşitmək maraqlı olardı?

– Heç şübhəsiz müxtəlif yayım və tanıtım vasitələri olsa da, əsas məhsul və xidmətin keyfiyyətidir. Məhz elə bu səbəbdən inkişafına milyonlarla, hətta milyardlarla sərmayə qoyulan məhsullar bəzən öz rəqiblərinə uduzurlar. Çünki qarşı tərəf daha keyfiyyətli məhsul istehsal edir. Təbii, heç kim “öz ayranına turş deməz”, hamı deyir ki, mənim təklif etdiyim məhsul daha keyfiyyətlidir. Keyfiyyət meyarlarının ölçülməsi də məhz bu baxımdan önəmlidir. Bəzən belə təsəvvürlər formalaşır ki, keyfiyyətli məhsul bahalı olmalıdır. Bu qətiyyən belə deyil. Nəzərə alanda ki, bazarda müxtəlif alıcı qrupları var və hər bir qrupun da haqqıdır ki, keyfiyyətli məhsul istehlak etsin, bu mənada nisbətən aşağı qiymətlərlə də keyfiyyətli məhsul istehsal etmək zəruri və mümkündür.

Keyfiyyət tələb olunanın təqdim olunmasıdır. Müştərinin və qanunvericiliyin tələblərinə uyğun təklif edillən məhsul və xidmət keyfiyyəli hesab olunur. Keyfiyyətin qiymətləndirilməsi zamanı da bu amillərə xüsusi diqqət yetirilməlidir.

ISO 9001-2015 keyfiyyət idarəetmə sistemi bir şirkətə hansı fayda və üstünlükləri qazandırır?

ISO 9001-2015 keyfiyyət idarəetmə sistemi şirkət daxilində bütün proseslərin, idarəetmə həlqələrinin düzgün prinsiplər əsasında fəaliyyət göstərməsini təmin edir. ISO 9001 standartı birbaşa olaraq məhsulun keyfiyyətinin göstəricisi deyil, müəssisənin idarəetmə mexanizminin sistemli və nizam içində olmasını təmin edir. ISO 9001-i tətbiq edən şirkətlər daha düzgün idarəetmə sisteminə sahib olur, onlar təsirli və uzun müddət qalıcı təsirə malik idarəetmə mexanizmi yarada bilirlər. Müştərilərin istək və tələblərini ön planda tutaraq daha yaxşı xidmət və məhsul təqdim edə bilirlər. Layihələndirmə proseslərində daha yaxşı riskləri qiymətləndirir və düzgün koordinasiya sistemini qura bilirlər. Mütəmadi olaraq fəaliyyətlərin yaxşılaşmasını təmin edib şirkət daxilində davamlı yaxşılaşmanı təmin edə bilirlər. Şirkət daxili koordinasiyanın düzgün qurulmasında, performans dəyərləndirilməsində daha ədalətli yanaşmaya, sistemli və proses yanaşmaya, risklərin düzgün qiymətləndirilməsində və idarə edilməsində üstünlük əldə etmiş olurlar.

Bəs ISO 9001 standatını tətbiq etməyən şirkətlər hansı çətinliklərlə üzləşir?

– ISO 9001 sisteminin tətbiq edilmədiyi şirkətlərdə izlənəbilirlik prinsipi və ölçüləbilənlik anlayışı olduqca aşağı səviyyədə olur. Bu da o deməkdir ki, yaranan problemlərin nə səbəbdən yarandığını və necə aradan qaldıracaqlarını bilmirlər. Performans dəyərləndirməsi edə bilmirlər, zəif və riskli nöqtələrini aşkarlaya bilmirlər. Bu isə biznes proseslərinin davamlılığı üçün olduqca böyük təhlükədir.

İzlənəbilirlik prinsipi və ölçüləbilənlik anlayışı özündə nəyi ehtiva edir?

– Əgər izlənəbilirlilik mexanizmi işləmirsə, bir şirkət daxilində baş verən hansısa bir prosesdə, mərhələlərdə yarana biləcək nöqsanların, problemlərin hansı səbəbdən yaranması və kimlər tərəfindən yarandığını ölçmək və izləmək mümkün olmur. Xüsusilə müştəri məmnuniyyətinin idarə olunması sahəsində müştərilərdən gələn şikayətlərin statistikası ölçülə bilmir, problemlərin səbəbləri və onların aradan qaldırılma yolları barəsində məlumatsız qalırlar. Təbii ki, belə olan təqdirdə mütəmadi olaraq yaranan hər bir kiçik problem gələcəkdə böyük çətinliklər yaradır və şirkət rəqiblər qarşısında aciz vəziyyətdə qalıb bazarı tərk etməli olurlar. Bir çox hallarda şahid oluruq ki, şirkətlər yarandığı qısa müddət ərzində böyük uğurlar əldə edib yüksək miqdarda satışlar edib mənfəət qazana bilirlər. Məhz bu sistemli yanaşmanın və risk əsaslı düşüncənin olmaması səbəbindən bir müddət sonra müştəri sayı gözlədiklərindən artıq yarandığı təqdirdə, həmin müştərilərə vaxtı vaxtında xidmət və yaxud da məhsul təqdim edə bilmirlər və yaxud da ki, məhsulun və ya xidmətin keyfiyyətini əvvəlki kimi saxlaya bilmirlər. ISO 9001-in əsas tələblərindən biri də odur ki, hər hansı bir proseslərin gedişatı, onların artımı, onlarda olan azalmalar və qarşılaşa biləcək risklər öncədən dəyərləndirilir, buna uyğun planlama fəaliyyəti həyata keçirilir, resurslar müəyyən olunur və həmin fəaliyyəti icra edəcək şəxslər öncədən bu proseslərə hazırlaşdırılır, vəzifə, məsuliyyət və səlahiyyət bölgüsü düzgün şəkildə aparılır. Buna idarəetmədə dəyişikliklərin idarə edilməsi də deyilir. Dəyişikliklərin idarə edilməsi yeni layihələrdə, yeni böyümə addımlarında baş verə biləcək bütün mərhələlərin sistemli şəkildə, bir-biri ilə əlaqəli şəkildə icrası və eyni zamanda da icrasına nəzarəti təmin edir.

Bəlkə biraz da konkretləşdirək, ISO 9001 standartının tətbiqi dedikdə nə nəzərdə tutulur?

– İlk öncə onu qeyd edim ki, ISO 9001 sisteminin əsas məsələsi ondan ibarətdir ki, şirkət daxilində olan bütün proseslər, yazılı prosedurlar, məlumatlar şəklində qeyd olunur və gedən bütün əməliyyatlar hamısı qeydlər formasında aparılır, izlənilir, ölçülür və qorunub saxlanılır. Məhz bu qeydlər sayəsində həmin yarana biləcək nöqsanlar aşkarlana bilir, müəyyən dinamik statistikalar əsasında şirkətin gedişatı ilə bağlı məsələlər izlənə bilir və problemlər yaranmamışdan öncə önləyici fəaliyyətlər həyata keçirilə bilir. Bu qeyd sisteminin aparılmadığı və naməlum idarəetmənin olması səbəbindən şirkətlər bir çox hallarda prosesləri yanlış icra edirlər və yaxudda yanlışların nədən ibarət olduğunu anlaya bilmirlər.

Sistemin tətbiq olunması işçilərin iş fəaliyyətinə hansı üstünlüklər qazandırır?

– Onu qeyd edim ki, ISO 9001 sistemi qurulan şirkətdə bütün işçilərin vəzifə təlimatları, iş təlimatları, gördükləri işlərin ardıcıllığı, yəni bütün prosedurlar ətraflı şəkildə yazılır. Həmin işçilər öz görəcəkləri işlərdən və öhdəliklərdən, məsuliyyətlərinə və səlahiyyətlərinə qədər ətraflı məlumatlı olurlar və onlar iş prosesində heç bir çətinlik yaşamadan öncədən təyin olunmuş meyarlar və mexanizmlər əsasında sistemli şəkildə öz işlərini qura bilirlər. Bəzi şirkətlərdə, hansı ki, bu sistem tətbiq olunmayan şirkətlərdə işçilərin vəzifə öhdəlikləri, məsuliyyətləri düzgün bölünmədiyindən və yaxud da onların bundan məlumatsız olması səbəbindən onlar arasında olduqca koordinasiyasızlıq yaranır və işin düzgün aparılmasında komanda quruculuğunda ciddi problem yarada bilir. Performans dəyərləndirməsi, audit yoxlamaları zamanı məhz bu yazılmış, elan olunmuş qaydalara istinadən dəyərləndirmə edilir. Bu səbəbdən ISO 9001-in tələblərinə uyğun ədalətli bir əsaslarda dəyərləndirmə aparıla bilir. Bundan əlavə ISO 9001-in ən önəmli tərəflərindən biri standartın 7.1.6. maddəsində qeyd olunan təşkilati bilik maddəsidir. Bu maddə şirkət daxilində öyrənilən bilik və təcrübələrin sənəd üzərində yazılmasını və təcrübəli şəxslərdən yeni gələn əməkdaşlara ötürülməsini təmin edir. Əksər şirkətlərdə mütəxəssis və peşəkar vəziyyətə çatmış işçilər işdən ayrıldıqda və yaxud da onlar başqa işə keçdikdə onların işlərinin icrası bir çox hallarda çətin, bəzi hallarda isə mümkünsüz olur. Məhz bu səbəbdən biznes proseslərinin mütəmadiliyini və davamlılığını təmin etməkdə sıxıntı yaşanır. Şirkət rəhbərləri bu tip risklərlə qarşılaşmasınlar deyə standartın 7.1.6. maddəsinin tələblərinə uyğun olaraq şirkət daxilində yaranmış təşkilati biliyi, yəni bilik və təcrübələri işlərin görülmə ardıcıllığını, icra mexanizmini, sənəd şəklində, video təlimat şəklində, səs qeydləri şəklində hazırlamalı, qoruyub saxlamalı və yeni əməkdaşlara ötürməlidir. Bununla bərabər yeni əməkdaşlar bu təlimatları öyrənib yenidən imtahan verməli və yalnız imtahan nəticələri qənaətbəxş olan, səriştələri yetərli olan əməkdaşlar iş proseslərinə cəlb olunmalıdır.

ISO 9001 standartının ədalətli idarəetmə üçün zəruriliyindən bəhs etdiniz. Bunlar hansılardır?

– ISO 9001 standartının 9.2. maddəsi daxili audit maddəsi şirkət daxilində baş verən proseslərin düzgün icra mexanizminə uyğun gedib getmədiyini yoxlayan bir maddədir. Bu maddənin ən önəmli tərəfi ondan ibarətdir ki, şirkət yoxlamaları hansısa fərdlərin öz düşüncə tərzi, dünya görüşü və təcrübələrinə görə yox, şirkətin öncədən yazılmış prosedur və məlumatlarına uyğun auditin aparılmasıdır. Belə ki, audit çox həssas bir məsələdir. Bu həkim həssaslığı qədər dəqiq olmalıdır. Təsəvvür edin ki, həkim bir insanın ağrıyan ayağının haradan ağrıdığını yoxlamaq üçün onun ayağına xəfif şəkildə toxunarsa, həmin xəstə o ağrını hiss etməz və harasının ağrıdığı ortaya çıxmaz və yaxud da tam tərsinə şiddətli şəkildə toxunmalar edib ağrı yerini axtarmağa çalışsa, onda hər şiddətli sıxdığı yerdə  həmin şəxs daha  çox ağrı çəkəcək və yenə də doğru nöqtəni tapa bilməyəcək. Bunu orta dərəcədə öncədən təyin edib lazımi yerlərə müəyyən toxunuşlar edəndə isə ağrıyan nahiyəni tapıb müdaxilə etmə şansları olur. İdarəetmə də bu şəkildədir. Audit zamanı öncədən təyin olunmuş prosedur və təlimatlar əsasında suallar hazırlanır, işçilərin bildiyi və öyrədildiyi məsələlər üzərinə yoxlamalar aparılır. Məhz bu özü bir ədalətli idarəetmə sisteminin olmasını göstərir. Bir çox hallarda auditlər yazılmış qaydalara görə yox, özlərinin düşüncə tərzlərinə görə iş aparır və bu zaman da qarşı  tərəflə (yoxlanılan tərəflə) problemlər yaranır, və onlar auditin ədalətsiz aparıldığına və yaxud da hansısa qərəzli bir fəaliyyətin olduğunu iddia edirlər.

Bəs bu qədər faydalı olan ISO 9001 standartını bir şirkət necə əldə edə bilər? 

– İstənilən şirkət öz idarəetmə mexanizmini standartın tələblərinə uyğun sənədləşdirilmiş şəkildə hazırlayıb öz heyətinə bunu tədris edərək, onları peşəkarlaşdıraraq, vaxtlı vaxtında bu tədrisləri etməklə, auditləri aparmaqla, davamlı yaxşılaşdırma fəaliyyətini etməklə, şirkətdə həmin bu ISO 9001 standartını icra etmiş olar. Və bunlar hamısı təbii ki sənədləşdirilmiş formada aparılmalıdır. Bəzi şirkətlər sənədlərin hazırlanmasını özləri edir, əksər şirkətlər isə ilk başlanğıcda bu xidməti hansısa bir consulting təşkilatından əldə edə bilirlər. Ondan sonra sertifikatlaşma orqanlarına müraciət edirlər və sertifikatlaşma orqanı 3-5 günlük auditlər nəticəsində uyğunsuzluq aşkar olunmazsa onlara qısa müddət ərzində sertifikatlarını təqdim edə bilirlər. Yox, uyğunsuzluqlar olarsa, uyğunsuzluqların aradan qaldırılması üçün zaman verirlər və həmin müddətdən sonra yenidən serifikatlaşma fəaliyyəti aparıla bilir.

Biznes elitası ilə yaxından təmasdasınız. Sonda biznes sahibləri və idarəçilərinə hansı mesajı vermək istərdiniz?

– Mənim biznes sahiblərinə və menecerlərə ən önəmli tövsiyəm odur ki, ISO 9001-2015 keyfiyyət idarəetmə sistemi haqqında məlumata sahib olsunlar. Standartın bütün tələblərini şirkət daxilində tətbiq olunmasına çalışsınlar. Əməkdaşlarını bu sahə üzrə peşəkarlaşdırsınlar və nəzərdə tutmadıqları qədər böyük uğurları əldə edəcəklərinə əmin olsunlar. Bu istər karyera inkişafında, istərsə də biznes prosesləri zamanı proseslərin düzgün icrasında olduqca əhəmiyyətlidir.


1 542 543 544 545 546 547 548 2. 702