Əmlak vergisi üzrə kameral vergi məktubları barədə tövsiyələr

posted in: Xəbər | 0
birbank biznes

Kameral vergi yoxlaması

Əmlak vergisi üzrə kameral vergi yoxlaması haqqında danışarkən, ilk növbədə bu verginin tutulma formasına nəzər salmaq vacibdir. Əmlak vergisi üzrə vergitutmanın aşağıdakı formaları tətbiq edilir.

  • tədiyyə bildirişi əsasında;
  • bəyannamələrə uyğun.

Binaların xüsusi mülkiyyətçiləri olan fiziki şəxslər, habelə su və hava nəqliyyat vasitələrinin rezident fiziki sahibləri həmin əmlaklara görə vergini bildiriş əsasında ödəyir. Vergi orqanı yaxud bələdiyyə tərəfindən aparılmış hesablamalar əsasında vergi ödəyicisinə tədiyyə bildirişi təqdim edilir və ödəniş bu bildirişə əsasən icra olunur. Bu halda əmlak vergisi üzrə kameral yoxlamadan danışmaq mənasızdır.

Kameral vergi yoxlaması, vergi ödəyicisinin təqdim etdiyi vergi hesabatları, habelə artıq mövcud olan digər məlumatlar əsasında yerlərə getmədən vergi orqanı tərəfindən aparılır. Əmlak vergisi bəyannaməsi müəssisənin və fərdi sahibkarın balansında olan əsas vəsaitlərə görə təqdim edilir. Emlak vergisi üzrə kameral vergi yoxlaması bu bəyannamənin məlumatları əsasında aparılır.

Əmlak vergisi üzrə kameral yoxlamanın məqsədi

Kameral vergi yoxlamasının məqsədi aşağıdakılardır:

  • vergi pozuntularının aşkar edilməsi və onların qarşısının alınması;
  • vergi və digər dövlət yığımları üzrə normativ hüquqi aktların icrasına nəzarət;
  • ödənilməmiş və ya tam ödənilməmiş vergi və cərimələrin bərpası;
  • maliyyə sanksiyaları üçün əsas olduqda, onların tətbiqi.

Kameral yoxlama proseduru vergi müfəttişlərinin təşkilata birbaşa getməsini nəzərdə tutmur, Dövlət Vergi Xidmətinin uyğun qurumlarında aparılır. Tənzimləyici orqanların səlahiyyətləri belə yoxlamada məhduddur, şirkətin kameral yoxlama prosesində fəal iştirakı tələb olunmur. Ümumiyyətlə, vergi yoxlaması qanun pozuntuları aşkarlanana qədər sakit, səs-küysüz keçir. Qanun  pozuntuları aşkarlandıqda vergi orqanı vergilərin bərpasından tutmuş cinayət məsuliyyətinə qədər müxtəlif tədbirlər görə bilər.

Əmlak vergisi üzrə risk meyarları

Emlak vergisi üzrə kameral vergi yoxlaması aşağıdakı risk meyarları nəzərə alınmaqla aparılır:

  • yoxlanılan  və əvvəlki dövrlərin vergi bəyannamələrinin məlumatlarının müqayisəsi;
  • əmlak vergisi üzrə azadolmaların düzgün tətbiqinin araşdırılması;
  • mənfəət vergisi bəyannaməsinin 233.2 sətri ilə əmlak vergisi bəyannaməsinin göstəricilərinin müqayisə edilməsi;
  • dəqiqləşdirilmiş emlak vergisi beyannamesinde azalma halları varsa, onların səbəblərinin müəyyənləşdirilməsi.

Bunlardan başqa, əmlak vergisi üzrə kameral yoxlama zamanı hesabat dövründə vergitutma bazasına təsir edən və vergi ödəyicisinin fəaliyyəti ilə bağlı vergi orqanında olan aşağıdakı məlumatlar da araşdırıla bilır:

  • Dövlət Gömrük Komitəsindən idxal-ixrac barədə alınan məlumatlar;
  • notariat əməliyyatları barədə məlumatlar (daşınmaz əmlakın alqı-satqısı zamanı);
  • dövlət satınalma müqavilələri üzrə məlumatlar;
  • nəqliyyat vasitələrinin qeydiyyatını aparan qurumların məlumatları;
  • mənbəyi məlum digər məlumatlar.

Əmlak vergisi üzrə kameral məktub

Əgər kameral yoxlama zamanı təqdim edilmiş vergi bəyannaməsində uyğunsuzluq aşkar edilərsə vergi ödəyicisinə  tam adı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” olan kameral məktub göndərilir. Məktubda vergi orqanı kameral vergi yoxalmasının aparılmasının mümkün olmaması və bunun səbəbləri göstərilir. Həmçinin yoxlamanın tamamlanması üçün zəruri sənəd və məlumatların təqdim edilməsi (məsələn, dəqiqləşdərilmiş əmlak vergisi bəyannaməsi) tələb olunur.

Kameral məktuba cavabı necə yazmalı?

Ola bilər ki, dəqiqləşdirilmiş vergi bəyannaməsindən başqa izahat məktubu da yazmaq lazım gəlsin. Vergi orqanının uyğunsuzluq haqqında məktubuna cavab sərbəst formada hazırlanır. Əslində bu, həm də vergi orqanına təqdim olunan sənədlərə müşayiət məktubudur. Məktubun mətnində o, vergi orqanlarının tələbini yerinə yetirdiyini və tələb olunan sənədləri onlara göndərdiyini göstərir.

Məktubda kameral yoxlamanın tamamlanması üçün göndərilən sənədlərin siyahısı göstərilməlidir. Əgər uyğunsuzluq məktubunda əlavə suallar nəzərdə tutulubsa, vergi ödəyicisi onların hər biri üçün izahat verir.

Tələb olunan sənədlər çatışmır – vergi ödəyicisini nə gözləyir?

Vergi orqanlarına istənilən halda cavab vermək lazımdır. Bəs əmlak vergisi üzrə tələb olunan sənədlər yodursa? Çox güman ki, vergi əməkdaşları müəssisədə səyyar vergi yoxlaması keçiriləcək.

Sənədlərin itirilməsi, məhv edilməsi və ya ümumiyyətlə verilməməsi şirkət üçün ciddi problem yarada, maliyyə sanksiyalarına, inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər. Vergi işçilərinə bütün lazımi sənədlərin vaxtında təqdim edilməsi bu riskləri aradan qaldırır.

Kameral vergi yoxlaması haqqında daha çox məlumat almaq istəyirsiniz? Peşəkarların konsultasiya xidmətindən istifadə edin!


Print Friendly, PDF & Email