Əmlak vergisinin ödəyiciləri kimlərdir?

posted in: Xəbər | 0
birbank biznes

Əmlak vergisinin ödəyiciləri

Bu verginin ödəyiləri həm fiziki şəxslər,  həm də müəssisələrdir. Əmlak vergisi ödəyicisi olmaq üçün sərəncamınızda, balansınızda vergiyə cəlb edilən əmlak olmalıdır. Məsələn, fiziki şəxs olaraq sizin yaşayış, qeyri-yaşayış sahələriniz, su, hava nəqliyyatı vasitəniz, yaxud vergi ödəyicisi olan fiziki şəxssinizsə əsas vəsaitləriniz yoxdursa əmlak vergisi ödəyiciləri qrupuna aid edilmirsiniz.

Həm fiziki şəxslər, həm müəssisələrin əmlak vergisinə cəlb edilməsinə baxmayaraq verginin tutulması, ümumiyyətlə vergitutma obyektləri fərqlidir.

Əmlak vergisi üzrə vergitutma obyektlərini 2 kateqoriyaya ayıra bilərik:

  • fiziki şəxslər;
  • müəssisələr.

Düzdür, fiziki şəxslərin bir qismi eyni zamanda sahibkarlıq fəaliyyətiylə məşğul ola bilər. 2022-ci ilə qədər vergi qanunvericiliyində sahibkarlıq fəaliyyətiylə məşğul olan fiziki şəxslərin əsas vəsaitlərinə görə əmlak vergisinə cəlb edilməsi nəzərdə tutulmamışdı. 2022-ci ildən qüvvəyə minmiş əhəmiyyətli dəyişikliklərdən biri məhz sahibkarlıq subyektlərinin əmlak vergisi nümunəsində bir-birinə bərabər tutulması oldu. Deməli, artıq fərdi sahibkarlar da əsas vəsaitlərə görə əmlak vergisi ödəməlidir. Hesab edirik belə yanaşmaya çoxdan ehtiyac var idi.

Hansı fiziki şəxslər əmlak vergisinin ödəyiciləridir

Bildiyimiz kimi fiziki şəxslər iki qrupa ayrılır:

  • sahibkarlıq fəaliyyəti ilə məşğul olmayanlar;
  • fərdi sahibkarlar.

Yuxarıda qeyd etdiyimiz kimi, mülkiyyətində tikililər – yaşayış, qeyri-yaşayış sahələri olan fiziki şəxslər əmlak vergisi ödəyiciləridir. Bu həm rezident, həm də qeyri rezident fiziki şəxslərə aiddir. Tikililər Azərbaycan Respublikasının Vergi Məcəlləsində “bina” kimi adlandırılır.

“Bina” anlayışı  Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində aşağıdakı kimi müəyyən edilib (maddə 3.0.11):

Bina – insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyektidir.

Həmçinin, istifadə dərəcəsindən asılı olmayaraq su və hava nəqliyyatı vasitələri olan rezident fiziki şəxslər əmlak vergisi ödəyiciləridir.


Vergi yoxlamasına hazırlaşırsınız? Peşəkar vergi mütəxəssisləri sizin xidmətinizdədir!


Vergi Məcəlləsinə 2022-ci ildə edilən dəyişikliklərə görə fərdi sahibkarlar balanslarında olan əsas vəsaitlərə görə əmlak vergisinin ödəyiciləri hesab olunur. Bu zaman Məcəllənin 197.1.1 maddəsində qeyd edilən aktivlər nəzərə alınmır.

Əmlak vergisi ödəyicisi olan fiziki şəxslər  bələdiyyələrdə qeydiyyata alınır və hesablanmış vergini yerli büdcəyə ödəyir.

Əmlak vergisinin ödəyiciləri olan müəssisələr

Balansında əsas vəsaitlər olan müəssisələr əmlak vergisi ödəyiciləri qrupuna aiddir. Onlar vergini dövlət büdcəsinə ödəyir. Vergi ödənişləri hesabat ili ərzində hər rüb üçün cari vergi ödəmələri şəklində ödəyir.

Amma bu heç də bütün müəssisələrə aid deyil. Məsələn, aşağıdakılar əmlaka vergisi ödəmir:

  • dövlət hakimiyyəti və yerli özünü idarəetmə orqanları;
  • büdcə təşkilatları;
  • Mərkəzi Bank, onun struktur vahidləri;
  • dövlət fondları və sair.

Əmlak vergisinin ödəyiciləri hesab edilməyən (vergidən azad edilən) müəssisələr qrupuna aid edilən hüquqi şəxslərlə  buradan tanış olmaq olar.


Print Friendly, PDF & Email