Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

posted in: Xəbər | 0

minimum əməkhaqqıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti minimum əməkhaqqıdan aşağı əməkhaqqı qeyd edilən əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi ilə işəgötürənlərə müraciət edib.

Nazirlikdən verilən məlumata görə, müraciətdə bildirilib ki, aylıq iş vaxtı normasını işləyən və əmək funksiyasını yerinə yetirən işçinin aylıq əməkhaqqısı 2023-cü il yanvarın 1-dən 345 manatdan aşağı ola bilməz.

Müraciətdə qeyd olunub ki, Prezident İlham Əliyevin 5 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib: “Dövlət Əmək Müfətişliyi Xidməti işəgötürənlərin nəzərinə çatdırır ki, 2023-cü il yanvarın 1-ə qədər minimum əməkhaqqıdan aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi və bununla bağlı müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi təmin edilməlidir.

Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı 2023-cü il yanvarın 1-dən 345 manatdan aşağı ola bilməz. Nazirliyin “Əmək və Məşğulluq” altsistemi vasitəsilə bu sahədə vəziyyətə mütəmadi nəzarət olunur. Bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə öz əksini tapır. Bu altsistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində izləməyə imkan verir”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə minimum aylıq əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi inzibati məsuliyyətə səbəb olur.

Mənbə: report.az


Elektron qaimə-faktura göstəricilərinin ödəniş tapşırığında qeyd edilməsi

posted in: Xəbər | 0

E-qaimə faktura göstəriciləri,İqtisadçı ekspert Anar Bayramovun mövzunu şərhi təqdim edir.

Vergi Məcəlləsinin 16.11.1-ci maddəsinə əsasən, bu Məcəllənin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə – elektron qaimə-fakturanın seriya və nömrəsi; təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə – tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi ödəniş tapşırığında göstərilməlidir.

Vergi Məcəlləsinin 16.11-ci maddəsində ödəniş tapşırığındakı məlumatlarla bağlı göstərilən tələblər əksər vergi ödəyicilərinə aiddir. Həmin maddəyə əsasən, vergi ödəyiciləri arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatları həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığında elektron qaimə-faktura ilə bağlı 16.11.1-ci maddədə qeyd olunan məlumatlar göstərilir.

Göründüyü kimi, vergi ödəyicilərinin vəzifələrinə ödəniş tapşırığında aparılan əməliyyatlar üzrə geniş məlumatların qeyd edilməsi tələbi vardır. Maddənin müvafiq bəndlərini izah etmədən öncə bildirək ki, Vergi Məcəlləsinin 16.11-ci maddəsi ilə müəyyən edilən tələblər həm kağız, həm də elektron formada tərtib edilən ödəniş tapşırıqlarına şamil edilir. Bəzi həmkarlarımız hesab edirlər ki, internet bankinq üzərindən tərtib edilən ödəniş tapşırıqlarına maddənin tələbi şamil edilmir. Fikrimizcə, tələblər bütün növ ödəniş tapşırıqlarını əhatə edir.

Vergi Məcəlləsinin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə məlumatların əks etdirilməsi zamanı elektron qaimə-fakturanın seriya və nömrəsinin göstərilməsi tələbi müəyyənləşdirilib.

Misal 1: Vergi ödəyicisi qarşı tərəfə 20.000 manatlıq mal təqdim edib və qarşı tərəf ödənişi həyata keçirəndə mütləq ödəniş tapşırığında 20.000 manatlıq malın elektron qaimə-fakturasının seriyasını və nömrəsini qeyd etməlidir.

Misal 2: Vergi ödəyicisinə konsaltinq şirkəti 2.000 manatlıq mühasibat xidməti göstərib. Vergi ödəyicisi mühasibat xidməti göstərən qarşı tərəfin təqdim etdiyi elektron qaimə-fakturanın seriyasını və nömrəsini qeyd etməlidir.

Misal 3: Vergi ödəyicisinin qarşı tərəfə təqdim etdiyi 4.000 manatlıq malın 800 manatlıq hissəsi geri qaytarılıb. Qarşı tərəf 4.000 manatlıq malın ödənişini etdiyi üçün vergi ödəyicisi 800 manatlıq ödənişi geri qaytardıqda ödəniş tapşırığında mütləq qaytarılma haqqında qaimə-fakturanın seriyası və nömrəsi qeyd edilməlidir.

Burda diqqət çəkən digər məqam Vergi Məcəlləsinin 71-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin müəyyən müddətdən sonra elektron qaimə-fakturanı təqdim etməsi hallarıdır.

Misal 4: Vergi ödəyicisi qarşı tərəfdən əvvəlcədən sifariş edilməyən 3.000 manat məbləğində malları “Malların təhvil-qəbul aktı” sənədi ilə 13 yanvar 2022-ci il tarixdə qəbul edib. Malları təqdim edən şəxs elektron qaimə-fakturanı 17 yanvar 2022-ci il tarixdə göndərib. Mümkündür ki, vergi ödəyicisi 15 yanvar 2022-ci il tarixdə 3.000 manatlıq malların dəyərinin ödənilməsi ilə bağlı ödəniş tapşırığı tərtib etsin. Bu halda vergi ödəyicisi ödəniş tapşığına “Malların təhvil-qəbul aktı”nın nömrəsini və tarixini qeyd etməlidir.

Misal 5: Vergi ödəyicisi qarşı tərəfə 22 yanvar 2022-ci ildə təlim xidməti göstərib. Tərəflər arasında işlərin (xidmətlərin) görülməsi ilə bağlı akt olsa da, vergi ödəyicisi “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-fakturanı 26 yanvar 2022-cü ildə təqdim edib. Vergi ödəyicisi tərəflər arasında 24 yanvar 2022-ci ildə imzalanan akta görə ödəniş həyata keçirdikdə, ödəniş tapşırığında həmin aktın nömrəsini və tarixini qeyd etməlidir.


ƏDV hesablanması necə aparılır?


İndi isə misalları fərqli şərtlərlə təqdim edək.

Misal 6: Vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malları “Malların təhvil-qəbul aktı” ilə 10 mart 2022-cü ildə qəbul edib. O, 19 mart 2022-ci il tarixdə ödəniş etmək istəsə də, məlum olur ki, qarşı tərəf 5 gün müddət keçməsinə baxmayaraq elektron qaimə-fakturanı təqdim etməyib. Bu halda vergi ödəyicisi ödəniş tapşırığında elektron qaimə-fakturanı yox, “Malların təhvil-qəbul aktı”ndakı məlumatları qeyd edərsə, o zaman vergi orqanı tərəfindən maliyyə sanksiyasına məruz qala bilər.

Misal 7: Vergi ödəyicisi qarşı tərəfə İT xidməti göstərib, tərəflər arasında xidmətin göstərilməsi ilə bağlı 10 aprel 2022-ci ildə akt imzalanıb. Xidməti alan şəxs 18 aprel 2022-ci ildə ödənişi həyata keçirmək istəyəndə məlum olur ki, xidmət göstərən tərəfindən “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-faktura təqdim edilməyib. Ödəniş tapşırığında aktla bağlı məlumatlar qeyd edilərsə, ödənişi həyata keçirən şəxsə maliyyə sanksiyası tətbiq oluna bilər.

O səbəbdən də ödənişi həyata keçirən şəxs Vergi Məcəlləsinin 71-1.1-ci maddəsindəki müddət tələblərini nəzərə almaqla ödəniş tapşırığında qeydlər aparmalıdır. Müddət tələbləri pozulduğu təqdirdə elektron qaimə-faktura təqdim olunarsa, maliyyə sanksiyası ödəniş tapşırığını tərtib edən şəxsə tətbiq olunacaq. Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddətlə bağlı tələbini pozaraq elektron qaimə-faktura göndərməyən şəxsə ödənişlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilmir.

Vergi Məcəlləsinin 16.11.1-ci maddəsinə əsasən, təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə – tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsinin ödəniş tapşırığında qeyq edilməlidir. Maddədə ilk diqqət yetiriləsi məqam “müntəzəm və daimi əsaslar” məfhumudur. Təcrübəli həmkarlarımız xatırlayırlar ki, Vergi Məcəlləsinin 1 yanvar 2020-cı il tarixdən qüvvədən düşən 166.3-cü maddəsində xidmətlərin müntəzəm və ya daimi əsasda göstərilməsi qeyd edilmişdi. “Müntəzəm və daimi əsaslar”ın hansı hallara aid edilməsi maraq doğurur. Məcəllədə bu, qeyd olunmasa da, fikrimizcə, aşağıdakı halları həmin anlayışa aid etmək olar:

Misal 8: Vergi ödəyicisi supermarketlə bağladığı 1 illik müqaviləyə əsasən, həmin obyekti süd məhsulları ilə təmin edir. 2022-ci ilin fevral ayı ərzində vergi ödəyicisi 10 ədəd elektron qaimə-faktura üzrə malları vergi ödəyicisinə təqdim edib. Market qarşı tərəfə ödəniş etdikdə 10 ədəd elektron qaimə-fakturanın göstəricilərini deyil, sadəcə tərəflər arasında imzalanan müqavilənin məlumatlarını qeyd edib. Bu, qanunvericiliyə uyğundur. Təbii ki, malları təqdim edən vergi ödəyicisi də göndərdiyi elektron qaimə-fakturada müqavilənin göstəricilərini qeyd etməlidir.

Misal 9: Vergi ödəyicisi biznes mərkəzi ilə bağladığı müqaviləyə əsasən, onun konfrans zalından müntəzəm istifadə edir. Vergi ödəyicisi 2022-ci ilin aprel ayında iki dəfə tədbir keçirdiyi üçün qarşı tərəf ona 4 elektron qaimə-faktura təqdim edir. Bu zaman vergi ödəyicisi ödəniş həyata keçirdikdə elektron qaimə-fakturaları yox, müqavilənin tarixini qeyd edə bilər.

Misal 10: Vergi ödəyicisi bağladığı müqaviləyə əsasən, qarşı tərəfdən müntəzəm mühasibat xidmətləri slır. Mühasibat xidmətləri göstərən şəxs fevral və mart aylarında elektron qaimə-faktura təqdim edib. Vergi ödəyicisi iki ayın haqqını ödəyərsə, müqavilədəki yox, elektron qaimə-fakturadakı məlumatı qeyd etməlidir. Çünki Vergi Məcəlləsinin müvafiq maddəsində “təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-faktura ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə aparlması” göstərilib.

Mənbə: vergiler.az


Azərbaycan Respublikasının vergi qanunvericiliyi

posted in: Xəbər | 0

Vergi hüququ və onun iştirakçıları

Əksər müəlliflər vergi qanunvericiliyi haqqında danışarkən, onu müxtəlif normativ hüquqi aktları özündə birləşdirən sistem, vergi hüququnun mənbəyi kimi xarakterizə edirlər. Azərbaycan Respublikasının vergi qanunvericiliyi sistemi barədə məlumat verməzdən öncə, vergi hüququ, onunun iştirakçıları barədə əsas anlayışları diqqətinizə çatdıraq.

Maliyyə hüququnun bir sahəsi olan vergi hüququ vergitutma sahəsində ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur.  Vergi hüquq münasibətlərinin əsas iştirakçılarına aşağıdakılar aiddir:

Vergi münasibətlərini tənzimləyən ölkənin vergi qanunvericiliyi sistemi, habelə beynəlxalq müqavilələr (məsələn, İkiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlər) Azərbaycan Respublikasında vergi hüququnun mənbələridir.

Vergi hüququnun əsas mənbəyi – konstitusiya

Vergi qanunvericiliyi dövlətin vergi hüququnu tənzimləyən normativ hüquqi aktların məcmusudur. Vergi qanunvericiliyi:

    • vergilərin növlərini, vergi dərəcələrini, vergilərin tutulması qaydasını, vergi güzəştlərini müəyyən edir;
    • vergi öhdəliyi, onun yaranması, dəyişdirilməsi, habelə xitamı ilə bağlı münasibətləri tənzimləyir;

Qanunvericilik ödəyicilər üçün sadə, başa düşülən dildə yazılmalı, dəyişikliklərə operativ reaksiya verməlidir.

Azərbaycan Respublikasının vergi qanunvericiliyi Konstitusiyaya, Vergi Məcəlləsinə, müvafiq qaydada qəbul edilmiş respublika qanunvericilik aktlarına əsaslanır.

Azərbaycan Respublikasının vergi qanunvericiliyi AR Konstitusiyası, Vergi Məcəlləsi, digər normativ hüquqi aktlardan ibarətdir.

 

Dövlət və vətəndaş arasında vergi münasibətləri AR konstitusiyasında müəyyən edilib. Verginin ödənilməsi hər bir ölkə vətəndaşının üzərinə düşən öhdəlikdir, bu zaman onların iqtisadi vəziyyəti,  vergi ödəmə qabiliyyəti nəzərə alınır. Verginin məcburi alınması tələbi konstitusiya ilə təsbit olunur (maddə 73).

Vergi münasibətlərinin sistemləşdirilməsi

Vergi ödənişləri zamanı ödəyici ilə alıcı arasında birincinin ikinciyə məcburi tabeliyinə əsaslanan əmlak münasibətləri yaranır. Odur ki, tərəflərin bərabərliyinə, iradə sərbəstliyinə, əmlak müstəqilliyinə əsaslanan mülki qanunvericilik normaları, yəni AR Mülki Məcəlləsinin müddəaları vergi münasibətlərinə şamil edilmir. Həmin münasibətlər Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2000-ci ilin 11 iyulunda qəbul edilmiş, 2001-ci ilin 1 yanvarından qüvvəyə minmiş Vergi Məcəlləsi ilə (sonrakı düzəliş və dəyişikliklərlə) tənzimlənir. Məcəllə Azərbaycan Respublikasında vergi hüququnun əsas  məcəllələşdirilmiş mənbəyidir.

Vergi qanunvericiliyi sisteminin əsas tərkib hissəsi olan VM-in icrasını təmin etmək üçün qəbul edilən bütün normativ hüquqi aktlar Məcəllənin müddəalarına uyğun olmalıdır.

Əgər vergitutma, habelə vergi nəzarəti məsələlərinə aid sahə qanunvericilik aktları və vergi qanunvericiliyi aktları arasında ziddiyyət olarsa, bəzi istisnalarla, vergi qanunvericiliyi aktları tətbiq edilməlidir. İstisnalar Məcəllənin tətbiqindən əvvəl yaxud sonra  təsdiq olunan aşağıdakı qanunlara aiddir:

    • hasilatın pay bölgüsü, əsas boru kəməri haqqında, həmçinin digər oxşar saziş yaxud qanunlar (o cümlədən neft və qaz) haqqında;
    • ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında;
    • xüsusi iqtisadi zonalar haqqında.

Həmin  qanunların tətbiqi zamanı yaranan ziddiyyətlərin aradan qaldırılması bu sazişlərin yaxud qanunların müddəaları tətbiq edilir.

Digər qanunvericilik aktları

Azərbaycan Respublikasının vergi qanunvericiliyinin tətbiqi zamanı aşağıdakı qanunvericilik aktlarının müəyyən müddəalarından istifadə də mümkündür:

  • AR İnzibati Xətalar Məcəlləsi;
  • AR Cinayət Məcəlləsi;
  • hasilatın pay bölgüsü haqqında digər saziş yaxud qanunlar;
  • xüsusi iqtisadi zonalar haqqında qanunlar;
  • “Ələt azad iqtisadi zonası haqqında” AR Qanunu və sair.

Vergi münasibətlərini tənzimləyən qanunvericilik aktlarının siyahısı əhatəlidir, onların geniş tərkibi burada verilib.

Nəzər almaq lazımdır ki, istehsalın beynəlmiləlləşməsi ölkələrin vergi qanunları arasında tez-tez ziddiyyətlər yaradır.  Bu da vergi ödəyiciləri olan müəssisələrin ikiqat vergitutmaya məruz qoya bilər: həm xarici investorun ölkəsində, həm də qəbul edən ölkədə vergi ödənişi zərurəti yaranır. Oxşar vəziyyət  bir ölkənin vətəndaşları digər ölkədə gəlir əldə etdikdə də yaranır. Ölkələr arasında ticarət əlaqələrini inkişaf etdirmək  məqsədi ilə bir sıra beynəlxalq sazişlərdən istifadə olunur, məsələn:

İqtisadi-maliyyə münasibətlərinin, vergi hüququnun daimi inkişafı vergi qanunvericiliyinin müntəzəm olaraq təkmilləşdirilməsin zəruri edir. Nəticədə qanunvericilik aktlarında düzəlişlər edilir, yeniləri qəbul edilir, bəziləri qüvvədən düşür. Odur ki, vergi uçotu ilə məşğul olan mütəxəssislər onun dinamik Azərbaycan Respublikasının vergi qanunvericiliyini diqqətdə saxlamalı, cərimə və maliyyə sanksiyasından qaçmaq üçün dəyişiklikləri operativ olaraq işlərində tətbiq etməlidir.


Azərbaycan vergi sistemi müstəqillik dövründə

posted in: Xəbər | 0

Vergi sisteminin növləri

Müəyyən vaxtda bir ölkədə yığılması təmin edilən vergilərin məcmusu vergi sistemi adlanır. Ölkələr yeni vergi növü tətbiq edir, bəzilərini tənzimləyir, bəzilərin isə ləğv edir. Sistemin tərkibin formalaşnmasına iqtisadi, maliyyə, siyasi, sosial şərtlər, habelə dövlət idarəçiliyuinin inkişafı təsir edir. Başqa sözlə, vergi sistemi ölkənin iqtisadi, siyasi, sosial strukturlarının, ölkədəki mövcud iqtisadi şəraitin təsiri altında formalaşır. Yəni keyfiyətli vergi sistemi qurmaq üçün uyğun iqtisadi struktur olmalıdır.

Muasir Azərbaycanın vergi sistemi mövcud beynəlxalq vergi münasibətlərinin təsiri altında, yerli özəlliklər nəzərə alınmaqla quqrulur. Bu zaman bir çox bilgilərə, o cümlədən xarici ölkələrin vergi sistemi barədə məlumata malik olmaq lazımdır. Belə məlumatlar iqtisadi münasibətlərin keyfiyyətinə, ödəyicilərin vergi yükünün həcminə, umumilikdə dövlətrlərarası maliyə-iqtisadi əlaqələrə birbaşa təsir edir.

Dünya ölkələrində mövcud vergi sistemləri aşağıda verilib:

  • mütərəqqi (proqressiv) vergi sistemi;
  • qeyri-mütərəqqi (reqresuv) vergi sistemi;
  • qarışıq vergi sistemi;
  • proporsial vergi sistemi.

Vergi sistemləri vergi dərəcələrinin tətbiq mexanizminə görə fərqlənir.

Müasir Azərbaycanın vergi sitemi

1991-ci ildə müstəqillik əldə edən Azərbaycan fiskal-büdcə və vergi siyasətini qurmağa başladı. Həmin müddətə:

  • qanunlar qəbul edildi;
  • vergilərin növü, habelə dərəcələri dəqiqləşdirildi;
  • dövlət rüsumları müəyyənləşdi.

Müasir Azərbaycanın vergi sisteminin qurulması, köklü iqtisadi dəyişikliklər, habelə bazar iqtisadiyyatına keçid dövrü olan 1991-1992-ci illərdən başlayır. Bu keçid prosesini üç mərhələdə araşdırmaq lazımdır.

Birinci mərhələ 1991-1992-ci illəri əhatə edir. Gəlir gəlir və digər vergilər haqqında qanunlar bu dövrdə qəbul olundu.

1991-ci ilin noyabrında “Hüquqi şəxslərin mənfəətləri və gəlirlərin ayrı-ayrı növlərindən vergilər haqqında”,  dekabrında “Əlavə Dəyər Vergisi”, “Aksizlər haqqında”,  1992-ci ilin iyununda “Azərbaycan Respublikasında fiziki şəxslərdən gəlir vergisi haqqında” qanular qəbul olundu, vergi dərəcələri müəyyən edildi:

Müstəqillik dövründə Azərbaycanda vergi qanunları qəbul olundu, vergi dərəcələri müəyyən edildi.

Vergilər haqqında qanunlarla yanaşı həmin dövrlərdə vergi inzibatçılığı formalaşması istiqamətində tədbirlər görüldü (mənbə: “Azərbaycan Respublikasının vergi xidməti: İslahatlar, nəticələr – A.F.Musayev”).

İkinci dövr 1993-1996-cı illəri əhatə edir. Bu dövrdə bazar iqtisadiyyatının tələbatını ödəmək üçün bir çox yeni vergi qanunları qəbul edildi. 1993-cü ilin fevralında “Torpaq vergisi”, 1995-ci ilin martında “Əmlak vergisi”, “Mədən vergisi”; 1996-cı ilin fevralında “Dövlət Yol Fonduna vergilər haqqında” qanunlar qəbul edildi, vergi qanunlarının icrası ilə bağlı fərman və sərəncamlar verildi.

Müstəqillik dövründə Azərbaycanın vergi sisteminin qurulmasının 1996-2000-ci illəri əhatə edən üçüncü mərhələsi mövcud qanunlara dəyişikliklərlə xarakterikdir. Bunu cəmiyyətdə, iqtisadiyyatda baş verən dəyişikliklər zəruri edirdi. Bu mərhələdə özəl sektorun təşviqi və inkişafı məqsədilə bir-sıra tədbirlər görüldü. Məsələn, 1999-cu ilin yanvarında “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və özəl sektorun inkişafı üçün süni təzahürlərin aradan qaldırılması haqqında” qanun qəbul edilmişdir.  Mərhələnin nəticəsi olaraq 2000-ci ilin iyulunda “Vergi Məcəlləsi” qəbul edilmiş, 2001-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.

Sonrakı dövrlərdə vergi sisteminin təkmilləşdirilməsi məqsədilə “Vergi Məcəlləsi”nə əlavələr, dəyişikliklər edilib.

Azərbaycan Respublikasının vergi sistemini təşkil edən vergiləri üç əsas qrupa bölmək olar:

  • dövlət vergiləri;
  • muxtar respublika vergiləri;
  • yerli vergilər (bələdiyyə vergiləri).

Azərbaycan vergi sistemində tətbiq olunan vergiləri üç əsas başlığa bölmək olar. Bunlar gəlir vergiləri, mal – xidmətlərə görə vergilər və sərvət vergiləridir. Onlar haqqında ətraflı məlumatı buradan almaq olar.


 

1 601 602 603 604 605 606 607 2. 702