Read More9
Read More9

Xaricdən əldə olunan dividendlər üzrə vergi dərəcəsi azaldıldı

posted in: Xəbər | 0

“İqtisadiyyatda belə bir yanaşma var ki, vergi dərəcələrinin aşağı salınması ilə vergi daxilolmalarının yüksəldilməsinə nail olmaq mümkündür. Təcrübəmizdə audit zamanı vergi ödəyicilərinin dividend elan edərkən uzun illər xalis mənfəətində böyük məbləğlər qaldığını müşahidə edirdik. Faktiki olaraq bu və ya digər şəkildə vəsait oradan istifadə edilirdi, hətta nağdlaşdırma yolu ilə və s. çıxarılırdı, amma vergiyə cəlb olunmurdu. Dividendlərə görə vergi dərəcəsi 10%-dən 5%-ə endirildikdən sonra rezident müəssisələr tərəfindən artıq çox böyük məbləğdə dividendlər elan olundu”.

Bu fikri vergi eksperti Anar Bayramov Azərbaycan Risk Peşəkarları Assosiasiyasının mühasiblər üçün təşkil etdiyi seminarda səsləndirib. Onun sözlərinə görə, vergi dərəcəsinin azaldılması vergi daxilolmalarının artmasını stimullaşdırıb. Bu ildən isə qeyri-rezidentlər də bu güzəştdən yararlana biləcəklər.

“ƏDV ödəyicisi olmayan vergi ödəyicilərinin ödədikləri dividendlər, ümumiyyətlə, vergidən azaddır. Qeyri-rezident müəssisələrdə, yəni xaricdəki şirkətlərdə payı olan fiziki şəxslərin oradan əldə etdikləri dividendlərə görə güzəşt verilməmişdi. Əgər bir fiziki şəxsin ölkə hüdudlarından kənar qeyri-rezident bir müəssisədə təsis payı varsa, ona ödənilən dividend 14 faiz dərəcəsi ilə vergiyə cəlb olunurdu. Təcrübə göstərir ki, ciddi nəzarət edilən hallar istisna olmaqla, bir çox hallarda xaricdə təsis payları olan fiziki şəxslər həmin məbləğləri Azərbaycana gətirmirdi. Bu səbəbdən, artıq bu ildən etibarən həmin fiziki şəxslərin xaricdə əldə etdikləri dividendlər də 5% dərəcəsi ilə vergiyə cəlb olunacaq”, – A.Bayramov vurğulayıb.

Ekspertin fikrincə, sahibkarlar və ya xarici şirkətlərdə payı olan fiziki şəxslər dividendləri açıqlamaqda maraqlı olacaqlar: “Onlar ölkəyə valyuta gətirərək 5% dərəcə ilə vergi ödəməklə gəlirlərini şəffaflaşdıracaq və rahat şəkildə istifadə edəcəklər. Düşünürəm ki, bu da mütərəqqi dəyişikliklərdən biridir”.

Mənbə: vergiler.az

302 saylı “Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi” hesabı üzrə uçot

Duty Free malları üzrə ƏDV öhdəliyi dəqiqləşdirilib

posted in: Xəbər | 0

Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə daha bir sahədə vergitutma mexanizmi dəqiqləşdirilib. Vergi eksperti, “Bizcon Audit” MMC-nin rəhbəri Anar Bayramov Azərbaycan Risk Peşəkarları Assosiasiyasının təşkil etdiyi seminarda bu barədə məlumat verib.

Ekspertin sözlərinə görə, 2026-cı ildən rüsumsuz ticarət mərkəzlərinə (Duty Free) təqdim olunan mallara görə ƏDV 0 dərəcə ilə hesablanacaq: “Uzun illər aktual olan rüsumsuz ticarət mərkəzlərinə malların 18% dərəcə, yoxsa 0 dərəcə ilə təqdim edilməsi mübahisə predmeti idi və vergi ödəyiciləri üçün risklər yaradırdı. Bir tərəfdən belə izah edilirdi ki, rüsumsuz ticarət mərkəzlərinə malların verilməsi onların ixracı hesab olunur. Çünki xarici və yerli vətəndaşlar ölkədən çıxanda oradan mal alırlar. Bir növ, həmin məhsullar ixrac sayılır. Bilirik ki, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən, malların ixracı 0 dərəcə ilə ƏDV-yə cəlb olunur. Malların “Duty Free”yə təqdim olunması ilə bağlı sənədləşmədə ixrac gömrük bəyannaməsi tərtib olunurdu. Amma vergi qanunvericiliyində malların rüsumsuz ticarət mərkəzlərinə verilməsinin ƏDV-yə 0 dərəcə ilə cəlb olunması ilə bağlı normativ qayda yox idi. Artıq son dəyişikliklərdən sonra bu məqam Məcəllədə öz əksini tapıb. Rüsumsuz ticarət mərkəzlərinə satılan mallar artıq ƏDV-yə 0 dərəcə ilə cəlb olunacaq”.

Mənbə: vergiler.az

Sənədlərdə dəyişiklik zamanı vergi ödəyicilərinin addımları

Sənədlərdə dəyişiklik zamanı vergi ödəyicilərinin addımları

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir. 

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər hansı sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsində isə göstərilib ki, dəyişikliyin qeydiyyata alınması üçün dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim olunmalıdır. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.

Kommersiya və publik hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktlarının hər hansı sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün dəyişikliyin baş verdiyi andan 40 iş günündən gec olmayaraq, “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” və ya “Publik hüquqi şəxsin qeydiyyatı haqqında” ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim olunmalıdır. Kommersiya və publik hüquqi şəxsin nizamnaməsindəki məlumatlarda baş vermiş dəyişiklik faktının dövlət qeydiyyatına alınması zamanı aşağıdakı sənədlər təqdim olunur:

  • Ərizə;
  • Təsisçinin (təsisçilərin) qərarı;
  • Nizamnaməyə dəyişiklik;
  • Təsisçi dəyişikliyi zamanı yeni təsisçinin (təsisçilərin) şəxsiyyətini təsdiq edən sənəd;
  • Hüquqi ünvan dəyişikliyi zamanı yeni hüquqi ünvanı təsdiq edən sənəd;
  • Ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd.

Dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması zamanı aşağıdakı sənədlər təqdim olunmalıdır:

  • Ərizə;
  • Təsisçinin (təsisçilərin) qərarı;
  • İdarəetmə orqanlarının tərkibində (rəhbər, idarə heyətinin və müşahidə şurasının üzvləri) dəyişiklik olunduqda həmin şəxslərin şəxsiyyətini təsdiq edən sənəd;
  • Ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd.

Bu ərizələrin bir çoxunu elektron qaydada e-taxes.gov.az saytından əldə edə bilərsiniz. Dəyişiklik barədə 40 iş günü müddətində qeydiyyat orqanına müraciət olunmaması İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmçinin, Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən 40 manat cərimə tətbiq edilir.

Kommersiya və publik hüquqi şəxslərin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı qeyd olunan sənədlərlə yanaşı, həmin hüquqi şəxslərin möhürü və şəhadətnaməsi qeydiyyat orqanına təhvil verilməlidir. Möhür itirildiyi halda, bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayış təqdim olunmalıdır.

Mənbə: vergiler.az

302 saylı “Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi” hesabı üzrə uçot

302 saylı “Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Nizamnamə kapitalına qoyuluşlar

Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi üzrə məbləğlər Hesablar Planının 30-cu maddəsinin “Ödənilmiş nizamnamə (nominal) kapitalı”) 302-ci hesabı üzrə uçota alınır. Nizamnamə kapitalı müəssisə təsis edilən zaman təsisçi (sahibkar) tərəfindən qoyulan ilkin kapitaldır, müəssisənin fəaliyyətinin sonrakı mərhələlərində qanunvericiliklə müəyyən edilmiş qaydada və mənbələrdən artırıla bilər. Nizamnamə kapitalına pul vəsaitləri, əşya, maliyyə aktivləri formasında edilə bilər. Qeyri-pul formasında edilən qoyuluşların qiymətləndirilməsi təsis yığıncağının qərarı əsasında həyata keçirilir.

Məhdud məsuliyyətli cəmiyyətinin nizamnamə kapitalı onun nizamnaməsinə uyğun paylara bölünür və kreditorlar qarşısında öhdəliklərin təminatı kimi çıxış edir. Səhmdar cəmiyyətində bu kapital səhmdarların səhmlərinin nominal dəyəridir. Nizamnamə kapitalına edilən qoyuluşlar, onların formaları AR Mülki Məcəllənun 90-cı maddəsi ilə tənzimlənir.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”–na uyğun olaraq ödənilmiş nizamnamə (nominal) kapitalı maddəsi üzrə aşağıdakı hesablar açıla bilər (Qaydalar/28.1).Ödənilmiş nizamnamə (nominal) kapitalı üzrə açılan hesablar: Nizamnamə (nominal) kapitalı və Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi

302 saylı hesab uçotun MUBS-a uyğun tənzimlənməsi

Nizamnamə kapitalına qoyuluşların uçotu zamanı səhmlər üzrə mənfəət müəyyən edilməsi, onların təqdimatı prinsipləri 33 saylı “Səhm üzrə mənfəət” MUBS (IAS 33)  əsasında tənzimlənir.

Pay alətləri əsasında ödəmələr həyata keçirən müəssisələr tərəfindən maliyyə hesabatları üzrə əsas prinsiplərin müəyyən edilməsi 2 saylı “Pay alətləri əsasında ödəmə” MHBS (IFRS 2)  üzrə aparılır.

Mühasibat uçotu subyektlərinin digər müəssisələrdə olan iştirak paylarının xarakteri, bu paylarla bağlı risklər, maliyyə vəziyyəti, nəticələri, pul vəsaitlərinin hərəkətində sözügedən iştirak paylarının təsirləri müəyyən edilərkən 12 №-li “Digər müəssisələrdə iştirak paylarının açıqlanması” MHBS (IFRS 12) standartlarından istifadə edilir.

“Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi” hesabı üzrə tənzimləmələr

302 saylı “Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi” hesabı kapital hesabıdır. Hesabda mühasibat uçotu subyekti tərəfindən nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi haqqında məlumatlar ümumiləşdirilmiş şəkildə uçota alınır.

Mühasibat uçotu subyektinin nizamnamə (nominal) kapitalının ümumi dəyəri müəyyən edildikdə həmin qaydaların 28.2.-ci bəndi nəzərə alınır.

Mühasibat uçotu subyektinin səhmlərinin nominal dəyərinin ödənişi həmin qaydaların 28.3.-cü bəndi ilə nizamlanır.

Uzunmüddətli, qısamüddətli konvertasiya olunan istiqrazlar nizamnamə kapitalına çevrildikdə həmin qaydaların 28.6.-cı bəndi, uzunmüddətli, qısamüddətli öhdəliklər nizamnamə kapitalına çevrildiyi zaman isə 28.7.-ci bəndi tətbiq edilir.

Məqsədli maliyyələşmələr, daxilolmalar nizamnamə kapitalına çevrildikdə həmin qaydaların 28.8.-ci bəndini tələbləri nəzərə alınır.

Nizamnamə kapitalı ilə bağlı müxabirləşmə nümunələri

Müəssisənin təsisçisi tərəfindən nizamnamə kapitalı şəklində bank, kassa hesabına ödəniş edildikdə

Hüquqi şəxsi təsis etmək qərarına gələn Əliyev Əli və Vəliyev Vəli lazımi qurumlara müraciət edərək “A” MMC-nin dövlət qeydiyyatına alınması prosesini tamamlamışdır. 2 paya bölünən nizamnamə kapitalı cəmi 68000 manat təyin olunmuş, müvafiq olaraq, 45000 manatlıq hissəsi bank hesablaşma hesabına, 23000 manatlıq hissəsi isə kassaya mədaxil edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Nizamnamə kapitalının məbləği təyin olunduqda 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 301 – Nizamnamə (nominal) kapitalı 68000.00
2 Nizamnamə kapitalı bank hesablaşma hesabına ödənildikdə 223 – Bank hesablaşma hesabları 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 45000.00
3 Nizamnamə kapitalı kassaya ödənildikdə 221 – Kassa 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 23000.00

Səhmlərin buraxılması nəticəsində nizamnamə kapitalı formalaşdıqda

“A” ASC hər birinin dəyəri 2000 manat olmaqla 15 ədəd səhm buraxmışdır. Həmin səhmlər buraxılış dəyərilə satılmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Nizamnamə kapitalının məbləği təyin olunduqda 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 301 – Nizamnamə (nominal) kapitalı 30000.00
2 Nizamnamə kapitalı bank hesablaşma hesabına ödənildikdə 223 – Bank hesablaşma hesabları 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 30000.00

Müəssisənin təsisçisi tərəfindən nizamnamə kapitalı şəklində qeyri-maddi aktiv qoyulduqda

“A” MMC-nin təsisçisi 6000 manat dəyərində proqram təminatını nizamnamə kapitalı şəklində qoymuşdur. Bu Qeyri-maddi aktivi quraşdıran zaman 500 manat xərc çəkmişdir (ƏDV-siz).

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Nizamnamə kapitalının məbləği təyin olunduqda 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 301 – Nizamnamə (nominal) kapitalı 6000.00
2 Nizamnamə kapitalı şəklində qeyri-maddi aktiv qoyulduqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 6000.00
3 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 500.00

Müəssisənin təsisçisi tərəfindən torpaq, tikili, avadanlıqlar nizamnamə kapitalı şəklində qoyulduqda

“A” MMC-nin təsisçisi 4000 manat dəyərində əsas vəsaiti nizamnamə kapitalı şəklində qoymuşdur. Bu əsas vəsait quraşdırılan zaman 700 manat xərc çəkmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Nizamnamə kapitalının məbləği təyin olunduqda 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 301 – Nizamnamə (nominal) kapitalı 4000.00
2 Nizamnamə kapitalı şəklində torpaq, tikili və avadanlıq qoyulduqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 4000.00
3 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 700.00

Yükdaşıma ilə məşğul olan vergi ödəyicilərinin öhdəlikləri necə dəyişib?

1 72 73 74 75 76 77 78 2. 693
error: Content is protected !!