Özəl sektorda çalışan fiziki şəxslər üçün gəlir vergisi məbləği

posted in: Xəbər | 0

Özəl sektorda çalışan fiziki şəxslərin gəlir vergisinə tətbiq edilən 7 illik güzəştlər 2025-ci ilin sonunda başa çatıb. Bununla bağlı Vergi Məcəlləsində edilmiş dəyişikliklər 2026-cı il yanvarın 1-dən qüvvəyə minib. Həmin tarixdən etibarən qeyri-neft-qaz sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisinə dair yeni, mərhələli güzəştlərin tətbiqinə başlanılır. Məqsəd islahatların nəticələrinin qorunması və əmək gəlirləri üzrə “ağarma” imkanlarının dəstəklənməsinin davam etdirilməsidir. Bu səbəbdən, daha az gəlirlərə aşağı vergi yükünü müəyyən etməklə qeyri-neft-qaz sektorunun özəl bölməsində əməkhaqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb olunması nəzərdə tutulur. Aylıq məbləğindən asılı olaraq, 2.500 manatadək gəlirlər 2026-cı ildən 3 faiz, 2027-ci ildən 5 faiz, sonrakı illərdən isə 7 faiz, 2.500-8.000 manat aralığında gəlirlər 10 faiz və 8.000 manatdan yuxarı gəlirlər 14 faiz dərəcə ilə vergiyə cəlb olunacaq. Bu zaman işçinin aylıq gəliri 2.500 manatadək olduqda həmin məbləğin 200 manatlıq hissəsindən gəlir vergisinin tutulmaması ilə bağlı güzəşt qüvvədə qalacaq.

Bəs 2026-cı ildən fiziki şəxslərin gəlir vergisi necə hesablanacaq? Suala əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir.

Qüvvədə olan qanunvericiliyə görə, hazırda əməkhaqqından aşağıdakı icbari ödənişlər tutulur:

  1. Fiziki şəxslərin gəlir vergisi üzrə– fiziki şəxsin gəliri əsasında müəyyən olunmuş qayda və dərəcədə tutularaq dövlət büdcəsinə ödənilən vəsait.
  2. Məcburi dövlət sosial sığorta haqqı üzrə– sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Şəxsin pensiya kapitalının formaşlaması və müəyyən olunmuş müavinətlərdən istifadə etməsinə hüquq verən ödəniş.
  3. İşsizlikdən sığorta haqqı üzrə– nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması.
  4. İcbari tibbi sığorta haqqı üzrə– xidmətlər zərfinə daxil olan tibbi xidmətlərdən istifadə etmək üçün ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən ödəniş forması.

Fiziki şəxslərin gəlir vergisi üzrə tutulma

Azərbaycan Respublikasının vergi siyasətində əsas məqsədlərdən biri sosial ədalətin qorunması, “kölgə iqtisadiyyatı”nın azaldılması və dövlət büdcəsinin dayanıqlı gəlir mənbələrinin təmin edilməsidir. Bu istiqamətdə fiziki şəxslərin gəlir vergisi üzrə yeni dərəcələrin mərhələli tətbiqi 2026–2028-ci illər üçün nəzərdə tutulub. Dəyişikliklər əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxsləri əhatə edir.

Vergi Məcəlləsinin 101.1-1.1-ci maddəsinə əsasən, 2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı dərəcələrlə tutulacaq:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin dərəcəsi
2.500 manatadək olduqda 3 faiz
2.500 manatdan 8.000 manatadək olduqda 75 manat + 2.500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi
8.000 manatdan çox olduqda 625 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi

2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək 2.500 manatadək aylıq gəlirdən 5 faiz, 2.500 manatdan 8.000 manatadək olan aylıq gəlirdən 125 manat + 2.500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi və aylıq gəliri 8.000 manatdan çox olduqda 675 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin dərəcəsi
2.500 manatadək olduqda 5 faiz
2.500 manatdan 8.000 manatadək olduqda 125 manat + 2.500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi
8.000 manatdan çox olduqda olduqda 675 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi

2028-ci il yanvarın 1-dən isə 2.500 manatadək aylıq gəlirdən 7 faiz, 2.500 manatdan 8.000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8.000 manatdan çox olduqda 725 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

2028-ci il yanvarın 1-dən:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin dərəcəsi
2.500 manatadək olduqda 7 faiz
2.500 manatdan 8.000 manatadək olduqda 175 manat + 2.500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi
8.000 manatdan çox olduqda olduqda 725 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi

Qeyd edilənləri aşağıdakı cədvəldə ümumiləşdirə bilərik:

Dövr 2.500 manata qədər 2.500-8.000 manat arası 8.000 manatdan yuxarı
2026 3% 75 manat + (2.500 manatdan çox hissənin 10%-i) 625 manat + (8.000 manatdan çox hissənin 14%-i)
2027 5% 125 manat + (2.500 manatdan çox hissənin 10%-i) 675 manat + (8.000 manatdan çox hissənin 14%-i)
2028 7% 175 manat + (2.500 manatdan çox hissənin 10%-i) 725 manat + (8.000 manatdan çox hissənin 14%-i)

Qeyd edilənlərə əsasən, 2026, 2027 və 2028-ci il üzrə əməkhaqqından gəlir vergisinin tutulması üzrə praktiki nümunələrə baxaq. Neft-qaz sahəsində və dövlət sektorunda çalışanlar üçün vergi dərəcələrində hər hansı dəyişiklik olmadığı üçün aşağıda yalnız neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışanlar üçün müvafiq dəyişiklikləri əhatə edən nümunələr təqdim edilir.

2026-cı il üçün nümunələr:

Misal 1: Aylıq əməkhaqqı: 1.500 manat;
Vergiyə cəlb olunan məbləğ: 1.500 – 200 = 1.300 manat;
Gəlir vergisi (3%) → 1.300 x 3% = 39 manat.

2026-cı il yanvarın 1-dək bu nümunə üzrə tutulmanın məbləği gəlir 8.000 manatadək olduqda 0% faiz olduğundan 0 manat təşkil edir.

Misal 2: Aylıq əməkhaqqı: 9.000 manat;
Gəlir vergisi: 625 + (9.000 – 8.000) x 14% = 625 + 140 = 765 manat.

2026-cı il yanvarın 1-dək bu nümunə üzrə tutulmanın məbləği gəlir 8.000 manatadək olduqda 0% faiz, 8.000 manatdan çox olan məbləğin 14%-i həddində olduğundan 140 manat ((9.000-8.000) x 14%) təşkil edir.

2027-ci il üçün nümunələr:

Vergi tutulan aylıq gəlirin məbləği Vergi dərəcəsi
2.500 manatadək 5% (yalnız bu səviyyədə 200 manat güzəşt tətbiq olunur)
2.500–8.000 manat 125 ₼ + (2.500 manatdan çox hissənin 10%-i)
8.000 manatdan çox 675 ₼ + (8.000 manatdan çox hissənin 14%-i)

Misal 3: Aylıq əməkhaqqı: 1.500 manat;
Vergiyə cəlb olunan məbləğ: 1.500 – 200 = 1.300 manat;
Gəlir vergisi: 1.300 x 5% = 65 manat.

Misal 4: Aylıq əməkhaqqı: 9.000 manat;
Gəlir vergisi: 675 + (9.000 – 8.000) x 14% = 675 + 140 = 815 manat.

2028-ci il üçün nümunələr:

Gəlir səviyyəsi Vergi dərəcəsi
2.500 manatadək 7% (yalnız bu səviyyədə 200 manat güzəşt tətbiq olunur)
2.500–8.000 manat 175 manat + (2.500 manatdan çox hissənin 10%-i)
8.000 manatdan çox 725 manat + (8.000 manatdan çox hissənin 14%-i)

Misal 5: Aylıq əməkhaqqı: 1.500 manat;
Vergiyə cəlb olunan məbləğ: 1.500 – 200 = 1.300 manat;
Gəlir vergisi: 1.300 x 7% = 91 manat.

Misal 6: Aylıq əməkhaqqı: 9.000 manat;
Gəlir vergisi: 725 + (9.000 – 8.000) x 14% = 725 + 140 = 865 manat.

Yekun müqayisə:

İl Əməkhaqqı (manat) Vergi güzəşti tətbiqi Gəlir vergisi (manat)
2025 1 500 + 0
2025 9 000 140
2026 1 500 + 39
2026 9 000 765
2027 1 500 + 65
2027 9 000 815
2028 1 500 + 91
2028 9 000 865

Cədvəldən göründüyü kimi, 1.500 manat əməkhaqqı alan işçinin gəlirindən 2025-ci ildə 0 manat, 2026-cı ildə 39 manat, 2027-ci ildə 65 manat və 2028-ci ildə 91 manat gəlir vergisi tutulacaq.

Mənbə: vergiler.az

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artıb

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artıb

posted in: Xəbər | 0

Bu ilin yanvarın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6,5 % artaraq 859,3 min təşkil edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Məlumata görə, bu dövrə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 10,6 % artaraq 58,4 min olub.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 7,1 %artıb və 232,8 min təşkil edib.

Mənbə: report.az

Əmək müqavilələrinin sayı artır

Əmək müqavilələrinin sayı artır

posted in: Xəbər | 0

Bu il yanvarın 1-nə Azərbaycanda işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 1 895 378 olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirib.

Məlumata görə, 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayında 493 mindən çox artım müşahidə edilib.

O cümlədən, qeyri-neft-qaz sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 491 744 vahid artıb və 1 031 666 olub.

Mənbə: report.az

301 saylı “Nizamnamə (nominal) kapitalı” hesabı üzrə uçot

301 saylı “Nizamnamə (nominal) kapitalı” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Nizamnamə kapitalına qoyuluşlar

301 saylı “Nizamnamə (nominal) kapitalı” Hesablar Planının 30-cu maddəsinin (ödənilmiş nizamnamə (nominal) kapitalı) maddəsinə daxildir.

Müəssisə təsis edilən zaman təsisçi (sahibkar) tərəfindən ilkin kapital qoyuluşu edilir ki, bu da nizamnamə kapitalı adlanır. Nizamnamə kapitalına qoyuluşlar aşağıdakı formada edilə bilər:

  • pul vəsaitləri kimi;
  • əşya şəklində;
  • maliyyə aktivləri formasında.

Pul formasında olmayan qoyuluşlar təsis yığıncağına əsasən qiymətləndirilir.

Məhdud məsuliyyətli cəmiyyətdə nizamnaməyə əsasən müəyyənləşdirilərək paylara bölünən nizamnamə kapitalı kreditorlar qarşısında təminat rolunu oynayır. Səhmdar cəmiyyətində nizamnamə kapitalı səhmdarların əldə etdikləri səhmlərin nominal dəyəridir. Nizamnamə kapitalına edilən qoyuluşlar, onların formaları AR Mülki Məcəlləsi ilə (maddə 90) tənzimlənir.

301 saylı hesab üzrə uçot

301 saylı “Nizamnamə (nominal) kapitalı” hesabı üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” əsasında aparılır.

Bu aktiv hesab üzrə uçotun təşkili zamanı mühasibat uçotu üzrə bir neçə beynəlxalq standartı nəzərə almaq lazımdır.

  1. Səhmlər üzrə mənfəət müəyyənləşdirilərkən, onların təqdimatı prinsipləri təyin edilərkən 33 №-li “Səhm üzrə mənfəət” MUBS (IAS 33);
  2. Pay alətləri əsasında ödəmələr həyata keçirən müəssisələr tərəfindən maliyyə hesabat verməsi müəyyənləşdirilərkən 2 №-li “Pay alətləri əsasında ödəmə” MHBS (IFRS 2);
  3. digər müəssisələrdə olan iştirak paylarının xarakteri, bu paylarla bağlı risklər, maliyyə vəziyyəti, nəticələri, pul vəsaitlərinin hərəkətində sözügedən iştirak paylarının təsirləri müəyyən edilərkən 12 №-li “Digər müəssisələrdə iştirak paylarının açıqlanması” MHBS (IFRS 12) standartlarından istifadə edilir.

“Nizamnamə (nominal) kapitalı” hesabı üzrə tənzimləmələr

Yuxarıda qeyd edilən Qaydaların 28.1-ci maddəsinə görə ödənilməmiş maliyyə (nominal) kapitalı maddəsi üzrə aşağıdakı hesablar açılır:ödənilməmiş maliyyə (nominal) kapitalı maddəsi üzrə aşağıdakı hesablar açılır: Nizamnamə (nominal) kapitalı və Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi

301 saylı “Nizamnamə (nominal) kapitalı” hesabında mühasibat uçotu subyektinin nizamnamə (nominal) kapitalı barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Mühasibat uçotu subyektinin nizamnamə (nominal) kapitalının ümumi dəyəri üzrə uçot həmin qaydaların 28.2.-ci bəndilə tənzimlənir.

Geri alınmış kapital (səhmlər) ləğv edilən zaman həmin qaydaların 28.4.-cü bəndi tətbiq edilir.

Uzunmüddətli və qısamüddətli konvertasiya olunan istiqrazlar nizamnamə kapitalına çevrildikdə həmin qaydaların 28.6.-cı bəndi, uzunmüddətli və qısamüddətli öhdəliklər nizamnamə kapitalına çevrildikdə 28.7.-ci bəndinin tələbləri nəzərə alınır.

Məqsədli maliyyələşmələr, daxilolmalar nizamnamə kapitalına çevrildikdə həmin qaydaların 28.8.-ci bəndilə nizamlanır.

Nizamnamə kapitalı ilə bağlı müxabirləşmə nümunələri

Müəssisənin təsisçisi tərəfindən nizamnamə kapitalı şəklində bank, kassa hesabına ödəniş edildikdə

Hüquqi şəxsi təsis etmək qərarına gələn Əliyev Əli və Vəliyev Vəli lazımi qurumlara müraciət edərək “A” MMC-nin dövlət qeydiyyatına alınması prosesini tamamlamışdır. 2 paya bölünən nizamnamə kapitalı cəmi 68000 manat təyin olunmuş, müvafiq olaraq, 45000 manatlıq hissəsi bank hesablaşma hesabına, 23000 manatlıq hissəsi isə kassaya mədaxil edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Nizamnamə kapitalının məbləği təyin olunduqda 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 301 – Nizamnamə (nominal) kapitalı 68000.00
2 Nizamnamə kapitalı bank hesablaşma hesabına ödənildikdə 223 – Bank hesablaşma hesabları 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 45000.00
3 Nizamnamə kapitalı kassaya ödənildikdə 221 – Kassa 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 23000.00

Nizamnamə kapitalı xalis mənfəət hesabına artırıldıqda

Müəssisə ilin sonunda 250000 manat xalis mənfəət əldə etmişdir. Xalis mənfəətin 30%-lik hissəsi nizamnamə kapitalının artırılmasına yönəldilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Xalis mənfəət formalaşdıqda 801 – Ümumi mənfəət (zərər) 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 250000.00
2 Nizamnamə kapitalının məbləği təyin olunduqda 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 301 – Nizamnamə (nominal) kapitalı 75000.00
3 Nizamnamə kapitalı xalis mənfəət hesabına artırıldıqda 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 75000.00

Müəssisənin təsisçisi tərəfindən nizamnamə kapitalı şəklində qeyri-maddi aktiv qoyulduqda

“A” MMC-nin təsisçisi 6000 manat dəyərində proqram təminatını nizamnamə kapitalı şəklində qoymuşdur. Proqram təminatının quraşdırılması zaman 500 manat xərc çəkmişdir (ƏDV-siz).

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Nizamnamə kapitalının məbləği təyin olunduqda 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 301 – Nizamnamə (nominal) kapitalı 6000.00
2 Nizamnamə kapitalı şəklində qeyri-maddi aktiv qoyulduqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 6000.00
3 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 500.00

Müəssisənin təsisçisi tərəfindən torpaq, tikili, avadanlıqlar nizamnamə kapitalı şəklində qoyulduqda

“A” MMC-nin təsisçisi 4000 manat dəyərində əsas vəsaiti nizamnamə kapitalı şəklində qoymuşdur. Bu əsas vəsait quraşdırılan zaman 700 manat xərc çəkmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Nizamnamə kapitalının məbləği təyin olunduqda 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 301 – Nizamnamə (nominal) kapitalı 4000.00
2 Nizamnamə kapitalı şəklində torpaq, tikili və avadanlıq qoyulduqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 4000.00
3 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 700.00

Yükdaşıma ilə məşğul olan vergi ödəyicilərinin öhdəlikləri necə dəyişib?

1 74 75 76 77 78 79 80 2. 693