Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlərin nəzərinə!

posted in: Xəbər | 0

PMS imtahanı I mərhələ, PMS üzrə imtahan, PMS imtahanı, vergi orqanlarına işə qəbul,DİM tərəfindən 2021-ci il dekabrın 26-da peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahanın II mərhələsi keçiriləcəkdir.

Namizədlər 16 dekabr saat 13:00-dək DİM-in rəsmi internet səhifəsində göstərilən linkə (https://exidmet.dim.gov.az/elimt/pms2test/QeydList) daxil olub qeydiyyatdan keçə bilərlər.

İmtahanın II mərhələsi – qanunvericilik üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

İmtahanda iştirak haqqı 50 manatdır. İmtahanın davametmə müddəti 3 saatdır.

Namizədlərin bilik və bacarılarının yoxlanılması məqsədilə imtahanda 40 tapşırıqdan ibarət sual kitabçası təqdim olunur. İmtahandan maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 test tapşırığının hər biri 10 balla qiymətləndirilir.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər proqramlarla bu linkə daxil olaraq tanış ola bilərlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 237 saylı 22 may 2019-cu il tarixli qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:

2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti.

PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində (link) yerləşdirilib.

Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beş illik iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcəkdir.

İmtahandan 5 gün əvvəl namizədlər Mərkəzin saytından “İmtahana buraxılış vərəqəsi”ni və “Namizədin yaddaş kitabçası”nı çap edib götürə bilərlər.

Diqqət: Sanitar-epidemioloji vəziyyətlə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərarlardan asılı olaraq imtahan tarixi dəyişə bilər. Namizədlərə tövsiyə edilir ki, DİM-in rəsmi internet saytını müntəzəm olaraq izləsinlər.

Mənbə: dim.gov.az


Sosial ödənişlərlə bağlı yoxlamaların müddəti necə tənzimlənir?

posted in: Xəbər | 0

Avans ödənişi, ƏDV,Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

İqtisadçı ekspert Anar Bayramov həmin maddənin 2-ci hissəsinə əsaslanaraq bildirib ki, bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması Vergi Məcəlləsinin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Maddədə diqqət yetiriləsi 3 mühüm məqam yer alıb. Birinci məqam odur ki, 3 illik müddət anlayışı vergiyə aid edilsə də məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına şamil edilmir. Yəni vergi orqanı 2020-ci ildə vergi ödəyicisinin 3 ildən çox müddətə olan məcburi dövlət sosial sığortası ilə bağlı əməliyyatlarını yoxlaya bilər.

Misal 1: Vergi ödəyicisi 2012-2014-cü illərdə işçilərin əməkhaqqı gəlirləri üzrə məcburi dövlət sosial sığortasının hesablanmasını düzgün həyata keçirməyib. Vergi orqanı 2020-ci il tarixdə həyata keçirdiyi yoxlama zaman 3 ildən daha çox müddət olan 2012-2014-cü illər üzrə əməkhaqqı gəlirləri üzrə sənədləri yoxlaya bilər.

İkinci məqam: Vergi baxımından 3 illik müddət səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir.

Misal 2: Vergi orqanı 2021-ci ilin fevral ayında qərar verib ki, mənfəət (gəlir) vergisi ödəyicisində səyyar vergi yoxlaması həyata keçirsin. 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsinin 2020-ci ilin 31 mart tarixinə kimi təqdim olunmasını nəzərə alsaq, o zaman vergi orqanı vergi ödəyicininin 2016, 2017 və 2018-ci illər üzrə mənfəət (gəlir) vergisi bəyannaməsini yoxlamaq hüququna malikdir.

Üçünçü məqam: Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir.

Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Vergi orqanı vergi ödəyicisinin təqdim etdiyi bəyannamə üzrə 30 iş günü müddətində əlavə vergi hesablaya bilər. Həmin müddət bitdikdən sonra vergi orqanının kameral vergi yoxlaması həyata keçirmək hüququ olsa da, əlavə verginin hesablanması aparılmır.

Mənbə: vergiler.az


Bax:


Nağdsız hesablaşmalar üzrə qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər

posted in: Xəbər | 0

Növbəti ilin büdcə zərfi çərçivəsində hazırlanmış “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisdə baxılmaqdadır.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, qanun layihəsində bir sıra ödəmələrin nağdsız qaydada həyata keçirilməsini nəzərdə tutan dəyişikliklər təklif edilir. Layihəyə əsasən nağdsız həyata keçirilməsi nəzərdə tutulan ödəmələr aşağıdakılardır:

– pərakəndə satış qaydasında təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində 4 000 manatdan artıq olan ödənişlər;

– tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər;

– ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər;

– “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği 3 000 manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları).

Dövlət Vergi Xidməti bildirir ki, qeyd edilən dəyişikliklərin pərakəndə ticarət əməliyyatları zamanı ödənişlərin həyata keçirilməsi ilə bağlı vətəndaşlara müəyyən çətinliklər yaradacağı barədə bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlara bağlı münasibət bildirməyi zəruri hesab edir.

“Qeyd edilməlidir ki, təklif olunan dəyişikliyin əsas məqsədi “kölgə iqtisadiyyatı” ilə mübarizə, ölkə ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsinə nail olmaq, habelə istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirməkdir. Nağdsız hesablaşmaların iqtisadi dövriyyədə xüsusi çəkisinin artması biznes əməliyyatlarının şəffaflaşmasını və dövlət gəlirlərinin artmasını şərtləndirir ki, bu da nəticə etibarilə büdcənin maliyyə imkanlarını artırır, sosial sektorun maliyyələşdirilməsi ilə bağlı əlavə mənbələr yaradır”, – Dövlət Xidmətindən bildirilib.

Bundan əlavə, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən nağdsız hesablaşmanın aşağıdakı formaları vardır:

– bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə aparılan hesablaşmalar;

– ödəniş terminalları vasitəsilə həyata keçirilən hesablaşmalar;

– birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə aparılan hesablaşmalar.

“Göründüyü kimi, qanunvericilikdə nağdsız hesablaşmaların aparılmasının bir neçə forması təsbit olunub ki, vətəndaşlar nağdsız hesablaşmaları POS-terminallar, elektron ticarət platformaları, internet bankinq xidmətləri, mobil applikasiyalar, ödəniş terminalları vasitəsilə, həmçinin birbaşa nağd qaydada satıcının bank hesabına və ya bank hesabından satıcının bank hesabına köçürməklə həyata keçirmək imkanına malikdirlər. Bu səbəbdən, qanunvericiliyə edilməsi nəzərdə tutulan dəyişikliklər ticarət əməliyyatları zamanı vətəndaşlara münasibətdə hər hansı əlavə inzibati yük yaratmayacaqdır”, – Dövlət Xidmətindən bildirilib.

Bundan əlavə, Dövlət Vergi Xidməti qeyd edir ki, hazırda ölkə ərazisində pərakənda ticarət sahəsi üzrə alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması sisteminin tətbiq edildiyi nəzərə alınarsa, təklif olunan dəyişikliklər istehlakçılara qaytarılan ƏDV məbləğlərinin artmasına da müsbət təsir edəcək.

“Belə ki, qanunvericiliyə əsasən istehlakçıya qayatrılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15%-ni, nağd qaydada ödənilmiş ƏDV-nin 10%-ini təşkil edir. Eyni zamanda, qanunvericiliyə təklif olunan dəyişikliyə əsasən 2022-ci il 1 yanvardan etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətləri əldə edən istehlakçılar belə xidmətlərə görə ödənilmiş məbləğlərə görə ƏDV-nin geri qaytarılması hüququndan istifadə edə biləcəklər”, – Dövlət Xidmətindən qeyd olunub.

Mənbə: apa.az


Birbank Rəqəmsal Mərkəzlərində bank xidmətlərini daha tez və rahat həyata keçirmək olar

posted in: Xəbər | 0

Müştərilərə göstərilən xidmətlərinin operativ, çevik və keyfiyyətli həyata keçirilməsinə önəm verən Kapital Bank, bank xidmətlərinin rəqəmsallaşması istiqamətində müştərilərinə daim yeni xidmətlər təqdim edir. Hazırda Bankın əsas prioritetlərindən biri müştərilərin daha çox vaxt sərf etdiyi xidmətlərin, kredit əməliyyatlarının rəqəmsallaşmasıdır.

Təsadüfi deyil ki, cari il ərzində Kapital Bank-da istehlak kreditlərinin və BirKart taksit kartının rəsmiləşdirməsinin 52%-i məhz rəqəmsal kanallar vasitəsilə həyata keçirilib. Bu istiqamətdə fəaliyyətini genişləndirən Kapital Bank əhaliyə Birbank Rəqəmsal Mərkəzlərini təqdim edir. Bu mərkəzlər ənənəvi bank filialları ilə müqayisədə bir sıra üstünlüklərinə görə fərqlənirlər. Əsas üstünlüyü isə müştərilərin bank əməkdaşının iştirakı olmadan, özünəxidmət üsulu ilə bir çox xidmətlərdən yararlana bilməsidir.

Rəqəmsal Mərkəzlərin müştərilər üçün əsas üstünlükləri onlara, nağd pul kreditlərini və BirKart taksit kartını növbə gözləmədən, əlavə sənəd tələbi olmadan rahat şəkildə əldə etmək imkanının yaradılmasıdır. Əlavə olaraq bu mərkəzlərdən istifadə edən müştərilər Bankın standart şərtlərində qeyd olunan tariflər üzrə  (kreditlərin komissiyasında, faiz dərəcələrində və s.) bir sıra endirimlər əldə edə bilirlər.

Hazırda Bakı şəhərində 4 ünvanda Birbank Rəqəmsal Mərkəzləri fəaliyyət göstərir: Elmlər Akademiyası (Yasamal rayonu, 556/57-ci məhəllə, H. Cavid prospekti A), Memar Əcəmi (Nəsimi rayonu, Hüseyn Bala Əliyev küçəsi, 80E), Həzi Aslanov (Xətai rayonu, Məhəmməd Hadi küçəsi 73) və İnşaatçılar (Yasamal rayonu, A. M. Şərifzadə küçəsi 162). Gələcəkdə bu mərkəzlərin sayı artırılmaqla yanaşı, təqdim edilən bank xidmətlərinin sayı da artırılacaq.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


1 781 782 783 784 785 786 787 2. 686