245 saylı “Digər qısamüddətli aktivlər” hesabı: uçot prinsipləri və tənzimləmələr

posted in: Xəbər | 0

Mühasibat uçotu müəssisənin maliyyə vəziyyətinin düzgün əks olunması və iqtisadi qərarların qəbul edilməsi üçün əsas vasitələrdən biridir. Uçotda aktivlərin iqtisadi mahiyyətinə uyğun təqdim olunması mühüm əhəmiyyət daşıyır. Qısamüddətli aktivlər – 12 ay pula çevrilməsi gözlənilən aktivlərdir. Lakin bu aktivlərin bəziləri “tipik” kateqoriyalara aid olmadıqda, onlar “sair” və ya “digər” kimi ayrıca hesab qruplarında uçota alınır. Bu məqalədə 245 saylı “Digər qısamüddətli aktivlər” hesabının iqtisadi mahiyyəti, hüquqi tənzimləməsi və praktik tətbiqi üzrə şərhlər təqdim edilir.

Sair qısamüddətli aktivlər üzrə uçot hesabları

Qısamüddətli aktivlərə pul vəsaitləri, debitor borclar, ehtiyatlar və sair investisiyalar daxil edilir. Bununla yanaşı, AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na  əsasən, bəzi spesifik və qeyri-tipik aktivlər ayrıca “Sair qısamüddətli aktivlər” maddəsinə aid hesablar vasitəsilə uçota alınır. Maddəyə aşağıdakı hesablar daxildir:

24 saylı bu maddədə gələcək hesabat dövrlərinin xərcləri, verilmiş qısamüddətli avanslar və digər qısamüddətli aktivlərlə bağlı ümumiləşdirilmiş məlumatlar təqdim olunur.

245 saylı “Digər qısamüddətli aktivlər” hesabının məzmunu və funksiyası

Bu hesab sair qısamüddətli aktivlərin tərkib hissəsidir və əsas kateqoriyalarda uçota alınmayan və mühasibat uçotu subyektinin fəaliyyəti ilə əlaqədar 12 aydan artıq olmayan müddətdə istifadəsi nəzərdə tutulan qısamüddətli aktivlərinin hərəkəti barədə ümumiləşdirilmiş məlumatları əks etdirir.

Yuxarıda qeyd edilən Qaydalara görə mühasibat uçotu subyektləri dedikdə, “kredit təşkilatları istisna olmaqla, kommersiya təşkilatları, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və publik hüquqi şəxslər (Azərbaycan Respublikasının Mərkəzi Bankı və illik maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında tərtib edən publik hüquqi şəxslər istisna olmaqla) nəzərdə tutulur”.

245 saylı hesabın əsas funksiyası – uçotun sistemləşdirilməsində informativliyi təmin etmək və müəssisənin maliyyə hesabatında şəffaflığı artırmaqdır. Bu hesabda aşağıdakı vəsaitlər əks oluna bilər:

  • şübhəli aktivlər – əgər onların statusu və mənsubiyyəti sonrakı dövrdə müəyyən ediləcəksə;
  • məhkəmə iddiaları ilə bağlı əməliyyatlar;
  • əvvəlki dövrlər üzrə bərpa edilmiş, lakin hələ təyinatı bilinməyən vəsaitlər və sair.

Bu hesab müəssisənin digər aktiv hesabları ilə birbaşa əlaqədə istifadə olunur və hesabatların şəffaflığını artırmağa xidmət edir.

Hüquqi çərçivə

245 saylı “Digər qısamüddətli aktivlər” hesabının tətbiqi və uçotu “Maliyyə hesabatlarının Beynəlxalq Standartları əsasında mühasibat uçotunun aparılması Qaydaları”  və “Mühasibat uçotu haqqında” AR Qanunu ilə tənzimlənir. Əsas hüquqi müddəalar bunlardır:

  • Aktivlərin tanınması: Beynəlxalq Mühasibat Standartlarının (BMS) tələbinə görə, aktiv uçotda yalnız gələcək iqtisadi fayda əldə ediləcəyi gözlənilirsə tanınır;
  • Dəyər ölçüsü: 245 saylı hesabda əks olunan aktivlər onların ilkin dəyəri ilə tanınmalıdır;
  • Açıqlama: Maliyyə hesabatlarında bu hesab üzrə məbləğlərin tərkibi, təyinatı və potensial riskləri barədə izahat verilməlidi.

245 saylı hesab üzrə uçot aparılarkən aşağıdakı prinsiplər nəzərə alınmalıdır:

  1. İlkin sənədlərə əsaslanma – müəyyən edilməmiş, lakin sənədlərlə təsdiqlənmiş aktivlər uçota alınmalıdır.
  2. Analitik uçotun aparılması – 245 saylı hesab üzrə analitik uçot predmetləri (məsələn, aktivin növü, hüquqi statusu, mənbəyi) müəyyənləşdirilməlidi.
  3. Vaxtaşırı inventarizasiya – digər qısamüddətli aktivlər daimi vəsait olmadığından onların müntəzəm olaraq yoxlanması vacibdir.
  4. Qiymətləndirmə və ehtiyat yaradılması – əgər aktivin sonrakı realizə və ya istifadə ehtimalı aşağıdırsa, ehtiyatlar yaradılır. Silinmə  731 saylı hesabın uyğun subhesabı vasitəsi ilə aparılır.

Qeyd edək ki, 245 saylı hesabdan sui-istifadənin qarşısını almaq üçün müəssisələr müvafiq uçot siyasəti sənədində bu hesabın istifadə qaydasını dəqiq göstərməlidir.

“Digər qısamüddətli aktivlər” hesabı üzrə uçotun tənzimlənməsi

Hesab üzrə tənzimləmələr yuxarıda qeyd edilən qaydaların 26-ci bölməsinin aşağıdakı bəndləri əsasında aparılır:

  • digər qısamüddətli aktivlər əldə edildikdə – qaydaların 26.16-ci bəndi;
  • digər uzunmüddətli aktivlər kimi təsnifləşdirdikdə – 26.17-ci bənd;
  • səhmdar tərəfindən nizamnamə kapitalı kimi qoyulan digər qısamüddətli aktivlər – 26.18-ci bənd;
  • digər qısamüddətli aktivlər üzrə əlavə dəyər vergisi əvəzləşdirilməyən hallarda – 26.21-ci bənd;
  • mübadilə nəticəsində əldə edilmiş digər qısamüddətli aktivlər – 26.24 bənd;
  • təsərrüfat üsulu ilə yaradılması zamanı – 26.26-cı bənd;
  • alınma və ya istehsalı ilə birbaşa əlaqəli olan borclara görə faiz xərcləri – 26.27 bənd;
  • digər qısamüddətli aktivlər əvəzsiz olaraq alındıqda – 26.28-ci bənd;
  • satış məqsədi ilə saxlanılan digər aktivlərə keçirildikdə və silinmə zamanı 26.29.

245 saylı “Digər qısamüddətli aktivlər” hesabı uçot sistemində çeviklik və dəqiqlik təmin edən vacib hesablardan biridir. Onun düzgün tətbiqi müəssisənin maliyyə hesabatlarının şəffaflığını artırmaqla yanaşı, qanunvericiliyə uyğunluğunu da təmin edir.

193 və 245 saylı hesablar:

Mühasibat uçotu subyektlərində digər uzunmüddətli aktivlərin uçotu 193 saylı hesabda aparılır. Onlar arasında müəyyən oxşarlıq və fərqlər mövcuddur.

Oxşarlıqlar:

  • Hər iki hesab qeyri-standart aktivlərin uçotu üçün nəzərdə tutulub.
  • Analitik uçotun aparılması və uçot siyasətində dəqiq yanaşma tələb edir.
  • Maliyyə hesabatlarında izahlı təqdimatlar tələb oluna bilər.

Fərqlər:

  • Əsas fərq istifadə müddətində və iqtisadi məzmunundadır.
  • 245 hesab daha çox dövriyyə aktivləri ilə əlaqəli olduğu halda, 193 hesab qeyri-dövriyyə və uzunmüddətli investisiyalarla əlaqədardır.
  • Uçot prinsipləri və standartlara uyğun tanınma meyarları da fərqlidir.

193 və 245 saylı hesablar arasında fərqlər

Me­yar 245 saylı hesab – Digər qısamüddətli aktivlər 193 saylı hesab – Digər uzunmüddətli aktivlər
Müddət meyarı Aktivlərin bir il və ya əməliyyat dövrü ərzində pula çevrilməsi və ya istifadə olunması gözlənilir Aktivlər bir ildən artıq müddətə müəssisənin istifadəsində qalır və gələcək dövrlərdə fayda verir
İqtisadi mahiyyət Müvəqqəti xarakterli, qısamüddətli dəyərlər, qeyri-tipik aktivlər Uzunmüddətli istifadəyə və ya dəyərin gələcəkdə bərpa olunmasına yönəlmiş qeyri-maddi vəsaitlər və ya qeyri-klasik investisiya aktivləri
Tanıma əsasları Qısamüddətli fayda gözləntiləri, vaxt limitləri Aktivin uzunmüddətli istifadəsi və ya bərpa potensialı

Bu iki hesabın müqayisəsi göstərir ki, mühasibat uçotunda “sair” və ya “digər” aktiv kateqoriyaları formallıq deyil, əksinə, müəssisənin balans strukturu və maliyyə hesabatlarının doğru, şəffaf və standartlara uyğun təqdimatı üçün vacib vasitələrdir. Hər iki hesabın düzgün tətbiqi, müəssisənin aktivlərin idarə olunması siyasəti, aktivlərin dövretmə müddəti və iqtisadi məqsəd baxımından ciddi şəkildə planlaşdırılmasını tələb edir.

Məhkəmə iddiaları ilə bağlı əməliyyatda 245 saylı hesabın tətbiqi – nümunə

Müəssisə podratçı ilə müqaviləyə əsasən ona 15,000 manat vəsait ödəyib. Lakin podratçı öhdəliklərini yerinə yetirməyib və müəssisə bu vəsaitin geri qaytarılması üçün məhkəməyə müraciət edib. Məhkəmə prosesi gedir. Vəsaitin geri alınacağı ehtimal olunur, lakin yekun qərar çıxmayıb.

Sonda məhkəmənin qərarı ilə vəsait geri qaytarılır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (manat)
1 Podratçıya ilkin ödənişin həyata keçirilməsi 536: “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları” 223: “Bank hesablaşma hesabları” 15000
2 Ödənişin müəyyən olunmamış hüquqi nəticə daşıması səbəbilə müvəqqəti aktiv kimi tanınması 245: “Digər qısamüddətli aktivlər” 536: “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları” 15000
3 Məhkəmə qərarı ilə geri alınan vəsait hesabdan silinir 223: “Bank hesablaşma hesabları” 245: “Digər qısamüddətli aktivlər” 30000

193 saylı “Digər uzunmüddətli aktivlər” hesabı,  uçot prinsipləri və hüquqi tənzimləmələr haqqında eyni adlı məqalədən oxumaq olar.

Vergiqoyma və vergitutma: mahiyyəti, əsas prinsipləri və hüquqi əsaslar II HİSSƏ

posted in: Xəbər | 0

Mövzunu Kapital Bankın Maliyyə hesabatlığı və mühasibatlıq departamentinin meneceri Fariz Yadigarov şərh edir.

Vergitutmanın mahiyyəti

Vergitutma vergi sisteminin praktik və icraedici mərhələsini təşkil edir. O, vergiqoyma nəticəsində qanunvericiliklə müəyyən edilmiş vergilərin faktiki olaraq hesablanması, tutulması, yığılması və dövlət büdcəsinə köçürülməsi prosesidir. Əgər vergiqoyma dövlətin vergi siyasətini formalaşdıran normativ mərhələdirsə, vergitutma bu siyasətin real iqtisadi münasibətlərdə tətbiqini təmin edən mexanizmdir.

Elmi ədəbiyyatda vergitutma adətən inzibati–texniki fəaliyyət kimi xarakterizə olunur. Bununla belə, vergitutmanın düzgün təşkili vergi sisteminin ümumi effektivliyinə həlledici təsir göstərir. Ən ədalətli vergiqoyma belə, qeyri-effektiv vergitutma şəraitində öz məqsədinə çata bilməz.

Vergitutmanın iqtisadi mahiyyəti. İqtisadi baxımdan, vergitutma vergi öhdəliyinin real pul axınına (pul formasında ödənildiyi üçün) çevrilməsi prosesidir. Bu mərhələdə vergi ödəyicisinin gəliri (mənfəəti), xərci və ya əmlakı üzərində dövlətin fiskal tələbi faktiki olaraq reallaşır. Vergitutma iqtisadi subyektlərin davranışına birbaşa təsir göstərir, çünki verginin tutulma üsulu, vaxtı və forması təsərrüfat qərarlarına təsir edir. Məsələn, ödəmə mənbəyində tutulan gəlir vergisi vergi ödəyicisi üçün daha az hiss olunan, lakin dövlət üçün daha etibarlı gəlir mənbəyi yaradır. Bu, vergitutmanın texniki mexanizminin iqtisadi nəticələrə təsirinin bariz nümunəsidir.

Vergitutmanın hüquqi mahiyyəti. Vergitutma hüquqi baxımdan vergi qanunvericiliyinin icrası formasıdır. Vergi qanunları ilə müəyyən edilmiş hüquq və vəzifələr məhz vergitutma mərhələsində konkret münasibətlərdə reallaşır. Vergitutma prosesində vergi orqanları, vergi ödəyiciləri və vergi agentləri (həmçinin, vergi münasibətlərinin digər iştirakçıları) arasında inzibati–hüquqi münasibətlər yaranır.

Azərbaycan Respublikasının vergi qanunvericiliyi vergitutma prosesinin yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və səlahiyyətli orqanlar tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Bu, elə vergitutmanın qanunilik prinsipinin ifadəsidir.

Vergitutmanın inzibati mahiyyəti. Vergitutma dövlətin vergi inzibatçılığı fəaliyyətinin əsas məzmununu təşkil edir. Buraya aşağıdakı elementlər daxildir:
• vergitutma bazasının müəyyən edilməsi;
• verginin hesablanması;
• verginin bəyan edilməsi;
• verginin tutulması və köçürülməsi;
• vergi nəzarəti;
• sanksiyalar;
• apellyasiya.

Bu elementlər vergitutmanın texniki xarakterini göstərir və onu vergiqoymadan əsaslı şəkildə fərqləndirir. Vergiqoyma “nə olmalıdır” sualına cavab verdiyi halda, vergitutma “necə həyata keçirilməlidir” sualını cavablandırır.

Vergitutmanın sosial mahiyyəti. Vergitutmanın sosial mahiyyəti vergi öhdəliklərinin faktiki icrası ilə bağlıdır. Vergi yükünün real bölgüsü məhz vergitutma mərhələsində üzə çıxır. Məsələn, qeyri-rəsmi məşğulluğun yüksək olduğu şəraitdə vergiqoyma formal olaraq ədalətli olsa belə, vergitutma mexanizmlərinin zəifliyi sosial ədalətsizliyə səbəb ola bilər. Bu baxımdan, vergitutma sosial ədalətin praktik təminat mexanizmi kimi çıxış edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində bu məsələ ilə bağlı ən uğurlu nümunə kimi alış aktının tətbiqini göstərmək olar.

Ümumiləşdirərək qeyd edə bilərik ki, vergitutmanın mahiyyəti onun iqtisadi, hüquqi, inzibati və sosial cəhətlərinin vəhdətində təzahür edir. O, vergi sisteminin praktik effektivliyini müəyyən edən əsas mərhələdir. Vergitutmanın sadə, şəffaf və effektiv şəkildə təşkili vergi intizamının möhkəmlənməsinə, vergidən yayınma hallarının azalmasına və dövlət büdcəsinin dayanıqlığına xidmət edir. Buna görə də vergitutma vergiqoymanın məntiqi davamı olmaqla yanaşı, müstəqil elmi və praktiki əhəmiyyətə malik anlayışdır.

Vergitutmanın əsas prinsipləri

Vergitutmanın prinsipləri vergiqoyma nəticəsində müəyyən edilmiş vergi öhdəliyinin praktiki olaraq necə həyata keçirilməli olduğunu müəyyən edən əsas qaydalar və tələblər sistemidir. Bu prinsiplər vergilərin hesablanması, tutulması, yığılması və dövlət büdcəsinə köçürülməsi prosesində qanuniliyin, səmərəliliyin, şəffaflığın və s. təmin olunmasına xidmət edir. Əgər vergiqoyma prinsipləri dövlətin vergi siyasətinin konseptual əsaslarını formalaşdırırsa, vergitutma prinsipləri bu siyasətin icra mexanizminin düzgün qurulmasını təmin edir.

Vergitutma prinsipləri, əsasən, inzibati və texniki xarakter daşıyır. Onlar vergi ödəyiciləri ilə vergi orqanları arasında yaranan konkret hüquq münasibətlərini tənzimləyir və vergi qanunvericiliyinin praktik icrasını təmin edir. Bu baxımdan, vergitutma prinsipləri normativ xarakterli vergiqoyma prinsiplərindən fərqlənir və onun məntiqi davamı kimi çıxış edir.

İqtisadi ədəbiyyatlarda aparılan təhlilləri ümumiləşdirərək, vergitutmanın aşağıdakı əsas prinsiplərini ayırd edə bilərik:

Qanunilik prinsipi. Bu, vergi hüququnun ən fundamental və dəyişməz prinsiplərindən biridir və dövlətin fiskal səlahiyyətləri ilə vergi ödəyicisinin hüquqları arasında hüquqi tarazlığı təmin edir. Qanunilik prinsipi nəzərdə tutur ki:

  • verginin bütün elementləri qanunla müəyyən olunmalıdır;
  • normativ aktların iyerarxiyasına riayət edilməlidir. Yəni vergi öhdəliyi yalnız qanunla yaradıla və ya ləğv oluna bilər. İcra hakimiyyəti orqanlarının qərarları vergi yarada və ya ağırlaşdıra bilməz;
  • qanuni normaların genişləndirici şərhinə yol verilməməlidir. Vergi-hüquq normaları qısa və dəqiq şərh edilməlidir. Şübhəli hallarda norma vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır və s.

Qanunilik prinsipi, həmçinin, nəzərdə tutur ki, vergitutma prosesində vergi adı altında qanunda nəzərdə tutulan ödənişlərin alınması, vergi öhdəliyinin qanunda nəzərdə tutulmayan qaydalarla hesablanması, yeni və ya ağırlaşdırıcı vergi normalarının geriyə hüquqi qivvəsi (istisnalar nəzərə alınmaqla) yolverilməzdir.

Şəffaflıq prinsipi. Bu prinsip vergi hüququnun mühüm prinsiplərindən biri olub, vergi münasibətlərində dövlət, vergi orqanları və vergi ödəyiciləri arasında açıqlıq, anlaşılanlıq və etimad mühitinin formalaşdırılmasına xidmət edir. Vergitutmada şəffaflıq prinsipi aşağıdakıları ifadə edir:

  • Vergigutuma ilə bağlı qaydalar və prosedurlar aydın və anlaşılan olmalıdır;
  • Vergi ödəyicisi vergi öhdəliyinin nə vaxt, hansı əsasla, hansı məbləğdə və hansı qaydada yarandığını müəyyən edə bilməlidir;
  • Vergi orqanlarının fəaliyyəti hesabatlı və nəzarətə açıq olmalıdır və s.
    Vergitutmada şəffaflıq prinsipi vergi sisteminin effektivliyinin və legitimliyinin əsas şərtlərindən biridir.

Sadəlik prinsipi. Bu prinsip vergi sisteminin, o cümlədən vergitutma prosesinin asan başa düşülən, tətbiq edilə bilən və icrası mümkün olmasını nəzərdə tutur. Bəzən qanunvericilikdəki çoxsaylı istisnalar, mürəkkəb formullar və hesabatlar vergitutma xərclərini artırır və vergidən yayınmanı stimullaşdırır. Həddindən artıq mürəkkəb vergi sistemi vergi intizamını zəiflədir, sadə və aydın sistem isə həm dövlət, həm də vergi ödəyicisi üçün faydalıdır. Bu baxımdan, vergitutmada sadəlik prinsipi vergi sisteminin davamlılığı və effektivliyinin əsas şərtlərindən biridir.

Vaxtında və tam tutulma prinsipi. Bu prinsip vergi hüququnda əsas funksional prinsiplərindən biri olmaqla, əsas məqsədi dövlət büdcəsinin sabit, fasiləsiz və proqnozlaşdırılan qaydada formalaşdırılmasını təmin etməkdir. Vergitutmada vaxtında və tam tutulma prinsipi vergi sisteminin maliyyə dayanıqlığının əsas təminatıdır. Bu prinsip olmadan dövlətin iqtisadi və sosial funksiyalarını yerinə yetirməsi mümkün deyil. Eyni zamanda, bu prinsip vergi ödəyicilərinin məsuliyyətini artırır və vergi münasibətlərində fiskal intizamın və büdcə dayanıqlığının əsas şərtlərindən biri hesab olunur.

Effektiv nəzarət və məsuliyyət prinsipi. Bu prinsip vergi sisteminin düzgün işləməsini təmin edən, vergi öhdəliklərinin real icrasını və vergi intizamının qorunmasını hədəfləyən əsas prinsiplərdən biridir. Vergitutma güclü nəzarət mexanizmləri və məsuliyyət tədbirləri ilə müşayiət edilməlidir. Qanunların icrasına effektiv nəzarət və intizamsızlığa qarşı adekvat məsuliyyət tədbirləri olmadan vergi normaları formal xarakter daşıyar, vergi intizamı zəifləyər və hər hansı fiskal məqsədlərə çatmaq mümkün olmaz.

Subyekt əsaslı gəlir prinsipi. Bu prinsipin əsas ideyası ondan ibarətdir ki, vergitutmada əsas meyar kimi gəlirin mənbəyi deyil, gəliri əldə edən subyektin hüquqi statusu götürülür. Yəni eyni pul və ya gəlir axını fərqli şəxslər tərəfindən əldə olunursa, bu, fərqli hüquqi faktlar yaradır və vergitutma baxımından ayrı-ayrı vergitutma obyekti kimi qiymətləndirilir.

Hüquqi faktların təkrarlanmasının yolverilməzliyi prinsipi. Bu prinsipə görə, eyni hüquqi fakt eyni vergi öhdəliyinin yaranması üçün bir dəfədən artıq əsas ola bilməz. Yəni bir hüquqi fakt (məsələn, gəlirin əldə edilməsi, əmlaka sahib olma, əməliyyatın həyata keçirilməsi) artıq vergi tutulmasına səbəb olubsa, həmin fakt yenidən vergitutmanın obyekti kimi istifadə edilə bilməz.

Beləliklə, vergiqoyma və vergitutma prinsipləri mahiyyət etibarilə fərqli, lakin bir-birini tamamlayan anlayışlardır. Vergiqoyma prinsipləri strateji və normativ xarakter daşıdığı halda, vergitutma prinsipləri texniki və inzibati xarakter daşıyır. Bu fərqin düzgün anlaşılması səmərəli, ədalətli və dayanıqlı vergi sisteminin formalaşdırılması üçün həlledici əhəmiyyətə malikdir.

Ümumiyyətlə, vergiləndirmənin prinsipləri yalnız yuxarıda qeyd edilənlərlə məhdudlaşmır, iqtisadi ədəbiyyatlarda bu və ya digər prinsiplər ayrıca təsnifləşdirilərək müəyyən altprinsiplər də xüsusi fərqləndirilir ki, bu da konkret vergi konsepsiyasının əsaslandırılmasına və ya şərhinə xidmət edir.

Mənbə: vergiler.az

Hansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur?

Hansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur?

posted in: Xəbər | 0

Rəhbəri olduğum broyler şirkətinin fəaliyyəti toyuğun yetişdirilməsi və kəsilib satılmasından ibarətdir. Toyuq ətinin parçalara ayrılması zamanı qırıntı ətlər farş halına salınır və ona heç bir qatqı əlavə edilmir. Həmin məhsul dondurulur və paketlənib satılır. Bildiyimiz kimi, quş ətinin satışı ƏDV-dən azaddır. Farş məhsulunun da satışı ƏDV-dən azaddırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən, heyvan və quş ətinin satışı – 2020-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilib. Bu maddənin müddəaları kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan heyvan və quş ətləri istisna olmaqla, emal əməliyyatlarına məruz qalan heyvan və quş ətinə münasibətdə tətbiq edilmir.

Bununla yanaşı, ölkədə məhsul və xidmətlərin təsnifatı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növlərinin Təsnifatı” ilə tənzimlənir və “ət və konservləşdirilmiş ət məhsulları”, “ev quşlarının emal edilmiş və konservləşdirilmiş əti” və “ət məhsulları və ev quşlarının ətindən alınan məhsullar” Təsnifatın “C” seksiyasında emal sənayesi məhsulu kimi təsbit edilib.

Qeyd olunanlara əsasən, toyuq farşı emal əməliyyatlarına məruz qalan məhsul hesab olunduğundan, belə məhsulun satışı ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 164-cü maddəsi, Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli kollegiya qərarı ilə tənzimlənir.

Mənbə: vergiler.az

Vergiqoyma və vergitutma: mahiyyəti, əsas prinsipləri və hüquqi əsaslar

Mart ayında 13 gün qeyri-iş günü olacaq

posted in: Xəbər | 0

2026-cı ilin mart ayının qeyri-iş günləri açıqlanıb.

Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı ildə martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

Gələn il 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq.

Gələn il martın 20, 21-i Ramazan bayramıdır. Əmək Məcəlləsinə əsasən, Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasn növbəti iş günləri 27 və 30 mart tarixləri də qeyri-iş günü olacaq.

Beləliklə, Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günü olacaq.

Martın 8-i Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən 9 mart da qeyri-iş günü hesab olunacaq.

Mənbə: banker.az

Vergiqoyma və vergitutma: mahiyyəti, əsas prinsipləri və hüquqi əsaslar

1 76 77 78 79 80 81 82 2. 693