Read More9
Read More9

Vergi Məcəlləsində dəyişikliklər təsdiqlənib

posted in: Xəbər | 0

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqləyib.

Söhbət “Milli Məclis deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlardan gedir.

Sözügedən dəyişikliklər paketinin əsas istiqamətləri investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi daxilolmalarının və büdcə gəlirlərinin tənzimlənməsi, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və kölgə iqtisadiyyatına qarşı mübarizədir.

“Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliklər isə sahibkarların sosial sığorta yükünün optimallaşdırılması, Naxçıvan Muxtar Respublikasında ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılmasını əhatə edir.

Azərbaycanda peşəkar mühasib sertifikatı əldə edənlərin sayı 6,5 minə çatıb

posted in: Xəbər | 0

Azərbaycanda peşəkar mühasib sertifikatı (PMS) əldə edənlərin sayı 6 500 nəfərə çatıb.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verilir.

Məlumata görə, PMS almış şəxslərin dövlət reyestri yenilənərək Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu ilin iyul ayında peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrə), avqust ayında isə II mərhələsi (qanunvericilik üzrә) keçirilib. İmtahan vermək üçün I mərhələ üzrə 1 416, II mərhələ üzrə isə 984 nəfər müraciət edib.

Mənbə: report.az

Barter müqavilələrində vergi riskləri: tipik səhvlər

Barter müqavilələrində vergi riskləri: tipik səhvlər

posted in: Xəbər | 0

Barter – yəni mal və xidmətlərin pul ödənişi olmadan qarşılıqlı mübadilə əsasında təqdim edilməsi, biznes mühitində xüsusilə likvidlik problemlərinin yarandığı dövrlərdə geniş tətbiq olunan vasitədir. Lakin bəzi hallarda sahibkarlar bu əməliyyatlara “pul yoxdursa, vergi də yoxdur” prinsipi ilə yanaşırlar. Halbuki vergi qanunvericiliyində digər satışlar kimi, barter əməliyyatları da vergi öhdəliyi yaradır. Bəs bu zaman şirkətin hansı vergi öhdəlikləri yaranır? Barter əməliyyatlarının uçotu necə reallaşdırılır? 

Suallara sərbəst mühasib Nurlan Mustafayev aydınlıq gətirir. 

Barter əməliyyatları əlavə dəyər vergisi (ƏDV), mənfəət vergisi və transfer qiymətləndirilməsi baxımından ən çox risk yaradan sahələrdən biridir. Bu səbəbdən, barter əməliyyatlarının düzgün uçotu və sənədləşməsi vergi risklərinin qarşısını almaq üçün vacibdir. Ona görə də şirkətlərin bu sahədə ən çox yol verdiyi yanlışlıqlar və onların yaratdığı vergi risklərini izah etməyə çalışacağıq.

1. Barter əməliyyatının satış kimi qəbul edilməməsi

Bir çox şirkətlər barter əməliyyatını sadəcə “əmtəə mübadiləsi” kimi görür və satış aktı hesab etmir. Halbuki Vergi Məcəlləsinin 67.13-cü maddəsinə əsasən, verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Başqa sözlə, barter də vergi tutulan əməliyyatdır. Bu zaman:

  • Gəlir vergisi və ya mənfəət vergisi üçün gəlir hesablanır;
  • ƏDV məqsədləri üçün dövriyyə yaranır.

Əgər sahibkarlar bunu nəzərə almazsa, yanlışlıq əlavə vergi, faiz və cərimələrin hesablanmasına gətirib çıxara bilər.

2. Mübadilə olunan malların və xidmətlərin dəyərinin süni şəkildə az göstərilməsi

Barter zamanı şirkətlər çox vaxt öz məhsulunun dəyərini minimum göstərməklə vergi yükünü azaltmağa çalışırlar. Lakin qanunvericilik tələb edir ki, barter əməliyyatları zamanı bazar qiyməti əsas götürülsün. Eləcə də qiyməti süni azaltmaq transfer qiymətləri pozuntusu hesab olunur.

Vergi Məcəlləsinin 67.13-cü maddəsinin tələbinə görə, barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir. Belə hallarda vergi orqanı qiyməti özü müəyyən edir və əlavə vergi hesablayır.

3. Barter üzrə ƏDV öhdəliyinin yaranma anının səhv müəyyən edilməsi

Barter əməliyyatları zamanı şirkətlərin ƏDV ilə bağlı yol verdiyi ən ciddi səhvlərdən biri öhdəliyin yaranma vaxtıdır. Vergi Məcəlləsinin 166.1.4-cü maddəsinə əsasən, ödəniş əməliyyatı natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt vergi tutulan əməliyyatların vaxtı sayılır. Bir çox şirkətlər hesablaşmanı müqavilə bağlanan anda deyil, təhvil-təslim baş verdikdən sonra aparırlar.

Aşağıdakılardan hansı daha əvvəl baş verirsə, ƏDV öhdəliyi həmin anda yaranır:

  • mal göndərilməsi/xidmət göstərilməsi;
  • təhvil-təslim aktının tərtibi;
  • elektron qaimə-fakturanın verilməsi.

Vaxtında hesablanmayan ƏDV isə cərimələrə səbəb olur və bu da ciddi maliyyə itkisi deməkdir.

4. Elektron qaimə-faktura təqdim etməmək

Barter əməliyyatı zamanı elektron qaimə-faktura təqdim etmək məcburidir. Bəzi sahibkarlar hesab edirlər ki, pul olmadığı üçün qaimə-faktura da lazım deyil. Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən, vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.

Əslində, hər iki tərəf qarşılıqlı şəkildə təqdim etdiyi mallara görə elektron qaimə-faktura verməli və aldığı mallara görə e-qaimə qəbul etməlidir. Qaimə-fakturanın olmaması əməliyyatın tanınmaması və vergi riskinin artması deməkdir.

5. Barter müqaviləsində şərtlərin natamam göstərilməsi

Tipik çatışmazlıqlar:

  • malların keyfiyyəti və miqdarı dəqiq yazılmır;
  • tərəflərin öhdəliklərinin yerinə yetirilmə tarixi göstərilmir;
  • dəyər göstərilmir və ya bazar qiymətinə uyğun deyil.

Nəticədə vergi orqanı sənədləri etibarsız hesab edə və dövriyyəni bazar qiymətlərinə əsasən özü müəyyən edə bilər.

6. Mühasibat uçotunda gəlir və xərclərin yanlış tanınması

Bəzi şirkətlər barter gəlirini qeyri-maddi əməliyyat kimi uçota alır və nəticədə mənfəət göstəriciləri təhrif olunur.

Düzgün uçot prinsipləri:

  • alınan mal və xidmətin dəyəri gəlir kimi göstərilməlidir;
  • verilən məhsul və xidmətin dəyəri xərc kimi tanınmalıdır.

Misal 1: Tutaq ki, şirkət 7.000 manat dəyərində barter xidməti alıb. Lakin müqavilədə dəyər göstərilmədiyi üçün vergi orqanı xərci tanımır. Nəticədə vergi yoxlaması zamanı şirkətin mənfəəti 7.000 manat artırılır, əlavə 1.400 manat vergi hesablanır.

7. Qismən barter əməliyyatlarına (pul + mal) düzgün yanaşmamaq

Bəzi müqavilələr tam barter deyil, yəni həm mal, həm də pul ödənilir. Şirkətlər çox vaxt pul olmayan hissəni uçota almırlar. Qanunvericiliyə əsasən, bu əməliyyatın barter hissəsi uçotda ayrıca dövriyyə kimi, pul ödənişi olan hissəsi isə ayrıca satış kimi göstərilməlidir.

Misal 2: “A” şirkəti “B” şirkətinə 10.000 manatlıq xidmət göstərib. Razılaşmaya əsasən, “B” şirkəti 6.000 manatlıq mal verməlidir (barter). Qalan 4.000 manatı isə nağdsız ödənişlə ödəməlidir. Bu, qismən barter əməliyyatı sayılır.

Son olaraq qeyd edək ki, barter əməliyyatları şirkətlər üçün likvidlik baxımından faydalı mexanizmdir, lakin vergi baxımından ciddi risklər yaradır. Əsas risklər qiymət təhrifləri, sənədləşmə boşluqları, ƏDV öhdəliyinin düzgün müəyyən edilməməsi və uçot səhvləridir. Bu səbəbdən, hər bir barter əməliyyatı adi satış əməliyyatı kimi diqqətlə sənədləşdirilməli, bazar qiymətləri əsasında qiymətləndirilməli və vaxtında vergi uçotuna alınmalıdır.

Mənbə: vergiler.az

242 saylı “Gələcək hesabat dövrünün xərcləri” hesabı: uçot prinsipləri və tənzimləmələr

Azərbaycanda şirkət qeydiyyatı necə aparılır: 2026-cı il üçün bələdçi

posted in: Xəbər | 0

Azərbaycanda biznes qurmaq, şirkət açmaq və onu qeydiyyatdan keçirmək prosesi sadə görünə bilər, amma qanunvericilik aktlarının praktik tətbiqi prosesində müəyyən çətinliklər ortaya çıxır. Belə çətinliklər işin yubanması ilə yanaşı, maliyyə itkilərinə də səbəb olur. Bunlardan necə yayınmaq olar? Təqdim etdiyimiz məqalədə 2026-cı ildə Azərbaycanda şirkət qeydiyyatı, qeydiyyata hazırlıq və qeydiyyatdan sonrakı məsələlər şərh olunur.

Hüquqi şəxs, müəssisə və şirkət

“Hüquqi şəxs” anlayışı, onun növləri, hüquqi şəxslə bağlı digər müddəalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4-cü fəslində müəyyən edilib. AR Vergi Məcəlləsinin 13.2.39-cu bəndi sahibkarlıq fəaliyyəti üçün yerli və xarici dövlətlərin qanunvericiliyinə uyğun yaradılan hüquqi şəxsləri müəssisə kimi xarakterizə edir. Bu Məcəllənin 13.2.39.2-ci bəndinə görə xarici hüquqi şəxslər kateqoriyasına aşağıdakılar aid edilir:

  • korporasiyalar;
  • şirkətlər;
  • firmalar;
  • digər analoji qurumlar.

Həmçinin, xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi təsisatlar və hüquqi şəxslərin Azərbaycanda filialları və ya daimi nümayəndəlikləri də müəssisə sayılır.

Şirkət hüquqi şəxsdir, fiziki yaxud hüquqi şəxslər tərəfindən məhsul istehsalı və satışı, habelə xidmət göstərilməsindən davamlı gəlir əldə etmək məqsədi ilə yaradılır.

Azərbaycanda şirkət qeydiyyat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanununun tələblərinə uyğun aparılır.

Azərbaycanda şirkət qeydiyyatının mərhələləri

Mülki Məcəlləyə uyğun olaraq, hüquqi şəxs, o cümlədən şirkətlər dövlət qeydiyyatına alındığı andan yaradılmış hesab olunur, mülki hüquqlara sahib olur və mülki vəzifələr daşıyır.

Şirkət açmaq üçün görülməsi zəruri olan işləri şərti olaraq 3 qrupa ayırmaq olar.

  • qeydiyyata hazırlıq;
  • qeydiyyat;
  • qeydiyyatdan sonrakı fəaliyyət.

Hüquqi şəxs qanunvericiliyin tələblərini gözləməklə yenidən təşkil oluna yaxud ləğv edilə bilər.

Hüquqi forma seçimi, vergi sistemi və uçot məsələlərində düzgün qərar verin!

Şirkət açmağa hazırlıq

  1. Şirkət qeydiyyatı prosesinə başlamazdan əvvəl hüquqi forma seçilməlidir. Azərbaycanda yerli və xairici investorların ən çox müraciət etdiyi hüquqi formalarla buradan tanış olmaq olar.
  2. Şirkətin hüquqi forması müəyyən edildikdən sonra, şirkət üçün ad seçmək lazımdır. Mülki Məcəlləyə görə ad unikal olmalı, təkrarlanmamalıdır. Bunun üçün onlayn rejimdə Azərbaycanda şirkət axtarışı və dövlət reyestrində oxşar hüquqi adlar yoxlanılır.
  3. Növbəti addımda hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının yeri – hüquqi ünvan müəyyən edilir. Bu şirkət haqqında məlumatların dövlət reyestrinə daxil edilməsi zamanı zəruridir.
  4. Yer seçdikdən sonra gələcək şirkətin əsas fəaliyyətini seçin. Təsis sənədlərində bütün fəaliyyət istiqamətlərinin mütləq göstərilməsi vacib deyil. Qeydiyyat ərizəsində bir əsas fəaliyyət növünü göstərmək olar. Bu fəaliyyət növü “İqtisadi fəaliyyət növləri təsnifatında” 7 rəqəmli kodla təmsil olunur.
  5. Təsis sənədləri və şirkətin yaradılması haqqında qərar (protokol) hazırlanır. Nizamnamənin nümunəsi üçün Dövlət Vergi Xidmətinin onlayn formalarından da istifadə etmək olar. Həmçinin təsisçilərin və direktorun şəxsiyyətini təsdiq edən sənəd (fiziki şəxslər üçün), habelə VÖEN-i (sahibkarlıq subyektləri üçün) tələb olunur. Xarici təsisçilər üçün pasportun tərcüməsi + notariat təsdiq + apostil tələb edilə bilər.
  6. Şirkətin dövlət qeydiyyatı üçün sənədlər təqdim etməzdən əvvəl nizamnamə kapitalı tam şəkildə formalaşdırılır (əgər nizamnamıdə başqa hal nəzərdə tutlmayıbsa). Nizamnamə kapitalının formalaşdırılmasının ən çox yayılmış üsulu pul vəsaitlərindən istifadədir. Bu halda, müvəqqəti bank hesabı açılır və yaradılan hüquqi şəxsin nizamnamə kapitalına tam ödəniş ora yerləşdirilir.

Şirkətin qeydiyyat mərhələləri

Yuxarıda göstərilən addımları yerinə yetirdikdən sonra dövlət qeydiyyatı üçün müraciət edə bilərsiniz. Azərbaycanda şirkət qeydiyyatı Dövlət Vergi Xidməti orqanları vasitəsi ilə aparılır.

Qeydiyyat üçün sənədlər  rəsmi poçt vasitəsi ilə, şəxsən hüquqi təmsilçi vasitəsi ilə yaxud onlayn elektron formada təqdim edilir. Qeydiyyat uğurla bitdikdən sonra hüquqi şəxsə qeydiyyat şəhadətnaməsi və Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) təqdim olunur.

Bu şirkətin:

  • dövlət qeydiyyatı;
  • hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi;
  • vergi uçotuna alınması deməkdir.

Azərbaycanda şirkət qeydiyyatı üzrə xərclər və dövlət rüsumları haqqında buradan məlumat almaq mümkündür.

Qeydiyyatdan sonrakı fəaliyyət

  1. Təsisçilər tərəfindən təyin edilmiş direktor qeydiyyat orqanının təsdiq etdiyi nizamnaməni təqdim etməklə möhürləri (ştampları) sifariş edir. Bunun üçün xüsusi icazə tələb olunmur.
  2. Möhür hazır olduqdan sonra hesab açmaq üçün bankla əlaqə saxlanılır, hesab açmaq və ona xidmət üçün bankla müqavilə bağlanılır.
  3. Xüsusi fəaliyyət sahələri üçün lazımı lisenziya və icazələr alınması məcbiridir;
  4. Əgər işçilər arasında xarici vətəndaşlar olacaqsa, onlar üçün iş icazələrinin alınmasına diqqət edilməlidir, əks halda cərimələrlə üzləşə bilərsiniz.

Mühasibat və vergi uçotunun aparılması, əmək müqavilələrinin elektron portala daxil edilməsi, kassa (əgər varsa) və ƏDV (tələb olunduqda) qeydiyyatı kimi məsələləri də unutmayın.

Biz sizə Azərbaycanda biznes qurmaq istəyinizi reallaşdırmaqda uğurlar arzulayıq. Bu istiqamətdə məsləhətə ehtiyacınız olsa bizim konsaltinq xidmətinə müraciət edin!

 

Cəmil Əsədov – Accounting.az saytının redaktoru

1 79 80 81 82 83 84 85 2. 693
error: Content is protected !!