Vergi və sosial sığorta qanunvericiliyinə son dəyişikliklər təqdim olunub

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) vergi və sosial sığorta qanunvericiliyində edilən dəyişikliklərin sahibkarların ictimai birlikləri, sahəvi assosiasiyalar, palatalar, auditorlar və konsaltinq şirkətləri üçün təqdimatı keçirilib. Tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri və iqtisadçı ekspertlər də iştirak ediblər.

Tədbirdə çıxış edən Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov aparılan islahatların əsas məqsədinin iqtisadi artımı, investisiya mühitini, sahibkarlığı təşviq etmək, “kölgə iqtisadiyyatı”nın miqyasını azaltmaq olduğunu vurğulayıb. Bildirib ki, ümumilikdə sahibkarlıq subyektləri tərəfindən daxil olan 170 təklifdən 103-ü son illər ərzində qanunvericiliyə dəyişikliklər zamanı nəzərə alınıb. Son dəyişikliklər üç əsas istiqamət üzrə formalaşıb. Bunlar investisiya və sahibkarlığın təşviqi, büdcə gəlirlərinin tənzimlənməsi və vergi nəzarətinin təkmilləşdirilməsidir. Qanunvericiliyə dəyişikliklər vergi yükünün optimallaşdırılmasına və vergi ödəyiciləri ilə səmərəli əməkdaşlığa xidmət edəcək.

Daha sonra tədbir iştirakçıları üçün geniş təqdimat edilib. Baş idarə rəisinin müavini Əvəz Quliyev bildirib ki, 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına işğaldan azad edilmiş ərazilərlə eyni vergi rejiminin tətbiqi, fərdi sahibkarların sosial sığorta yükünün dövriyyəyə uyğun tənzimlənməsi, yerli avtomobil istehsalı, gəmiqayırma və kənd təsərrüfatı kimi prioritet sektorlara güzəştlərin verilməsi nəzərdə tutulur.

Həmçinin nağdsız ödənişlərin stimullaşdırılması üçün pərakəndə ticarət və xidmət sahələrində POS-terminal vasitəsilə nağdsız dövriyyə limiti 400.000 manata çatdırılacaq və nağdsız dövriyyənin yalnız 50%-i ƏDV qeydiyyatı məqsədləri üçün nəzərə alınacaq. Eyni zamanda, muzdlu işdən gəlirlər üzrə vergi yükü optimallaşdırılacaq.

Bundan başqa, orta və iri vergi ödəyiciləri ilə münasibətlərin şəffaflaşdırılması məqsədilə elektron audit sistemi ləğv ediləcək, əvəzində üfüqi monitorinq mexanizmi tətbiq olunacaq. Şəffaflığın genişləndirilməsi məqsədilə bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlərdə göstərilən xidmətlər üzrə “ƏDV geri al” mexanizminin tətbiqi və fiziki şəxslərin kirayə gəlirləri üzrə vergi dərəcəsinin 14%-dən 10%-ə endirilməsi də qanunda öz əksini tapıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və təklif edilən dəyişikliklərin iqtisadiyyatın inkişafına gözlənilən müsbət təsirləri geniş müzakirə olunub.

Mənbə: taxes.gov.az

Vəfat edən döyüşçülərin övladlarına vergi güzəşti hansı hallarda verilir?

Vəfat edən döyüşçülərin övladlarına vergi güzəşti hansı hallarda verilir?

posted in: Xəbər | 0

Dövlət qurumunda çalışan işçinin atası 1993-cü ildə Qarabağ döyüşlərinin iştirakçısı olub, 2009-cu ildə vəfat edib. Əməkdaş 2010-cu ildən həmin dövlət qurumunda çalışır. Döyüşçü övladı üçün 2019-cu ildən Vergi Məcəlləsində güzəşt müəyyən edilsə də, o, bu barədə 2023-cü ildə məlumatlandıqdan sonra təsdiqedici sənədlərini təqdim edib və güzəştin 2010-cu ildən tətbiq edilməsini tələb edib. Sözügedən güzəşt həmin işçiyə münasibətdə hansı tarixdən tətbiq olunmalıdır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Sözügedən azadolma həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarına münasibətdə 2019-cu ilin yanvarın 1-dən tətbiq edilir.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən əsas iş yerinə təqdim edilməli olan müvafiq güzəşt hüququnu təsdiq edən sənədlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərar ilə təsdiq edilib və Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlər həmin Qərar ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndinə əsasən müəyyən edilib.

Buna əsasən, sorğuda göstərilən halda həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçünün övladı olaraq müvafiq təsdiqedici sənəd əsas iş yerinə təqdim edilməklə həmin şəxsin muzdlu işdən əldə olunan gəlirlərinə 400 manat vergi güzəşti tətbiq oluna bilər. Bu zaman güzəşt hüququnu təsdiq edən müvafiq sənədin əsas iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, sözügedən vergi güzəşti 2022-ci ilin yanvarın 1-dən tətbiq ediləcək.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsində edilmiş və 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 102-ci maddəsi, Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə tənzimlənir.

Mənbə: vergiler.az

Məzuniyyət vaxtı orta əməkhaqqının hesablanmasında nə dəyişir?

Elektron qaimə-fakturanın təqdimetmə vaxtı necə müəyyən ediləcək?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də müntəzəm və daimi əsaslarda göstərilən xidmətlərə görə təqdim olunan elektron qaimə-fakturanın vaxtı ilə bağlıdır. Bəs müntəzəm və daimi əsaslarda göstərilən xidmətlərə hansı sahələr aiddir? Qanunvericilikdə bu anlayışlar barədə hər hansı müddəa göstərilibmi? Xidmətlərin dövriliyi 1 təqvim ayı deyil, 2-3 aydan bir və ya illik olarsa, mütləq qaydada aylıq hesablamaya görə elektron qaimə-faktura (EQF) tərtib edilməlidirmi?

Bu və digər suallarına Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü, auditor Mehdi Babayev aydınlıq gətirir.

İlkin sənədlərin tərtib edilməsi ilə bağlı hazırkı qanunvericiliyin tələbinə görə, bütün iş və xidmət sahələri üzrə xidmət göstərənin (iş görənin) xidmətləri (işləri) qəbul edən tərəfə göstərdiyi iş və xidmətlərə görə işlərin görüldüyü və xidmətlərin göstərildiyi, yəni təhvil-qəbul edildiyi tarixdən 5 gün müddətində elektron qaimə-faktura təqdim etməlidir. Lakin bəzi xidmət sahələrində icraçılar tərəfindən EQF-lərin göndərilməsində sui-istifadə hallarına rast gəlinirdi. Məsələn, təcrübə göstərdi ki, göstərilən xidmətlərə görə EQF təqdim etmək üçün verilən 5 gün müddətlə vergiödəmə dövrünün haqsız dəyişdirilməsinə və beləliklə də xidmətlərin faktiki göstərildiyi vergi dövrü ilə bəyannamədə əks olunan vergi dövrü arasında uyğunsuzluğa şərait yaranır.

Bu cür halların qarşısını almaq məqsədilə gələn ildən bəzi xidmət sahələri üzrə göstərilən xidmətlərə görə EQF təqdim edilməsi müddətləri dəyişdirilə bilər. Bununla bağlı Vergi Məcəlləsinə 01 yanvar 2026-cı il tarixdən təklif olunan dəyişikliklərdə ayrıca müddəalar nəzərdə tutulub. EQF təqdim edilməsi müddətlərinin dəyişdirilməsi gözlənilən xidmətlər aşağıdakılardır:

1. Beynəlxalq daşıma xidmətləri;

2. Müntəzəm və daimi əsaslarda göstərilən xidmətlər.

Digər bütün xidmət (iş) sahələri üzrə görülən işlərə və göstərilən xidmətlərə görə EQF-nin təqdim edilməsi müddətləri dəyişdirilmədən, hazırkı versiyada olduğu kimi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində nəzərdə tutulur. EQF təqdim edilməsi müddətləri ilə bağlı nəzərdə tutulan dəyişiklikliyin biri belə verilib: Maddə 71-1.1.3-2. Müntəzəm və daimi əsaslarda göstərilən xidmətlər üzrə – hər təqvim ayı üçün xidmətlərin göstərilməsinə başlanıldığı vaxt.

Müntəzəm xidmətlər birdəfəlik deyil, müəyyən vaxt intervalında (gündəlik, həftəlik, aylıq və s.), planlı və davamlı şəkildə göstərilən, adətən təkrarlanan ehtiyacları ödəyən xidmət növləridir. Qısaca desək, müntəzəm – əvvəlcədən müəyyən olunmuş qrafik üzrə icra olunur, daimi – uzun müddət fasiləsiz davam edir, birdəfəlik deyil – ehtiyac olduqda yox, davamlı ehtiyac əsasında göstərilir.

Məsələn:

  • abunə əsaslı xidmətlər (internet, mobil rabitə, TV və s.);
  • icarə xidmətləri;
  • təhlükəsizlik və mühafizə xidmətləri;
  • planlı texniki servis xidmətləri;
  • vergi hesabatlarının müntəzəm hazırlanması;
  • autsorsinq mühasibat xidmətləri;
  • maliyyə hesabatlarının daimi aparılması;
  • hüquqi məsləhət və hüquqi müşayiət xidmətləri;
  • HR, insan resurslarının idarə edilməsi;
  • kommunal – tullantıların daşınması xidmətləri;
  • video-müşahidə sistemlərinin daimi nəzarəti;
  • Sosial media hesablarının idarə olunması;
  • PR və ictimaiyyətlə əlaqələr xidmətləri;
  • daxili nəzarət və uyğunluq xidmətləri;
  • müntəzəm olaraq korporativ daxili təlimlərin təşkili;
  • digər müntəzəm formada göstərilən xidmətlər.

Beləliklə, əsas məsələ müntəzəmlik anlayışı barədə tam təsəvvürün olmasındadır. Yəni xidmətlər əvvəlcədən müəyyən edilmiş qrafik üzrə icra olunan (müntəzəm), uzun müddət fasiləsiz davam edən (daimi) və ehtiyac olduqda yox, davamlı ehtiyac əsasında göstərilən olmalıdır (birdəfəlik deyil). Əks halda, xidmət birdəfəlik hesab edilir.

Dəyişikliyin məzmununda göstərilən “hər təqvim ayı üçün xidmətlərin göstərilməsinə başlanıldığı vaxt” EQF göndərilməsi tələbi o deməkdir ki, vergi məqsədləri üçün müntəzəm xidmətlərin dövriliyi dolayısilə 1 təqvim ayıdır. Təqvim ayı – təqvimdə qəbul olunmuş ay deməkdir və ayın ilk günündən son gününə qədər olan tam dövrü əhatə edir. Məsələn, aprel təqvim ayı 1 aprel – 30 aprel tarixlərini əhatə edir. Bağlanılan müqavilədə, məsələn, 3 aydan bir hesablaşma nəzərdə tutulsa da hər aya düşən müntəzəm xidmət haqqına görə EQF təqdim edilməlidir. Deməli, məsələn, icarə üzrə təqdim olunan EQF-də 2 və daha artıq təqvim ayını əhatə edən (3 aylıq, 6 aylıq, illik və s.) icarə haqqı barədə məlumatlar göstərilməsi düzgün hesab olunmayacaq (və ya hesab edilməyə bilər).

Müntəzəm xidmətlər üzrə EQF-lərin tərtib olunması və göndərilməsi təqvim ayının ilk günündə (və ayın ilk iş günündə) hər hansı səbəblərdən fiziki olaraq mümkün deyildirsə, EQF hər təqvim ayının daxilində, məsələn, ayın 1-dən başlayaraq sonuna qədər olan müddətdə, lakin növbəti aya keçməmək şərtilə təqdim olunarsa, bu, ciddi qayda pozuntusu hesab edilməyə bilər. Əsas odur ki, mümkün qədər təqvim ayının ilk günlərində EQF-lər təqdim olunsun.

Müntəzəm xidmətlər üzrə təqvim ayının ortasında, məsələn, ayın 12-də bağlanılan müqaviləyə əsasən xidmətlər təqvim ayının 12-dən başlayaraq göstərilməyə başlayırsa, EQF həmin təqvim ayının 12-də təqdim olunmalıdır. Bu halda, ilk təqvim ayında xidmətin göstərilməyə başlanıldığı tarixdən həmin təqvim ayının sonuna qədər olan dövrü (gün sayını, məsələn, 30-12=18 gün) əhatə edən xidmət haqqı müəyyən edilməlidir və həmin müddət üzrə ilk xidmət haqqı ilk təqdim olunan EQF-də tam ayı əhatə etməyən xidmət haqqı kimi əks olunacaq. Bəzən elə müntəzəm xidmət göstərilməsi halı ola bilər ki, xarakterindən asılı olaraq, xidmətə hər ayın konkret 20-dən 30-dək olan müddətdə başlanılır, ayın əvvəlki 20 günündə isə faktiki xidmət həyata keçirilmir. Məsələn, avadanlıqlara müntəzəm texniki baxış xidmətləri zamanı belə hal yarana bilər. Bu zaman xidmət göstərən tərəfdən EQF ayın əvvəlində deyil, 20-də təqdim oluna bilər. Çünki təqvim ayı üçün xidmətlərin göstərilməsinə başlanıldığı vaxt ayın 20-sidir.

Eyni sahə (ad oxşarlığı olan) xidmət həm müntəzəm formada, həm də birdəfəlik qaydada göstərildiyi halda, müntəzəm göstərilən xidmətlərə görə ayrı EQF, birdəfəlik göstərilən xidmətlərə görə də ayrı EQF tərtib edilməlidirmi? Eyni sahə xidməti həm müntəzəm formada, həm də birdəfəlik qaydada göstərdiyi hallar da mövcuddur. Bəs bu zaman EQF necə tərtib edilməlidir? Bu hallarda müntəzəm göstərilən xidmətlərə görə ayrı EQF, birdəfəlik göstərilən xidmətlərə görə də ayrı EQF tərtib edilməsi tövsiyə olunur. Məsələn, hər ikisi hüquq sahəsində fəaliyyət hesab edilən, lakin müntəzəm xidmət kimi – müəssisənin fəaliyyətinin daimi hüquqi müşayiəti, müqavilələrin mütəmadi hazırlanması və hüquqi məsləhətlərin verilməsi, birdəfəlik xidmət kimi – konkret bir məhkəmə işinin aparılması və ya tək bir müqavilənin hazırlanması xidmətlərini göstərmək olar. Hər ikisi də mühasibat xidmətlərinə aid olan, lakin müntəzəm xidmət kimi – aylıq mühasibat uçotunun aparılması, vergi və maliyyə hesabatlarının davamlı hazırlanması, birdəfəlik xidmət kimi – bir illik maliyyə hesabatının tərtib edilməsi və ya vergi yoxlamasına hazırlıq xidmətlərini göstərmək olar. Bu cür eyni adlı xidmətlərə görə ayrı-ayrı EQF-lərin tərtib edilməsi və göndərilməsi vacibdir.

Bəzən göstərilən müntəzəm xidmətlərə digər xidmətlər və ya satışlar da əlavə edilir. Məsələn, aylıq icarə haqqına icarəyə götürənin istifadə etdiyi elektrik enerjisi, qaz və su haqqını əlavə edirlər. Belə əlavələr müntəzəm xidmətlərlə birlikdə bir EQF-də yazıla bilərmi? Belə hallarda əlavələrə görə təqvim ayının sonunda və ya müvafiq kommunal təsərrüfatlar tərəfindən sayğac məlumatları alınan gündən başlayaraq təqvim ayının istənilən günündə ayrıca EQF-də tərtib edilməsi və göndərilməsi tövsiyə olunur. Çünki kommunal haqların məbləği faktiki sərfiyyatdan sonra bilinir və əvvəlcədən müəyyən edilə bilməz. Hər əvvəlki təqvim ayının elektrik enerjisi, qaz və su srfiyyatı üzrə haqlar icarəyə götürənə növbəti ayın əvvəlində təqdim olunan EQF-də əks etdirilə bilər. Lakin bu da əməliyyatın baş verdiyi vaxtın pozulması kimi qiymətləndirilə bilər. Ona görə də icarəyə götürəndən elektrik enerjisi, qaz və su haqqı barədə tələblərə görə ayrıca EQF göndərilməsi daha məqsədəmüvafiqdir.

Təqvim ayının əvvəlində təqdim olunan EQF üzrə ay sona çatmamış müntəzəm xidmət göstərilməsi müqaviləsinə xitam verilərsə, icraçı tərəf təqdim etdiyi EQF-ni qaydaların vaxt baxımından verdiyi imkanlar daxilində düzəlişə, ləğvə göndərə və yenisi ilə əvəz edə bilər.

Qeyd edək ki, vergi ödəyiciləri EQF tərtib edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının tələblərinə əməl etməlidirlər. Qaydaların 1.3-cü maddəsində göstərilir ki, bu Qaydalara uyğun tərtib edilməyən və ya Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş elektron qaimə-faktura mal (iş, xidmət) təqdim olunmasının (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) və ya avans alınmasının rəsmiləşdirilməsinə əsas vermir. Həmçinin, Qaydaların 2.18-ci maddəsinin tələbləri onu göstərir ki, elektron qaimə-faktura tərtib edilən zaman o cümlədən təqdim olunmuş xidmətlərin adlarının dəqiq qeyd olunmamasına, ümumiləşdirilmiş adlardan (məsələn, müqaviləyə əsasən iş, xidmət” və digər bu kimi adlar) istifadə edilməsinə yol verilmir.

…Bir sözlə, müntəzəm xidmət göstərən sahibkarlıq subyektləri tərəfindən təqdim edilən EQF-lərdə xidmətlərin adı əks olunarkən xidmətin müntəzəmliyini bildirən və xidmətin tərkibinin aydın başadüşülən olmasını təmin edən geniş məzmunların yazılması tövsiyə olunur.

Mənbə: vergiler.az

Məzuniyyət vaxtı orta əməkhaqqının hesablanmasında nə dəyişir?

Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır

posted in: Xəbər | 0

Müştərilərinə daim ən son rəqəmsal ödəniş həlləri təqdim edərək onların gündəlik həyatını asanlaşdıran Bir ekosistemi daha bir yenilik təqdim edir. Belə ki, ekosistemin tərkib hissəsi olan və təqdim olunduğu vaxtdan müştərilərə rəqəmsal əməliyyat imkanları yaradan m10 tətbiqdaxili rəqəmsal kartı ilə də vəsaitlərin istifadəsini beynəlxalq səviyyəyə qaldırır. Ödəniş sektorunun qlobal texnologiya şirkəti Mastercard ilə tərəfdaşlıq çərçivəsində təqdim olunan yeni rəqəmsal kart, m10 istifadəçilərinə dünyanın hər yerində rahat ödəniş imkanı tanıyır.

Yeni m10 rəqəmsal kartının ən vacib özəlliyi odur ki, kartın balansı birbaşa istifadəçinin mövcud m10 elektron pulqabısı ilə eynidir. Artıq m10-da qeydiyyatdan və üztanıma identifikasiyasından uğurla keçən istifadəçilər kartı saniyələr içərisində  aktivləşdirə bilərlər. Kartdan istifadəyə başlamaq üçün tətbiqin əsas ekranında olan “Kartı Oyat” düyməsinə klikləmək kifayətdir. Bu proses bazarda mövcud olan ən sürətli rəqəmsal kart aktivləşdirmək üsullarından biridir. Yəni, istifadəçilər kartı aktivləşdirdikləri andan etibarən dərhal ödəniş edə bilərlər.

m10 rəqəmsal kartı ilə istənilən təmassız ödənişləri qəbul edən POS terminallarda (NFC) ödəniş etmək mümkündür. Kartı “Apple Wallet” və “Google Wallet” mobil cüzdanına əlavə etməklə ödənişləri internet bağlantısı olmadan da həyata keçirmək olar.

Onlayn ödəniş, müxtəlif saytlara kart məlumatlarını əlavə etmək və ya səyahət zamanı xaricdə alış-veriş kimi bütün imkanlar m10 rəqəmsal kartı vasitəsilə əlçatandır. Qeyd edək ki, yeni rəqəmsal kartın üstünlükləri ilə yanaşı, m10 cüzdanının digər mövcud funksiyaları da aktivdir. Belə ki, tətbiqdaxili ödənişlər, QR ödənişlər, m10 cüzdanları arasında əməliyyatlar, ölkədaxili və xarici pul köçürmələri, eləcə də və BakıKart ödənişləri kimi bütün üstünlüklər əvvəlki kimi qüvvədə qalır.

Xatırladaq ki, m10 ötən aylarda Amsterdam şəhərində keçirilən Money 20/20 Europe forumunda iştirak edərək, Ödəniş sektorunun qlobal texnologiya şirkəti Mastercard ilə strateji əməkdaşlığa başladığını elan etmişdi. Bu strateji əməkdaşlığın gətirdiyi üstünlüklər çərçivəsində, m10 rəqəmsal kartı kimi beynəlxalq ödəniş həllərinin istifadəyə verilməsi daha da rahat həyata keçirilə bilir və bu, Azərbaycanın rəqəmsal maliyyə həllərinin beynəlxalq arenada tanıdılması üçün mühüm addımdır.

Ətraflı məlumat üçün link: www.b-b.az/bmdc

Bir ekosistemi ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.

1 86 87 88 89 90 91 92 2. 693