Kişilər üçün ödənişli məzuniyyət necə hesablanır?

posted in: Xəbər | 0

Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də kişi cinsindən olan işçilərin övladının dünyaya gəlməsi ilə bağlı ödənişli məzuniyyət hüququnun təmin edilməsidir. Əmək Məcəlləsinin 125-ci maddəsinə (“Hamiləliyə və doğuşa görə məzuniyyətlər”) əlavə edilməsi təklif olunan bəndə əsasən, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonrakı dövrü əhatə etməklə, ümumilikdə 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi nəzərdə tutulur.

Yeniliyi şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, Beynəlxalq Əmək Təşkilatının “Ailə öhdəlikləri olan işçilər: kişi və qadın işçilər üçün bərabər rəftar və imkanlar haqqında” 165 nömrəli tövsiyəsinə görə, hər iki valideyn – həm ana, həm də ata doğuşdan dərhal sonra müəyyən müddət ərzində uşağa qulluq etmək üçün məzuniyyətə çıxmaq imkanına malik olmalıdır. Təklif edilən və şərti olaraq “atalıq məzuniyyəti” adlandırılan bu dəyişikliyin də həmin tövsiyəyə uyğun hazırlandığını demək olar: “Təklif edilən “atalıq məzuniyyəti” ilə bağlı bir neçə əsas məqama diqqət yetirək. Birinci məqam ondan ibarətdir ki, işçi bu ödənişli məzuniyyətdən istifadə etmək üçün uşağının doğulması ilə əlaqədar tibb müəssisəsi tərəfindən verilmiş arayışı işəgötürənə təqdim etməlidir. İkinci məqam isə 14 günlük ödənişli məzuniyyətin istifadə dövrü ilə bağlıdır. Təklifə əsasən, bu məzuniyyət doğuşdan əvvəl və ya doğuşdan sonrakı dövrdə tam şəkildə istifadə edilə bilər”.

A.Bayramov dəyişiklikdə diqqətçəkən məqamlardan birinin kişi işçilər üçün nəzərdə tutulan 14 günlük ödənişli məzuniyyətin hesablanması qaydası ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, Əmək Məcəlləsinin 177-ci maddəsinin (“Orta əməkhaqqı və onun hesablanması qaydası”) 5-ci bəndinə təklif edilən dəyişikliklə “atalıq məzuniyyəti” dövründə əməkhaqqının da məhz həmin maddəyə uyğun hesablanması nəzərdə tutulur. Bu zaman illik əmək məzuniyyətində olduğu kimi, son 12 ay üzrə gəlirlər əsas götürülməyəcək: “Belə ki, işçi “atalıq məzuniyyəti”ndən istifadə etdikdə, 14 təqvim gününə təsadüf edən iş günlərinə görə əməkhaqqının hesablanması Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun həyata keçiriləcək. Məsələn, əgər məzuniyyət dövrünə təsadüf edən iş günlərinin sayı 10 gün təşkil edərsə, bu halda işəgötürən işçinin son iki ay üzrə bir iş gününə düşən orta əməkhaqqını müəyyən edərək, həmin məbləği 10 iş gününə vurmaqla “atalıq məzuniyyəti” üçün ödəniləcək məbləği hesablayacaq”.

Mənbə: vergiler.az

İşçilər yazılı ərizə vermədən məzuniyyətə göndərilə bilər

İşçilər yazılı ərizə vermədən məzuniyyətə göndərilə bilər

posted in: Xəbər | 0

Gələn ildən işçilər ərizə yazmadan da məzuniyyətə göndərilə bilər. Bu məqam Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb. Gözlənilən yeniliyi “vergiler.az”a şərh edən iqtisadçı ekspert Anar Bayramov layihədə Məcəlləyə əmək məzuniyyətləri ilə bağlı mühüm dəyişikliklərin nəzərdə tutulduğunu bildirib.

Onun sözlərinə görə, işçinin ərizəsi alınmadan məzuniyyətə göndərilməsi üçün bəzi şərtlər tələb olunacaq: “Əmək Məcəlləsinin 138-ci maddəsinin (“Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması”) I hissəsinə əsasən, bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Maddənin mövcud tələblərinə görə, işçinin əmək məzuniyyətinə göndərilməsi üçün onun məzuniyyət hüququndan istifadə etməklə mütləq qaydada ərizə təqdim etməsi tələb olunur. Təklif edilən dəyişikliklə işçinin ərizəsi olmadan əmək məzuniyyətinə göndərilməsi halının da Əmək Məcəlləsinə daxil edilməsi nəzərdə tutulur. Belə ki, 138-ci maddəyə əlavə edilməsi təklif olunan 2-1-ci hissəyə əsasən, işəgötürən tərəfindən yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq edildikdən sonra işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə, habelə əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtlərinə və qaydasına riayət etmədən əmək məzuniyyətindən (tam və ya qismən) istifadə üçün işəgötürənə ərizə ilə müraciət etmədikdə, işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndərilə bilər”.

İqtisadçı əlavə edib ki, işəgötürənin Əmək Məcəlləsinin 138-ci maddəsinin 2-1-ci hissəsindən istifadə edə bilməsi üçün aşağıdakı şərtlərin eyni vaxtda mövcud olması təklif edilir:

  • İşəgötürən tərəfindən əmək məzuniyyətinin növbəlilik cədvəlinin tərtib edilməsi;
  • İşçinin əmək məzuniyyətinin başqa vaxta keçirilməsi ilə bağlı əsasların mövcud olmaması;
  • İşçiyə əmək məzuniyyətinin növbəlilik cədvəli barədə işəgötürən tərəfindən yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlığın edilməsi;
  • İşçinin həmin xəbərdarlıqdan sonra əmək məzuniyyətindən istifadə ilə bağlı ərizə ilə müraciət etməməsi.

“Qeyd edilən dörd şərt mövcud olduqda, Əmək Məcəlləsinə təklif edilən dəyişiklik işəgötürənə işçinin ərizəsi olmadan, əmr (sərəncam, qərar) əsasında müvafiq iş ili üzrə əmək məzuniyyətinə göndərmək hüququ verir”, – A.Bayramov bildirib.

Mənbə: banker.az

242 saylı “Gələcək hesabat dövrünün xərcləri” hesabı: uçot prinsipləri və tənzimləmələr

Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir

posted in: Xəbər | 0

Sərfəli kredit axtarışında olanlar, Birbank-ın digər banklarda kredit öhdəliyi olan müştərilər üçün əsl bayram hədiyyəsi edir.  Belə ki, indi digər banklardakı kreditlərini Birbank-a gətirən hər kəs təyin olunan kredit faizinə 3% endirim qazanır. Artıq minlərlə insan bu fürsəti dəyərləndirib. Siz də Yeni ili çətin maliyyə hesabatları aparmadan, büdcə sıxıntısı çəkmədən dolu-dolu yaşamaq istəyirsinizsə bu şansı qaçırmayın.

15 yanvar tarixinədək davam edən kampaniya müştərilərə daha sərfəli kredit şərtləri ilə yanaşı aylıq ödənişlərin həcmini azaltmaq, kreditlərini bir yerdən və vaxt itirmədən ödəmək imkanı yaradır.

Qeyd edək ki, kampaniya 13 aylıq və daha çox müddətə rəsmiləşdirilən kreditlərə şamil edilir. Kampaniya çərçivəsində Kapital Bank və ya istənilən digər bankdan əməkhaqqı, yaxud təqaüd alanlar maksimum 50 000 manatadək nağd pul kreditini 59 ayadək müddətə əldə edirlər. Fürsətdən yararlanmaq və bayramı dolu-dolu yaşamaq üçün sizə ən yaxın Kapital Bank/Birbank filialına yaxınlaşa bilərsiniz.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

242 saylı “Gələcək hesabat dövrünün xərcləri” hesabı: uçot prinsipləri və tənzimləmələr

posted in: Xəbər | 0

Mühasibat uçotunun təməl prinsiplərindən biri – fəaliyyətin fasiləsizliyi prinsipi – müəssisələrdə gələcək dövrlərə aid xərclərin həmin dövrə ötürülərək düzgün maliyyə nəticəsinin göstərilməsini tələb edir. 242 saylı “Gələcək hesabat dövrünün xərcləri” hesab bu prinsipə əsaslanaraq, cari dövrdə ödənilən, lakin gələcək 12 ay ərzində fayda gözlənilən xərcləri uçota almaq məqsədi daşıyır.

Qısamüddətli aktivlərin əsas kateqoriyaları

Qısamüddətli aktivlər – müəssisənin bir ildən az müddətdə pula çevrilməsi, istifadə olunması və ya xərclənməsi nəzərdə tutulan resurslarını əks etdirir. Qısamüddətli kimi xarakterizə edilən bu aktivlər maliyyə hesabatlarında aktivlərin tərkibində ilkin sırada təqdim olunur və müəssisənin likvidlik səviyyəsini göstərmək baxımından böyük əhəmiyyət daşıyır.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları ”-na uyğun olaraq Azərbaycan Respublikasında mühasibat uçotu subyektləri üçün Hesablar Planına əsasən qısamüddətli aktivlər aşağıdakı əsas kateqoriyalara bölünür:

  1. Ehtiyatlar (20-ci maddə);
  2. Qısamüddətli debitor borcları (21-ci maddə);
  3. Pul vəsaitləri və onların ekvivalentləri (22-ci maddə);
  4. Sair qısamüddətli maliyyə aktivləri (23-cü maddə);
  5. Sair qısamüddətli aktivlər (24-cü maddə).

Həmin kateqoriyalara aid olan mühasibat uçotu hesabları barədə burada ətraflı şərh olunub.

Məqalədə mühasibat uçotu subyektləri dedikdə, “kredit təşkilatları istisna olmaqla, kommersiya təşkilatları, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və publik hüquqi şəxslər (Azərbaycan Respublikasının Mərkəzi Bankı və illik maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında tərtib edən publik hüquqi şəxslər istisna olmaqla) nəzərdə tutulur”.

 

Sair qısamüddətli aktivlər üzrə uçot hesabları

242 saylı “Gələcək hesabat dövrünün xərcləri” hesabı sair qısamüddətli aktivlər kateqoriyasına aid olan hesablardan biridir. Həmin kateqoriyanın digər uçot hesabları bunlardır:

Sair qısamüddətli aktivlər mühasibat uçotu subyektlərində vaxtında planlaşdırılmış xərclərini, avans ödənişlərini və bərpa olunan vergi məbləğlərini əks etdirməklə yanaşı, həm də gələcəkdə iqtisadi fayda gətirəcəyi gözlənilən resurslar kimi təqdim olunur. Onların düzgün uçotu maliyyə hesabatlarının real və dürüst olmasını təmin edir. Bu hesabların əksəriyyəti passiv hesablarla müxabirləşmə yolu ilə formalaşır (məsələn: bank hesabı, nağd pul vəsaiti və ya kreditlər hesabı ilə), istifadəsi zamanı isə xərclər və ya zərərlər hesabları ilə müxabirləşir (məsələn: 731 – “Sair əməliyyat xərcləri”, 711 – “Kommersiya xərcləri”  və s.).

242 saylı “Gələcək hesabat dövrünün xərcləri” hesabının məzmunu və funksiyası

242 saylı hesab cari dövr ərzində həmin dövrün gələcək hissəsinə aid xərcləri (məsələn, icarə haqqı, abunə haqları, avans ödənişlər, təmir xərcləri) əks etdirir .
Hesabın funksiyalarını aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. Qısamüddətli aktivlər qrupuna aiddir – bu hesab gələcək dövrə aid xərclərin düzgün şəkildə öz dövrünə aid olaraq qeyd olunmasına kömək edir.
  2. Xərclərin mərhələli tanınması – abunə haqları, icarə ödənişləri və xidmətlər gələcək 12 ay ərzində “ay-ay” hesablara köçürülür.
  3. Maliyyə balansının funksional göstərilməsi – balansda xərclər yerində qalar, gəlir-zərər hesabatına isə düzgün dövrərə aid məbləğlər ötürülür.

Məsələn, 360 manatlıq 6 aylıq internet abunə ödənişinə əvvəlcə debet 242, kredit 223 kimi müxabirləşmə verilir, sonra isə hər ay 60 manata debet 731, kredit 242 kimi müxabirləşmə verilir.

242 saylı hesab üzrə tənzimləmələr

Mühasibat uçotu subyektlərində 242 saylı “Gələcək hesabat dövrünün xərcləri” hesab üzrə tənzimləmələr “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın 26-ci bölməsinin 26.5-26.8 bəndləri əsasında  aparılır:

  • gələcək dövrün gəlirlərinin əldə edilməsi üzrə çəkilən xərclər – qaydaların 26.5-ci bəndi;
  • səhmdar tərəfindən nizamnamə kapitalı kimi çəkilən gələcək hesabat dövrünün xərcləri – 26.6-ci bənd;
  • gələcək hesabat dövrünün xərcləri cari hesabat dövründə xərc kimi tanındıqda – 26.8-ci bənd.

Qaydaların 26.7-ci bəndinə görə 242 saylı “Gələcək hesabat dövrünün xərcləri” hesabına aşağıdakı subhesablar açılır:

  • 242-1 saylı “Satışın maya dəyəri xərcləri üzrə gələcək hesabat dövrlərinin xərcləri”;
  • 242-2 saylı “Kommersiya xərcləri üzrə gələcək hesabat dövrlərinin xərcləri”;
  • 242-3 saylı “İnzibati xərclər üzrə gələcək hesabat dövrlərinin xərcləri”;
  • 242-4 saylı “Maliyyə xərcləri üzrə gələcək hesabat dövrlərinin xərcləri”.

Tənzimləmələr zamanı  zamini MUBS 1 – “Maliyyə hesabatlarının təqdim edilməsi” (IAS1) və MHBS 15 “Müştərilərlə müqavilələr üzrə gəlirlər” (IFRS 15) standartlarının tələbləri nəzərə alınmalıdır.

IAS 1 standartına görə, qısamüddətli aktivlər maliyyə vəziyyəti haqqında hesabatda ayrıca bölmə kimi təqdim olunmalıdı. Həmin aktivlər 12 ay ərzində istifadə ediləcəksə, qısamüddətli, əks halda isə uzunmüddətli kimi göstərilir. Bu baxımdan, digər qısamüddətli aktivlər ayrıca qeyd edilməli və açıqlanmalıdır.

Əgər gələcək hesabat dövrünə aid ödənişlər (məs. avanslar və ya əvvəlcədən alınan xidmətlər) qarşı tərəfdən öhdəliyin yerinə yetirilməsi ilə bağlıdırsa, IFRS 15-ə görə həmin xərclər aktiv kimi uçota alınır və müqavilə üzrə xərclər kimi təqdim olunur. Bu yanaşma 242 və 243 saylı hesabların uçotuna tətbiq oluna bilər.

Praktik müxabirləşmə nümunəsi

“ABC” şirkəti internet xidmətləri üçün ilin əvvəlində 3 aylıq 450 manat abunə haqqı ödəyib. Qabaqcadan ödənilən abunə haqqı “ABC” şirkəti tərəfindən gələcək dövrün qısamüddətli xərcləri kimi tanınacaq və xidmət göstərən müəssisə tərəfindən aylıq təqdim edilən elektron-qaimələrə əsasən gəlirdən çıxılacaq.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (manat)
1 Müqaviləyə əsasında müəyyən edilən haqq xidmət edən müəssisəyə ödənilir 242: “Gələcək hesabat dövrünün xərcləri” 242-3: “İnzibati xərclər üzrə gələcək hesabat dövrlərinin xərcləri” 450
2 1-ci ay üçün təqdim edilmiş elektron-qaimə əsasında abunə haqqı xərclərə silinir 721: “İnzibati xərclər” 538: “Digər qısamüddətli kreditor   borcları 150
3 1-ci ay üçün abunə öhdəliyi azaldılır 538: “Digər qısamüddətli kreditor   borcları 242-3: “İnzibati xərclər üzrə gələcək hesabat dövrlərinin xərcləri” 150
4 2-ci ay üçün təqdim edilmiş elektron-qaimə əsasında abunə haqqı xərclərə silinir 721: “İnzibati xərclər” 538: “Digər qısamüddətli kreditor   borcları 150
5 2-ci ay üçün abunə öhdəliyi azaldılır 538: “Digər qısamüddətli kreditor   borcları 242-3: “İnzibati xərclər üzrə gələcək hesabat dövrlərinin xərcləri” 150
4 3-cü ay üçün təqdim edilmiş elektron-qaimə əsasında abunə haqqı xərclərə silinir 721: “İnzibati xərclər” 538 – “Digər qısamüddətli kreditor   borcları 150
5 3-cü ay üçün abunə öhdəliyi azaldılır 538  – “Digər qısamüddətli kreditor   borcları 242-3: “İnzibati xərclər üzrə gələcək hesabat dövrlərinin xərcləri” 150

 

Beləliklə, 242 saylı hesab cari dövrdə ödənilən, lakin gələcək 12 ay ərzində yararlı olacaq xərclərin uçotunu təmin edir. Hesabın funksiyası balansda aktiv olaraq qalmaq, həqiqi mənfəət-zərər göstərmək üçün düzgün xərclərin müvafiq dövrə ötürülməsini təmin etməkdir. Tənzimləmələr üzrə hüquqi çərçivə əsas yerli qanunvericilik aktları, habelə beynəlxalq uçot standartları (IAS, IFRS ) əsasında müəyyən edilir.

Nəticədə, 242 saylı – “Gələcək hesabat dövrünün xərcləri”  hesabı mühasibat uçotunda fəaliyyətin fasiləsizliyi,  dövrilik prinsipinin yerinə yetirilməsi üçün mühüm alət olaraq çıxış edir və uçot sistemində şəffaflıq, hesabatlılıq prinsipinə xidmət edir.

Xüsusi notariusların vergi öhdəlikləri: qaydalar, məbləğlər

1 83 84 85 86 87 88 89 2. 693