Read More9
Read More9

Video: “Professional hesabatlar üçün dinamik Excel”

posted in: Xəbər | 0

“Azərbaycan Mühasiblər Məktəbi”nin “Professional hesabatlar üçün dinamik Excel” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər.

Vebinarın təqdimatçısı Elza Quliyeva maliyyə və idarəetmə sahəsində 10 ildən artıq təcrübəyə malik peşəkar mütəxəssisdir.

O, ABB Bank, Fuga Group MMC və digər təşkilatlarda daxili nəzarət, maliyyə hesabatlılığı və idarəetmə sahələrində çalışaraq peşəkar təcrübə qazanmışdır.

Microsoft Office üzrə MOSE 2019 Expert sertifikatına, həmçinin PL300 Microsoft, PL/SQL və Risk Management üzrə beynəlxalq səviyyəli biliklərə sahibdir.

Onun təlimləri real iş mühitinə əsaslanan, praktiki və nəticəyönümlü xarakter daşıyır. Elza xanım dərslərində sadə və anlaşılan izah tərzi ilə iştirakçılara Excel və digər ofis proqramlarından effektiv istifadə bacarıqları qazandırır.

Elza Quliyevanın təqdimatında ödənişli 0-dan Excel kursunda iştirak edə bilərsiniz.

İşçilərin yemək xərcləri vergiyə və sığortaya cəlb olunurmu?

posted in: Xəbər | 0

ƏDV qeydiyyatında olan “A” MMC hüquq-məsləhət xidmətlərinin göstərilməsi fəaliyyətini həyata keçirir və 16 işçisi var. İşçilərin nahar yeməklərinin təmin edilməsi məqsədilə şirkət tərəfindən onların bir qisminə yemək xərcləri üçün gündəlik 7 manat nağdsız vəsait ödənilir. İşçilərin bir qismi isə ofisin yaxınlığında yerləşən və ƏDV qeydiyyatında olan “Yeməkxana” adlı restoranla müqavilə bağlanılaraq yeməklə təmin edilir. Restorana hər işçi üçün gündəlik ƏDV daxil 7 manat olmaqla aylıq köçürmələr aparılır. Bu zaman işçilərin yemək xərclərinin qarşılanması ilə əlaqədar çəkilmiş xərclər gəlirdən çıxılacaqmı? İşçilərin yemək xərcləri onların muzdlu gəlirlərinə aid edilməklə vergiyə və sığorta haqlarına cəlb olunacaqmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinin 119.2-ci maddəsinin müddəalarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı ilə müəyyən olunmuş Qaydada və normada işçilərlə bağlı yemək xərclərinin gəlirdən çıxılmasına yol verilir.

Qaydanın 2.1.3-cü yarımbəndinə əsasən, işçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik norması yemək xərclərinin əvəzi birbaşa işçiyə ödənildikdə – 5 (beş) manat, iaşə xidməti işəgötürənin özü tərəfindən təmin edildikdə və ya ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən alındıqda – 5 (beş) manat məbləğində müəyyən edilib.

Qaydanın 1.2-ci bəndinə əsasən, bu Qayda ilə vergitutma məqsədləri üçün müəyyən edilmiş gəlirdən çıxılan xərc normalarına əlavə dəyər vergisinin məbləği də daxildir.

Qeyd olunanlara əsasən, işəgötürən tərəfindən ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicisindən elektron qaimə-faktura əsasında iaşə xidmətləri alınmaqla işçilərin yemək xərcləri qarşılandığı halda, habelə yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildiyi təqdirdə, çəkilmiş yemək xərcləri qanunla müəyyən olunmuş norma daxilində (birbaşa işçiyə ödənilən 5 manat və ictimai iaşə müəssisəsinə hər işçi üzrə ödənilən ƏDV daxil 5 manat) gəlirdən çıxılır. Bu zaman ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicisi tərəfindən təqdim olunmuş elektron-qaimə fakturada, habelə işəgötürən tərəfindən yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildikdə isə ödəmənin təyinatında ödənişin vergi ödəyicisinin işçilərinin yemək xərci ilə bağlı olması qeyd edilməlidir.

MMC-nin ƏDV qeydiyyatında olduğu nəzərə alınmaqla, Cəmiyyət tərəfindən ictimai iaşə müəssisəsinə hər işçi üzrə norma daxilində köçürülən yemək xərci üzrə ödənilmiş ƏDV məbləği (5-5/1,18=0,76) Vergi Məcəlləsinin 175.3-cü maddəsinə uyğun olaraq əvəzləşdirilir. Bununla yanaşı, Vergi Məcəlləsinin 98.5-ci maddəsinə əsasən, işəgötürən tərəfindən bu Məcəllənin 109.3-cü və 119.2-ci maddələrində nəzərdə tutulmuş xərclərin çəkilməsinin nəticəsi kimi əldə olunan gəlir vergitutulan gəlirə aid deyil.

Sorğuda göstərilən halda, MMC tərəfindən norma daxilində birbaşa işçilərə nağdsız qaydada ödənilən yemək xərcləri (5 manat), habelə ictimai iaşə müəssisəsinə hər işçi üzrə yemək xərclərinin (5 manat) ödənilməsinin nəticəsi üzrə əldə olunan gəlir işçilərin muzdlu işlə əlaqədar əldə edilən gəlirlərinə aid edilmədiyindən, gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqına, habelə işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına cəlb olunmur.

İşçilərə normadan artıq birbaşa nağdsız qaydada ödənilən yemək xərclərinin qanunvericiliklə müəyyən edilmiş normadan artıq hissəsi işçinin muzdlu gəlirlərinə aid olunmaqla gəlir vergisinə və sosial sığorta haqqına cəlb edilir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 119-cu və 175-ci maddələri, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlar, Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı ilə tənzimlənir.

Mənbə: vergiler.az

Bazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi?

Birbank-dan bayram sürprizi: metroda gediş haqqına 50% endirim edildi

posted in: Xəbər | 0

Ölkənin ilk rəqəmsal bankı Birbank qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müştərilərini sevindirəcək kampaniyaya start verir. Belə ki, 16 dekabr 2025-ci il tarixindən 4 yanvar 2026-cı ilədək davam edəcək kampaniya müddətində Birbank Visa kart sahibləri Bakı metrosundan istifadə zamanı gediş haqqının sadəcə yarısını ödəyəcəklər.

Bayram günlərində şəhərdaxili səfərlərini daha sərfəli etmək istəyənlər üçün nəzərdə tutulan kampaniyadan yararlanmaq olduqca asandır. Sərnişinlər metro stansiyalarında ödənişlərini Birbank Visa (debet və ya taksit) kartlarına bağlı “Apple Pay” və ya “Google Pay” vasitəsilə həyata keçirməlidirlər. Bu zaman balansdan standart 60 qəpik əvəzinə, cəmi 30 qəpik silinəcək.

Qeyd edək ki, hər bir istifadəçi kampaniya ərzində bütün kartları üzrə ümumilikdə maksimum 10 dəfə güzəştli gediş imkanından faydalana bilər. Bu təşəbbüs bayram ərəfəsində rəqəmsal ödənişləri təşviq etməklə yanaşı, istifadəçilərin büdcəsinə qənaət edərək bayramı dolu-dolu yaşamağa imkan yaradır.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Bazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi?

posted in: Xəbər | 0

Bildiyimiz kimi, 2025-ci ildən Vergi Məcəlləsində bazar mülkiyyətçiləri və bazarlarda fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə vəzifələr müəyyən olunub. Vergi Məcəlləsində qeyd olunan “bazar” anlayışına iri ticarət mərkəzləri – “Mall”lar da aid olunurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 2025-ci ilin oktyabrın 1-dən qüvvəyə minən 16.1.11-15 – 16.1.11-17-ci maddələrində kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) və həmin bazarlarda sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicilərinə dair vəzifələr müəyyən edilib.

Vergi Məcəlləsində nəzərdə tutulan “bazar” anlayışı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən müəyyən olunur. Həmin Qaydaların 2-ci hissəsinin müddəalarına əsasən, bazar – müəyyən ərazidə daimi fəaliyyət göstərən, malların satışı və xidmətlərin göstərilməsi üçün ayrılmış ticarət yerlərinə malik əmlak kompleksidir.

Buna əsasən, Vergi Məcəlləsinin bazarlarla bağlı sözügedən müddəaları iri ticarət şəbəkələri və ticarət mərkəzlərinə (o cümlədən “Mall”lara) münasibətdə də tətbiq olunur.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 16-cı maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” ilə tənzimlənir.

Mənbə: vergiler.az

Tərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur?

1 88 89 90 91 92 93 94 2. 693
error: Content is protected !!