“Digər məcburi ödənişlər üzrə öhdəliklər” hesabı
İşsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqları həm işçi, həm də işəgötürən tərəfindən ödənilməli olan icbari ödənişdir. Belə öhdəliklərin uçotu 523 saylı “Digər məcburi ödənişlər üzrə öhdəliklər” hesabında aparılır. Bu hesab vergilər və digər məcburi ödənişlər üzrə yaranan öhdəlikləri özündə əks etdirən Hesablar Planının 52-ci maddəsində açılan hesablardan biridir.
İşsizlikdən sığorta haqqı, habelə icbari tibbi sığorta haqları qanunvericilikdə müəyyən edilmiş digər icbari ödənişlər kimi işçiyə hesablanmış əməkhaqqı əsasında hesablanır.
Digər məcburi ödənişlər üzrə öhdəliklər həm işçinin gəlirləri hesabına, həm də işçinin xeyrinə olmaqla işəgötürənin hesabına müəyyən olunur.
İşçiyə ay ərzində işlədiyi günlərə verilən məbləğ qanunvericilikdə müəyyən edilmiş qaydada hesablanmış əməkhaqqı ilə məcburi tutulmaların fərqi kimi ödənilir.
Mühasibat uçotu subyektlərində AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” əsasında uçot hesabları açılır, həmin hesablar üzrə müxabirləşmələr verilir. 523 saylı “Digər məcburi ödənişlər üzrə öhdəliklər” bu qaydaların 42.1 maddəsi üzrə açılan hesablardan biridir. Digər iki hesab aşağıdakılardır:
Hesab üzrə tənzimləmələr
Öhdəlik (passiv) hesabı olan 523 №-li “Digər məcburi ödənişlər üzrə öhdəliklər” hesabında mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının qanununlarına əsasən hesablanmış, tutulmuş və hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan digər məcburi ödənişlər üzrə öhdəlikləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
Digər məcburi ödənişlər üzrə öhdəliklər yarandıqda mühasibat yazılışlarına yuxarıda qeyd edilən qaydaların 42.22.-ci, öhdəliklər ödənildikdə 42.25.-ci, üçüncü şəxs tərəfindən ödənildikdə isə 42.26.-cı bəndi tətbiq edilir.
İstehsal prosesilə əlaqədar olmayan sahədə müxabirləşmə nümunəsi
523 saylı “Digər məcburi ödənişlər üzrə öhdəliklər” hesabı üzrə uçotla bağlı belə bir nümunəyə baxaq. “A” MMC-nin 5 nəfər işçisinin əməkhaqqı məlumatları aşağıdakı kimidir:
1-ci işçi – 1200 manat;
2-ci işçi – 1200 manat;
3-cü işçi – 1100 manat;
4-cü işçi – 900 manat;
5-ci işçi — 600 manat.
Cəmi hesablanan əməkhaqqı 5000 manat təşkil edir. Tutulmalar hər bir işçi üzrə ayrı-ayrılıqda edilir, uçota alınan zaman isə cəmlənir.
İşçi tərəfindən ödənilən işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının uçotu belə olacaq:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Əməkhaqqı hesablandıqda | 721 – İnzibati xərclər | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 5000.00 |
2 | İşçi hesabına sosial sığorta haqqı hesablandıqda (3%) | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 522-1 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 430.00 |
3 | İşçi hesabına işsizlikdən sığorta haqqı hesablandıqda (0.5%) | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 25.00 |
4 | İşçi hesabına icbari tibbi sığorta haqqı hesablandıqda (2%) | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 100.00 |
İşəgötürən tərəfindən ödənilən işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının uçotu isə belədir:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | İşəgötürən hesabına sosial sığorta haqqı hesablandıqda (22%) | 721 – İnzibati xərclər | 522-2 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 820.00 |
2 | İşəgötürən hesabına işsizlikdən sığorta haqqı hesablandıqda (0.5%) | 721 – İnzibati xərclər | 523-3 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 25.00 |
3 | İşəgötürən hesabına icbari tibbi sığorta haqqı hesablandıqda (2%) | 721 – İnzibati xərclər | 523-4 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 100.00 |
Ödəniş işsizlikdən sığorta, icbari tibbi sığorta haqqı üzrə ayrı-ayrılıqda həyata keçirilir:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | İşçiyə əməkhaqqı ödənildikdə | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 223 – Bank hesablaşma hesabları | 4445.00 |
2 | İşçiyə görə hesablanan sosial sığorta haqqı ödənildikdə (3%) | 522-1 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 223 – Bank hesablaşma hesabları | 430.00 |
3 | İşəgötürən hesabına sosial sığorta haqqı ödənildikdə (22%) | 522-2 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 223 – Bank hesablaşma hesabları | 820.00 |
4 | İşçiyə görə hesablanan işsizlikdən sığorta haqqı ödənildikdə (0.5%) | 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 223 – Bank hesablaşma hesabları | 25.00 |
5 | İşçiyə görə hesablanan icbari tibbi sığorta haqqı ödənildikdə (2%) | 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 223 – Bank hesablaşma hesabları | 100.00 |
6 | İşəgötürən hesabına işsizlikdən sığorta haqqı ödənildikdə (0.5%) | 523-3 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 223 – Bank hesablaşma hesabları | 25.00 |
7 | İşəgötürən hesabına icbari tibbi sığorta haqqı ödənildikdə (2%) | 523-4 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 223 – Bank hesablaşma hesabları | 100.00 |
İstehsalla əlaqədar sahədə müxabirləşmə nümunəsi
“A” MMC dəmir qapıların istehsalı ilə məşğul olan müəssisədir. Müəssisənin 35 nəfər işçisinin 27-si istehsal binasında, 8-i isə inzibati binada işləyir. İnzibati binada işləyən işçilərdən fərqli olaraq istehsalatda çalışan işçilərin əməkhaqqı xərcləri, o cümlədən məcburi ödənişlər istehsalat məsrəflərinə aid edilir.
İstehsal binasında işləyən işçilər üçün cəmi hesablanmış əməkhaqqı 14050 manat təşkil edir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Əməkhaqqı hesablandıqda | 202 – İstehsalat (iş və xidmət) məsrəfləri | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 14050.00 |
2 | İşçi hesabına sosial sığorta haqqı hesablandıqda (3%) | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 522-1 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 1027.00 |
3 | İşçi hesabına işsizlikdən sığorta haqqı hesablandıqda (0.5%) | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 70.25 |
4 | İşçi hesabına icbari tibbi sığorta haqqı hesablandıqda (2%) | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 281.00 |
5 | İşəgötürən hesabına sosial sığorta haqqı istehsalat məsrəflərinə aid edildikdə (22%) | 202 – İstehsalat (iş və xidmət) məsrəfləri | 522-2 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 2485.50 |
6 | İşəgötürən hesabına işsizlikdən sığorta haqqı istehsalat məsrəflərinə aid edildikdə (0.5%) | 202 – İstehsalat (iş və xidmət) məsrəfləri | 523-3 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 70.25 |
7 | İşəgötürən hesabına icbari tibbi sığorta haqqı istehsalat məsrəflərinə aid edildikdə (2%) | 202 – İstehsalat (iş və xidmət) məsrəfləri | 523-4 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 281.00 |
İşsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə hesablanmış faizlər
“A” MMC tərəfindən may ayının sonunda işçilərin əmək haqqıları ödənilib. Lakin hesablanmış işsizlikdən sığorta, icbari tibbi sığorta haqları müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən faiz hesablanmışdır.
İşçi hesabına, işəgötürən hesabına işsizlikdən sığorta haqqı üzrə hesablanan faiz məbləği ümumilikdə 56 manatdır.
İşçi hesabına, işəgötürən hesabına icbari tibbi sığorta haqqına görə hesablanan faiz məbləği ümumilikdə 85 manatdır.
Məcburi ödənişlər üzrə hesablanmış faizin uçotu aşağıdakı kimidir:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | İşsizlikdən sığorta haqlarının vaxtında ödənilməməsinə görə faiz hesablandıqda | 341 – Hesabat dövründə xalis mənfəət (zərər) | 523-5 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 56.00 |
2 | İcbari tibbi sığorta haqlarının vaxtında ödənilməməsinə görə faiz hesablandıqda | 341 – Hesabat dövründə xalis mənfəət (zərər) | 523-6 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 85.00 |
3 | Faizin ödənişi həyata keçirildikdə | 523-5 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 223 – Bank hesablaşma hesabları | 56.00 |
4 | Faizin ödənişi həyata keçirildikdə | 523-6 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 223 – Bank hesablaşma hesabları | 85.00 |
İşsizlikdən sığorta haqqı barədə daha ətraflı məlumat almaq üçün buraya, icbari tibbi sığorta haqqı barədə isə buraya keçid ala bilərsiniz.