521 saylı “Vergi öhdəlikləri” hesabı üzrə uçot

posted in: Xəbər | 0

“Vergi öhdəlikləri” hesabı

Vergilər və sair məcburi ödənişlər üzrə yaranan öhdəliklər Hesablar Planının aid olan hesablarda uçota alınır. Onlardan biri 521 saylı “Vergi öhdəlikləri” hesabıdır.

Vergi öhdəlikləri üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın  tələbləri əsasında aparılır. Bu tələblər həmin qaydaların 1.1 bəndi ilə müəyyən edilmiş mühasibat uçotu subyektlərini əhatə edir.

Qaydaların 42.1-ci bəndinə əsasən 52-ci maddə üzrə aşağıdakı hesablar açıla bilər:

Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklərin uçotu üçün açılan hesablardan biri 521 saylı “Vergi öhdəlikləri” hesabıdır.

Biznes hesabi

Öhdəlik (passiv) hesabı olan 521 №li “Vergi öhdəlikləri” hesabında mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən hesablanmış, tutulmuş, hesabat tarixindən sonra 12 ay ərzində büdcəyə ödənilməli olan vergilər barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

521 saylı “Vergi öhdəlikləri” hesabı üzrə tənzimləmələr

Vergi öhdəlikləri yarandıqda yuxarıda qeyd edilən qaydaların 42.3-cü, ödənildikdə 42.11-ci, üçüncü şəxs tərəfindən ödənildikdə isə 42.12-ci bəndi tətbiq edilir.

Malların qaytarılması və ucuzlaşdırılması, habelə verilmiş güzəştlərlə bağlı hesablanılmış əlavə dəyər vergisinə görə aparılmış dəqiqləşdirilmə ilə əlaqədar uyğun mühasibat yazılışı nəzərdə tutulan qaydaların 42.4-cü bəndinə əsaslanılaraq verilir.

Əldə edilmiş aktivlər üzrə hesablanmış əlavə dəyər vergisi əvəzləşdirildikdə 521 saylı “Vergi öhdəlikləri” hesabı üzrə mühasibat yazılışlıları qaydaların 42.5-ci bəndi əsasında aparılır.

Vergi öhdəliklərinin bağışlanması yaxud iddia müddətinin keçməsilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada silinməsi haqqında bəhs olunan qaydalardakı 42.13-cü bəndə əsasən tənzimlənir.

Material ehtiyatları əskik gəldikdə vergi öhdəlikləri ilə bağlı müxabirləşmə nümunəsi

Nümunə 1. Əskik gəlmə səbəbləri, təqsirkar hesab edilən şəxs məlum olduqda

Müəssisədə aparılan audit yoxlaması zamanı müəssisəyə məxsus 1200 manat dəyərində şüşə lövhələrin əskik gəlməsi halı aşkarlanıb. Auditor şüşə lövhələrin əskik gəlməsinin səbəbini işçinin məsuliyyətsiz yanaşması kimi qiymətləndirib, həmin işçi ona qarşı qaldırılan bütün iddiaları qəbul edilib. Bu zaman, həmin lövhələr işçinin hesabına aid edilmiş, onun əməkhaqqından tutulub. Müəssisə üçün bu əməliyyat xammal, materialların təqdim edilməsi kimi hesab edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn materiallar silindikdə 731 – Sair əməliyyat xərcləri 201 – Material ehtiyatları 1200.00
2 Materiallar müəssisə işçisinin hesabına aid edildikdə 217 – Digər qısamüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 1200.00
3 ƏDV hesablandıqda 217 – Digər qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 216.00
4 Təqsirkar şəxsin əməkhaqqından tutulma edildikdə 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 217 – Digər qısamüddətli debitor borcları 1416.00
5 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 216.00
6 Hesabat dövrü üzrə yaranmış vergi öhdəliyi büdcəyə ödənildikdə 521 – Vergi öhdəlikləri 226 – ƏDV-nin Depozit hesabı 216.00

Nümunə 2. Əskik gəlmə səbəbləri, təqsirkar hesab edilən şəxs məlum olmadıqda

2-ci halda şüşə lövhələrin əskik gəlməsinin səbəbləri, bundan təqsirkar hesab edilən şəxslər məlum olmur. Eyni misal üzərindən təsəvvür edək ki, təqsirkar şəxs məlum deyil, onun təyin edilməsi mümkün deyil.

Alış tarixində ƏDV əvəzləşdirilməmişdir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn materiallar silindikdə 731 – Sair əməliyyat xərcləri 201 – Material ehtiyatları 1200.00
2 Əskik gələn materialların ƏDV-si silindikdə 731 – Sair əməliyyat xərcləri 241 – Əvəzləşdirilən ƏDV 216.00

Alış tarixində ƏDV əvəzləşdirilmişdir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn materiallar silindikdə 731 – Sair əməliyyat xərcləri 201 – Material ehtiyatları 1200.00
2 Əskik gələn materialların əvəzləşdirilmiş ƏDV-si qədər büdcə qarşısında öhdəlik yarandıqda 731 – Sair əməliyyat xərcləri 521 – Vergi öhdəlikləri 216.00

Qısamüddətli debitor borcları kreditor borclarla əvəzləşdirildikdə vergi öhdəlikləri

“A” MMC  və, “B” MMC  5 ildir ki, qarşılıqlı surətdə mal (iş, xidmət) alqı-satqısı ilə məşğuldur. Vəziyyət elə bir hal aldı ki, tərəflər malların və xidmətlərin mübadiləsini (barter) həyata keçirmək qərarına gəldilər. Maya dəyəri 6500 AZN olan malları təqdim edən tərəf “A” MMC, onun əvəzində xidmətləri təqdim edən tərəf “B” MMC olaraq qərarlaşdırılmışdır. Bazar qiyməti nəzərə alınaraq mübadilə (barter) olunan malların və xidmətlərin dəyəri 8000 AZN təyin edilmişdir. “A” MMC-nin uçot məlumatları aşağıdakı kimi olacaqdır:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 6500.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 8000.00
3 ƏDV nəzərə alındıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 1440.00
4 Mübadilə (barter) nəticəsində xidmət alışı həyata keçirildikdə 721 – İnzibati xərclər 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 8000.00
5 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 1440.00
6 Satılmış malların ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 1440.00
7 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 1440.00
8 Alınmış xidmətin ƏDV ödənişi həyata keçirildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 1440.00
9 Mübadilə nəticəsində yaranan borclar qarşılıqlı olaraq əvəzləşdirildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 8000.00
10 Ödənilən ƏDV daxil olan ƏDV məbləği ilə əvəzləşdirildikdə 241 – Əvəzləşdirilən ƏDV 521 – Vergi öhdəlikləri 1440.00
11 Əldə edilən gəlir ümumi mənfəətə aid edildikdə 601 – Satış 801 – Ümumi mənfəət (zərər) 8000.00
12 Maya dəyəri xərci ümumi mənfəətə silindikdə 801 – Ümumi mənfəət (zərər) 701 – Satışın maya dəyəri üzrə xərclər 6500.00

İcarə ödənişi edildikdə vergi öhdəlikləri ilə bağlı mühasibat yazılışları

Müəssisə malları saxlamaq məqsədilə fiziki şəxsdən anbar icarəyə götürmüşdür. Aylıq icarə haqqı 500 manat olaraq razılaşdırılmışdır. Ödəmə mənbəyində vergi çıxıldıqdan sonra yerdə qalan məbləğ kassa hesabından ödənilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İcarə məbləği hesablandıqda və xərcə aid edildikdə 721 – İnzibati xərclər 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 500.00
2 Ödəmə mənbəyində vergi hesablandıqda (14%) 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 521 – Vergi öhdəlikləri 70.00
3 İcarə məbləği ödənildikdə 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 221 – Kassa 430.00
4 Bankdan vergi öhdəliyi ödənildikdə 521 – Vergi öhdəlikləri 223 – Bank hesablaşma hesabları 70.00

Dövlət büdcəsinə ödənişlər edildikdə müxabirləşmə

Malların satışı nəticəsində müsəssisənin dövlət qarşısında 6500 manat vergi öhdəliyi yaranmışdır. Vergi ödənişi ƏDV depozit hesabından həyata keçirilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Dövlət büdcəsinə vergilər ödənildikdə 521 – Vergi öhdəlikləri 226 – ƏDV-nin Depozit hesabı 6500.00

Dividenddən vergi hesablandıqda vergi öhdəlikləri ilə bağlı müxabirləşmə

Hesabat ilinin sonunda bir çox müəssisələr kimi “A” MMC də il ərzində qazandığı gəlirləri, xərclərini müəyyənləşdirməklə mənfəətini hesablamışdır. Büdcə ilə hesablaşmalar aparılmış, 260000 manat xalis mənfəəti formalaşmışdır. Onun 150000 manatlıq hissəsi iki nəfər təsisçi arasında bölüşdürülüb. Müəssisə təsisçilərə dividend ödəyərkən illik dövriyyəyə görə vergi ödənilməsi araşdırılıb nəzərə alınmalıdır. Vergi Məcəlləsinin dividendlərin vergiyə cəlb edilməsilə bağlı maddəsinə nəzər yetirəndə aydın oldu ki, “A” MMC dividend ödəyərkən ÖMV-ə cəlb etməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Xalis mənfəət əldə edildikdə 801 – Ümumi mənfəət (zərər) 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 260000.00
2 Dividend elan olunduqda 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 344 – Elan edilmiş dividendlər 150000.00
3 Dividend üzrə təsisçilər qarşısında öhdəlik yarandıqda 344 – Elan edilmiş dividendlər 534 – Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları 150000.00
4 Ödəmə mənbəyində vergi tutulduqda 534 – Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları 521 – Vergi öhdəlikləri 15000.00
5 Təsisçilərə dividend ödənildikdə 534 – Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları 223 – Bank hesablaşma hesabları 135000.00
6 Büdcə qarşısında öhdəliklər yerinə yetirildikdə 521 – Vergi öhdəlikləri 223 – Bank hesablaşma hesabları 15000.00

217 saylı “Digər qısamüddətli debitor borcları” hesabı üzrə uçot