Sual: ƏDV ödəyicisi MMC tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxsdən 70.000 Azn nağd qaydada borc alınmışdır. Həmin vəsait nağd qaydada 70.000 Azn kimi bir təqvim ayi ərzində geri qaytara bilərmi?
Cavab: Bildiririk ki, ƏDV ödəyicisi tərəfindən ay ərzində aparılan nağd hesablaşmalar, o cümlədən də vergi orqanında uçotda olmayan fiziki şəxsdən alınmış borcun qaytarılması məbləği “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində göstərilən həddən, yəni 30 000 manatdan artıq olmamalıdır.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, hüquqi şəxslə fiziki şəxs mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayıldıqda vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.
Qeyd edilənlərə əsasən qarşılıqlı surətdə asılı olan fiziki şəxs tərəfindən hüquqi şəxsə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Bax: Vergi Məcəlləsinin 14-cü, 110-cu və 220.12-ci maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.3-cü maddəsi.
Mənbə: taxes.gov.az