Ehtiyatların qiymətləndirilməsi üsulları

posted in: Xəbər | 0
birbank biznes

Ehtiyatların qiymətləndirilməsinin əsas prinsipləri

Ehtiyatların mühasibat uçotu hesablarında əks etdirilməsi haqqında “Mühasibat subyektlərində ehtiyatların uçotu necə aparılır” adlı məqalədə danışmışıq. Bəs ehtiyatlarımız hansı dəyərlə mühasibat uçotu hesablarına yazılır?

Məsələn, satmaq üçün aldığınız 100 manatlıq malı, uyğun mühasibat uçotu hesabına hansı dəyərlə daxil edərsiniz? “Əlbəttə ki, 100 manat dəyərində” deyəcəksiniz. Zatən bu doğrudur. Sizin hesaba daxil etdiyiniz dəyər ilkin olaraq ödədiyiniz, yəni ilkin dəyərdir. Lakin bəzi hallarda, ehtiyatları ilkin dəyəri ilə uçota almağımız doğru olmaya bilir. Gəlin belə halları araşdırmaq üçün nümunəyə baxaq.

Təsəvvür edin ki, bir telefon istehsal etmisiniz. İstehsalı sizə 200 manata başa gəlib. Bu telefonu rahatlıqla bazara çıxarıb 300 manata sata bilərsiniz. Lakin telefon əlinizdən düşür və zədələnir. Bu vəziyyətdə onu bazarda 130 manata satmaq mümkündür. Sizcə, 204 saylı “Hazır məhsul” hesabı üzrə uçot üçün telefonun dəyərini 200 manat kimi qiymətləndirmək məqsədə uyğundurmu?

Mühasibat uçotunun konsepsiyası bizdən ehtiyatlılığı, dəqiqliyi tələb edir. Əgər yuxarıdakı nümunədəki telefonu 130 manatdan yaxud üzərinə 20 manat xərc çəkməklə, 160 manatdan baha satmaq mümkün deyilsə, onu uçotda 200 manat kimi saxlamaq doğru olmaz.

Məhz bu səbəbdən, ehtiyatların qiymətləndirilməsi üçün aşağıda göstərilən iki dəyərdən ən aşağısı seçilməklə aparılmalıdır:

  • ilkin dəyər;
  • mümkün xalis satış dəyəri.

Ehtiyatların dəyərinin qiymətləndirilməsi üzrə bu əsas prinsiplər MUBS (IAS) 2nin 9-cu bəndində şərh olunub.

Ehtiyatların ilkin dəyəri

Ehtiyatların qiymətləndirilməsinin əsas prinsiplərindən birincisi – ilkin dəyərlə qiymətləndirmə zamanı aşağıdakılar nəzərə alınmalıdr:

  • alış məsrəfləri;
  • emal məsrəfləri;
  • sair məsrəflər (məsələn, ehtiyatların hazırkı vəziyyətə, yaxud əraziyə gətirilməsi zamanı çəkilən xərclər).

MUBS (IAS) 2 – nin 11-ci bəndi alış məsrəflərinin, 12-14-cü bəndi emal məsrəflərinin, 15-ci bəndi sair məsrəflərin ehtiyatların ilkin dəyərinə daxil edilməsi şərtlərini şərh edir.

Ehtiyatların qiymətləndirilməsi zamanı ilkin dəyərə daxil edilməyən və xərc kimi tanınmayan məsrəflər həmin standartın 16-cı bəndi ilə müəyyən edilir. Aşağıdakılar nümunə kimi göstərilə bilər:

  • normadan artıq istifadə edilən xammal, əməkhaqqı və digər istehsal məsrəfləri;
  • saxlama (anbar) məsrəfləri (istehsal prosesinin növbəti mərhələsinə keçid üçün lazım olan məsrəflər istisnadır);
  • satış məsrəfləri və sair.

Borclarla bağlı məsrəflər çox nadir hal kimi ehtiyatların ilkin dəyərinə daxil edilə bilər. Bu zaman “Borclar üzrə məsrəflər” adlı 23 saylı MUBS (IAS 23) üzrə tələblər nəzərə alınmalıdır.

İlkin dəyərin ayrı-ayrı komponentləri, ilkin dəyərin qiymətləndirilməsi metodları, dəyər düsturları haqqında “Ehtiyatlar” bölməsindən ətraflı tanış olmaq olar.

Ehtiyatların mümkün xalis satış dəyəri 

Ehtiyatlar zədələndikdə, tamamilə və ya qismən köhnəldikdə və ya satış qiymətində azalma olduqda onların dəyəri bərpa olunmaya bilər. Təxmini tamamlama məsrəfləri və ya təxmin edilən satış məsrəfləri artarsa, inventarın dəyəri də bərpa edilə bilməz. Bu zaman ehtiyatların ilkin dəyərlə qiymətləndirilməsi prinsipi işə yaramır.

Ehtiyatların mümkün xalis satış dəyəri – müəssisənin satış fəaliyyəti ilə bağlı gözlədiyi satış qiymətindən işin tamamlanmasına çəkilməsi ehtimal edilən xərclər və satışın həyata keçirilməsi üçün ehtimal edilən xərclər çıxıldıqdan sonra qalan məbləğdir.
Bizim yuxarıdakı nümunədə mümkün xalis satış dəyəri 160 manatdır.

Mümkün xalis satış dəyəri ilə ehtiyatların qiymətləndirilməsi MUBS (IAS) 2 –nin 28-33 – cü bəndlərində şərh olunub.

Bəzən ədalətli dəyər anlayışından istifadə edilir.

Ədalətli dəyər – müstəqil, yaxşı məlumatlandırılmış tərəflər arasında aktivlərin mübadilə edilə biləcəyi və ya öhdəliyin yerinə yetirilə biləcəyi məbləğdir.

Mümkün xalis satış dəyəri müəssisənin işinin normal gedişi zamanı ehtiyatların satışı nəticəsində əldə edilməsi ehtimal edilən xalis məbləğdir. Ehtiyatın ədalətli dəyəri onun müstəqil və yaxşı məlumatlandırılmış tərəflər arasında bazarda mübadilə nəticəsində əldə edilə biləcəyi məbləği əks etdirir. Sözü gedən anlayışlardan birincisi müəssisəyə xas olan dəyərdir, digəri isə yox. Ehtiyatların qiymətləndirilməsi zamanı mümkün xalis satış dəyəri satış xərcləri çıxılmaqla, ədalətli dəyərə bərabər olmaya bilər.

Material ehtiyatları, yarımfabrikatlar və hazır məhsul

Print Friendly, PDF & Email