Mühasibat uçotunun konsepsiyası

posted in: Xəbər | 0
birbank biznes

Konsepsiya nədir?

Mühasibatı yeni öyrənməyə başlayarkən “mühasibat uçotunun konsepsiyası”, “prinsiplər, qaydalar” anlayışları ilə rastlaşırıq. Lakin çox vaxt onların nəyi ifadə etdiyini, hansı hansının tərkib hissəsi olduğunu, aralarında nə kimi fərq olduğunu başa düşə bilmirik. Bunun səbəbi nədir?

Əksəriyyətimiz mühasibat uçotunun əsaslarını onun praktik tətbiqindən öyrənməyə başlayırıq. Öyrənmək bir prosesdir, yoldur, mühasibatı öyrənməyə yolun yarısında başlamaq olmaz. Unutmayaq ki, peşəkarlıq bilik üstəgəl bacarıqlardır. Peşəkar mühasib ilk öncə fundamental, nəzəri suallar qoymalı, cavab tapdıqdan sonra təcrübədə tətbiq etməyi bacarmalıdır.

Əvvəlki yazılarımızın birində mühasibatı elm adlandırmışdıq. İstənilən elmin öz nəzəri-konseptual əsasları var. Bəs mühasibatın nəzəri-konseptual əsasları nədir? İlk öncə konsepsiya sözünün mənasını xatırlayaq.

Dərketmə, sistem anlamını verən konsepsiya (latınca conceptio) ideyalar, baxışlar, fikirlər sistemi, eləcə də elmi əsər, kitab, məqalə və s.-nin əsas mahiyyəti, hansısa hadisəni dərk etməyin, şərh etməyin üsulu, onların işıqlandırılması məqsədini güdən rəhbər ideyalar toplusudur. Onun köməyi ilə hadisənin mahiyyətini, onların inkişaf istiqamətini formalaşdıran konseptual çərçivələr hazırlanır.

Konsepsiya hər hansı  tədqiqat sahəsinin əsasını təşkil edən ümum qəbul edilmiş nəzəri prinsiplərin məcmusudur.

Gəlin yuxarıdakı qeydləri bir az sadələşdirək

Nümunəyə baxaq. Azərbaycanda sürücülərin əməl etməli olduğu qayda, konseptual əsas var – maşını yolun sağ ilə sürmək lazımdır. Bu, nəqliyyatın rahat axınına kömək edir.

Mühasib də, eynilə, təsərrüfat əməliyyatlarının qeydiyyatını aparıb, hesabatlar hazırlayarkən  qaydalar çərçivəsində fəaliyyət göstərməlidir. Bu nəzəri konsepsiyaların olmasını zəruri edir.

Ehtimal, qayda, prinsiplərə istinad edən mühasibat uçotunun konsepsiyası təsərrüfat əməliyyatlarının uçotu, həmçinin hesabların hazırlanmasının əsasını müəyyən edir.

Beləliklə, mühasibat 3 etapdan keçərək hədəflərə çata bilər:

  • mühasibat uçotunun konsepsiyasının hazırlanması;
  • konsepsiya çərçivəsində prinsiplərin işlənməsi;
  • prinsiplərin tələblərinə xidmət edən konkret qaydaların hazırlanması.

Yuxarıda qeyd etdiklərimiz konsepsiya, prinsip və qaydalar arasında əlaqə və  fərqləri ifadə edir.

Qeyd edək ki, konsepsiya çərçivədir, yəni konkret məqsədlərə nail olmağa hədəflənmiş əməkdaşlıq, birgə razılıq ruhunda sonrakı addımlar üçün baza prinsipləri müəyyən edən sənəddir.

Mühasibatın konsepsiyaları (accounting concepts)

Mühasibat tarixi inkişaf mərhələsində əsasən təcrübəyə üstünlük verirdi. Lakin uçot-hesabat işçiləri onun nəzəriyyəsini, konseptual əsaslarını yaratmağa çalışdılar. Zaman və biznesin inkişafı hər kəs tərəfindən tanınan vahid çərçivə sənədinin yaranmasını tələb edirdi.

Peşəkar mühasiblər tərəfindən müxtəlif nəzəri konsepsiyalar təklif olunurda, amma yalnız bəziləri hamı tərəfindən qəbul edilirdi.

Konseptual əsaslar standartlar deyil, onları əvəz etmir, standartların daha təkmil formada tərtib edilməsi üçün irəli sürülür. Mühasibat uçotunun konsepsiyasının bir-neçə əsas funksiyasını qeyd edək:

  • beynəlxalq, həmçinin milli uçot standartlarının hazırlanmasına, yenilənməsinə kömək etmək;
  • maliyyə hesabatları standartlarının hazırlanmasına, hesabatların tərtib ediləməsinə dəstək olmaq;
  • uçot-hesabat sənədlərinin qəbul edilmiş standartlara uyğunluğu haqqında audit rəylərin hazırlanmasına kömək etmək.

Qloballaşma və mühasibat konsepsiyası

Uçotun dünyanın müxtəlif regionlarında fərqli inkişafı uçotun konseptual əsaslarının formalaşmasına təsirsiz ötmürdü. Regionlarda mühasibatın məqsədindən, inkişaf səviyyəsindən asılı olaraq müxtəlif mühasibat uçotu konsepsiyaları formalaşdı. Müxtəliflilik maliyyə hesabatlarının, mühasibat balansının, digər uçot-hesabat sənədlərinin hazırlanmasında fərqli baxışlara yol açırdı.

Uçotun qloballaşması, beynəlxalq maliyyə hesabatı standartlarının hazırlanması vahid beynəlxalq mühasibat konsepsiyasının hazırlanmasını aktuallaşdırdı. Vahid əsas sənədin olması:

  • standartların müddəalarının ardıcıllığını təmin etməyə;
  • hesabat istifadəçilərin maraqlarına diqqət etməyə;
  • vahid prinsiplərə riayət etməyə kömək edərdi.

Bunu nəzərə alan Maliyyə Hesabatlarının Beynəlxalq Standartları Komitəsi müxtəlif vaxtlarda mühasibat uçotu, maliyyə hesabatları üzrə çərçivə sənədləri hazırlayırdı. Komitənin bazasında yaradılan BMUS Şurası səndələri  yenidən işləyərək 2018-ci ildən etibarən maliyyə hesabatlarının konsepsiya sənədini tətbiq etdi. Sənədin əsas istiqamətləri, məzmunu növbəti yazımızın mövzusudur. Mühasibatlıq sahasində ilkin nəzəri biliklərinizi formalaşdırmaq istəyirsinizsə bizi izləyin, dostlarınıza tövsiyyə edin.

Torpaq, tikili və avadanlıqlar yaxud əsas vəsaitlər

Print Friendly, PDF & Email