Material ehtiyatları, yarımfabrikatlar və hazır məhsul

posted in: Uncategorized | 0
birbank biznes

Material ehtiyatları üzrə uçot hesabı

Müəssisənin aktivlərinin bir hissəsi olan ehtiyatlar mühasibat uçotunun hesablar planında bir neçə hesabla təmsil olunub. Bu hesabların tərkibi, onlar üzrə mühasibat yazılışlarının verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” əsasında tənzimlənir. 201 saylı “Material ehtiyatları” hesab bunlardan biridir. Yuxarıda qeyd edilən Qaydaların 22.3 bəndinə görə bu hesab üzrə aşağıdakı subhesablar açmaq olar:

  • 201-1: Xammal;
  • 201-2: Materiallar;
  • 201-3: Qablaşdırma materialları.

Ehtiyatlar, o cümlədən 201 saylı “Material ehtiyatları” hesabı üzrə uçot, onların qiymətləndirilməsi MUBS (IAS) 2 əsasında nizamlanır.

Material ehtiyatlarına hansı aktivlər aiddir?

Materiallar, xammal ehtiyatları birgə istifadə edilərək yeni məhsulun hazırlanmasında istifadə edilirlər. Məsələn, mebel istehsalı ilə məşğul olan müəssisə istehsal prosesində mismar, bolt, qayka, düymə, boya, qarışdırıcı və qulplardan istifadə edir. Materiallar hesab edilən bu aktivlər 201-ci hesabda subhesab açmaqla uçota alınır.

Mebelin istehsalında müəssisə əsas etibarı ilə nədən istifadə edir? Əsas etibarı ilə taxtadan, diktdən, MDF və s. adlı aktivlərdən.

Bunlar, həmin mebel müəssisəsi üçün xammal hesab edilir və 201-ci hesabda başqa subhesab açmaqla uçota alınırlar.

Malların istehsalı, eləcə də satışı ilə məşğul olan müəssisələr qablaşdırma materialları olmadan məhsulların bazarda uğurlu təşviqinə nail ola bilməzlər. Qablaşdırma materialları müəssisənin qısa müddətli aktividir, ehtiyatlar aiddir, uçotu 201-ci hesabında subhesab açmaqla aparılır.

Xammalın materiallardan fərqi nədir?

Xammalın həmin mebel müəssisəsi üçün ifadəsinə diqqət edin. Mebel istehsalı ilə bağlı yuxarıda verilmiş nümunədə həmin dikt, MDF mebel istehsalçısından fərqli olaraq, onları istehsal edən müəssisə üçün xammalı deyil, hazır məhsuldur.

İstehsal prosesində formasını, tərkibini, vəziyyətini dəyişən aktivlərimiz xammal kimi xarakterizə olunur. Onlar hazır məhsulun ərsəyə gəlməsində ən əhəmiyyətli rol oynayır.

İstehsal prosesi zamanı xammaldan hazır məhsulun yığılması, hazırlanmasını mümkün edən aktivlər materiallar qrupuna aid edilir. Onlarsız istifadəyə yaxud satışa yararlı məhsul hazırlamaq mümkünsüzdür.

Nümunə olaraq verdiyimiz, mebel istehsalında istifadə olunan taxta, dikt, MDF kimi materiallar olmasa, mebeldən danışmaq olmaz. Lakin eyni zamanda mismar, bolt, şurup, yapışqansız həmin taxtaları birləşdirmək, bir yerdə saxlamaq mümkünsüzdür. Boya, parça kimi materiallarsız mebel yığılar, amma satışa, istehlaka yararlı olmaz, deməli satılmaz. Bu səbəbdən materiallar xammal qədər materiallar da önəmlidir.

Yarımfabrikatlar yoxsa hazır məhsul?

Yarımfabrikatlar və ya daha dəqiq desək bitməmiş istehsal adlandırdığımız ehtiyatlar elə ehtiyatlardır ki, onlar istehsal prosesini (məqsədli  və ya məqsədsiz) tam keçməyiblər. Bunlar xammal ilə hazır məhsul arasında orta, aralıq bir mövqe tuturlar.

Bu cür ehtiyatlar, adətən, planlı şəkildə hazırlanır. Məsələn, istehsal prosesinin elə bir mərhələsi olur ki, öncə xammal və materiallardan yeni bir aralıq məhsul əldə edilir. Çoxfunksiyalı olan bu məhsul bir neçə istiqamətdə istifadəyə yararlı olur. Yəni istehsalının müəyyən mərhələsində hazırlanmış məhsul bir neçə növ hazır məhsula çevrilə və ya olduğu kimi satıla bilər.

İlkin xammaldan A yarımfabrikatını hazırlayan istehsal müəssisəsi təsəvvür edin. Həmin müəssisə B, C, D adlı hazır məhsullar istehsalında A yarımfabrikatından istifadə edir. B, C, D məhsullarının istehsal həcmi sifarişdən asılı olaraq dəyişir.

Bu səbəblə zavod xammaldan daim yarımfabrikat halında A bitməmiş istehsalını hazırlayıb saxlamalıdır ki, sifarişdən asılı olaraq yarımfabrikatı qeyd edilən hər 3 məhsulun istehsalına yönəldə bilsin.

Verdiyimiz nümunədə müəssisə bu siyasəti planlı şəkildə həyata keçirir. Bu zaman:

  • hazır məhsula sifarişi gəldikdə, sıfırdan deyil, artıq mövcud yarımfabrikatdan istifadə etməklə prosesi operativ bitirib alıcıya satır;
  • xammaldan birbaşa hazır məhsullar saxlamamaqla, müəssisəni onların satılmaması riskindən qoruyur.

Yarımfabrikatların uçotunun bəzi xüsusiyyətləri

Bəzən olur ki, yarımfabrikat mövcud olduğu formada satışa yararlı olur. Məsələn, yuxarıdakı nümunədə verdiyimiz istehsalçı, planlı siyasət yürüdərək müəyyən səbəblərdən satılmasa, yaxud satışa zərurət yaransa əlindəki yarımfabrikatı analoji istehsalla məşğul olan istehsalçıya sata bilər.

Diqqət etmək lazımdır ki, yarımfabrikat halında uçota alınmış məhsul satışa gedərsə və ya bunun üçün nəzərdə tutularsa, 204 saylı “Hazır məhsul” hesabı üzrə uçot qaydalarına görə qeydə alınmalıdır. Satış üzrə əməliyyatlar yalnız bundan sonra aparıla bilər.

Məsələn, 5000 manatlıq yarımfabrikatı hazır məhsul kimi satılırsa, ilk öncə aşağıdakı müxabirləşmə verilir:

Debet 204    Kredit 201     5000

Qeyd edək ki, yarımfabrikat (bitməmiş istehsal) adlandırdığımız bu ehtiyatların planlaşdırılan və gözlənilən olması şərti önəmli deyildir.

Əslində, istehsalda iştirak edən xammal və materialların emalı prosesinin müəyyən mərhələlərini bitməmoş istehsal hesab etmək olar. Məsələn, yuxarıdakı nümunədə, A yarımfabrikatına qədər, həmçinin həmin nöqtədən B, C və D məhsulları alınana qədərki mərhələ bitməmiş istehsaldır. Bu mənada bizim 202 saylı “İstehsalat (iş və xidmət) məsrəfləri” hesabı üzrə uçot qeydləri aparılmış məbləğlərin 204 nömrəli “Hazır məhsul” hesabına bağlanmamış hissəsi, yəni istehsal prosesinin sonuna qədər olan istənilən mərhələsi bitməmiş istehsalı təcəssüm etdirir.

Beləliklə, hazır məhsul adından göründüyü kimi, istehsal müəssisəsi olaraq bizim satışa çıxarmağa planladığımız məhsulun son halıdır, istehsalın son prosedurudur. Qısamüddətli aktivdir, 204 nömrəli hesabda uçota alınır.

205 saylı “Mallar” hesabı üzrə uçot

Print Friendly, PDF & Email