Əmək müqaviləsinin forması

posted in: Xəbər | 0

Əmək müqaviləsi nədir, onu kim bağlayır?

İşəgötürənlə işçi arasında münasibətləri rəsmiləşdirmək üçün müəssisə, yaxud təşkilatlarda, onların kadr uçotu mütəxəssisləri tərəfindən əmək müqaviləsi tərtib edilir. Nümunəvi əmək müqaviləsinin forması  Əmək Məcəlləsində verilib. Əmək müqaviləsi vasitəsilə işəgötürən işçini işlə təmin edir, ona görə əməkhaqqı ödəyir. Bunun müqabilində işçi:

  • səmərəli işləməyi,
  • iş qrafiki qaydalarına əməl etməyi,
  • vəzifələrini yerinə yetirməyi öhdəsinə götürür.

İşçi və işəgötürənin fərdi qaydada, nümunəvi əmək müqaviləsi formasına uyğun razılaşma, onların hüquqlarını və vəzifə öhdəliklərini şərh edir.

Əmək müqavisinin tərəfləri işçi (fiziki şəxs) və işəgötürəndir (müdriyyət, müəssisənin rəhbəri)

Mühasibat xidmətləri

Əmək müqaviləsi haqqında daha ətraflı buradan məlumat almaq olar.

Əmək müqaviləsinin forması

Müqavilənin məzmunu tərəflərin hüquq və vəzifələrini müəyyən edən şərtlərdən ibarətdir. Bu sənəd iki tərəfin razılığı ilə nümunəvi əmək müqaviləsinin forması əsasında sərbəst bağlanır, yəni bunun üçün heç bir məcburiyyət yoxdur. Əmək Məcəlləsində edilmiş son dəyişikliyə əsasən, Məcəllənin 7.2.1. və 7.2.2. maddələrində qeyd edilən hallar istisna olmaqla, əmək müqaviləri elektron informasiya sistemində yalnız online formada bağlanılır və həm işçi, həm də işəgötürən tərəfindən təsdiləndikdən sonra qüvvəyə minir. Bəzi müəssisələrdə online əmək müqavilələri struktur bölmələrə məlumat üçün göndərilə bilər. Məsələn:

  • işçiyə;
  • insan resursları;
  • mühasibatlıq şöbəsinə verilə bilər.

Artıq qanunvericilikdə müəyyən  olunmuş hallar xaricində, yazılı əmək müqavilə bağlamağa ehtiyac yoxdur. Online əmək müqaviləsi işçi və işəgötürən tərəfindən ey I gündə imzalandıqdan sonra qüvvəyə minir və əmək münasibətləri başlanmış hesab olunur. Ən geci işçi işə başladığı gün online əmək müqaviləsini bağlamaq lazımdır. Əks halda, əmək haqqı ödənilsə belə, işəgötürən qanunsuz şəkildə işçini işə cəlb etmiş sayılacaqdır. Bu hal isə müəssisə üçün inzibati cərimə ödənilməsi ilə nəticələnə bilər.

Nümunəvi əmək müqaviləsi forması Əmək Məcəlləsinə əlavə olunub.

Əmək müqaviləsinin tərkibi

Nümunəvi əmək müqaviləsinin forması 11 paraqrafdan ibarətdir. Həmin bölmələrdə qeyd olunan məlumatlar aşağıdakılardır:

  • Müqaviləni (kontraktı) bağlayan tərəflər haqqında məlumatlar

İşçinin məlumatları onun şəxsiyyət vəsiqəsi əsasında doldurulur. İşəgötürənin adı, ünvanı, eyni zamanda işçinin vəzifəsi, habelə işlədiyi struktur bölmə haqqında məlumatlar müqavilədə qeyd olunmalıdır.

  • Müqavilənin müddəti

Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən müddətsiz yaxud müddətli olmaqla 5 ilədək tərtib edilir. İkinci halda müddət 5 ildən artlq ola bilməz, əks halda belə müqavilə müddətsiz kimi qəbul olunur.

  • İşçinin əmək funksiyası

Bölmə müqavilənin ən mühüm hissəsi sayılır. Əmək funksiyası dedikdə müqavilə üzrə işçinin yerinə yetirilməli olduğu işlər başa düşülür. Bu funksiyaları dəyişmək yaxud onlara əlavələr etmək üçün tərəflərin razılığı vacibdir.

  • Əmək şəraitinin şərtləri

Müqavilədə əməkhaqqı, ona əlavələr, iş və istirahət müddəti, əməyin mühafizəsi, məzuniyyət  kimi şərtlər qeyd olunmalıdır.

  • Vurulmuş ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti

Tərəflərdən biri digərinə əmlaka, maddi, istehsal, digər ziyan vurmuş olarsa, qanunvericilikdə müəyyən olunmuş qaydalara əsasən məsuliyyətə cəlb olunmalıdır.

  • Sosial müdafiə məsələləri

İşçi müxtəlif güzəştlər, sosial yardım və təminatlar, sosial sığorta hüququ ilə təmin edilməlidir.

  • Mülkiyyət münasibətlərinin tənzimlənməsi

İş prosesi zamanı işəgötürənin mülkiyyətindəki əmək vasitələrindən, eyni zamanda işçinin şəxsi vəsaitlərindən istifadə olunur. Həmin əmlakın qorunması barədə razılaşmalar müqavilənin bu bölməsində əks olunur.

  • Dəyişikliklər və əlavələrin edilməsi barədə məlumatlar

   Müqavilədə hər hansı dəyişiklik etmək üçün  hər iki tərəfin  razılığı vacibdir. Birtərəfli qaydada edilmiş dəyişikliklər  hüquqi cəhətdən əsassızdır.

  • Müqaviləyə xitam verilməsi

Sənədin ləğvi əmək münasibətlərinin bitməsini bildirir. Müqaviləyə xitam verilməsi Əmək Məcəlləsinə əsasən tərəflərdən birinin istəyinə uyğun həyata keçirilir. Belə olduqda  işçi yaxud işəgötürənin  qabaqcadan xəbərdarlıq edilməsi zəruridir.

  • Yekun qaydalar

Müqavilə tərəflərin hüquqları pozulmadan, onların arasında mümkün  əmək mübahisələrinin qarşılıqlı razılıq yolu ilə həllinin təminatıdır.  Müqavilədə qeyd olunan öhdəlikləri üçüncü şəxslərə həvalə etmək olmaz.

  • Tərəflərin imzaları və ünvanları

Nümunəvi formaya uyğun tərtib olunmuş əmək müqaviləsində tərəflərin ünvanı, rekvizitləri. ad, soyad, ata adı kimi məlumatlar qeyd edilir və gücləndirilmiş elektron imza ilə təsdiq edilir.