Əmək müqaviləsi bağlanılarkən sınaq müddətinin təyin olunması

posted in: Xəbər | 0

əmək münasibəti, əmək müqaviləsi, Əmək müqaviləsinə xitam,Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənin əsas hüquqlarından biri – əmək müqaviləsi imzanarkən sınaq müddəti təyin olunması barədə açıqlama verib.

Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək işəgötürənin əsas hüquqlarından biridir.

Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsi bağlanılarkən sınaq müddəti, sınaq müddəti müəyyən edilməyən hallar, işə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası aşağıdakı maddələrdə öz əksini tapıb:

Əmək Məcəlləsinin 51-ci maddəsində sınaq müddəti ilə bağlı bildirilir:

1. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərtilə müəyyən edilir.

2. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əməkhaqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.

3. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

Əmək müqaviləsi bağlanılarkən Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən, aşağıdakı hallarda sınaq müddəti müəyyən edilmir:

– yaşı 18-dən az olan şəxslərlə;

– müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;

– hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;

– təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;

– ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;

– iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;

– tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda.

İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası isə Əmək Məcəlləsinin 53-cü maddsində aşağıdakı kimi tənzimlənir:

1. Sınaq müddəti bitənədək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.

2. Sınaq müddəti bitənədək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.

3. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.

4. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.

Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilməsi halı Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndində də öz əksini tapmışdır. Müvafiq maddədə bildirilir ki, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *