Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)

posted in: Xəbər | 0
birbank biznes

Köhnəlmə və amortizasiya arasındakı fərq nədir?

Zamanla hər şey, o cümlədən əsas vəsaitlər köhnəlir. Onlar formalarını qismən saxlayıb bir neçə istehsal dövründə iştirak edərək öz dəyərlərini tədricən məhsulun maya dəyərinə köçürürlər. Nəticədə köhnəlir, müəyyən müddət sonra onları təmir etmək, yeniləmək zərurəti yaranır.

Əsas vəsaitlərin köhnəlməsi ilə amortizasiya arasındakı əsas fərq ondan ibarətdir ki, köhnəlmə əsas vəsaitlər obyektinin (torpaq, tikili və avadanlıqlar) ilkin xassələrinin itirilməsini xarakterizə edir, amortizasiya isə əsas vəsaitlər obyektinin dəyərinin digər uçot obyektlərinə köçürülməsi prosesidir.

Başqa sözlə, köhnəlmə daha çox aktivin fiziki tərəfini, amortizasiya isə onun istifadəsinin iqtisadi tərəfini xarakterizə edir.

Köhnəlmə özünü 2 formada göstərir:

  • fiziki köhnəlmə;
  • mənəvi köhnəlmə.

Birinci halda əsas vəsaitlər istifadə olunduqca fiziki keyfiyyətlərini itirərək yararsız hala gəlir. Mənəvi köhnəlmə texniki inkişaf, yeni texnologiyaların tətbiqi ilə bağlıdır.

İdealda köhnəlmə və amortizasiya eynidir. O mənada ki, əsas vəsaitlərin sisteminin köhnəlmə dərəcəsi onun amortizasiya tempinə uyğundur. Amma praktikada bu, belə deyil. Müəssisənin əsas fondlarının köhnəlməsi və amortizasiyası həm vaxt, həm də məbləğ üzrə fərqlənir. Yəni, aktivin mənəvi və fiziki köhnəlməsini xarakterizə edən məbləğ, adətən yığılmış köhnəlmə məbləğinə uyğun gəlmir. Üstəlik, bəzi əsas vəsaitlər ümumiyyətlə amortizasiya olunmur.

Amortizasiya olunmayan əsas vəsaitlər

Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 114.2 maddəsi amortizasiya olunmayan əsas vəsaitlərin tərkibini müəyyən edir. Aşağıdakılar nümunə göstərilə bilər:

  • torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər);
  • elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinet və laboratoriyalarda istifadə edilən eksponat, nümunə, maketlər və digər əyani vəsaitlər;
  • məhsuldar heyvanlar;
  • kitabxana fondları, səhnə rekvizitləri, muzey eksponatları;
  • ümumi istifadədə olan avtomobil yolları;
  • anbardakı istifadəyə verilməmiş əsas vəsaitlər və sair.

Digər əsas vəsaitlər üçün, hətta onlar müvəqqəti istifadə edilməsə belə, amortizasiya adi qaydada hesablanmalıdır (əsas vəsaitlərin ləğvetmə dəyərinin onun balans dəyərinə bərabər olduğu və ya ondan çox olduğu hallar istisna olmaqla).

Bizcə, artıq amortizasiya anlayışına tərif vermək vaxtıdır.

Amortizasiya nədir?

Aydındır ki, əsas fondların dəyəri, onların təmiri yaxud dəyişdirilməsi istehsal olunan bütün məhsulların maya dəyərlərinə bərabər şəkildə aid edilməlidir.

Amortizasiya fiziki, mənəvi cəhətdən köhnəlmiş əsas vəsaitlərin, qeyri-maddi aktivlərin maya dəyərinin istehsal olunmuş məhsulların (işlərin, xidmətlərin) maya dəyərinə hissə-hissə köçürülməsi prosesidir.

Beləliklə, köhnəlmə və amortizasiya anlayışları nə qədər oxşar olsalar da, bir qədər fərqlidirlər, yəni:

  • Köhnəlmə təbii aşınmadır, hansısa qanun-qaydaya tabe olmayan təbii fiziki şəraitlərdən, zamandan asılı olan prosesdir.
  • Amortizasiya isə əsas vəsaitlərə çəkilmiş xərclərin illər üzrə gəlirdən çıxılması, məhsulun maya dəyərinə əlavə edilməsi üsuludur.

Nəzərə alın ki, müəssisəyə alınan əsas vəsaiti dərhal xərc olaraq tanımaq olmaz, çünki əsas vəsaiti aldığınız il az rentabelli, zərərlə işləyən müəssisə kimi göstərə bilərsiniz. Həmin il əvvəlki, həmçinin sonrakı illərlə müqayisədə daha az effektli dövr kimi görsənə bilər. Əslində isə əsas vəsait almaqla müəssisəniz zərərlə işləməmiş, sadəcə, aktivinizin formasını dəyişmiş yaxud öhdəlik qəbul etməklə hansısa aktiv əldə etmişsiniz. Əgər əldə etdiyiniz aktiv iqtisadi səmərə axını gətirirsə, o zaman niyə az rentabelli yaxud daha pisi, zərərlə işləyən müəsissə kimi görsənməlisiniz?!

Bundan savayı əldə edilmiş torpaq, tikili, avadanlıq obyekti yalnız aldındığı ildə deyil, gələcək illərdə də iqtisadi səmərə axını gətirəcəkdir. Odur ki,  ona çəkdiyiniz xərci illər üzrə bölməklə aktiv kimi tanımağımız daha məqsədəuyğun olar. Bununla müəssisənin az rentabelli olmadığı halda, belə görsənməsinin də qarşısı alınmış olar.

Elə buna görə mühasibatlıq üzrə beynəlxalq standartlar, habelə respubublikamızda mövcud vergi qanunvericiliyi əsas vəsaiti dərhal xərc olaraq tanımağa icazə vermir.

Əsas vəsaitlərin komponentlərinin köhnəlməsi

Köhnəlmə zamanı amortizasiya bölgüləri necə aparılır, həmin məbləğləri hansı dərəcə ilə hesablayıb gəlirdən çıxırıq? Bunun üçün bir neçə metod mövcuddur. Amma, həmin metodlara toxunmamışdan öncə, qeyd edək ki, yalnız əsas vəsait obyektləri deyil, onların müxtəlif komponentləri də amortizasiya oluna bilər (əgər komponentin maya dəyəri obyektin məcmu dəyəriylə müqayisədə müəyyən əhəmiyyət daşıyırsa).

Məsələn, təyyarənin füzelyajı (əsas korpusu), habelə mühərriki, həmin obyektin kiminsə mülkiyyətində olmasından asılı olmayaraq, yaxud maliyyə icarəsi predmeti olduğuna baxmayaraq, ayrılıqda amortizasiya edilə bilər.

Amortizasiyanın hesablanması üçün eyni faydalı istifadə müddətinə malik əsas vəsait obyektinin əhəmiyyətli komponentləri qruplaşdırıla bilər. Onlara görə amortizasiya hesablanmasının eyni metodları tətbiq olunur.

Məsələn, əgər təyyarənin füzelyajı və mühərriki eyni faydalı istifadə müddətinə malikdirsə, onları vahid obyekt olaraq amortizasiya etmək olar.

Əgər müəssisə əsas vəsait obyektinin bəzi komponentlərini ayrılıqda amortizasiya edirsə, onda həmin obyektin yerdə qalan hissəsinə ayrılıqda amortizasiya hesablamalıdır.

Məsələn, təyyarənin fyuzelyajı və mühərriki ayrıca əsas vəsait obyekti qismində qeydiyyata alınır. Təyyarənin digər komponentləri isə amortizasiya edilən obyektin ayrıca qrupu şəklində fərqləndirilməlidir.

Amortizasiya ayırmaları necə aparılır?

Dövr ərzində, amortizasiya ayırmaları, adətən, məcmu gəlir haqqında hesabatın xərc maddəsi qismində tanınır. Aktivdə qeydə alınan iqtisadi fayda digər aktivlərin istehsalı zamanı ödənilirsə, onda amortizasiya ayırmaları digər aktivin maya dəyərinin bir hissəsini təşkil edərək onun balans dəyərinə aid edilir.

Məsələn, MUBS-na görə (IAS2, “Ehtiyatlar”) istehsalat ehtiyatları avadanlıqları mal-material ehtiyatlarının emalı üzrə xərclərin tərkibinə daxil edilir. Eynilə axtarış kəşfiyyat işlərində istifadə olunan əsas vəsaitlərin amortizasiyası qeyri-maddi aktivlərin ilkin dəyərinə daxil edilə bilər (IAS38, “Qeyri-maddi aktivlər”).

Nümunə. İstehsal qabağı nümunə-modelləri testləşdirmək üçün satın alınan avadanlığın dəyəri 10 000 manat təşkil edir. Avadanlığın ləğv olunma dəyəri (yəni ləğv olunacağı tarixə güman edilən qalıq dəyəri) sıfıra bərabərdir.
Belə ehtimal olunur ki, avadanlığın faydalı istifadə müddəti ərzində istehsal qabağı nümunə-modellər 5000 vahid testləşməyə məruz qalacaq. Hesabat dövründə nümunə və vahidlərin 2000 vahidi testləşdirilmişdir. Hesabat dövrü ərzində amortizasiya məbləği 4000 manata bərabərdir
(10000*(2000/5000)=4000 manat).
Bu məbləğ qeyri-maddi aktivlərin ilkin dəyərinə daxil edilir (IAS 38 №li standarta müvafiq surətdə).

Əsas vəsait obyektinin amortizasiya olunan dəyəri müntəzəm qaydada onun faydalı xidmət müddətinə mütənasib olaraq bölüşdürülməlidir.

Mühasibat uçotunun beynəlxalq standartına görə (IAS16, IAS38) aktivin faydalı istifadə müddəti:

  • aktivin müəssisə tərəfindən istifadəyə yararlı olacağı ehtimal edilən dövrdür, yaxud;
  • aktivin istifadəsindən müəssisənən əldə edəcəyi ehtimal edilən məhsul (analoji məhsul) vahidinin miqdarıdır.

Onu da qeyd edək ki, əsas vəsaitlərə hesablanmış amortizasiya məbləğləri Hesablar Planının 112 saylı “Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri” adlı hesabı üzrə uçot alınır.

İllik iş vaxtı norması və onun hesablanması

Print Friendly, PDF & Email