Torpaq, tikili və avadanlıqlar yaxud əsas vəsaitlər

posted in: Xəbər | 0
birbank biznes

Aktivlər

Aktivlər – müəssisəyə məxsus, onun balansında əks olunan qiymətlilərdir. Bu haqda “Aktivlər nədir, necə təsnif olunur?” adlı məqalədə bu barədə ətraflı danışılıb. Həmin məqalədə aktivləri iki qrupa ayırmışdıq:

  • fiziki olaraq mövcud olanlar (məsələn, mal, pul, avadanlıq);
  • fiziki olaraq mövcud olmayanlar (məsələn, debitor borc, verilmiş avans).

Birinci qrupa daxil olan aktivlərin tərkibi genişdir, onları 3 qrupa bölmək olar:

  1. Əsas vəsaitlər;
  2. Pul vəsaitləri, onların ekvivalenti;
  3. Ehtiyatlar.

Bu məqalədə əsas vəsaitlər, onların haqqında məlumat verəcək, bu qrup aktivlərlə “Torpaq, tikili və avadanlıqlar” anlayışı arasında əlaqəni şərh edəcəyik.

Uzunmüddətli aktivlər

Müəssisənin aktivləri istifadə müddətinə görə də təsnif edilir. Müddətə görə aşağıdakı təsnifat qrupları var:

  • cari aktivlər;
  • uzunmüddətli aktivlər.

Cari aktivlər qısa müddətlidir, adətən 1 ildən az müddətə istifadə edilib tükənmək, gözlənilən səmərə axınını gətirmək, pula çevrilmək üçün nəzərdə tutulur.

Uzunmüddətli aktivlərin adı üzərindədir, yəni uzunmüddətli istifadə üçün nəzərdə tutulub, uzun müddət iqtisadi səmərə axını gətirəcəklər.

Təbii ki, aktivlərin müddətə görə bölgüsü mühasibat uçotu subyekti hər hansı səbəbdən ləğv olunduqda tətbiq edilmir.

Uzunmüddətli aktivlərə:

  • əsas vəsaitləri;
  • uzunmüddətli investisiyaları;
  • maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları misal göstərmək olar.

“Əsas vəsaitlər” yoxsa “Torpaq, tikili və avadanlıqlar”?

Siz də belə sual yarana bilər: “Mövzunun adı “Torpaq, tikili, avadanlıq”-dır, nəyə görə əsas vəsaitlərdən danışırıq?” Məsələ onadır ki, “Əsas vəsait” anlayışı bizə, vaxtı ilə tərkibində olduğumuz Sovet mühasibatlığından qalıb. Əsas vəsait anlayışı tamamilə məqbuldur, biz ondan imtina etməmişik, imtina etmək də istəmirik. Lakin beynəlxalq mühasibatlıqda onun əvəzinə “Torpaq, tikili, avadanlıq” (Property, Plant and Equipment) anlayışından istifadə edilir. Azərbaycanda beynəlxalq mühasibatlığın formalaşdığı nəzərə alınsa, bu anlayışların paralel istifadəsi qaçılmazdır.

AR Vergi Məcəlləsinin 13.2.17-ci maddəsində də “əsas vəsait” anlayışından istifadə edilib. Məcəllənin digər maddələrində də (məsələn, 114-cü maddə – “Amortizasiya ayırmaları və gəlirdən amortizasiya olunan aktivlər üzrə çıxılan məbləğlər”) bu anlayışdan istifadə edilib.

Müəssisənin əsas fondları

Başqa bir məqamı qeyd edək ki, mühasibatlıqla bağlı bir sıra qanunvericilik aktlarında “əsas fondlar” anlayışına da rast gəlinir. Onu “əsas vəsait” anlayışı ilə qarışdırmaq olmaz. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası 2018-ci ildən Milli Mühasibat Uçotundan imtina etmiş, Beynəlxalq Mühasibat Uçotunun tətbiqinə başlamışdır.

Bu səbəbdən “Əsas vəsait” anlayışı “Torpaq, tikili, avadanlıq” ilə ekvivalentdir. Əsas fondlara aşağıdakılar aiddir:

  • torpaq, tikili və avadanlıqlar;
  • təbii sərvətlər;
  • qeyri-maddi aktivlər;
  • bioloji aktivlər;
  • daşınmaz əmlaka investisiyalar;
  • digər uzunmüddətli aktivlər;
  • sair uzunmüddətli qeyri-maliyyə aktivləri.

Qeyd edək ki, bir sıra qanunvericilik aktlarında qeyri-maddi aktivlər bu siyahıdan çıxarılır, digərlərində isə qeyri-maddi aktivlər də əsas fondlardan hesab edilir.

Torpaq, tikili və avadanlıqlar üzrə uçot

Torpaq, tikili və avadanlıqların uçotu Mühasibat Uçotunun Hesablar Planının “Uzunmüddətli aktivlər” bölməsinin 11 saylı eyni adlı hesabı üzrə aparılır.

“Torpaq, tikili və avadanlıqlar” hesaba verilmiş ümumi addır, adında qeyd edilmiş aktivlərlə yekunlaşmır. Bura əsas vəsait hesab edilən nəqliyyat vasitələri, maşınlar, kompüterlər, digər İKT-lər və s. də daxildir.

Hesablar Planının 11 saylı maddəsində aşağıdakı şərtlərə eyni vaxtda cavab verən maddi aktivlər üzrə ümumiləşdirilmiş məlumatlar əks olunur:

  • məhsul istehsalı və ya tədarükü, işlərin görülməsi, xidmətlərin göstərilməsidə, idarəetmə ehtiyacları üçün, habelə icarəyə vermək üçün nəzərdə tutulub;
  • istifadə edilmə müddəti 12 aydan çoxdur;
  • alış zamanı sonradan yenidən satışı nəzərdə tutulmayıb;
  • ilkin dəyəri etibarlı şəkildə müəyyən edilə bilər;
  • aktivlər gələcəkdə müəssisəyə iqtisadi fayda (gəlir) gətirə bilər.

Bu aktivlər üzrə uçotun əsas məsələləri 16 №-li “Torpaq, tikili və avadanlıqlar” Mühasibat Uçotunun Beynəlxalq Standartına  əsasən həyata keçirilir.

Əsas vəsaitlər haqqında buraya keçid etməklə daha çox məlumat almaq olar.

131 saylı “Bioloji aktivlərin dəyəri” hesabı – müxabirləşmə nümunələri

Print Friendly, PDF & Email