241 saylı “Əvəzləşdirilən vergilər” hesabı üzrə uçot: müxabirləşmə nümunələri

posted in: Xəbər | 0

241 saylı “Əvəzləşdirilən vergilər” hesabı üzrə uçot

Əvəzləşdirilən vergilər sizin ödəməli olduğunuz vergidən çıxılan məbləğdir. Əvəzləşdirmə vergi ödəyicisinin vəzifəsi deyil, hüququdur. Bu hüquqdan istifadənin bəlli şərtləri vardır.

241 saylı “Əvəzləşdirilən vergilər” hesabı mühasibat uçotu subyektlərində əvəzləşdirilməli ƏDV və aksiz vergisi üzrə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Əvəzləşdirilən vergilər üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir.  Bu qaydaların 26.3-cü maddəsinə əsasən 241 saylı hesab üzrə  aşağıdakı subhesablar açılır:

  • 241-1 saylı “Əvəzləşdirilən əlavə dəyər vergisi”;
  • 241-2 saylı “Əvəzləşdirilən aksiz vergisi”.

Həmin hesablarda:

Mühasibat xidmətləri
  • mühasibat uçotu subyektinin əldə etdiyi aktivlər və xidmətlər üzrə əlavə dəyər vergisi məbləğlərinin, habelə;
  • habelə aksiz vergisi tətbiq edilən məhsul istehsalında istifadə olunan aksiz vergili xammal və materialların əldə edilməsi zamanı həmin xammal və materiallar üzrə hesablanılan aksiz vergisi məbləğlərinin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Bu aktiv hesab üzrə tənzimləmələr qeyd edilən Qaydaların 26.4, 26.19, 26.20 bəndləri əsasında aparılır.

241 saylı “Əvəzləşdirilən vergilər” hesabı üzrə uçotun əsasları, əvəzləşdirilən ƏDV məbləği ƏDV öhdəliyindən artıq olduğu hal üçün müxabirləşmə nümunəsi ilə buradan tanış olmaq olar. Digər hallar üçün mühasibat yazılışlarına nümunələr aşağıda verilib.

“Əvəzləşdirilən vergilər” hesabı ilə bağlı müxabirləşmə nümunələri

Mallar (iş, xidmət) alındıqda əvəzləşdirilən ƏDV

ƏDV ödəyicisi olan “A” MMC iyun ayında “B” MMC-dən 83000 manatlıq mal almışdır. Borcun əsas, ƏDV məbləği həmin ay tam şəkildə ödənilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Malların alışı həyata keçirildikdə 205 – Mallar 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 83000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən vergilər 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 14940.00
3 Əsas məbləğ ödənildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 83000.00
4 ƏDV məbləği ödənildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 14940.00
5 Əvəzləşdirmə hüququndan istifadə edildikdə 521 – Vergi öhdəlikləri 241 – Əvəzləşdirilən vergilər 14940.00

Mallar (iş, xidmət) alındıqda əvəzləşdirilməyən ƏDV

ƏDV ödəyicisi olmayan “A” məhdud məsuliyyətli cəmiyyəti iyun ayında “B” məhdud məsuliyyətli cəmiyyətindən 83000 manatlıq mal almışdır. Borcun əsas, ƏDV məbləği həmin ay tam şəkildə ödənilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Malların alışı həyata keçirildikdə 205 – Mallar 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 83000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən vergilər 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 14940.00
3 Əvəzləşdirilməyən ƏDV məbləği malın dəyərinin üzərinə əlavə edildikdə 205 – Mallar 241 – Əvəzləşdirilən vergilər 14940.00
4 Əsas məbləğ ödənildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 83000.00
5 ƏDV məbləği ödənildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 14940.00

Debitor borclar kreditor borclarla əvəz edildikdə əvəzləşdirilən ƏDV

“A” MMC 5 ildir ki, “B” MMC ilə qarşılıqlı surətdə mal (iş, xidmət) alqı-satqısı ilə məşğuldur. Vəziyyət elə bir hal aldı ki, tərəflər malların və xidmətlərin mübadiləsini (barter) həyata keçirmək qərarına gəldilər. Maya dəyəri 6500 manat olan malları təqdim edən tərəf “A” MMC, onun əvəzində xidmətləri təqdim edən tərəf “B” MMC olaraq qərarlaşdırılmışdır. Bazar qiyməti nəzərə alınaraq mübadilə (barter) olunan malların və xidmətlərin dəyəri 8000 manat təyin edilmişdir. “A” MMC-nin uçot məlumatları aşağıdakı kimi olacaqdır:

Əvəzləşdirilən ƏDV eyni qaydada uçota alınır:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 6500.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 8000.00
3 ƏDV nəzərə alındıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 1440.00
4 Mübadilə (barter) nəticəsində xidmət alışı həyata keçirildikdə 721 – İnzibati xərclər 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 8000.00
5 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən vergilər 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 1440.00
6 Satılmış malların ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 1440.00
7 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 1440.00
8 Alınmış xidmətin ƏDV ödənişi həyata keçirildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 1440.00
9 Mübadilə nəticəsində yaranan borclar qarşılıqlı olaraq əvəzləşdirildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 8000.00
10 Ödənilən ƏDV daxil olan ƏDV məbləği ilə əvəzləşdirildikdə 521 – Vergi öhdəlikləri 241 – Əvəzləşdirilən vergilər 1440.00

Aksiz vergisi əvəzləşdirildikdə

“A” MMC aldığı xammal, materiallara görə “B” MMC-ə 36000 manatlıq aksiz vergisi ödəmişdir. Alınan bütün xammal, materiallar istehsal prosesində istifadə olunmuşdur. Hazır məhsullar satılarkən tətbiq olunan aksiz vergisinin məbləği 41000 manat olmuşdur. Əvəzləşdirmə prosesi aşağıdakı kimi olacaqdır:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Ödənilən aksiz vergisi daxil olan ƏDV məbləği ilə əvəzləşdirildikdə 521 – Vergi öhdəlikləri 241 – Əvəzləşdirilən vergilər 36000.00
2 Əvəzləşdirmə edildikdən sonra qalan məbləğ büdcəyə ödənildikdə 521 – Vergi öhdəlikləri 226 – ƏDV-nin Depozit hesabı 5000.00

Əvəzləşdirilən ƏDV ilə bağlı daha ətraflı məlumat almaq üçün buraya keçid ala bilərsiniz.

Əvəzləşdirilən aksiz vergisi ilə bağlı daha ətraflı məlumat burada verilib.

Bank depozitləri üzrə gəlir vergisinin hesablanması qaydası