Gələcək dövrün gəlirləri
Gələcək hesabat dövrlərinin gəlirləri (ingiliscə – deferred income) hesabat dövründə əldə edilmiş, lakin gələcək hesabat dövrlərində hesablanacaq və aid olduğu dövrün başlanğıcında müəssisənin maliyyə nəticələrində əks olunacaq gəlirlərdir. Öhdəliklərin bu növü hesablar planının (“Sair uzunmüddətli öhdəliklər”) və 54-cü (“Sair qısamüddətli öhdəliklər”) maddələri üzrə açılmış hesablar üzrə açılır. Bu yazıda 442-ci saylı hesabda uzunmüddətli gələcək hesabat dövrünün gəlirləri üzrə əməliyyatların mühasibat yazılışları şərh olunub.
Gəlir və gələcək dövrün gəliri arasında fərqi aşağıdakından ibarətdir:
- Gəlir mal, iş və xidmətin təqdim edilməsi prosesində yaranır. Buna mülkiyyətin satıcıdan alıcıya yerdəyişməsi kimi də baxmaq olar.
- Gələcək dövrün gəliri bir neçə dövr üçün standart xidmətin dəyərinin əvvəlcədən alınmasıdır. Standart xidmət dedikdə xidmətin konkret dövrlər üçün (məsələn, aylıq) təkrarlanması və sabit haqq nəzərdə tutulur, təbii ki, bu zaman qiymət artımı və ya azalması istisna edilir.
Yəni, bəzən olur ki, formalaşmış işgüzar adətdən və ya əvvəlki yaşanılmış mənfi təcrübədən irəli gələrək təşkilat bu və ya digər təsərrüfat əməliyyatı üçün bir neçə dövrü əhatə edən ödənişləri bəri başdan almalı olur.
Məsələn, müəssisə icarəyə obyekt verir, lakin tez-tez icarəyə götürən dəyişmək, obyektini tez-tez yerləşdirmək onu yorduğu üçün ilk icarəyə götürmüş şəxsdən icarənin 12 ayını tam şəkildə qabaqcadan alır.
Belə olan təqdirdə qabaqcadan alınmış 12 aylıq ödəniş gəlir kimi deyil gələcək dövrlərin gəliri kimi tanınmalıdır. Çünki faktiki olaraq hələ 12 aylıq icarə xidməti tam göstərilməmişdir və icarə xidməti göstərən təşkilat yaxın 6 ay ərzində icarəyəgötürənə keyfiyyətli icarə xidməti təşkil etmək öhdəliyi götürmüşdür.
442 saylı “Gələcək hesabat dövrlərinin gəlirləri” hesabı
Bu hesab üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” əsasında aparılır.
442 saylı “Gələcək hesabat dövrlərinin gəlirləri” hesabı “Sair uzunmüddətli öhdəliklər” maddəsinə aid olan hesablardan biridir. Hesabların tam siyahısı aşağıdakı şəkildə verilib (Qaydalar/ 38.1):
442 saylı hesab öhdəlik (passiv) hesabdır, mühasibat uçotu subyektinin hesabat tarixindən 12 aydan sonrakı dövrlərə aid ediləcək gəlirləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
Gələcək hesabat dövrlərinin gəlirləri yarandıqda sözügedən qaydaların 38.10-cu, onlar qısamüddətli kimi təsnifləşdirildikdə 38.12-ci, qısamüddətli kimi təsnifləşdirilmədən birbaşa gəlir kimi tanındıqda 38.14 bəndi tətbiq edilir.
Belə uzunmüddətli gəlirlər üzrə müsbət məzənnə fərqi yarandıqda mühasibat yazılışları haqqında bəhs olunan qaydaların 38.13-cü bəndilə nizamlanır.
Hesab üzrə aşağıdakı subhesablar açılır (Qaydalar/38.11):
- 442-1 №li “Əsas əməliyyat gəlirləri üzrə gələcək hesabat dövrlərinin gəlirləri”;
- 442-2 №li “Maliyyə gəlirləri üzrə gələcək hesabat dövrlərinin gəlirləri”.
Əməliyyat gəlirləri şirkətin əsas fəaliyyətindən əldə etdiyi gəlirlərdir. Onun formalaşmasının əsasını malların (işlərin, xidmətlərin) satışından əldə edilən ümumi gəlir təşkil edir.
Maliyyə gəlirləri şirkətin maliyyə fəaliyyəti zamanı yaranır.
Torpaq, tikili, avadanlıqlar maliyyə icarəsindən gəlirlərlə bağlı mühasibat yazılışları
“A” MMC dəyəri 250 000 manat olan əsas vəsaitin maliyyə icarəsilə əlaqədar olaraq “E” MMC ilə müqavilə imzalayıb. Müqavilənin müddəti 2 ildir. Razılığa əsasən “E” MMC əsas vəsait üzrə borcu illərə mütənasib bölməklə ödəməlidir. 2-ci ilin sonunda əsas vəsaitə görə olan 162500 manat əsas məbləğ, 87500 manat faiz məbləği tam ödənilməlidir.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Maliyyə icarəsi ilə Əsas vəsait satıldıqda | 174 – İcarə üzrə uzunmüddətli debitor borcları | 111 – Torpaq, tikili və avadanlıqlar-Dəyər | 162500.00 |
| 2 | 5 illik faiz gəlirləri qeydə alındıqda | 176 – Faizlər üzrə uzunmüddətli debitor borcları | 442 – Gələcək hesabat dövrlərin gəlirləri | 87500.00 |
| 3 | İlk ilin icarə haqqı uzunmüddətli debitor borclardan qısamüddətli debitor borclara aid edildikdə | 214 – İcarə üzrə qısamüddətli debitor borcları | 174 – İcarə üzrə uzunmüddətli debitor borcları | 81250.00 |
| 4 | İlk ilin hesablanmış faizi uzunmüddətli debitor borclardan qısamüddətli debitor borclara aid edildikdə | 216 – Faizlər üzrə qısamüddətli debitor borcları | 176 – Faizlər üzrə uzunmüddətli debitor borcları | 43750.00 |
| 5 | İlk ilin faiz gəlirləri uzunmüddətli gəlirlərdən qısamüddətli gəlirlərə aid edildikdə | 442 – Gələcək hesabat dövrlərin gəlirləri | 542 – Gələcək hesabat dövrlərin gəlirləri | 43750.00 |
| 6 | Maliyyə icarəsi üzrə ilk ilin əsas məbləği ödənildikdə | 223 – Bank hesablaşma hesabları | 214 – İcarə üzrə qısamüddətli debitor borcları | 81250.00 |
| 7 | Maliyyə icarəsi üzrə ilk ilin faiz məbləği ödənildikdə | 223 – Bank hesablaşma hesabları | 216 – Faizlər üzrə qısamüddətli debitor borcları | 43750.00 |
| 8 | Maliyyə icarəsi üzrə ilk ilin gəliri tanındıqda | 542 – Gələcək hesabat dövrlərin gəlirləri | 631 – Maliyyə iсarəsi (lizinq) üzrə gəlir | 43750.00 |
| 9 | Gəlir kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda | 631 – Maliyyə iсarəsi (lizinq) üzrə gəlir | 801 – Ümumi mənfəət (zərər) | 43750.00 |
İkinci il üçün proses aşağıdakı şəkildə tənzimlənir:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | İkinci ilin icarə haqqı uzunmüddətli debitor borclardan qısamüddətli debitor borclara aid edildikdə | 214 – İcarə üzrə qısamüddətli debitor borcları | 174 – İcarə üzrə uzunmüddətli debitor borcları | 81250.00 |
| 2 | İkinci ilin hesablanmış faizi uzunmüddətli debitor borclardan qısamüddətli debitor borclara aid edildikdə | 216 – Faizlər üzrə qısamüddətli debitor borcları | 176 – Faizlər üzrə uzunmüddətli debitor borcları | 43750.00 |
| 3 | İlk ilin faiz gəlirləri uzunmüddətli gəlirlərdən qısamüddətli gəlirlərə aid edildikdə | 442 – Gələcək hesabat dövrlərin gəlirləri | 542 – Gələcək hesabat dövrlərin gəlirləri | 43750.00 |
| 4 | Maliyyə icarəsi üzrə ilk ilin əsas məbləği ödənildikdə | 223 – Bank hesablaşma hesabları | 214 – İcarə üzrə qısamüddətli debitor borcları | 81250.00 |
| 5 | Maliyyə icarəsi üzrə ilk ilin faiz məbləği ödənildikdə | 223 – Bank hesablaşma hesabları | 216 – Faizlər üzrə qısamüddətli debitor borcları | 43750.00 |
| 6 | Maliyyə icarəsi üzrə ilk ilin gəliri tanındıqda | 542 – Gələcək hesabat dövrlərin gəlirləri | 631 – Maliyyə iсarəsi (lizinq) üzrə gəlir | 43750.00 |
| 7 | Gəlir kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda | 631 – Maliyyə iсarəsi (lizinq) üzrə gəlir | 801 – Ümumi mənfəət (zərər) | 43750.00 |
Buraya keçid etməklə gələcək hesabat dövrlərinin gəlirləri ilə bağlı daha çox müxabirləşmə nümunələrinə baxmaq olar.

