Hüquqi şəxsin məlumat dəyişikliyi necə qeydə alınır

posted in: Xəbər | 0

Hüquqi şəxslər fəaliyyət göstərdiyi müddətdə təsis sənədlərində müəyyən dəyişikliklər edə bilər. Hüquqi şəxsin məlumat dəyişikliyi yalnız təsis sənədləri ilə məhdudlaşmır. Onun adı, hüquqi ünvanı, təşkilati-hüquqi forması, nizamnamə kapitalı, təsisçilərin sayında dəyişiklik edilməsi mümkündür. Dəyişikliklər AR Mülki Məcəlləsinə uyğun olmalı, “Hüquqi şəxslərin dövlət qeydiyyatı, dövlət reyestri haqqında” AR qanununun tələbləri nəzərə alınmalıdır.

Dəyişikliklər haqqında məlumat verilməsi

Hüquqi şəxslər, həmçinin xarici hüquqi şəxsin nümayəndəlikləri, filialları təsis sənədlərində etdikləri dəyişikliklər barədə müvafiq qurumlara məlumat verməli, həmin dəyişikliklər qeydiyyata alınmalıdır. Bunun üçün qanunla nəzərdə tutulan müddət 40 (qırx) gündür, yəni, dəyişikliklər edildiyi andan 40 (qırx) gün ərzində müvafiq orqana dəyişiklərlə bağlı məlumatlar (ərizə) verilməlidir.

Aşağıda göstərilən hallardan ən azı biri baş verdikdə hüquqi şəxsin məlumat dəyişikliyi haqqında müvafiq orqana təqdim etdiyi ərizə  və ona əlavə edilmiş sənədlər qəbul olunmur:

  • təqdim olunmuş sənədlər qanunvericiliyə zidd olduqda;
  • ərizədə düzgün olmayan məlumatlar yer aldıqda yaxud yanlış sənədlər göndərildikdə (məsələn, təsisçi dəyişikliyi baş verib lakin bununla əlaqəsi olmayan başqa sənəd göndərilib)
  • adın dəyişdirilməsi zamanı eyniliyə yol verilməsi, bununla bağlı qanunvericiliyin tələblərinin pozulması;
  • mümkündür ki, müvafiq orqan tərəfindən qaytarılan (imtinaya səbəb olmayan çatışmazlıqlar) hüquqi şəxsin məlumat dəyişikliyi əks olunan sənədlərə düzəlişin edilməsi üçün hüquqi şəxsə vaxt tanınsın. Bu zaman sənədlərdə düzəldilməsi mümkün səhvlər 20 (iyirmi) gün müddətində yenidən düzəlişlər edilib göndərilə bilər.

Bildiyimiz kimi, hüquqi şəxslərin təşkilati-hüquqi formaları müxtəlifdir. məsələn, ortaqlıq, MMC, ASC, QSC, ictimai birlik, dövlət idarəsi, və s.  Hüquqi şəxs qeyd olunan təşkilati-hüquqi formalardan biri seçilməklə yaradıla bilər. Bu səbəbdən də, yaradılan hüquqi şəxslərin (məsələn, kommersiya, qeyri-kommersiya məqsədləri, publik hüquqi şəxsı və sair) qeydiyyata alındıqları orqanlar da müxtəliflik təşkil edir. Hüquqi şəxs hansı qurumda qeydiyyata alınıbsa, dəyişikliklər haqqında məlumatları ərizə ilə elə həmin orqana təqdim etməlidir.

Biznes hesabi

Hüquqi şəxsin məlumat dəyişikliyinin təqdim edilməsi

Əgər dəyişikliklər vaxtında yaxud ümumiyyətlə təqdim edilmədikdə nə baş verə bilər? Tutaq ki, hüquqi şəxsin məlumat dəyişikliyi baş verir, buna baxmayaraq, bu haqda müvafiq orqana ərizə, lazımi sənədləri göndərmir. Sənədlərin göndərilməsi üçün nəzərdə tutulan vaxt bitdikdən sonra, yenidən məlumatlarda dəyişikliklər edilir və hər iki dəyişiklik haqqında məlumat vermək qərarına gəlir. Həmin orqan ona təqdim olunmuş sənədlərdə hüquqi şəxsin məlumat dəyişikliyinin hər ikisini görür, eyni zamanda öncəki dəyişikliklərlə əlaqəli hər hansı məlumatın daxil olmadığını aşkar edir. Belə olduqda İnzibati Xətalar Məcəlləsi uyğun olaraq həmin hüquqi şəxs məsuliyyətə cəlb edilməli, çatışmayan məlumatların, sənədlərin bərpa edilməsi təmin edilməlidir.

Kommersiya, publik hüquqi şəxslər məlumat dəyişiklikliyinin aşağıda qeyd olunan hallarında mütləq bu dəyişikliklərin qeydiyyata alınması üçün müraciət edilməli, ərizə göndərilməlidir:

  • kommersiya, püblik hüquqi şəxsin adı;
  • rəhbər şəxsin adı, soyadı, atasının adı;
  • təşkilati-hüquqi forma;
  • hüquqi ünvan;
  • maliyyə ili;
  • hüquqi şəxsin nizamnaməsindəki dəyişikliklər;
  • təsisçilərin (hər birinin) ad, soyad, ata adı, yaşayış yeri vətəndaşlığı;
  • təsisçi hüquqi şəxs olduqda, onun adı, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumat;
  • təsisçi dövlətdirsə, təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, VÖEN, hüquqi ünvanı;
  • təsis edən bələdiyyədirsə, adı, VÖEN, hüquqi ünvan;
  • MMC, ASC-də nizamnamə kapitalının miqdarı, payların miqdarı və s.

MMC-lər təsis sənədlərində mövcud dəyişikliklərin qeydiyyata alınması ilə bağlı birbaşa  Dövlət Vergi Xidmətinə müraciət edə bilər. Eyni zamanda fəaliyyət kodunun dəyişdirilməsi, əsas, əlavə fəaliyyətlərin dəyişdirilməsi, əlaqə telefonu, mail ünvan kimi dəyişiklikləri online formada da etmək mümkündür.

Hüquqi şəxslər, xarici hüquqi şəxslərin filialları, nümayəndəlikləri adında dəyişikliklər etdikdə dövlət qeydiyyatına alınarkən özlərinə məxsus möhürləri vergi orqanına təhvil verməlidir. Əgər möhür təhvil verilənə qədər hüquqi şəxsin məlumat dəyişikliyinin qeydiyyata alınmasını təsdiq edən sənədlər verilmir. Ehtiyatsızlıq, fövqəladə hal nəticəsində möhür itirildikdə, bu barədə mətbuatda elan verilməli (dərc edilməli), sözügedən elan, möhürün tapılmaması barədə DİN-ə müraciət edilməsi nəticəsində verilən arayış təqdim edilməlidir.

Ödəmə mənbəyində tutulan vergilər hansılardır?