İşçinin tam maddi məsuliyyəti necə yaranır

posted in: Xəbər | 0

Maddi məsuliyyət anlayışı

İşçi və işəgötürən arasında yaranan əmək münasibətləri prosesində işəgötürən və işçi əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirərkən biri digərinə ziyan vura bilər. Belə hallar yaşanarsa onlar Əmək Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. İşçilərin və işəgötürənlərin qarşılıqlı məsuliyyəti və onun tənzimlənməsi Məcəllənin VIII bölməsi əsasında tənzimlənmir.

Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin tərəflərindən birinin təqsirli, hüquqazidd hərəkətləri nəticəsində digər tərəfə vurduğu ziyanı ödəmək vəzifəsidir.

Maddi məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin eyni zamanda mövcud olması zəruridir:

  • ziyanın həqiqətən vurulmasının aşkar olması;
  • təqsirkarın əməlinin, yəni hərəkət və ya hərəkətsizliyinin qanuna zidd olması;
  • təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqənin olması (ƏM, maddə 191.2).

İşçiyə vurulan ziyana görə işəgötürənlərin məsuliyyəti və onların həlli AR ƏM-in otuz birinci fəslinin maddələrinin tələbləri əsasında nizamlanır. 

Mühasibat xidmətləri

İşçinin vurduğu ziyana görə məsuliyyəti

Müəssisə və təşkilatlarda işçilərin əsas vəzifələrindən biri müəssisənin əmlakını qorumaq və ona hər hansı ziyan vurulmasının qarşısının almaqdır. Əmək münasibətləri prosesində  işçi işəgötürənə, onun əmlak və avadanlıqlarına vurulan ziyana görə əmək qanunvericiliyinə uyğun maddi məsuliyyət daşıyır.

Əmək Məcəlləsinin 192-ci maddəsinə görə işçinin maddi məsuliyyəti onun hərəkət və hərəkətsizliyi nəticəsində işəgötürənə ziyan vurulması müəyyən edildiyi andan başlayır.

Dəymiş ziyanın ödənilməsi işəgötürənin əmri ilə həyata keçirilir. O, işçidən yazılı izahat tələb edərək onun əməlinin qanunauyğunluğunu, habelə dəymiş zərərin səbəbini və həqiqi miqdarını araşdırır. Əgər işçi izahat verməkdən imtina edərsə, işəgötürən müvafiq imtina aktı tərtib edir.

 Maddi məsuliyyətin aşağıdakı halları ola bilər:

  • məhdud maddi məsuliyyət;
  • tam maddi məsuliyyət.

Məhdud maddi məsuliyyət

İşçinin maddi məsuliyyətinin bu növünün mahiyyətinə əsasən, əgər bağlanmış əmək müqaviləsində işəgötürənə dəymiş ziyana görə tam maddi məsuliyyət nəzərdə tutulmayıbsa, işçi dəymiş ziyana görə bir aylıq orta əməkhaqqı məbləğində maddi məsuliyyət daşıyır (ƏM maddə 198). Zərərin məbləği işçinin orta aylıq əməkhaqqından artıq olarsa, işçi onun yalnız orta aylıq qazancına bərabər olan hissəsini kompensasiya etməyə borcludur. Beləliklə, bir aylıq orta əməkhaqqı məbləğinədək maddi məsuliyyət termini o deməkdir ki, qanun işçinin maddi məsuliyyətinin konkret həddini müəyyən edir. Lakin nəzərə almaq lazımdır ki, əgər vurulmuş ziyanın məbləği müəyyən edilmiş həddən, yəni orta aylıq əməkhaqqından az olarsa, o tam həcmdə ödənilir.

Tam maddi məsuliyyət

Tam maddi məsuliyyət vurulmuş ziyanın məbləğinə bərabər məsuliyyətdir, yəni əməkhaqqı məbləğindən asılı olmayaraq ziyan tam məbləğdə ödənilir.

Qanunvericilik tam maddi məsuliyyəti müəyyən edərkən müxtəlif xarakterli şəraiti, yəni:

bu və ya digər əmlakın xüsusi dəyərini;

  • işçinin hərəkət və hərəkətsizliyində ictimai təhlükəlilik dərəcəsini;
  • habelə bir sıra başqa bu kimi halları nəzərdə tutur.

Tam maddi məsuliyyət zamanı işçi aldığı əməkhaqqının məbləğindən asılı olmayaraq işəgötürənə vurduğu ziyanın bütün məbləğini tam həcmdə  ödəməlidir.

Tam maddi məsuliyyət işçilərlə işəgötürənlərin bağladıqları tam maddi məsuliyyət haqqında müqavilə əsasında yaranır. Belə müqavilələr bütün işçilərlə deyil, yalnız saхlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyi öz üzərinə götürən, yəni maddi sərvətlərə bilavasitə xidmət göstərilməsi ilə bağlı vəzifələr tutan 18 yaşı tamam olmuş işçilərlə bağlanılır. Tam maddi məsuliyyət barədə müqavilələr bağlanılmalı olan işçilərin və işlərin siyahısı işəgötürən tərəfindən müəyyən olunur.

Tam maddi məsuliyyətin yarandığı hallar

İşçinin tam maddi məsuliyyət daşıdığı hallar aşağıdakılardır (ƏM maddə 199):

  • saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;
  • işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquq müəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə;
  • inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda;
  • əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda;
  • alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda;
  • işəgötürənin kommersiya sirrini yaydıqda;
  • işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

18 yaşı tamam olmayan işçilər ziyanın vurulması aşkar edilən anda yalnız yuxarıdakı 3, 4 və 5-ci bəndlərdə göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar.

Ziyanın kompensasiya edilməsi

Tam maddi məsuliyyət haqqında müqavilə bağlanmadığı halda, əgər işçinin təqsiri cinayət tərkibli deyilsə, işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əməkhaqqı məbləğində maddi məsuliyət daşıyır. İşçi vurulan ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər. Həmçinin o,  işəgötürənin razılığı ilə korlanmış, itirilmiş əmlakın əvəzinə eynilə başqasını verə bilər, habelə şəxsən özü, yaxud öz vəsaiti hesabına onu təmir edə bilər. İşçi öhdəliyin icrasından imtina etdikdə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilməlidir.

543 saylı “Alınmış qısamüddətli avanslar” hesabı üzrə uçot