İşçinin maddi məsuliyyəti
İşçi mülkiyyət formasından asılı olmayaraq hər hansı bir müəssisədə işəgötürənlə əmək münasibətinə daxil olarkən müəyyən əmək funksiyalarının icrasını öhdəliyinə götürməklə yanaşı, işəgötürənə və onun əmlak və avadanlıqlarına vurulan ziyana görə maddi məsuliyyət daşıyır. Mövzu ilə bağlı vergiler.az əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilovun şərhini təqdim edib. Onu sizə təqdim edirik..
“Maddi məsuliyyət – işçinin təqsiri və hüquqazidd hərəkətləri nəticəsində işəgötürənə vurulmuş ziyana görə əvəzin qanunvericiliyə uyğun şəkildə ödənilmə vəzifəsidir. Maddi məsuliyyət zamanı vurulmuş zərərə görə işçinin hərəkət və hərəkətsizliyindən qaynaqlanan təqsiri sübut edilməlidir.” |
İşçilərin əmək müqaviləsi üzrə əsas vəzifələri Əmək Məcəlləsinin 10-cu maddəsində şərh olunub. Belə vəzifələrdən biri də işəgötürənə işçi tərəfindən vurulan maddi ziyana görə onun məsuliyyətidir. İşəgötürənin əsas hüquqları Məcəllənin 11-ci maddəsində şərh olunub. Həmin maddəyə görə işçinin ona yaxud mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsinin qanunvericiliyə müvafiq qaydada təmin edilməsi hüququdur.
İşçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əmək vəzifələrinin kobud şəkildə pozulması sayılır (ƏM, maddə 72). Maddi məsuliyyəti müəyyən edərkən işçinin hərəkət və hərəkətsizliyin işçinin təqsiri və hüquqazidd əməli üzündən baş verməsi halının olmasına diqqət etmək lazımdır.
Əgər normal iş prosesində müəssisənin əmlakına zərər işçinin təqsiri və hüquqazidd əməli olmadan dəyibsə, bu halda işçinin maddi məsuliyyətindən söhbət gedə bilməz. Deməli, maddi məsuliyyət halının baş verməsi üçün:
- ziyan işçinin təqsirli və hüquqazidd əməli nəticəsində baş verməli;
- işəgötürənə maddi ziyan dəyməlidir.
Ziyanın əməkhaqqından tutulması
Əmək Məcəlləsinə görə işçinin əmakhaqqından tutulmalar
- işçinin yazılı razılığı olduqda, yaxud;
- yaxud məhkəmənin qərarı əsasında, qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə həyata keçirilə bilər.
Eyni zamanda məcəllədə işəgötürənin sərəncamı ilə işçinin əməkhaqqından tutulmaya yol verilən hallar da müəyyən olunub. Onlardan biri 175-ci maddənin “ç” bəndində əks olunan “işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əməkhaqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği”- dir.
İntizam tədbirləri
İşəgötürənın maddi ziyan işçinin əmək funksiyasını tam və ya qismən yerinə yetirməməsi, yaxud keyfiyyətsiz yerinə yetirməsi nəticəsində də yarana bilər. Bu zaman, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydaları işçi tərəfindən pozulduqda işəgötürən ona Məcəllənin 186-cı maddəsində nəzərdə tutulan aşağıdakı intizam tənbehlərindən birini tətbiq edə bilər:
- töhmət vermək;
- sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
- kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əməkhaqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
- əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.
İşçinin işəgötürənə vurduğu ziyana görə məsuliyyəti onun əsas vəzifələrindən biridir (ƏM, maddə 10 ”ç”). Odur ki, vurulan ziyana görə işəgötürən yuxarıda qeyd edilmiş intizam tənbehlərindən birini tətbiq edə bilər. Beləliklə, işçinin təqsirli hərəkətləri nəticəsində vurulmuş maddi ziyana görə işəgötürən bir neçə qərar qəbul edə bilər:
- işəgötürənə vurulmuş ziyanın əvəzinin tam və ya qismən ödənilməsi;
- işəgötürənin əmlakına ehtiyatlı və qayğı ilə yanaşılması üçün işçiyə tərbiyəvi-intizamlandırıcı təsir göstərilməsi üçün onunla fərdi söhbət edilməsi;
- Əmək Məcəlləsinin 186-cı maddəsində göstərilmiş intizam tənbehlərindən birinin tətbiq edilməsi;
- əmək müaqaviləsinə 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsi;
- hüquq-mühafizə orqanlarına müraciət edərək işçinin inzibati, cinayət və digər məsuliyyətə cəlb edilməsi.
Bunlardan hansının tətbiqi işin hallarına görə qanunvericiliyin tələbləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir. Qeyd edək ki, vurmuş ziyana görə əmək müqaviləsinə xitam verilməsi yaxud inzibati və ya cinayət məsuliyyətinə cəlb edilmə, işçini məsuliyyətdən azad etmir. İşçi vurulmuş ziyanın əvəzini qanunda müəyyən edilmiş qaydada ödəməyə borcludur.