İsveç vergi sistemi barədə bilmədiklərimiz (3-cü hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

İsveç vergi sistemi barədə bilmədiklərimiz (3-cü hissə)

Vergi orqanları – bu yalnız vergilərdən ibarət deyil

Vergi orqanlarının fəaliyyəti təkcə vətəndaşlardan vergi ödənişlərini toplamaqla məhdudlaşmır. Bundan əlavə onlar, İsveçdə təzə doğulan hər bir körpə və ya ölkə ərazisində bir ildən artıq yaşayan hər bir kəs üçün fərdi vergi nömrəsi (personnumer) açırlar və faktiki olaraq onları yaşadıqları yer üzrə qeydə alırlar. Hər dəfə yaşayış yerini dəyişdikdə, bir həftə ərzində öz yeni ünvanın barədə vergi xidmətini məlumatlandırmalısan; yalnız vergi orqanları tərəfindən vergi nömrəsi qeydə alındıqdan sonra yaşayış yerini dəyişmiş hesab olunursan.

İsveçdə vergi nömrəsi olmadan – heç nə edə bilməzsən: heç bir dövlət xidməti ala bilməzsən, heç bir sövdələşmə həyata keçirə bilməzsən. Vergi orqanları İsveç vətəndaşlığı olmayan şəxslərə artıq şəxsiyyət vəsiqəsi vermək öhdəliyi daşıyırlar. Dostlarından və ya qohumlarından kimlərisə İsveçə qonaq çağıran vətəndaş vergi orqanlarından personbevis adlanan arayış  almalıdır (təbii ki, bunu internet üzərindən və ya telefonla da etmək mümkündür). Nikaha girmək istədikdə də, toyun tarixini təyin etməzdən öncə planlaşdırılan tədbir barədə hər şeydən xəbərdar olmalı olan vergi xidmətinə məlumat vermək lazımdır. Vergi orqanı isə evlənənlər üçün hər hansı bir maneənin olub-olmamasını (hər şeydən öncə, bəy və gəlinin digər bir nikahda olub-olmaması) yoxlayır. Əgər ailə həyatı baş tutmayıbsa – boşanmadan əvvəl də vergi orqanlarına müraciət etmək lazım gəlir.

İndi isə İsveçdə olan vergilər və həmin vergilərin xüsusiyyətləri barədə bir qədər ətraflı məlumat verək.

Kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər İsveçdə illik məcmu gəlirlərinin 22%-i həcmində vergi ödəyirlər.

İşəgötürənin sığorta ödənişləri

Sahibkarlar əmək haqqından əlavə bütün muzdlu işçilərdən ötrü gəlir vergisi və sosial ödənişlər ödəyirlər. Bu məbləğlər aylıq olaraq vergi xidmətinə ödənilir.

Sığorta ödənişləri tarifi:

1937-ci il və daha əvvəl anadan olan işçilər ümumi əmək haqqından – 0%;

1938-ci ildən 1949-cu ilədək anadan olanlar – 10,21%;

1990-cı ildə və ya daha gec doğulanlar – 25,46%;

Qalan insanlar üçün isə 31,42%

ƏDV

İsveçdə əksər mallar və xidmətlərdən 25% ƏDV tutulur. Bəzi mallar və xidmətlərə 12% tarif tətbiq edilir: ərzaq məhsulları (tünd alkoqollu içkilər istisna olmaqla), restoranlar, otellər və kempinqlər. 6% – qəzetlər, kitablar, kino və teatr biletləri, sərnişin daşımaları, səyahətlər, konsertlər və idman tədbirləri.

Bəzi xidmətlərdən, məsələn: səhiyyə, stomatologiya və tibbi-sosial xidmətlər, təhsil, bank xidmətləri, şəxsi sığorta polisləri, mənzil üçün icarə ödənişlərindən ƏDV tutulmur.

Aksiz vergisi və yığımları

Aksiz yığımları – bu, bəzi məhsul növlərinə, məsələn, alkoqollu içkilər və benzinə tətbiq olunan əlavə vergi hesab olunur. Hansı malların aksizə cəlb olunmasını dövlət müəyyən edir. Dövlət istəyir ki, vətəndaşlar həmin malları daha az alsınlar.

Aşağıdakı mallara aksiz vergisi və yığımları tətbiq olunur:

• yanacaq (benzin, neft məhsulları, daş kömür və maye qaz)

• elektrik enerjisi

• alkoqollu içkilər

• tütün və tütün məhsulları

Televiziya qəbuledicisinə görə vergi

İsveç qanunvericiliyinə uyğun olaraq bütün televizor sahibləri radio və televizor qəbuledicilərinə görə  lisenziyalı yığım ödəməlidirlər. Həmin vergidən İsveç dövlət tele-radio şirkətləri və saytlarının büdcəsi formalaşır.

Qeyd etmək lazımdır ki, televiziya qəbuledicilərinə qəbul üsulundan asılı olmayaraq bütün cihazlar aid edilir. Məsələn: televizorlar, videomaqnitafonlar, DVD-rekorder və rəqəmsal televiziya resiverləri (2014-cü ilin 14 iyununa kimi həm də kompüter istifadəçiləri).

Sonda qeyd etmək yerinə düşər ki, 2015-ci ildə tele-radio qəbul edicilərinə görə toplanan lisenziyalı yığım il ərzində 2076 kron təşkil edib.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email