221 saylı “Kassa” hesabı üzrə uçot: daxilolmalar

posted in: Xəbər | 0

Kassa hesabına daxilolmalar

Pul vəsaitləri, onların ekvivalentlərinin uçotu Hesablar Planının 22-ci maddəsinə uyğun olaraq uçota alınır. Pul vəsaitlərində baş verən hərəkətlərin, yəni artmaların, azalmaların baş vermə səbəblərini aydınlaşdırmaq, lazımi informasiyanı istifadəçilərə çatdırmaq üçün “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” (PVHHH) tərtib olunur. 7 saylı MUBS-un tələblərinə uyğun olaraq hazırlanan bu hesabatın hazırlanma məqsədi nağd vəsaitlər və onların ekvivalentlərinin axının təhlil edilməsi, habelə onların bank hesablaşma hesabında həyata keçirilən əməliyyatlarla əlaqələndirilməsidir.

Hər bir müəssisənin, hətta hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərin də kassası olur. Kassa olmadan mühasibat uçotu subyektini təsəvvür etmək mümkün deyildir. Ən likvid aktiv hesab olunan kassa hesabından vergi ödəyicisi olan fiziki, hüquqi şəxslərin nağd əməliyyatlarını həyata keçirmək üçün istifadə edilir. Bank hesablaşma hesabında olduğu kimi kassa hesabından da malların (iş, xidmət), işçilərin əməkhaqlarının, dividend ödənişlərinin, buna bənzər digər ödənişlər həyata keçirilə bilər.

221 saylı “Kassa” hesabı üzrə uçotun əsasları

Bu hesab Hesablar Planının 2-ci bölməsinin (“Qısamüddətli aktivlər”) 22-ci maddəsində (“Pul vəsaitləri və onların ekvivalentləri”) açılan hesablardan biridir. 221 №-li “ Kassa ” hesabı aktiv hesabdır.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaların” 24.1-ci maddəsi  pul vəsaitləri, onların ekvivalentləri üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi qaydalarını  tənzimləyir.

Mühasibat xidmətləri

“Pul vəsaitləri və onların ekvivalentləri” hesabı üzrə aşağıdakı hesablar açıla bilər:

221 saylı “Kassa” hesabı “Pul vəsaitləri və onların ekvivalentləri” maddəsi üzrə açılan hesablardan biridir.

221 №-li “Kassa” hesabında mühasibat uçotu subyektinin kassalarında milli və xarici valyutada olan pul vəsaitlərinin mövcudluğu və hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Nağd pulun kassaya mədaxil daxil edilməsi həmin qaydaların 24.7-ci, məxaric edilməsi isə 24.8.-ci bəndi əsasında nizamlanır.

Yolda olan pul köçürmələri mühasibat uçotu subyektinin kassa və ya bank hesablaşma hesablarına daxil olduqda həmin qaydaların 24.10.-cu bəndi tətbiq edilir.

Kassadan digər mühasibat uçotu subyektlərinə ödənişlər edilən zaman yolda olan pul vəsaitləri üzrə müxabirləşmələr həmin qaydaların 24.11.-ci bəndinə uyğun aparılır.

Mühasibat uçotu subyektinin malik olduğu pul vəsaitləri və onların ekvivalentləri üzrə müsbət yaxud mənfi məzənnə fərqi yarandıqda həmin qaydaların 24.19.-cu bəndi tətbiq edilir.

Kassa hesabına daxilolmalarla bağlı müxabirləşmə nümunələri

Nümunə 1: Bank hesablaşma hesabından kassaya mədaxil edilən nağd vəsait 221 saylı hesabın debeti üzrə uçota alınır. Tutaq ki, “A” MMC kassa hesabının möhkəmləndirilməsi məqsədilə bankdakı hesablaşma hesabından 18000 manatlıq vəsaiti müəssisənin kassasına köçürmüşdür. Müxabirləşmə aşağıdakı kimi olacaq.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Bank hesablaşma hesabından kassaya pul mədaxil olunduqda 221 – Kassa 223 – Bank hesablaşma hesabı 18000.00

Nümunə 2:  Hüquqi şəxsi təsis etmək qərarına gələn Məmmədov Nazim lazımi qurumlara müraciət edərək “A” MMC-nin dövlət qeydiyyatına alınması prosesini tamamlayıb. 74000 manat təyin olunmuş nizamnamə kapitalı qısa müddətdən sonra ödənilmişdir. Nizamnamə kapitalının ödənişi üzrə müxabirləşmə belə olacaq:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Nizamnamə kapitalının məbləği təyin olunduqda 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 301 – Nizamnamə (nominal) kapitalı 45000.00
2 Nizamnamə kapitalı kassaya ödənildikdə 221 – Kassa 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 45000.00

Nümunə 3: Debitor borcların nağd ödənişi zamanı müxabirləşmə nümunəsinə baxaq. A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini həyata keçirir. ƏDV ödəyicisi olan cəmiyyət anbarındakı 12000 manatlıq malları 16000 manata satmışdır. Malların ödənişi kassaya qəbul edilib.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 12000.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 16000.00
3 ƏDV hesablandıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 2880.00
4 Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda 221 – Kassa 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 16000.00
5 Satılmış malların ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 2880.00
6 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 2880.00

Nümunə 4: “A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pulunun yetərsiz olduğu qənaətinə gəlmişdir. Məsələni həll etmək üçün daimi müştərisi olan “B” MMC-dən malları təqdim edənədək həmin malların ödənişinin bir qismini avans formasında almışdır. Kassaya mədaxil edilən avans məbləği 25000 manatdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Alınmış avans məbləği bank hesablaşma hesabına daxil olduqda 221 – Kassa 543 – Alınmış qısamüddətli avanslar 25000.00

Nümunə 5: Digər şəxslərdən nağd götürülmüş borc aşağıdakı nümunədə verildiyi kimi uçota alınır.

“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pulunun yetərsiz olduğu qənaətinə gəlmişdir. Məsələni həll etmək üçün əməkdaşı olan “B” MMC-dən 36000 manat məbləğində borc pul almışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Alınmış borc məbləği kassaya mədaxil edildikdə 221 – Kassa 504 – Qısamüddətli borclar 36000.00

Kassa əməliyyatları ilə bağlı daha ətraflı məlumatı buraya keçid etməklə ala bilərsiniz.

Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır